Müşfiqin ikinci qəzəli
4 iyun 1937-ci il, cümə günündən
şənbəyə keçən
gecə saat 3-də Daxili İşlər üzrə Xalq Komissarlığı (rusca
NKVD) Dövlət Təhlükəsizliyi
idarəsinin əməkdaşları
508 nömrəli orderlə
Nijne Priyutskaya (indiki Şamil Əzizdəyov) küçəsindəki
108 nömrəli ikimərtəbəli
evin ikinci mərtəbəsində axtarış
apardı. İdarənin
əməkdaşları N.Petrunin,
M.Mustafayev və Mənzil-istismar kontorunun
(JEK) sədri Şevçenko
Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadə Müşfiqi
həbs etməzdən
öncə axtarış
zamanı müsadirə
etdiklərini sübut-dəlil
kimi götürüb
arayışda onları
sıra ilə belə yazdılar:
"Pasport,
hərbi bilet.
Ləğv olunmaq üçün
Türkiyə nəşri
olan 14 kitab,
ləğv edilmək
üçün başqa
nəşrdən olan
15 kitab.
Ləğv olunmaq üçün
türk dilində müxtəlif jurnallar - 4 ədəd,
ləğv olunmaq üçün İran nəşrləri - 6 ədəd.
Əlyazmalar (say göstərilmədi)
Fotoşəkillər - 14 ədəd".
Sayı göstərilməyən əlyazmaları
içərisində Mikayıl
Müşfiqlə bərabər,
atası, gözəl
şair və dramaturq Mirzə Əbdülqadir Visaqinin də əvəzsiz əsərləri vardı. Zaman ötdü,
özünün yaşaması
üçün Müşfiqi
xalq düşməni
kimi öldürən
sovet hökuməti çökdü, Müşfiq
isə qayıdıb gəldi, ən əziz munis təki xalqına qovuşdu. Xalq öz əziz
övladına sonsuz məhəbbətilə onun
adını əbədiləşdirdi.
Şəmsəddin və Seyfəddin
Abbasovlar Müşfiqin
1937-ci ildə nəşr
olunmağı planlaşdırılan,
ilk növbədə, canları
ilə risqə gedib nəşriyyatdan
"Çağlayan" kitabını
götürərək məhv
edilməkdən qorudular,
vaxtında üzə
çıxardılar. Müşfiq kimi sovet rejimində azadlıq və ədalət axtarışına
görə başı
müsibətlər çəkmiş
Gülhüseyn Hüseynoğlu
elm meydanına çıxdı,
mətbuatı araşdırdı,
çap olunmuş şeirləri topladı, salamat qalmış əlyazmalarını aradı,
yaddaşlarda olan şeirləri çözələdi,
yeni-yeni nəşrlər
meydana gətirdi. Onun ardıcılı və Müşfiqin doğma balası kimi Səfurə xanım Quliyeva hər sözün üstündə
nanə yarpağı
kimi əsdi.
Say-seçmə bəstəkarlar
şairə məhəbbətlərini
bir-birindən gözəl
mahnılarla bildirdi. Korifey Zeynəb Xanlarova başda olmaqla xanəndələr ordusu bu mahnılara həyat verdi,
bu həyat günü-gündən yenilənməkdədir.
Mərhum
alim Əkrəm Cəfərin canlı xatirəsindən öyrəndik
ki, rusca əruz vəznində şeir yazmağın mümkünsüzlüyü barədə
mübahisə düşərkən
susan Müşfiq
səhəri gün rusca, "Münsərih bəhrində" qəzəlini
bizə oxudu. Şeirdə
heç bir qüsurun olmadığına
hamı təəccübləndi.
Klassik ədəbiyyatı
dərindən bilən
Mövlanə Füzuli,
Aşıq Ələsgər,
Firdovsi, Ömər Xəyyam, Tofiq Fikrət, Namiq Kamal, Əbdülhaqq Hamid Tarxanın bütün şeirlərinin
sinədəftəri olan
Mikayıl Müşfiqin
onlarla qəzəli olub. Çox təəssüf olsun ki, onlardan
cəmi biri dərc edilib.
Şair 1932-ci ildə dostu Əli Hüseynzadənin xahişilə bir qəzəlin əlyazmasını
ona vermişdi.
