Qəhrəman...
Hekayə
Arvadı həmişə istinin cırhacırında
uzunqol köynək geyinməyinə deyinib onu ələ
salırdı.
Heç kimə izah eləyə bilmirdi ki, bu
ağlığını çoxdan itirmiş kəmköhnə,
əslində, bütün qısaqol köynəklərindən
daha sərin saxlayır bədənini. Axşamtərəfi
küçəyə çıxıb məhlənin
aşağısındakı çayxanaya sarı gedəndə
də qollarını qatlaya-qatlaya bunu fikirləşirdi.
Həm də fikirləşirdi ki, beyninə gələn
yeni ideyanı tezcə dostları ilə bölüşməlidir. Onda daha rahat
yazırdı, məsuliyyət hiss edirdi. Çünki mətn
tam hazır olana qədər yüz dəfə soruşurdular:
nə vaxt bitirirsən? Amma bitirəndan sonra
oxumaq, tərif lazım deyil, yaxşı-pis fikir bildirmək,
cəhənnəm, heç olmasa paylaşmaq adı gələndə
başlarına daş düşürdü.
Soruşmaqlarının da səbəbi bəlli idi: əsəri
hələ oxucu gözü dəyməmiş "yumaq". Axır ki, dəfə-dəfə deməklə də
olsa, yazdırırdılar. Ona da indi elə
bu lazım idi.
***
O,
insanlara Servantesin məhv etdiyi gələcəkdən
danışmaq istəyirdi. O gələcək ki, gəlmişdi
də, getmişdi də. O gələcək ki, artıq
özünün belə keçmişi idi. İndi
özündən sonrakıların gələcəyi
üçün Servantesin öldürdüyü qəhrəmanı
- Don Kixotu diriltmək istəyirdi.
Yarım-yapalaq hekayələr quraşdıran, bir
neçə müsabiqədə ölüm-zülüm
üçlüyə düşən, nə vaxtsa
yaşıdları arasında ən çox diqqət çəkmiş,
indisə adamlı-adamsız yerində sayan yazıçı
kimi buna gücü çatacaqdımı? Bilmirdi. Hərdən güman edirdi, ona meydan açsalar
dağı-dağ üstə qoyar, sonra baxırdı ki,
oturmadığı ocaq başı qalmayıb, amma ortada karagələn
heç nə yoxdur. Ölkə ədəbiyyatı da
elə gündəydi ki, o, üç-dörd yaxşı
yazan nasirdən biri sayılırdı...
Çoxdandır yazmırdı, çünki
keçmişdəki xırda uğurlarının sərməstliyi
başından getməmişdi. Hələ onlar
çörək də gətirir, gələcəklə
bağlı arzulara tor atırdılar. Sabah
dünənin təkrarı olmağa and içibmiş kimi,
eyni dadda, eyni kəmşirinliklə bu günü nuş
edirdi. Bu şəhərdə insanlar ya keçmiş,
ya da gələcək ola bilirdilər. Bu günü yaşamaq heç kimin yadına
düşmürdü. Əhalisinin
yarıdan çoxunun paytaxta toplaşdığı bir
ölkənin yazıçılarının mətnlərindən
gizli-aşkar görməmişlik tökülür, ordan-burdan,
dostdan-yaddan çırpışdırılmış
ideyaların yamaqları qabarır, sözlərdən peyin
qoxusu, mal-heyvan səsi gəlirdi. Ən
yaxşı halda dağ havası, bulaq səsi hopardı
yazılara, o da yalnız xatirə şəklində. Bu şəhərdə hamı, sadəcə,
yaşamaq istəyirdi. Heç kim onu
sevmirdi. Elə özü də... Sevsəydi,
növbəti əsərinin qəhrəmanı elə bu
şəhərin küsmüş, susmuş, yatmış
qaraqabaqlarından biri olardı, Servantesin öldürüb
üstündə də adı boyda başdaşı
qoyduğu cəngavəri yox.
Servantes bir cəngavər öldürüb məşhurlaşmışdı. O da öz şəhərindəki
cəngavərlərin şərəfinə Servantesin qəhrəmanını
dirildib tanınmaq istəyirdi. Bir növ bu şəhərin cəngavərlərinə
şans... Yox, o kim idi şans versin? Belə
deyək: ümid vemək istəyirdi. Əslində,
inanmırdı onlar bu ümidi görələr, oxuyalar, sonra
özlərini tanıyalar... Sadəcə, nəsə
yazmalıydı. Neçə illərdi
yazıçılara verilən bütün imtiyazlara göz
dikib, onun-bunun yazdığına mız qoyub ortalıqda
düz-düz gəzməklə daha nə qədər aldada
bilərdi camaatı? Ən azından, içindəki
yazmaq tələbatını ödəməkçün klaviaturanı
dınqıldatmalıydı. Uzağı,
adını "importnusayaq" qoyub, yerli oxucular
üçün ortabab kitab çıxardacaqdı da.
Necə yazacağını bəlirləməmişdi,
amma nə yazacağını artıq bilirdi. Həmişə
yığışdıqları çayxanaya
yaxınlaşdıqca, səbri tükənirdi. Tez-tez beynində maraqlı cümlələr qururdu
ki, dostları ona gülüb arzusunu qursağında
qoymasınlar.
***
Çatan kimi elə birinci deyinməkləri ilə
ağzını yumdular.
- Bu istidə
yenə niyə yığmısan bizi bura? - Kürən deyib
çağırdıqları yazıçı dostu dilləndi.
- Guya, belə
də istirahətdəydin axı, güclə dartıb gətirdik
səni, - o biri arıq, sısqa oğlan
qımışdı.
Kürənlə bir çox cəhətdən oxşar
idilər, amma özünü öldürsəydi də dostu
onun kimi yaza bilməzdi. Bəlkə də, o elə
düşünürdü. Arıq
oğlan da Taxtabalaydı. Heç nə
yazmırdı. Yeriyə də bilmirdi.
Əlilliyinə görə dövlətdən
müavinət alıb dolanırdı. Heç kim bilmirdi onun yazıçılara
qoşulmağının səbəbi nədir: ədəbiyyatı
həqiqətən sevməyi, yoxsa yazanları da özü
kimi bekar bilib maraqlı söhbətlərinə qulaq vermək
istəyi? Kimin ulduzu bu gün parlasa, sabahdan
Taxtabala onun yanında olardı.
Kürəni
də, Taxtabalanı da təəssüflə süzüb bu dəfə
özü deyindi:
- İki cüt bir tək adamıq, həftədə bir
dəfə yığışıb söhbət eləməyə
ərinirik.
Kürənin
dodağı qaçdı:
- Nə
söhbət eləyəcəyik e? Yaydı,
hamı bir tərəfə qaçıb. Danışmağa babat hadisə də yoxdu. Barı, bir mövzu ver, gedək yazaq. Əlim gicişir. Deyəsən,
nəsə yazacağam. Amma isti yeyib
beynimi. Mənim getməyə rayonum da
yoxdu, baş götürüm qaçım şəhərdən,
havam dəyişsin, zehnim oyansın.
