Bir neçə göz yaşı öncəyə aiddi bu hisslər,

Bir neçə göz yaşı öncə

Sərilmişdim qollarının bəyaz qumlarına.

Saçlarının hörüyündə bağrıma basdığım o ətrini,

kəfənimin cibinə qoymağı istərdim.

Tutulacağımı bilə-bilə axirət yollarında

Bir neçə göz yaşı öncə,

Mənim biz qədər yaşım vardı,

Əyilməyə dizlərim vardı ucalıq qarşısında.

Dualarım vardı dilimin zirvəsindən tullanmağa

Bir neçə göz yaşı öncə,

Yaraşırdıq bir birimizə

Cibimdə saçlarının telini gəzdirib

Günəşə lağ edirdim

Elə bilirdim səmaya buraxsam tellərini,

Buludlar alıb gizlədər.

 

***

Səndən o yana nə var ki görən

Cənnətmi gizlənir arxanda sənin...

Qolların cənnətin qapısı yoxsa?

Səndən o yana nə var ki görən

Saçların savabmı, günahmı yoxsa?

Səndən bu tərəfə bir mən durmuşam

Çiynimdən tulladım dünənin yükün

Səndən bu tərəfə bir yetim durub

Səndən o yana sığal var görən?

 

***

Bir şeirlik ömürün qaldı sənin də

Bəlkə bir sətir, bir cümlə, bir söz

Sən də bitəcəksən.

Sən də oxunub silinib gedəcəksən.

 

Bir şeirlik məsafə var aramızda,

Sətirlər uzun, bitmək bilmir ki.

Nə qədər sözüm var imiş demə,

Get, get məsafələr bitmir ki...

 

Bir şeirlik gülüşüm qaldı mənim də,

Başlığı sonuna tay olan şeir.

Ölümə cığırdı şeirimin yolu,

Başlığı sonuna tay olan şeir.

 

Bir şeirlik kədərdi, ayırır bizi,

Yazdıqca süzülür gözümün yaşı.

Gücüm də çatmır ki, silim bir təhər,

Yazdıqca süzülür sözümün yaşı,

 

Bəlkə qarşılaşarıq eyni şeirdə,

Yan-yana düzülmüş şən sözlər kimi.

Şeir bitən kimi qovuşacağıq,

Başlığı sən kimi, sonu mən kimi?

 

***

Əlləri uzundə qocalan qadın,

Çək də bir üzünə günəş toxunsun.

Sığalı kişidən kasıbsan kasıb,

Qədəhlər dilimdə sözə toxunsun.

 

Nə var kimi varsan, nə də ki heçsən

Düzünü deməyə dilin gəlməyir.

Mən haqqı gözündə görürəm sənin,

Gözündən dilinə əlin gəlməyir.

 

Bir başqa dünyasan, bir başqa aləm

Doymuram gəzdikcə, azıram hətta.

Səninlə azmağın zövqü də başqa,

Yolsuzluq yolunu yazıram hətta.

 

Əlləri saçında qocalan qadın,

Saçların ağardı, bəxtin zil qara.

Sinənə illəri dağ kimi çəkdin,

Bu dağlı sinəylə gedirsən hara...

 

Nə desəm, nə sussam boşdu, bilirəm

Sənin illərini doldura bilməz.

Sən solğun gəlibsən, fani dünyaya,

Səni insan dərdi soldura bilməz.

 

Əlləri duada qocalan qadın,

Dualar qocaldı, sən qocalmadın.

Axı nə ümiddi, bu nə həvəsdi,

Tanrılar qocaldı, sən qocalmadın.

 

Əlləri üzündə qocalan qadın,

Çək də bir üzünə günəş toxunsun.

Sığalı kişidən kasıbsan, kasıb

Qədəhlər dilimdə sözə toxunsun.

 

***

Qaçdığımız o dünənlər ki var...

Bizi qovalar addım-addım,

Kəfən tikər bizə barmaq-barmaq.

Qaçdığımız o dünənlər ki var...

İçər bizi qurtum-qurtum,

Alar, atar dənizə, boğar bizi dalğa-dalğa.

Qaçdığımız o dünənlər ki var...

Tapar bizi kölgə kimi,

Buraxmaz bir döngə belə.

Qaçdığımız o dünənlər ki var...

Gizlər məni səndə, sonra tap deyər,

İtirər məni uşaq kimi.

Qaçdığımız dünənlərdə dustaq edər bizi.

Qaçdığımız o dünənlər ki var...

Günlərin həsrətində əsrlər yaşadar bizə

Qaçdığımız o dünənlər ki var...

Fırladıb əqrəb kimi ən başa döndərər bizi,

Vurar, çırpar, boğar, amma öldürməz

Dünənlərin həsrətində yaşadar bizi.

Qaçdığımız o dünənlər ki var...

