Ömür yarpaq-yarpaq uçur əlindən,

Köçəri dünyada quş olmaq gərək

 

Özümə

 

Bəzən öz-özümə

gülməyim tutur,

Əsrə şair olmaq istəyənə bax!

Kirədə

qalmağa ev tapa bilmir,

Dünyanın dərdini düşünən qoçaq.

İndi iynə ilə

gor qazır hamı,

O isə, bel gəzir, kürək axtarır.

Bir məşhur naşirlə dil tapa bilmir,

Adi oxucuda ürək axtarır.

O dərdə tablayır,

kədərə dözür,

Çarmıxa çəkilir, yenə kefdədir.

Dünyanın

qəribə işləri varmış,

Arzu pulladırsa, xəyal müftədir.

Günəştək,

işıqtək,

sutək,

havatək,

Əlində, dilində, ürəyində şeir.

Nar çubuğu kimi

cığırlar salıb

Üzündə-gözündə, kürəyində şeir.

Sıxılır

bir ömrə günbəgün, an-an,

Sıxılır, polad yay sıxılan kimi.

Gülüşə sığmayan

bir taleyi var -

Kainat zərrədən doğulan kimi!

 

Əlli il bəslədim sinəm üstündə,

Bir gün baxıb gördüm tarım qocalıb...

Açılıb pərdələr, qalıbdı çılpaq,

Bu durnaboğazlı yarım qocalıb!..

 

Duman cunasından örtək üstünə,

Bədnəzər dəyməsin göyçək hüsnünə.

Daha tələsməyir çiçək üstünə,

Baharım sovulub, arım qocalıb!

 

Elə bil qəfildən soldu bağça-bağ,

Töküldü yarpaqlar, lüt qaldı budaq.

Durna cərgəsində qatarlandı vaxt,

Heyvalar saralıb, narım qocalıb!

 

Mən elə bilirdim xarı bülbüləm,

Yarı gül olsam da, yarı bülbüləm,

Gördüm ocaq sönür, yel vuran küləm,

Bülbülüm susandan xarım qocalıb!

 

Şuşasız, Ağdamsız ömür heç oldu,

El Vətənsiz qaldı, köçhaköç oldu...

Qərinələr keçdi, ömür puç oldu,

Dağlarda əriməz, qarım qocalıb!..

 

Atıb qəlbindəki qəzəbi, kini,

Böcəyə, çiçəyə qoşulmaq gərək!

Unudub dünyanın dərdi-qəmini

Hərdən adam kimi yaşamaq gərək!

 

Bax sarı yarpağa, budaqda əsən,

Günəşə sevinən, yağışa dözən,

Bəlkə, o yarpaq da elə özünsən?!

Gah quru, gah da ki, yaş olmaq gərək!

 

Xəzan qoxuludur bayır, çöl-çəmən,

Gündüz ilıq günəş, gecələri çən.

Ömür yarpaq-yarpaq uçur əlindən,

Köçəri dünyada quş olmaq gərək.

 

Hər gün yeniləşir qoca kainat,

Quşlar qanad salır, daş açır qanad.

Mənalı-mənasız ötüşür həyat,

Vaxtında bəxtinə tuş olmaq gərək.

 

***

 

qədər and içim, unudum  səni,

İçimi doldurum  sənsizlik ilə.

Şərab ol, mən icim bir udum səni

Belə mömin olum dinsizlik ilə.

 

Dağlar ucaldıqca, dərələr dərin,

Zirvə buludunun çiskini məndə.

Unudulmaq bilmir xatirələrin -

Dünyanın ən çətin, pis günü məndə.

 

Buludlar çatışar, şimşəklər çaxar,

Qonçəsi çatlayar gülün, çiçəyin.

İllər arxasından yandırar-yaxar

Sənin soyuq-soyuq gülümsəməyin.

 

Sevgi tufanında ümidsiz qalıb

Dənizə atılan şüşə kimiyəm.

On illər sonradan qəlbim açılıb,

Əlçatmaz sevginin sirli qəmiyəm.

 

Sən indi nənəsən, mən bir baba,

Övladlar ovudar, nəvələr gülər.

Ey zülfü pərişan, badi səba,

telefon zəngi köməyə gələr...

 

Ömür belə keçdi, belə yaşadıq,

Bu da bir taledir, qismətdir, paydır.

Bir gün, o vaxtkıtək sən qarşıma çıx,

Deyim, bayram gəlib, müqəddəs aydır!