- Sənin
yenə ümidin var, gedəcəyin rayonlar nə vaxtsa... Mən həmişəlik bu şəhərin
qucağına atılmışam.
- Əşşi qurtarın görək. İkiniz də
hara istəsəz gedə bilərsiz. Ən
azından, ayaqlarınız yerindədi.
Yenə
söhbəti özü toparlamalı oldu:
- Elə
indi gəlmişik ki. Hara gedirik? Hə,
Taxtabala, bu Kürən nə deyir? Yenə nəsə
yazmaq istəyir deyəsən?
- İstəməyən günüm var ki? - Kürən aman vermədi.
- Guya
mövzun yoxdu?
- Yoxdu də.
-
Yaxşı görək!
- Vallah
yoxdu! Taxtabalanın canıyçün yoxdu! İsti
yeyib beynimi.
Taxtabala həmişə ağıl verməzdən qabaq
elədiyi kimi, iki-üç dəfə boğazını
arıtladı. Kürənlə gülə-gülə
baxışıb gözlərini ona dikdilər.
- Bəlkə,
ora məktub yazasız, sizə nəsə sifariş versinlər?
Həm pul qazanarsız, həm də
yaradıcı işdən uzaq düşməzsiz.
- Hə...
Yaxşı nəşriyyatdır. Amma orayla işləmək bizim istəyimizlə
baş tutan deyil.
- Kürən
düz deyir, gərək adamın olsun.
- Sizdən
nə gedir e? Bir e-mail yazın, bəlkə, nəsə
alındı.
- Bilirsən
kimin nəşriyyatıdı?
- Noolsun?
- Bekara
söhbətdi. Yazıb özümüzü
biabır eləməyək.
- Siz
yaxanızı çəkin. Odey, Məmmədqulunun
gündə bir kitabını çap eləyirlər.
- Bilmirsən
bəyəm o kimin şotuna qabağa gedir?
Üçü də bir-birinə baxıb güldülər. Söhbət əvvəl
qadınlardan düşdü, sonra hansısa biznesmenin obyektlərindən.
Həmin gün axşam düşənəcən
boğazlarını acı çayla yaşlayıb ədəbiyyatdan
başqa hər şeydən danışdılar...
Təzə ideyasını dostlarıyla bölüşə
bilmədi. Taxtabalaya deyərdi, bəlkə də. Hərçənd, onun da dilində söz
qalmırdı. Amma Taxtabala Kürən qədər
"təhlükəli" deyildi. Yazmağa mövzu
axtarırmış... Düzdür e, Kürənin
mətnləri onun cümlələrinin yanından yel olub
keçə bilməz, amma mövzu oxşar olacaqdı da.
Sonra da qocaman tənqidçilər onun
yaxşı-pis yazdığını bunun əsərinə
quyruq qoşacaqdılar. "Bu mövzuya
müasir ədəbiyyatımızda filankəs və bəhmənkəs
müraciət edib" yazıb vəzifələrini
bitmiş hesab edəcəkdilər. Day kim
nə yazıb, necə yazıb oxuyan biləcəkdi. Oxuyan da
tapılsa... Xülasə, təkbaşına
ilkə imza atmaq istəyirdi. Amma təzə
ideyasını dostlarıyla paylaşmamaqçün da
özünü güclə saxlayırdı.
Əl verib sağollaşdıqları an, nəhayət,
söhbət bitir deyə, dərindən nəfəs aldı. Taxtabalanı köməkləşib
taksiyə mindirəndə qapını bağlamamış
oğlan bir də tapşırdı:
- Sizdən
nə gedir, bir e-maildi də. Yazın onlara.
İstəyirsiz mən yazım?
İkisi
də birdən qışqırdı:
- Nə
danışırsan? Yadından çıxart o məsələni!
-
Gülünc vəziyyətə salma bizi!
***
Evə gəlincə kompüteri açıb
yazacağı əsərin ilk qeydlərini elədi. Facebookda
yaşıl işığını "yandırıb"
bir neçə paylaşıma ağız büzdü.
- Yenə
zəvzəkləyib. Adam gündə şeir
yazar?
Hələ buna bax, üç ildi eyni hekayəni
abzas-abzas oxutdurur bizə. Ay qardaş, tükənmisən,
yaza bilmirsən, qaxıl otur bir qıraqda da.
Bu da özünü göstərir elə, indi sənin
yazını oxuyaq, yoxsa şəklinə baxaq?
Bunlar da
ki... Yenə öz aləmlərindədilər.
Eyni yazını bu da paylaşıb, o da.
O biri hanı bəs, nə əcəb dəstədən geri
qalır? Yəqin, aralarında inciklik var. Belə
baxanda, niyə paylaşsın axı? Yazı
bir şey olsa, yenə dərd yarı.
Heç birini oxumağa həvəsi yox idi. Daha bir
"axşam oxuyaram"dan sonra önəmli adamların,
üzü keçməyən tanışların
paylaşımlarına bəri başdan "like" vurub
facebookdan çıxdı. Sonra nə
düşündüsə, bir də açıb Markın
sualını cavablandırdı:
"İlk
cümlələri yazmağın zövqü... Gözləyin,
payızda yeni roman gələcək!".
İstədi son yazdığı esseni də
paylaşsın, sonra fikirləşdi ki, status öləcək. O da sabaha qalsın, əsas
odur özünü bu gün də yaddan çıxmağa
qoymadı.
İnternetə girmişkən e-maili də
açdı.
Niyə açdı? Əvvəlcə
etiraf eləmək istəmədi, sonra dodaqaltı
mızıldandı:
-
Yazım ora? Nə yazım? Kitablarından
heç birini oxumamışam. Alıb vərəqləmək,
yazanda da nöqsanlarından başlamaq lazımdı. Qoy bilsinlər, daha yaxşı mütəxəssislərlə
işləmək olar, daha yaxşı
yazıçıları reklam eləmək lazımdır.
Onsuz da ölkədə oxucu azdı, olan-qalana
da nə qədər eyni xörəyi yedirdəsən?
Saata baxdı. Deyinə-deyinə cibinə 50 manat qoyub
metronun ağzındakı kitab mağazasına yollandı.
***
Axşam evə əliboş qayıtsa da ürəyi
dolu idi.
Mağazada ortababdan aşağı müəlliflərin belə
bəh-bəhlə vərəqləndiyini görüb bir az da qeyzlənmişdi. İş
orasındaydı ki, həmin müəllifləri yaxşı
tanıyırdı. Onların heç biri
nəşriyyata tənqid cığırından yol
almamışdı. Fikri dəyişmişdi:
"İşləmək istədiyin adamları ilk gündən
hirsləndirmək axmaqlıq olar". Əsəbini boğub,
sözə güc verdi:
Salam, dostlar.