Bir məzar olar ,

Basdırar bizi əzəldən,

Torpağımız ümidlərdən

Qaçdığımız o dünənlər ki var...

Uşaq qoxusu kimi hopar üstümə,

Göz yaşım olar,

axdıqca doldurar qəlbimi.

Hər qaçışımda ayağıma daş olar,

Soluma qardaş olar.

Arxamı çevirməkdən çəkindiyim qorxum olar.

Qaçdığımız o dünənlər ki var...

Sükut olar, cavabsız suallarım olar

Damlar-damlar ruhuma,

Damı sınıq daxmaya daman yağış kimi

Qaçdığımız o dünənlər ki var...

 

***

Sən ey şeir qadın,

Şeirində gizlət məni.

Uzat, uzat günahın kimi,

Bağla qəlbinə məni at dənizə.

Çəksin dəniz qoxusunu içinə qəlbin.

Sən ey şeir qadın,

dənizdə gizlət məni,

Qum elə, palçıq elə,

torpaqda gizlət məni.

Sən ey şeir qadın,

gülüşündə gizlət məni,

Göz yaşında gizlət,

hıçqırığında gizlət.

İçində qopan dəli fırtınaların

beşiyində gizlət məni.

Sən ey şeir qadın, geri dön,

dönüşündə gizlət məni.

Həyəcanında gizlət,

süzüb dərd qədəhlərində gizlət.

Qorxuram ölümdən,

ölümündə gizlətmə məni,

Ah çək, köks ötür, vur, dağıt, amma qal.

Qal ki, gedişində gizlətmə məni.

Sən ey şeir qadın,

o soyuq otaqların dörd divarında gizlətmə məni.

Azadlığım əllərində, ovuclarında,

Sən ey şeir qadın,

nəfsində gizlətmə məni.

Bahardan gizlət,

qışdan gizlət, günəşdən gizlət.

Sən ey şeir qadın,

yağışdan gizlətmə məni.

Sən ey şeir qadın,

şeirindən gizlətmə məni.

Qoy axsın göz yaşların, silmə,

Göz yaşlarından gizlətmə məni.

Yalanlardan gizlət, qürurundan gizlət,

Ağ kəfəndən gizlətmə məni.

 

***

Ayağıyalın uşaq kimi,

Bir qapı arxasında, döyəcləyirəm,

Xoşbəxtliyin eşiyində.

Yırğalanıb qüsurların beşiyində,

Kimsələri səsləyirəm,

Xoşbəxtliyin eşiyində.

Sus, lal ol, çıxmasın hıçqırığımın səsi,

Ac ruhumun dəli çırpıntıları.

Soyuq, şaxtalı gecədə

Bölünmüşəm iki yerə,

Xoşbəxtliyin eşiyində.

Ana qucağına həsrət qalan körpə kimi,

Səni istəyirəm.

Sevgi dilənən kasıb tək gözüm əllərdə,

Durmuşam xoşbəxtliyin eşiyində.

Səkilər yol yoldaşım,

Boz küçələrin qoynunda həyatım,

Gözləyirəm, ac qapını,

Üstüm-başım pas içində,

Xoşbəxtliyin eşiyində.

İki nəfərik - biri mən, biri də mən.

Uçqun keçmişimdən qoparıb uşaqlığımı,

Zəngə basmaq ucun qaldırmışam qucağıma.

Yox səs-səmir, durmuşuq elə hey gecədən,

Xoşbəxtliyin eşiyində...

 

***

Xəzanları saçlarının arasından seçdiyimi xatırlayıram

İndi bumbuz çarpayının sol tərəfi çürüyüb tamam

Xəzandı çarpayımın sol tərəfi,

Təmizləyə bilmirəm.

 

***

Soyun, geyindiyin bütün gülüşləri,

Çıx eyvana,

Çıx, qarış zamana.

Göylərə səpmişəm səni,

Sözümdə gizlətmişəm səni.

Söz artar, söz azalar

Bu dünyada bir qadın yaşayar.

Min qadına bürünüb,

Ölümə gedən yollarda sürünüb

Qaçışa gizlətmişəm səni.

Bir, səhər yazaram səni,

Bir də gecə,

Toxuyub bu küçənin işıqlarına

Günbatana gizlətmişəm səni.

Elə qərib yerişin var ki,

Bu dünyalıya bənzəmirsən

O dünyaya gizlətmişəm səni.

Elə qərib gəlişin var ki,

Bütün gedənlər yerinə,

Yollara gizlətmişəm səni.

Sən dinmə, sən sakit ol,

Baxışında qocalsın dünənim daha

Basdırım kədəri, zülmü beşikdə,

Həzin laylaya gizlətmişəm səni.

Darıxmaq deyil içimdəki hiss

Men evə darıxmışdım sonuncu dəfə.

İsti yeməyə darıxmışdım,

Bir şillə sığala darıxmışdım.