 

Ürəyim başımda, başım buludda,

Deyəsən sevdadır bu hissin adı!

Xoşbəxtlik gəzirdim bu kainatda,

Güloyşə nar kimi turşməzə dadlı.

 

O bənzər baharın çiçək çağına,

Baxmaz sağçaların da qara-ağına.

Sənə qanad olar, uçub gedərsən

Leysan yağışlardan ay işığına.

 

Alça çiçəyində arı olarsan,

Sərçə dimdiyində darı olarsan,

Yenə varlığına kainat sığar,

Bir nazlı gözəlin yarı olarsan.

 

Buludlar al-əlvan, günəş bol olsun,

Ərisin qar-buzlar, çaylar sel olsun.

Yetim sevgilərin "Segah"ı gəlsin,

Dodaqdan süzülüb qəlbimə dolsun!

 

Ürəyim başımda, başım buludda,

Deyəsən sevdadır bu hissin adı!

Xoşbəxtlik gəzirdim bu kainatda,

Gülöyşə nar kimi turşməzə dadlı.

 

Güzgü

 

Darıxdım,

Güzgüyə baxdım,

Bir kimsəni görmədim!

Hardayam, Allah,

Hardasan, Allah?!

 

***

 

Dünənki yamyaşıl, o tər yarpaqlar

İlahi, necə tez sarıya dönmüş.

O mənə naz edən, işvə satanlar

Baxıram, qocalıb, qarıya dönmüş...

 

Nədən sevgilərin ən sonu qəmdi,

İçənlər ayılmış, ayıqlar dəmdi,

Ən ucada meyvə qur-quşa yemdi,

Bəxti tərsə düşüb,  haraya dönmüş?!

 

Döndü zəmanənin çərxi, təkəri,

Ərənlər meydanda qoydu tək əri,

Təkcə oda düşən, tək yan, tək əri,

Axsağın köç bəxti geriyə dönmüş.

 

çox uzun çəkdi, cidallar, cənglər,

Bulağa çatmamış sındı səhənglər.

Boyaqçı küpündə qarışdı rənglər.

Naxışlar heç oldu, qaraya dönmüş...

 

Bir fincan busələr

 

Sən bir fincan kofeni

damla-damla içirsən.

Sanki qaynar busələr

çıxır fincan içindən...

 

Ah, o zərif dodaqlar,

toxunar izi qalar...

Dodaq boyası deyil,

ürəyin közü qalar,

busə-busə deməli

ürəyin sözü qalar...

 

Ürəyimi çıxarım,

qoy sənə fincan olsun.

Təki kofe içəndə

içim busəylə dolsun...

 

***

 

Bu gün bu göy üzü

firuzə maviliylə,

bəyaz buludlarıyla,

uçan quşlarıyla.

günəşli şüalarıyla

mənimdir.

 

Bu gün bu bahar dolu hava,

çiçək qoxulu külək,

arısına tapınan çiçək,

arının sancdığı ürək

mənimdir.

 

Buludların nazı,

günəşin qotazı,

yamyaşıl yarpaqların

pıçıltılı avazı

mənimdir.

 

Göyümün günəşi, buludu,

Günəşimin qotazı,

buludumun yağışı

çiçəklərimin nazı,

nəğmələrin avazı -

sən mənim ol!

 

Bacım Şəndinin

əziz xatirəsinə

 

Uzaqdan gələn acı xəbər!..

Həyat bir badə imiş,

içərsən,

ha dadlı bilsən sonu zəhər.

Anadan sonra

kim doğma olar qardaşa

Bacı qədər?!

 

Uçdu ruhun, uçdu

Can qəfəsindən,

Tanrıya qovuşdu

Son nəfəsindən.

Aranın istisindən

Kirsin, Dəlidağın

Gözündə göz dağıtək yanan

sərinliyinə...

Zirvələrin sonu imiş enmək

Torpağın dərinliyinə.

 

Dağları duman aldı,

Ömrün şamı qaraldı,

Xəzan vaxtı gəlmədən

Qara bağlar saraldı

Dağların gülündən-çiçəyindən

Ruhu zərif bacım,

Vətəndə qərib bacım.

Daha dözümün qalmamışdı

Ağrıların-acıların tikanına.

Uçdu can pərvanəsi

Doğma yurd həsrətiylə

Haqqın məkanına.

 

Sultan Mərzili

 

Ədəbiyyat qəzeti.- 2018.- 17 noyabr.- S.3.