Artıq növbəti kitabınızı bitirdim və
qərara aldım ki, fikirlərimi sizinlə
bölüşüm. Nəşrləriniz arasında
özünüinkişaf kitabları çoxluq təşkil
edir. Düzdür, müəyyən qədər
ciddi ədəbiyyata da diqqət ayırmağa
çalışırsız. Bu da xarici
müəlliflərdən tərcümə elədiyiniz əsərlərin
sayəsində mümkün olur. Amma mən sizə elə
bir əsər təklif edirəm ki:
1) onu tərcümə etdirməli olmayacaqsız
- ana dilimizdə yazacağam;
2) bir neçə özünüinkişaf
kitabının verdiyi effektə bərabər olacaq;
3) ciddi ədəbiyyatsevərlərin də diqqətini
cəlb edəcək. Hətta tərcümə
etdirib ölkədən çıxartsaz, dünya
miqyasında məşhurlaşacaq. Bu da həm
sizin nəşriyyatın, həm də mənim uğurum
sayılacaq.
Təklifim maraqlı gələrsə, görüş
vaxtı təyin edin, nəşriyyatınıza gəlim, ətraflı
danışaq.
Hörmətlə
Q.
***
Səhərdən bəri gərgin idi. Nəticəsini
əvvəlcədən bilmədiyi işlərə baş
qoşmazdı heç vaxt. Ən azından, bir adam tapıb zəng elətdirərdi, geri
çevrilməyəcəyini biləndən sonra qolunu
çırmayardı. İndi özünə
yer tapa bilmirdi. Birdən məni
tanıyarlar, birdən gülərlər? Birdən
oralarda köhnə tanışlardan kimsə işləyər,
bilə-bilə haqqımda pis fikir formalaşdırar, işimə
pəl vurar?
Kompüteri açmağa ərinirdi. Telefonla girib
yoxlayırdı e-mailləri. Facebookda da
bir-birinin ardınca maraqlı yazılar
paylaşırdılar. Hamı
acığa yaxşı şeylərini nümayiş etdirir,
uğurlarını paylaşır, amma bu axmaq, boş-bekar
oturub yekəxana bir nəşriyyatdan cavab məktubu gözləyirdi.
Hər şey, hamı gözündən
düşmüşdü. İstəyirdi
girib facebookda bu gün uğurdan, istedaddan bəhs eləyən
bütün virtual dostlarını söysün. Hamı mənəm-mənəm deyirdi, öz məni
onların eqosuyla təkbaşına savaşmağa qadir
deyildi. Nəhayət, növbəti yenilənmədən
sonra e-maillər arasında qara zolağı görüb
sevindi. İçində nə
yazılmağından asılı olmayaraq, artıq sakitləşmişdi.
Əsas odur məktubunu cavabsız
qoymamışdılar.
Salam, dəyərli Q. müəllim.
Nəşrlərimizə
dair fikirlərinizi bizimlə bölüşdüyünüz
üçün minnətdarıq!
Təklifinizə gəldikdə isə, bir neçə
özünüinkişaf kitabının verdiyi effektə bərabər
əsərin oxucularımıza maraqlı gələcəyini
düşünürük.
Zəhmət olmasa, yazacağınız əsər, onun
mövzusu və qəhrəmanları haqqında bizə ətraflı
məlumat verərdiniz.
Bir də xahişimiz budur ki, sizinlə
maraqlandığımız müddətdə heç bir nəşriyyatla
əməkdaşlıq etməyəsiniz.
Oradan cavab gəlib deyə, elə sevinmişdi ki, oxuyan
kimi barmaqları dinc durmadı. Amma qəfil nə
düşündüsə, əl saxladı. Onlar bir gün sonra cavablandırmışdılar, bəs
buna nə düşüb özünə əl qatsın?
Bir də ki, yazdığı məktubda
yalnız özünüinkişaf kitabları ilə bağlı
hissə maraqlı gəlmişdi o boyda nəşriyyata?
Əslində, dolayısıyla "bu janrda
kitablardan başqa heç nə nəşr eləmirsiz" -
deyib, mədəni dillə tənqid etmişdi onları.
İşə bax ki, nəşriyyat da ondan məhz
oxumaq istəmədiyi janrda əsər gözləyirdi.
Mətnləri heç vaxt ümidsiz olmazdı. Ciddi bir əsər
yazıb, sonra onun içindən nikbin çalarları
nümunə göstərib, əsərin həm də
özünüinkişafa xidmət elədiyi fikrini bu
anlamazlara sırımağa nə vardı ki?! Belə-belə planlar qurub dingildəyirdi yerində.
- Siz siz
olun, mən də mən! - deyib, boş bir
"word" səhifəsi açdı. Cavab məktubunu hələlik
ora yazdı, sabah bir də oxuyub göndərəcəkdi.
Hər
vaxtınız xeyir, dostlar!
Migel De Servantesin məlum, məşhur əsərini
yenidən yazmaq istəyirəm.
Mən
Servantesdən, Don Kixotun atasından, daha doğrusu,
atalığından fərqli olaraq məhz elə
"tapdalanmış yolla" getmək istəyirəm. Axı indi bütün dünyada bu, dəbdir. Əsərlər arasında fərq ondan ibarət
olacaq ki, Servantesin qəhrəmanı lamançlı idi, mənim
Don Kixotum isə dünyalıdır. Mənim
qəhrəmanım bu karvansara dünyanı qəsr bilib əlində
qılınc, gecə-gündüz onun keşiyində dura bilər.
Sizin təbliğ etdiyiniz özünüinkişaf
kitablarının müəllifləri də daxil olmaqla indi
bütün dünyada psixoloqlar insanları cəsarətli
olmağa səsləyir. Çox ağıllı olmaq həm də
çox tədbirli yaşamaq deməkdir. Bu
da durğunluqla müşayiət olunur. Risklərdən
qorunduqca, maraqlı macəralardan qaçdıqca həyat
monotonlaşır, insanlar depressiyaya düşür. Bunun kökündə nə dayanır? Əksər
əsərlər qəhrəmanlarının laqeyd, yerində
sayan, daxili qorxularının məngənəsində
boğulan, inancsız, ümidsiz, mənasız adamlar
olması! Bu məqamda Servantesi bir
yazıçı kimi qınayıram. Yazdığı
əsər böyük bir epoxanın ədəbiyyatını
məhv elədi. Bu, özündən sonrakı dövrlərin
yazarlarının da əsərlərinə təsirsiz
ötüşmədi və proses indi də davam edir. Bəlkə, bu dünya özü də romantik bir
qız kimi qəhrəmanını gözləyirdi. Bəlkə, bu dünyanın
qızlığına yaraşan qəhrəman elə Don
Kixot idi? Amma Servantes, ifadəmə görə
üzürlü sayın, dünya hər nə zibil olur-olsun,
ona bu qəhrəmanı çox gördü. Təkcə
birini məhv etmədi, ümumiyyətlə cəngavərliyin
kökünü kəsdi. Ona görə Hüqonun
Mariusu katorqadan çıxmış Jan Valjandan, Tolstoyun Knyaz
Andreyi hansısa Pyerdən, Markesin Buendiyaları alovlar
içində özünə yem daşıyan
qarışqalardan, Ourellin Uinstonu Böyük Qardaşdan
güclü ola bilmədi. Nəticədə
qızlarımız özləri qəhrəman olmaq istədilər.