Mən sənə məcburam,

Tanrının sevgiyə məcburu kimi

Sevgiyə məcburam.

 

***

Nəfəsinin istisi var bu şəhərdə,

Hələ ölməmişəm.

Dodaqlarına yağan yağışı yığıb

ovcuna,

İç, sərxoş ol, günah işlət hər şeyin

acığına.

De, hələ ölməmişəm,

Sinəmdəki dağlara çıx,

Qışqır, möhkəm qışqır,

Hansı tərəfə fırlanır, fırlansın çolaq

dünya.

Sən dur yerində dim-dik, de,

Hələ ölməmişəm.

Dünən bir uşaq böyütdüm,

Bu gün yenə evləndim,

Yenə ümid doğur gözlərim,

Atası ölüb,

Mən ölməmişəm.

Elə divarlar gördüm, tab gətirər

Min yumruğa,

Elə insanlar tanıdım,

dözər yüz çarmıxa,

Mən bir sığala dözə bilmədim.

Sənin əvəzinə də yeriyirəm bu yolları,

Sənin əvəzinə təngnəfəs qalıram

Yıxılıram, dururam,

Hələ ölməmişəm.

Dünən çəkməcədən səni tapdım,

Sonra yastığımın altından çıxdın,

Əynimdən çıxdın.

Boynumdan, boğazımdan tapdım səni,

Səni nəfəsimdən tapdım.

Çörəyimin parasından,

Yeməyimin qoxusundan tapdım.

Dünən tapdım səni,

Köhnə şəkillərimizin qırışında tapdım,

Hələ ölməmisən.

 

***

Sənə çatacam deyə,

Uzaq düşdüm özümdən.

Yaradan qucağına səhra düzündən,

Sonu olmayan yola çıxmışam.

Sənə boylanmağa uşaq gözünün

Leysan süzülən yaşına çıxmışam.

Ömrün son anı, son nəfəsidi

Üç günlük dünyanı başa vurmuşam.

Bu başı üç gündə daşa, divara

İndi darvazana, qapına vurmuşam

De görüm, nəyin var sənin?

Ovcun varmı?

Bağrına basmağa qucağın varmı?

De görüm, nəyin var sənin?

Dilində yatmağa yastığın varmı?

Nə olsun tanrısan, nə olsun axı

Sənin başımı qoyacaq dizlərin varmı?

Kim bilir, bəlkə də heçə çıxmışam.

 

***

Məni bir dərd kimi qopar içindən,

İçində yox olum, göyə qarışım.

Dustağam qəfəsin ovuclarında,

Qanad ol, uzanım göyə qarışım.

 

İçimə qar yağır, üşüyür ruhum,

Yağır, hər yağdıqca soyuyuram mən.

Çürüyür bətnində olan o saflıq,

Ucalıb palıd tək quruyuram mən.

 

Dərdinmi çox gəldi, sevincinmi az,

Ağlama, dərdin də dərdimə taydır.

Əllərdən qocalır zamanla duam,

Sevincim gözündə qoca dünyadır.

 

Əzilmiş qürurum xıncım-xıncımdır,

Ürəyim yerdədir bax, pərən-pərən.

Nə verdin ki mənə, nə də alırsan?

Verdiyin əzaba dustaqdır bədən.

 

***

Bəlkə bir gün görüşərik deyə,

Gedib-gəldiyim yolları ot basıb indi.

Sevinc kimi yadırğadım səni,

Pəncərəmizi toz basıb indi.

Əl vurma, qoy qalsın xatirələr

Hərdən baxıb köks ötürməkçün.

Əl vurma, ağlar, kövrəkdi qəlbim

Yara basıb indi.         

Ağlamaq da çətindi

Şeirlərdə misralar göz yaşım,

Gözümü də tor basıb indi.

Darıxmaq bilmirəm nədi artıq,

Qucaqlamaq bilmirəm nədi artıq,

Qollarımı buz basıb indi.

Kimlər gəldi, getdi bu ürək yolumdan

Hər gedən bir dua qoydu getdi.

Duaları şeytan basıb indi.

Mən qaldım budaqda son yarpaq tək,

Yarpaqları xəzan basıb indi.

Bir gül, bir danış,

Məgər qurumuş dilin?

Yorğun üzündə illərimiz dilim-dilim

İtdik bu zamanda ilim-lilim,

Gələn günlərimizi yas basıb indi.

Qaldır qədəhini bir sağlıq deyək

Sağ qalmış ümidlərə,

Od qoyulmuş illərimə,

Keçən günlərimi köz basıb indi.

İki damla göz yaşım qaldı

Biri sənsən, biri mən.

Ağlat, nə qədər ki, sağam.

Onsuz da gülüşümü söz basıb indi.

 

Tural Muxtar

 

Ədəbiyyat qəzeti.- 2018.- 17 noyabr.- S.31.