Oblomov bizikmi?
İvan Qonçarov 1812-ci ildə
Simbirskdə, tacir ailəsində anadan olub. Atası Aleksandr İvanoviç
Qonçarov taxıl alveri ilə məşğul idi.
Qonçarovlar yarı zadəgan
idilər. Onun həyatı
ilə bağlı maraqlı faktlardan biri budur ki,
yazıçı 1852-ci ildə
Sankt-Peterburqdan gəmi
ilə yola düşərək Yaponiyaya
qədər gəlib çıxıb. Yol
qeydlərini üzdüyü
gəminin adına
uyğun olaraq "Pallada freqatı" adlı kitabında təsvir edib. "Oblomov" əsəri
1857-ci ildə çap
edilib. Oblomov ümumiləşdirilmiş rus obrazıdır. Hərdən
mənə elə gəlir ki, Oblomov obrazı ruslardan daha çox, bizim xarakterimizi əks etdirir. Oblomov çox tənbəl
insandır. Xoşniyyətli, safqəlbli olsa da davamlı olaraq öz işlərini təxirə
salır. Layihələr təklif etsə də bütün işlərini ertələyir.
Onun kitab oxumağı bizim cəmiyyətimizdəki
bəzi insanların kitab oxumasına bənzəyir. Kitabı vərəqləməyə
başlayır, ancaq sona qədər oxumağa səbri və iradəsi çatmır. Kitab oxumaq
təkcə maraq və səbr hadisəsi deyil, həm də iradə hadisəsidir.
Əsərin bəzi hissələri
insanı əsəbiləşdirir.
Kitabla bağlı ən maraqlı məqamlardan biri budur ki,
620 səhifəlik kitab
cəmi 1 aya yazılıb. Kitabın səhifə
sayı sizi qorxutmasın, axıcı
dildə yazılıb,
rahatlıqla oxuya biləcəksiniz. Qonçarov bu suala belə cavab verib ki, kitab
beynimdə çoxdan
hazır idi. Sadəcə,
özümü yazmağa
hazır hiss etmirdim.
Yazmaq fürsətim və həvəsim olandasa kitabı bir aya yazıb bitirdim. Romanın bir hissəsində
Qonçarov rusları
almanlarla müqayisə
edərək yazır
ki, bir almanın
evində bir əşya xarab olanda onu dərhal
düzəltməyə çalışacaq,
ancaq oxşar hadisə rusun evində olanda heç nə dəyişməyəcək. Rus kişiləri buna laqeyd münasibət göstərəcək. Yazıçı göstərir ki, rus bədbəxtliyinin səbəbi tənbəllikdir.
Oblomov tənbəlliyindən sevməyi
də düz-əməlli
bacarmır. Onun laqeydliyi,
tənbəlliyi həyatının
bütün sahələrində
özünü göstərir.
Oblomov psixoloji xəstəlik yaşayırdı, yoxsa həqiqətən tənbəlliyin,
məsuliyyətsizliyin qurbanı
idi? Axı Oblomov ruhən bəsit adam
deyil. Çağdaş dünyamızın ən ciddi problemlərindən
biri olan yadlaşmanı Qonçarov
1850-ci illərdə anlamışdımı?
Bəlkə, Oblomov həyatdan
yorulmuşdu, çalışmağın,
vuruşmağın, ömür
boyu pul qazanmaq üçün insan sağlamlığının,
zamanın və enerjinin qurban verilməsinin mənasızlığını
dərk etmişdi?
Oblomovun yaşamaq üçün
xüsusi səbəbi
yox idi. İnsan, sadəcə,
doğulduğu üçün
yaşaya bilməz.
İnsanın yaşamaq üçün
məqsədi, istinad nöqtəsi lazımdır. Ancaq təbiətin biz insanlar üçün müəyyən
etdiyi təyinatlar var.
Bayaq da qeyd etdiyim kimi,
Oblomov başı boş, bəsit adam deyildi.
Bəs milyonlarla qəlbə təsir edən sevgi nəyə görə Oblomovu dəyişə bilmir?
Oblomov tənbəldir, ancaq mənə elə gəlir ki, Oblomovun tənbəlliyinin
səbəbləri yetərincə
ciddidir. Oblomov dedi-qodulardan,
xəyanətlərdən, insanların saxtakarlığından,
riyakarlığından bezmişdi.
Oblomov soruşur:
Axı həyatda,
dünyada nə var? Kiçik ehtiras
oyunları, rəqabətlər,
dedi-qodular və s. belə işlər. İlk baxışdan hamınız
zəkalı insanlarsınız.
Ancaq bütün söhbətləriniz
pulla bağlıdır.
Oblomov özünə sual verir:
Bu adamlar arasında
yaşamaq olarmı?
Bu səbəblərə görə Oblomovu tənbəllikdə günahlandırmaqdan
daha çox onu anlamaq lazımdır. Amma yenə
də Oblomov kimiləri ittiham etmək lazımdır.
Çünki vicdanlı insanların
fəaliyyətsiz qalmağa
haqları yoxdur, əgər intellektin və vicdanın varsa sən də bir işin
qulpundan yapışmalı,
cəmiyyət üçün
faydalı olmağa çalışmalısan. Bəzən Oblomov kimiləri mənə sual verirlər ki, mənim fərdi maraqlarım var. Niyə cəmiyyət üçün
yaşamalıyam? Ancaq cəmiyyətdəki
problemlərin bir ucu bu fərdiyyətçilərə
toxunanda hamıdan daha çox qışqırırlar, daha
çox inciyirlər.
"Oblomov"u oxuyaq, amma Oblomova
bənzəməyək.
Nicat Həşimzadə
Ədəbiyyat qəzeti.- 2018.-
17 noyabr.- S.4.