Feminizmin yaranmasının, geniş vüsət
almasının, bu gün cəmiyyətdə zərif cinsin
nümayəndələrinin kişilik göstərmək istəyinin
kökündə də bir yandan ibtidai dörvdən qalan
nostalgiya, bir yandan da dünyanın kişi
cəngavərlərdən məhrum olması durur. Ədəbiyyat, mədəniyyət, cəmiyyət
artıq öz cəngavərlərini yetişdirmir, buna ehtiyac
duymur. Tək-tük fərasətlilərin
arxada qoyduğu ikinci dərəcəli adamlar daha çox diqqət
mərkəzindədir, nəinki həmin cəsurların
özləri. Qəhrəmanlıq öz kristal
saflığını itirib. Bu gün hamı əsl
qəhrəman olmaqdan çox, öz qəhrəmanı
olmağı üstün tutur. Bəşəri
hisslər məhəlli duyğulara uduzur.
Mən
dünyamıza ona çox tanış bir
adla, yeni bir cəngavər bəxş etmək istəyirəm.
Düşünürəm ki, buna
dünyanın da, bizim də, elə sizin də
ehtiyacınız var.
Qaranlıq nəsə olsa, ofisinizə
yaxınlaşaram, ətraflı danışarıq.
Hörmətlə
Q.
***
Beləcə, salam-kəlam bitdi. Bir sonrakı e-maillər
mesaj qutusuna ayrıca daxil olmadı, əvvəlkilərin
davamı kimi ard-arda sıralandı. Bunun
da adını artıq məktublaşma yox, sadəcə,
"nəşriyyatın naməlum bir işçisi ilə
yazışma" qoymaq olardı. Bədbəxtlikdən,
ya xoşbəxtlikdən, mesaj göndərən adam sonda adını qeyd etmirdi. E-mailin
yazılışı da nəşriyyatın adının
qısalmış forması ilə məhdudlaşmışdı.
Hərdən düşünürdü ki, hansısa operatorla
yazışır, sonra özünə toxtaqlıq verirdi:
"operator belə inamla yaza bilməz, yəqin, redaktorlardan, ən
azından layihə rəhbərlərindən biridir". İstənilən halda, qarşı tərəfi
özündən aşağı görürdü. Zehnini əziyyətə salıb qəşəng
cümlələr qurmurdu, bilirdi lap yarım addım da "irəli"
getsə, sonra gərək bir e-mail də yazıb həmin
cümlələri izah etsin. Düzünə
qalsa, hələ heç özü də bilmirdi müasir
anlamda yolazdırandır, yoxsa klassik mənada yolazan? İddialarının haqlı-haqsız sərhədlərini
çizməmişdi. Bircə onu bilirdi
ki, uzun-uzadı yazışmaqdan zəhləsi gedir. Nəşriyyatın özünə getmək, o
adamla, yaxud adamlarla üz-üzə söhbət eləmək,
harda doğru, harda yanlış
anlaşıldığını duymaq, cümlələrini
ona görə qurmaq istəyirdi. Ömrü
boyu ehtiyatı əldən verməmişdi. İndi isə kiminlə söhbət elədiyini
bilmirdi. Sanki dalana dirənmişdi. Tuta bilmirdi hansı cümləsi
qarşısındakına necə təsir edir? Bu, publisistik məqalə deyildi, eləcə yazıb
getsin, "kim nə başa
düşür-düşsün"lə
üyüdüb-töksün. Axı həmişə
özü deyirdi: "Sözləri harda gəldi, necə gəldi
işlətmək olmaz, ümumiyyətlə sözlərə
"volya" verməzlər, qulağından tutub istədiyin
yerdə oturtmalısan, vəssalam!".
Hərdən elə bilirdi onunla yazışan
qadındır, onda dilxor olurdu. Qadınları
yaxşı tanımırdı. Buna cəhd
də eləmirdi. Az ünsiyyətdə
olurdu deyə, heç vaxt onların fikirlərini təxmin edə
bilmirdi. Elə tənqidçilərin də
onun əsərlərində zəif hesab elədikləri cəhət
qadın qəhrəman yarada bilməməsi idi.
***
Servantesin və Don Kixot əsərinin
özünüinkişafa nə aidiyyəti var? Sualımız
sərt səsləndisə, üzrlü sayın. Amma nəşr edəcəyimiz əsərin
oxucularımız üçün nə dərəcədə
əhəmiyyətli olacağını bilməliyik.
Servantes illah da cəngavərlik romanlarını məhv
etmək, kökünü kəsmək istəyirdisə, bunu
Don Kixotu insanlara güldürərək etməməliydi. Don Kixot
obrazı - hər birimizin içində yatan qəhrəmanlıq
istəyinə vurulmuş böyük bir zərbədir,
travmadır. İçimizdə yatan neçə-neçə
ağ atlı oğlan əl-qolunu
salladıb oturub ki, birdən məni də Don Kixot bilərlər.
Onlar ömrü boyu xəyallarımızda susub
qalır, risk eləməyə qorxurlar ki, birdən bizim də
axırımız elə bitər.
Servantes
yazıçı uğurunu yox, insanlığı
düşünsəydi, dəliliyi gülüş hədəfinə
çevrilməyəcək bir Don Kixot yaradardı və onun qəhrəmanlığı,
öz səmimi, saf Don Kixotluğu elə bir zirvəyə
çatardı ki, yazıçılar məhz bu əlçatmazlığı
fəth edə bilməyəcəklərinə görə
daha cəngavərlik romanı yazmazdılar.
Bu, yazıçının da, ədəbiyyatın da qələbəsi
olardı. Amma Servantes cəngavərlik romanlarını məhv
etməklə şəxsi qələbəsinə
çatdı, ədəbiyyat + insanlıq isə iflic bir obraz
və onun bizim beynimizdəki məğlub travmasından
başqa heç nə əldə etmədi.
Bəlkə, necə ki, uçan xalçaları xəyal
edib təyyarənin kəşfinə nail olmuşduq, eləcə
də dünyada hansısa önəmli kəşfə imza
atmaq üçün Don Kixotların yel dəyirmanları ilə
döyüşməyinə gülməməliydik? Mən oxuculara qalib bir Don
Kixot bəxş eləmək istəyirəm! Bəlkə,
bir insanın qəribə düşüncələri elə
bəri başdan onun qələbəsidir?! Bəlkə, o, təkbaşına da qalib gələ
bilərdi? Özünüinkişaf
kitabları da bunu deyir, uğur yolu bələdçilərini
insanlara tanıdır. Mən, sadəcə,
başqa bir əsrin qəhrəmanını bu əsrdə
yenidən tanımağı təklif edirəm.
Bilirsiz, mən sizə daha tutarlı detallarla hər
şeyi izah edə bilərəm. Gün təyin edin,
ofisinizə gəlim, ətraflı danışaq.
Servantes nə vaxt neyləyib, bunun bizə aidiyyəti
yoxdur. Bizə sizin necə bir əsər
yazacağınız maraqlıdır. Don
Kixot gülməli obrazdır. Çəlləyi
deşib şərabı yerə tökür, deyir divi
öldürdüm. Belə bir dəlidən
uğurları hamıya nümunə olacaq qəhrəman
yaratmaq, sizcə, çətin deyil?! Zəhmət
olmasa, bu barədə məlumat verərdiz. Bir də yenidən xatırlatmaq istərdik ki,
müzakirələrimiz konfidensialdır və ümid edirik
siz də eyni jestlə qarşılıq verəcəksiniz.