"Mehribanım, baği-eşqin
ey müəttər susəni,
Qoyma öpsün gizlicə hər bülbüli-bədxu
səni"
beyti ilə başlayan bu şeir Mikayıl Müşfiqin çap olunmuş əsərləri
içərisində yeganə
qəzəldir. O şair
ölməzdir ki, heç bir təhdidlərə, yasaqlara
baxmayaraq sözləri
ürəklərdə yaşayır,
insanların könül
xəzinəsinin sərvətinə
çevrilir. Belə bir
dürdanənin ilk iki
beytini əksər müşfiqsevərlər əzbər
bilir. Şairin yaxın qohumu
Ağalar Allahverdiyevin
yaddaşından kiril
əlifbası ilə
kağıza köçürülmüş
əlyazması qarşımdadır.
Yaddaşda gəlib çatmış
bu qəzəli tam halda oxuculara təqdim etməyi özümə borc bildim.
"Ya hu" - deyərək
keçdim, səhrayi-məhəbbətdən,
Aldım meyi-minanı leylayi-məhəbbətdən.
Leyla, nə Leyla kim, yox eşqdə manəndi,
Bu eş yapılıb
çünki, kimyayi-məhəbbətdən.
Kimyagərin əhvalı gündən-günə
məğşuşdu
Hardansa xəbər
almış qovğayi-məhəbbətdən.
Qovğalara ümmanda sevda gəmisi düşsə,
Sahillərə yan almaz dəryayi-məhəbbətdən.
Ey acizü biçarə, sahildə nə durmuşsan,
Al bəhrəni ümmanda
sevdayi-məhəbbətdən.
Sevdanı mələk eylər
aşiqlərinə təlqin,
Məcnun da gəlib ötmüş
dünyayi-məhəbbətdən.
Örnəkdi bu gün Müşfiq vurğunluğa
dünyadə,
Alsın ədəbi aşiq rüsvayi-məhəbbətdən.
Qəzəl onunla maraqlıdır ki, hər beyt
özündən əvvəlki
beytdəki bir sözü özündə
ehtiva etməklə, sanki bir süjetli
hadisəni nəql edir. Qəribə deyil ki, şifahi xalq ədəbiyyatı janrlarında
və şeirlərində
lüğətə əsla
ehtiyac duydurmayan Müşfiq sözü
divan ədəbiyyatı janrlarında
müəyyən qədər
tərkib və rəmzlərsiz keçinməyib.
Çağdaş oxucu
üçün anlaşıqlı
olsun deyə, bəzi sözlərin mənasını verirəm:
Birinci beytdəki
"Ya hu" irfan əhlinin dualarında və sakral rituallarında müraciət etdikləri,
əsli ərəbcə
olan "Ay Allah" deməkdir. "Hu"
sözü ayrılıqda
"huvə" kişi cinsinə aid olan "o" işarə
əvəzliyidir. İndi də
Türkiyə türkcəsində
qalan bu müraciət forması çox təəssüf
ki, "Hu" kiçik hərflə olmaqla "Ya" müraciətinə bitişik
yazılır. "Meyi-mina" irfan terminalogiyasında şərab
kuzəsidir. "Leylayi-məhəbbət" eşq
gecəsini bildirir.
İkinci
beytdəki "manənd"
sözü bənzəyiş,
əvəz "eş"
dost, yoldaş deməkdir."Kimyayi-məhəbbət" söz birləşməsi
eşq əlkimyası
deməkdir. Əlkimyaçılar çətin əldə edilən əl-iksirin (avropalılar buna eliksir deyir) qalayı qızıla, qurğuşunu isə gümüşə transmutasiya
edə bilr. Yəni eşq kimyasının yardımı ilə dəyərsizlər qiymətə
minir. Əl-iksirin köməyilə həm də əldən düşmüş
qocaları cavanlaşdırmaq,
bir-iki saat ərzində toxumdan ağac cücərdib meyvə götürmək
mümkündür.
Üçüncü beytdəki "məğşuş"
sözü qarışıq
anlamındadır.
Dördüncü beytdəki "ümman"
sözü okean,
"dərya" isə
dəniz deməkdir.
Beşinci beytdəki "acizü biçarə" gücsüz
və çarəsis
mənasındadır.
Altııncı beytdəki "Məcnun"
sözü cinli, cin tutmuş adam deməkdir.
Əgər sevdanı insana
mələk öyrədirsə,
deməli, Məcnunun məhəbbəti irfani deyil, dünyəvidir.
Yeddinci beytdə
"ədəbi ədəbsizdən
öyrənin" hikmətinə
işarə var.
Bu qəzəli Mikayıl
Müşfiqin əsərlərinin
yeni nəşrlərində
görmək, xanəndələrimizin
repertuarında eşitmək
istərdik.
Firudin QURBANSOY
Ədəbiyyat qəzeti.- 2018.- 17
noyabr.- S.4.