Düzü, bu cür nəşriyyatdan belə
yanaşma gözləməzdim. Ədəbiyyatda əyani
şəkildə canlandırılan ən gözəl
divöldürmə səhnəsidir bu. Qalan bütün
hallarda yaradılmış əksər divlərin özü
də, onların öldürülməsi səhnəsi də
təxəyyül məhsuludur. Bir şərab
çəlləyi dolayısı ilə, verdiyi ziyan
baxımından elə insanları məhv edən div
sayıla bilər. İndi
özünüz fikirləşin, Don Kixotun onun qarnını
yarıb qırmızı qanını yerə
axıtmasında gülməli nə var?
O ki
qaldı Don Kixotun dəliliyinə, əsəri diqqətlə
vərəqləsəz, onun ağıllı söhbətlərini
də oxuyacaqsız. Bu da
yazıçının səhvidir. Mən
Servantesin yerinə olsaydım, ona bir dənə də
ağıllı xüsusiyyət verməzdim. Başdan-sona dəli edərdim. Bu
mənada, Don Kixot yarımçıq obrazdır. Mənim yenidən bu obraza müraciət etməyimin
bir səbəbi də onu yarımçıq görməmək
istəyidir. Qismət olsa, sizin nəşriyyat
vasitəsilə bu istəyimi reallaşdıracağam.
Aydındır. Amma bizi narahat edən məqam sizin elə
hey yazılmış Don Kixotdan bəhs eləməyinizdir.
Bizim köhnə Donla işimiz yoxdur. Siz nə yazacaqsız - maraqlı olan budur. Ümumiyyətlə, sizin Don Kixotunuzun məqsədi
nədir?
Bu da dəlidən növbəti doğru xəbər. Sual yerində
verilmişdi. Haqlıydılar da. O, qəhrəmanına
məqsəd uydurmalıydı. Məqsədsiz
obraz olmaz. Amma donkixotluq məqsəd ola
bilməz axı. Ya da onun yazıçı
beyni bunu qəbul edəcək mərhələyə keçə
bilmirdi hələ. Bəlkə, sadəcə,
təsvir etsin? Məqsədsiz-məramsız! Onu bizə, sadəcə, yazıçının təhkiyəsi,
həm də öz qəhrəmanlıqları,
dırnaqarası macəraları tanıtdırsın, vəssalam.
Bəs onda Servantesdən fərqi nə
olacaqdı? Servantesin yaratdığı Don onsuz da yarımçıqdı.
Bəlkə, Don Kixotu orta cinsin nümayəndəsi eləsin? Müasir
dünyaya məhz bu cür əsər lazımdır.
Dulsineyanın əvəzinə bir dənə xəyali kişi obrazı uydursa kifayətdir. Onsuz da əsərlərində qadın obrazlara yer
verməkdən zəhləsi gedir. Roman əməlli-başlı
tutardı. Tənqid olunsa belə, məşhurlaşardı.
Belə bir Don Kixot Nobelə gedən yoldur,
başqa cür ağlının ucundan da keçirdə bilməz
o mükafatı.
Bəlkə, Don Kixot Sançoya vurulsun? Bütün qəhrəmanlıqları
onun naminə, onun uğrunda eləməyə
çalışsın?
Sonra bu fikirlərinə görə başını
divara vurmaq istədi. O istəmirdi kimsə Dona gülsün, amma belə bir
"qəhrəman"a, ən azından, öz ölkəsində
hamı güləcəkdi. Başına dəysin bu cür
qazanacağı Nobel!
Əsəbi-əsəbi heç özü də bilmədi
nə yazır.
Əzizim, mən yazılmış mətndən
çıxış edib yenisini qururam. Müqayisə
etməmək mümkün deyil. Köhnə
Don Kixotun məqsədi Dondan çox Servantesin məqsədi
idi - cəngavərlik romanlarının kökünü kəsmək
və buna görə də özünü cəngavər
adlandıran qəhrəmanı əsrlər boyu insanlara
güldürmək. Mən göstərmək
istəyirəm ki, güldürmək çıxış
yolu deyil. Əsas məqsədim də,
tutarlı səbəbim də budur.
Qarşı tərəf də əsəbi idi, deyəsən.
Yazdıqlarınızı sadə dillə, necə
anlamışamsa, elə izah edəcəyəm. Yəni demək istəyirsiniz
ki, aramıza qatılan "çuşka"nı
özünü nə elan edir-etsin, ələ salmaq ən asan
yoldur. Amma biz ona kömək edib sabah-birigün ən
kübar cəmiyyətlərə belə çıxara bilərik.
Bu dəfə
bütün yorğunluğuna rəğmən,
çaşqın bir halda e-maili düz beş
dəfə oxudu. Nə yazacağını da
çox götür-qoy eləmədi, bu, ona mənasız gəlirdi
artıq.
Siz hansı əsərdən danışırsız,
xanım? "Don Kixot"u oxuduğunuza əminsiniz?
Sizin kimi düşünsək, elədir, xanım. Servantes birinci
yolu seçdi. Ona görə də bəşərin
gözünün qarşısında özünü
kübar cəngavərlərə bənzətmək istəyən
bir "çuşka"nın həyatı
məhv oldu. Hətta bir yox, ümumiyyətlə,
çuşkaların kökü kəsildi.
"Göndər" düyməsini basıb
kompüteri söndürmək, bu otaqdan, e-maillərdən,
yazıdan, hərfdən, sözdən, hər şeydən
qaçıb dincəlmək istəyirdi. Amma dabanbasma gələn
növbəti cavabı açmadan siçanı
"çıxış"a tuşlaya bilmədi. Bircə cümlə yazmışdılar.
Mən xanım deyiləm. Zəhmət olmasa, nəzakət
qaydalarına riayət edin.
Heç nə anlamadı. Anlamaq da istəmədi.
Sevimli köynəyini geyinib şəhərə
çıxdı. Meh də əsmirdi. Köhnə
tikililəri mühasirəyə alan
göydələnlər Bakı küləyinin də belini
qırmışdı. Bilmirdi canını
sıxan bu istidir, yoxsa bayaq oxuduğu "çuşka"
sözü? Elə bil qaçdıqca daha
çox boğurdu onu bu mövzu. İllər
uzunu bu şəhərdə nə onu, nə də bu şəhəri
sevə bilmişdilər onlar. Ürəyində
belə "onlar" deyirdi, hər addımda toqquşduğu
baxışların bundan duyuq düşəcəyindən
qorxurdu. Düşünürdü ki, daha
bu şəhərdə əsl "çuşka" yoxdur.
Dünya, bəlkə, yenə də əsl Don
Kixotlar görəcək, amma bu şəhər daha heç
vaxt əsl "çuşka" görməyəcək.
Əvvəllər "çuşka"
olmuşlar da daha hiyləgər, daha ağıllıdırlar
indi. Özlərinin belə
olmadıqlarını sübut eləməkçün var
qüvvələriylə silahlanıblar, özlərindən
sonrakıları da cidd-cəhdlə çuşkalıqdan
qoruyurlar. Amma xəbərləri yoxdur ki,
daha buralarda onları belə çağıracaq əsl şəhərli
qalmayıb; hamısı ölüb-qırılır,
qaçıb başqa şəhərlərə pənah
aparır. Anlamaq istəmirdilər ki, daha
özlərindən başqa bu mövzunu dərd eləyən
yoxdur. Hətta bu gün də həmin
söz hansısa çuşkalıqdan qorxan birinin
mesajından sonra yada düşmüşdü. Bu söz şəhərin də, şəhərlilərin
də axırına çıxmışdı, amma hələ
ölməmişdi. Bəlkə, vaxtikən
onun saflığını qoruya bilsəydilər,
sözün mahiyyəti dəyişərdi. Görünür, müasirləşə bilməmişdi,
ona görə mahiyyəti dəyişmədi. Çünki müasir dünyada hər şeyi adı
ilə çağırmaq dəbdir, hamı çəkinmədən,
rahatlıqla "mən buyam" deyir, özünə bayraq
düzəldir, meydanlara çıxır, haqlarını tələb
edir, kimliyini dünyaya uddurur. Görünür,
bu sözün özünün də bir məqsədi var, ona
görə dəyişmir, hələ də yaşayır.
Bəlkə, buranın sonuncu şəhərlisi
ayağını son dəfə Bakıdan götürəndə
o söz də öləcək...
Sonra yenə "Don Kixot" əsərini
düşündü. Fikirləşdi ki, onu dərsliklərdən
çıxartmaq lazımdır. Əsərə senzura
qoymaq istəyinə güldü də bir az. Amma yenə də
özünə söz verdi ki,
övladları yeniyetməlik yaşını keçməyincə
onlara bu kitabı oxumağa icazə verməyəcək.
Lampanı ovcunda axıracan sıxıb blokun
işığını yandıra-yandıra dünyada qəhrəman
hesab elədiyi adamları xatırladı. Yaxın tarixi
vərəqlədi beynində. Nelson Mandellanı - irqi ilə
qürur duyan, onu bütün dünyaya sevdirməyi bacaran
adamı yadına saldı. Sonra nəyəsə
görə Komandantenin mahnısını zümzümə elədi.
Əmin idi ki, indi yadına saldığı cəsarətli
adamlar Don Kixotu ya oxumayıblar, ya da əsərlə çox
gec tanış olublar. Dünya
artıq onların özlərini tanıyandan sonra.
Evə qalxan kimi düymələrini açıb həmişə
zarafatla yoldaşına sarı tulladığı köynəyi
bu dəfə var qüvvəsi ilə qadına tolazladı. Uşaqlar da gözlərini
planşetdən ayırıb çaşqınlıqla
atalarına baxdılar:
- Elə
gizlət bunu, bir də gözüm görməsin!
- Bəs
deyirdin sərin saxlayır, nooldu?
- Havaya
bax! Adama "çuşka" deyərlər!
Qadın
köynəyi ağzına tutub, uşaqlar da planşetdə nəsə
maraqlı bir şey tapıblarmış kimi
pıqqıldadılar...
***
Kitab rəfinə sarı tələsdi. Nəsə
oxumaq, başını qatmaq istəyirdi. Beynində
qaynaşan suallara cavab tapmağa qorxurdu. Niyə
Don Kixotları düşünə-düşünə
öz həmvətənlərini ürəyinə gətirmişdi?
Onun Nobel barədəki xəyalları ilə
Don Kixotun cəngavərlik arzuları arasında nə kimi əlaqə
var idi? Niyə indi nəsə oxumaq istəyi
baş qaldıranda əli rəfdəki ən
axırıncı kitaba, Cəlil Məmmədquluzadənin
"Ölülər"inə toxundu? Axı
bu yazıçıdan da, onun əsərlərindən də
zəhləsi gedib həmişə. Axı qorxurdu Cəlili
oxumaqdan...
Həmişə fikirləşmişdi ki, Cəlili oxusa
bir də azərbaycanlıları sevə bilməz,
uzaqbaşı yazığı gələr onlara. Düşünürdü
ki, Cəlili çox oxusa, özünü də dibəcən
tanıyar, o dibdən bir də çıxa bilməz, ölər,
qalar orda, dünyanın bütün Şeyx Nəsrullahları
ilə Kefli İsgəndərləri barışsa, var
qüvvələrini toplayıb onu səsləsələr belə
dirilməz. Amma bu gün başqa gün idi.
Dünyanın öldürən
yazıçısını beynində susdurmaqçün,
özünü öldürən
yazıçısının ideyaları ilə silahlanmaq istəyirdi.
***
Üç gün sonra açdı kompüteri. Gələn
mesajda yazılanlara görə, əslində, hirslənməliydi.
Amma qəfil qəhqəhə çəkib
güldü.
Düşünürük ki, əgər əsəri
yenidən işləyirsinizsə, obrazlara əl gəzdirə
bilərsiniz.
Məsələn, Sanço Pansanı romanda ləğv
etmək necə fikirdir? O, Dona özünü realizə
etməkdə mane olur. Sanço olmasa, bizim cəngavər
Donkixotluğa, sizin təbirinizcə desək, öz zirvəsinə
daha tez çatardı.
- Bu nədi?
Məni ələ salır bunlar, ya yerimə əsər yazmaq
istəyirlər?! Daha onda məni niyə yorursuz, gedin
özünüz yazın da nə istəyirsiz, - az qala elə belə də yazacaqdı. Sonra lənət
şeytana deyib, qısaca ağıl verdi.
Yox, Sanço ölə bilməz. Mən
düşünürəm ki, Sançonu Dona ən yaxın
dost, silahdaş eləyim. Sanço bütün
qəlbi ilə ona inansın. Bəlkə
də, əsərin ən gözəl dönüş
nöqtəsi Dona inanan, arxasında duran adamların
olmasındadır. Bütün Don Kixotluğun xilası
ona həqiqətən
inanan heç olmasa, bir adamın
mövcudluğundadır.
***
E-maili göndərib kompüter arxasından durdu. Sanço
obrazı yeni hadisələr düşünmək
üçün tapıntı idi. Bütün
günü şəhərdə boş-boş gəzdi, evlərinin
yaxınlığındakı gün-gündən
balacalaşan parkları dolaşdı, uşaqlara baxdı.
Anası yaxın skamyada tum
çırtlaya-çırtlaya mesaj yazan dəcəl bir
oğlan uşağı diqqətini cəlb elədi. Əlindəki yanıb-sönən oyuncaq
qılıncını var gücü ilə Əliağa
Vahidin bu balaca cəngavərlə meydanda tək qalmış
kəlləsinə çırpırdı. Qaynayırdı uşaq, gah o tərəfdən, gah
bu tərəfdən hücum çəkirdi. Axırda da şairin adı yazılmış bəyaz
lövhəyə ayağı ilişdi, yıxıldı.
Anasından əvvəl qaçıb ağlayan
dəcəli qaldırdı, sıyrılmış dizinin
torpağını təmizləyəndə uşaq onu itələdi.
Qaçıb hələ yolu yarıyacan qət
eləməmiş anasını qucaqladı.
Onlardan
uzaqlaşıb bir az da İçərişəhərin
dar küçələrində azmaq istəyəndə
düşündü ki, dünyada əsl Don Kixotlar elə
uşaqlardı. Özünü isə
Sanço hesab eləyirdi bu gün. O, Don Kixota, öz Don
Kixotuna kömək eləməliydi, yazmalıydı,
hamıya tanıtdırmalıydı onu. Bəşəriyyət
bir vaxtlar özünü böyük hesab edib balaca Don Kixota
gülmüşdü. İndi o yekəxana
bəşər bir yazçının timsalında nə qədər
çalışırdısa, artıq dərs almış
Donu əvvəlki saflığına, uşaqlığına
qaytara bilmirdi.
Axşam bloka daxil olanda telefonun işığı ilə
lampanı tapıb həmişəki kimi burdu. Yanmadı.
Sola burdu boşaldı, sağa, axıracan burdu,
yenə yanmadı. Qaranlıqda deyinə-deyinə pilləkənləri
qalxdıqca ağlına gəldi ki, əsl yazıçı
o kəsdir həm Don Kixot, həm Sanço Pansa, həm də
yeri gələndə Dulsineya ola bilsin. Və elə həmin
an başa düşdü ki, o özünü Sançonun, hətta
məcbur eləyib Dulsineyanın da yerinə qoya bilər, amma
Don Kixot ola bilməz. O, əsl Don Kixotu
yaratmaq istəyirdi, özü isə yarımçıq Don
Kixotdur. O anladı ki, "Lamançlı Don Kixot"dan sonra
hədsiz dərəcədə çox kitab oxuyub, hədsiz dərəcədə
çox qəhrəman tanıyır və hədsiz dərəcədə
çox qəhrəmanların zərrələri,
bulanıq-aydın xatirələri onu tam olaraq Don Kixot
olmağa qoymur. O, başa düşdü ki, Kefli İsgəndəri
tanımış bir adam heç vaxt
qayıdıb Don Kixot ola bilməz.
Düşündüklərindən diksindi. Qorxdu, bir az
da belə fikirləşsə, əli yazmaqdan soyuyar. Onu gic qoyduğu üçün Cəlili söymək
istəyirdi. Ürəyində belə cürət eləmədi!
Evə daxil olan kimi otağına çəkildi. Kompüter
açıq qalmışdı. Əsərin qeydlərini
yazdığı "word" faylını açıb bir
cümlə yazdı: "Elə yel dəyirmanları var ki, nəhəngdilər,
çox nəhəngdilər, adamı üyüdüb toz eləyər,
yelə verərlər".
Elə bu? Çox ara vermişdi, deyəsən.
Yenə ürəyi istəyən vaxtda yaza
bilmirdi. E-mail gəlmişdi. Candərdi
açıb baxdı.
Əsərin sonunda Don Kixot ölür. Siz neyləyəcəksiniz?
Bizə nikbin, sabahına inan, uğurlu qəhrəman
lazımdır, Q. müəllim.
- Nəhayət,
kitabı oxuyub bitirdin, xanım qız, - deyib elə bil, bu
sualı gözləyirmiş kimi arın-arxayın cavab
yazdı.
Mən Don Kixotu öldürmək istəmirəm. Əgər
düşündüyüm kimi, Dona inanan bir Sanço yarada
bilsəm, qoy əsas qəhrəmanın yolunda o öz
canını fəda etsin. Donkixotluğu
yaşatmaq istəyiriksə, bu yolda qurbanlar da verməyə
hazır olmalıyıq. Axı
bütün böyük idealların qələbəsi qurban
tələb edir.
"Göndər"i vurandan sonra nələrisə
düz eləmədiyinin fərqinə vardı. Bu səhv
indinin səhvi deyildi. O, lap əvvəldən yolunu
azmışdı.
- Bu da
axırı... - bərkdən deyib, gözünü monitordan
qaçırdı, əllərini qoynunda çarpazlayıb
stula yayxandı.
Əvvəllər cəngavər olmaqçün
öldürməliydin. Cismani. Elə indi də,
bəzən inadkarlar kimlərinsə mənəvi cəsədlərini
adlayıb qəhrəman olurlar. Don Kixota
belə olmadığına görə gülmürdülərmi?
O öldürə bilmirdi. Don bir insanın, ələlxüsus
da Sançonun ölümünə səbəb ola bilməzdi. Ona gülən, ələ
salan insanlar yaşasın deyə, özünü bu yolda
qurban verərdi, ölərdi - necə ölmüşdü,
amma öldürməzdi - necə ki, bilmədi.
İndi başa düşürdü ki, uğrunda
hansı obrazları silir-silsin, yazısını necə
inamlı, ümidli, nikbin cümlələrlə bəzəyir-bəzəsin,
bütün ədəbiyyatvərəqləyənlərin
beynində ölmüş və elə bu cür də
yaşayan Don Kixotu heç vaxt dirildə bilməyəcək.
***
İnternetdən
çıxıb əvvəlcə kompüterin iş stolunda əsərin
qeydlərini elədiyi "Qəhrəman" adlı vord
faylını sildi. Sonra rahatlıqla, "uf"
da demədən zibil qutusundan da yox elədi. Elə axşam-axşam arvad-uşağı da
götürüb kəndə, qayınatasıgilə getdi.
Bir həftə qalıb dincəldilər. Səhəri sarı əncirdən yeyib, günorta
xorna çəkib yatdı, axşamçağı dənizə
qaçıb, gecələr qaynıyla nərd vurdu. Nə Don Kixotlar yadına düşdü, nə də
Kefli İsgəndərlər.
Şəhərə də dostlarına görə
qayıtdı.
Taxtabala darıxdığından, Kürənsə
vacib işi var deyə görüşmək istəyirdilər.
Hamıdan qabaq özü gəlib oturmuşdu
çayxanada.
Sonra Kürən gəldi, Taxtabalanı da o gətirmişdi.
Qapıdan keçirdəndə Kürənə
kömək elədi.
"Haralardasan,
necəsən, neynirsən"lər səngiməmiş, hələ
heç stulu altına çəkməmiş deyinməyə
başladı:
- Bu istidə
nə var, yenə yığışdıq bura tər
tökməyə?!
Taxtabala
boğazını arıtlayıb:
- Kürəndi
də... - dedi, - neçə gündü dəng eləyib məni:
"Gəl görüşək xəbərim var! Xəbərim
var!".
Kürən
Taxtabaladan çox onun reaksiyalarına göz qoyub gülə-gülə
dilləndi:
-
Uşaqlar, sizə əla xəbərim var!
Taxtabala:
- Bildik də.
Qus görək!
-
Düzü, Taxtabala, keçən dəfə sən deyəndə
işə qol qoymasam da, nə deyim, evə gedəndən sonra
bu barədə düşündüm.
Dostu xəbərinə
sevinirlər fikirləşsin deyə, həvəslə stola
dirsəkləndi:
- Nə
barədə?
Taxtabala:
- Eh, sən
də! Fikrin harda qarğa vurur? Nəşriyyat məsələsini deyir də.
Tapşırmışdım axı sizə gedib e-mail
yazarsız.
Qolları boşaldı, dirsəklərini masadan
götürüb stula yayxandı.
Onlar susan kimi Kürən davam elədi:
- Nə
yazacağımı bilmirdim. Getdim
kitablarını aldım, oxudum. Neçə
vaxtdı xətrim istəyirdi, amma nə yalan deyim,
almamışdım. Birinci kitab bitəndə
qərarlıydım tənqid məktubu yazmağa. Amma sonra fikirləşdim ki, acığa
düşüb mənlə işləməzlər.
Taxtabala şaqqanaq çəkdi. Kürən də ona
qoşulub gülümsəyə-gülümsəyə davam
elədi:
- Təriflik
də ortada bir şey yoxdu. İndi adamın
üstündə Allah var, kitabları çox nəfisdi, amma
"o deyil də". Heç nə! Bu gün yazaram, sabah yazaram, axır bu həftə e-mail göndərdim
ki... Əşşi, sizdən nə gizlədim,
yazdım ki, siyasət adamlarından, vəzifəli,
imkanlı sənətkarlardan başqa istənilən şəxsiyyət
haqqında, istənilən mövzuda əsər yaza bilərəm.
Əsas odur, çapına razılıq verəsiz.
Udqunmağının səsini özü də
eşitdi. Taxtabala dünyadan xəbərsiz bəxtəvər,
söhbətin ardını gözləyirdi. O isə
artıq bilirdi Kürən təxminən nələr
danışacaq və daha nələri susacaq.
-
Sırağagün axşam yazmışdım. Dünən açdım ki, cavab gəlib.
Taxtabala
ağıl verməyə hazırlaşdı, adəti üzrə
iki dəfə öksürüb başladı:
-
Gördüz? Nə demişdim sizə? Bir
e-mail yazmaq nə böyük işdi, ay kişi?!
Həmişə qəribçiliyə
salırdız sözümü. Yaxşıdır
hələ sən bundan ağıllı çıxdın.
- "Don Kixot"u dekonstruksiya eləməyimi istəyir
nəşriyyat.
Bunu deyib diqqətlə onun gözlərinin içinə
baxdı. Sevinib-sevinmədiyini duymaq istəyirdi. O isə
neyləsə də içindəki narahatlığı gizlətməyə
gücü çatmırdı. Kürənə də elə
bu lazım idi: paxılı var idisə, özü də o
paxıl istedadlı bir adamdısa, deməli bu yükün
altına girməyə dəyərdi.
-
Xırdalıqlara varmaq istəmirəm. Nəşriyyat
da istəməz bunu, çox güman. Həm
də heç nəyi ətraflı
danışmamışıq. Görüşə
çağırıblar, sabah gedəcəyəm
hələ. Amma istədim, bu fikir necə biz bir
yerdə olanda yaranmışdısa, ilk xəbəri də yenə
sizinlə bölüşüm.
Taxtabala birinci təbrik elədi.
Onun dodaqlarının
qıfılı gec götürüldü:
- Nə
var e onu yazmağa? Bir həftəyə skeletini
quracaqsan, payızda da özünü bitirərsən.
Kürən
zəhmətini moda mindirdi:
- Yo, nə
danışırsan? Asan gəlməsin sənə.
Don Kixotdur bu! Yazmağına yazacağam e, buna
söz yox. Amma heç kimə zarafat gəlməsin
belə bir mövzuya müraciət eləmək.
- Yenidən
müraciət eləmək.
- Hə də.
Axır ki belə... Sən də sentyabrda təqdimata
çağıracaqsan?
Tutuldu! Əslində, nə deyəcəyini fikirləşirdi.
Dostları elə bildi təqdimat məsələsinin
elə kobud vurğulanmağı xətrinə dəydi.
Taxtabala tez diqqəti təqdimat söhbətindən
yayındırmağa çalışdı:
-
Keçən dəfə yazdığın statusa görə
soruşur. Sən nədən yazırsan?
Beyninə
halaldı! Cavabı tez düzüb-qoşdu:
- Bir
yazıçının həyatından. Yarımçıq
yazıçıdır. Tükənib,
amma bunu qəbul eləmək istəmir. Bax
belə düşünmüşdüm təxminən. Çoxlu psixoloji məqamlar olmalıydı. Amma, məncə, yaza bilməyəcəyəm.
- Niyə?
- ikisi də birdən soruşdular.
-
Çünki özümü o qəhrəmanın yerinə
qoya bilmirəm. O hissləri yaşamasam yaza bilmərəm
axı.
Kürən
boğazdan yuxarı mızıldandı:
-
Heç yaşama da!
Taxtabala
da Kürənə qoşuldu:
-
Lazımdı sənə?
Özü
də nöqtəsini qoydu:
- Hə də.
Ona görə başın buraxdım.
Cibini qurdalayıb bir beşlik çıxartdı. İçdikləri
çayın puluydu, bu gün onun növbəsiydi.
Beşliyi Kürənə sarı itələyib birinci onunla əl
verdi.
-
Uğurlar! - deyib masadan qalxdı. - Məni
bağışlayın, tələsirəm.
Kürən
güya zarafat elədi:
- Gedirsən
e-mail yazmağa?
Taxtabala yenə şaqqanaq çəkdi.
- Yox,
kompüterin üzünü bir həftədi açmıram.
Arvadağa toydadı, gedim, evə aparım onu.
- Həmişə
toylarda!
-
Şadlıq olsun!
- Sağ
ol, balaca kişinin toyuna gələk! Taxtabala, səninçün
olsun!
Qapıdan çıxa-çıxa telefonda saata
baxıb yalanının işə
yarayıb-yaramadığını yoxladı. Nə fikirləşdisə,
bir də geri qayıtdı, Kürəndən siqaret alıb
bir də sağollaşdı.
Nə vaxtdı çəkmirdi. Acı tüstü ciyərlərinə
yayıldıqca gözləri yaşardı. Birbaş evə qaçmaq istəyirdi, amma
yoldaşı bayaq mesaj yazmışdı, bəzi şeylər
alınmalıydı. Yenə telefonda saata
baxdı, elə bil iki dəqiqə bundan qabaq toy vaxtı
hesablayan bu deyildi. Hə, binalarının
qarşısındakı market açıq olardı hələ.
***
Aramla qüllab vura-vura addımlayırdı. Nə
ideyasının əldən çıxması, nə
yazışmalarının boşa getməsi, nə də son
həftələrdə keçirdiyi həyəcanlara heyifsilənirdi.
Beynində bircə sual dolaşırdı:
- Görəsən,
düz deyirdi? Onu həqiqətən sabah
görüşə çağırıblar, yoxsa
goplayır?
Tini dönəndə telefonu bir də cibindən
çıxartdı. Yoldaşının mesajını
axtardı. Birdən gözü ayın
tarixinə sataşdı.
Siqareti
yerə atıb tapdalayaraq gülümsündü:
- Sabah
bazardı ki!
Alacaqlarını dua kimi dilinin altında təkrarlaya-təkrarlaya
mağazaya girdi.
Günel Şamilqızı
Ədəbiyyat qəzeti.- 2018.- 17
noyabr.- S.6-8.