Biz tələsən deyilik,

Qabaqda bütöv bir əbədiyyət var...

 

İnternetdə ad  günümlə bağlı paylaşdığı mənə ünvanlanan mesajında atalar sözü kimi bir deyim diqqətimi çəkəcəkdi: "Əziz Məmməd, biz tələsən deyilik, qabaqda bütöv bir  əbədiyyət var..."

Ukraynanın, əslində isə dünyanın yaxşı tanıdığı Aleksandr Korotko özü və yaratdıqları ilə yaxından tanış olduqca misal gətirdiyim cümlənin söz xatirinə deyilmədiyini anlamış olursan. Xarakteri, davranışları, mənəvi və maddi zənginlikləri fərqli və üst səviyyədə olan bu adamla yaxın təmasda olmaq hardasa can rahatlığı və könül xoşluğudur. O, danışmayanda, susanda da mütləq nəsə bir şeylər deyir, onu bu halıyla yalnızca böyük rus şairi Yuri Kuznetsovla müqayisə etmək olar. Ukrayna kimi böyük bir ölkədə nazir səviyyəsinə qədər yüksələn və maddi imkanlarının bir baxıma hardasa ölçüsüz olduğu bilinən bu adamın belə saf qala bilməsi ancaq xoş bir qibtə oyandıra bilər. Yəni bu adam öndə onu bütöv bir əbədiyyətin gözlədiyini hər kəsdən yaxşı bilir, bildiyindən də ruhunda əbədiyyət arxayınçılığı və inamı var...

Aleksandr Korotko ilə yaxından tanış olduqca onun gerçək həyat ölçü və düşüncələrinin çox uzağında fərqli bir düşüncə tərzi ilə qarşılaşırsan. Bu hal onun həm şəxsiyyətinə, həm də yaradıcılığına aiddir. Heç yana tələsməyən, taleyin, alın yazısının diktəsi ilə yaşayan və hərdən gərəkdiyində bu alın yazısını redaktə etməyi bacaran fərqli bir dünya adamıdır Aleksandr. Hətta şeir kitabının adını belə "Mən dünyada yaşamadım" qədər iddialıdır.

Korotko ilə yola saldığımız ilin yanvar ayında Parisdə Avropa elm, mədəniyyət və ədəbiyyat akademiyasının ödül törənində tanış olacaqdıq. Xoş təsadüf elə gətirmişdi ki, ikimiz də adıkeçən akademiyanın həqiqi üzvü seçilmiş və "Azadlıq" özgürlüyü" şeir yarışmasının qalibi olmuşduq. Əlbəttə, Paris görüşlərimiz ayaqüstü olacaqdı.Amma bu ilin sentyabr ayının sonlarında Qaradağ Respublikasında keçirilən Dünya şeir festivalında yenidən görüşəcək və hardasa bir həftəni bir yerdə olacaqdıq. Həyat yoldaşı Lyuda xanımla birlikdə gəlmişdilər. Bu məhəbbət cütlüyünə baxanda qibtə və heyrətlənməmək mümkün deyildi. Bir cüt göyərçin mehribanlığı vardı aralarında və bir-birini bir işarətlə anlaya biləcək səviyyədə olan bu birlikdəliyə Tanrı lütfündən başqa daha nə ad vermək olar ki? Əlbəttə, amacımız ev, ailə münasibətləri haqqında yazmaq olmadığından (amma sənət adamı üçün belə sözsüz anlaşılmanın nə qədər vacib olduğunu da bilməmiş deyilik) əsas məqsədə keçim.

Əgər haqqında yazılanları oxusanız Aleksandr Korotkonun 29 avqust 1952-ci ildə Ukraynanın Korosten şəhərində anadan olduğunu öyrənəcəksiniz. Təhsilinə görə iqtisadçıdır. Odessa Milli İqtisadiyyat İnstitutunu bitirib, 2002-ci ilədək ixtisası üzrə işləmişdir. Kiyevdə yaşayır. Ədəbi fəaliyyətinin başlanğıcı 80-ci illərin ikinci yarısına təsadüf edir.  "Pəncərə" adlı ilk şeir kitabı 1989-cu ildə buraxılıb. 80-ci illərin sonlarından etibarən daha məhsuldar işləyir: bir-birinin ardınca kitabları nəşr olunur. Ukrayna, Rusiya, Xorvatiya, Amerika, İsrail qəzetlərində, jurnallarında şeirləri, miniatürləri, aforizmləri, deyimləri dərc olunur. Zaman keçdikcə ədəbi romantik çərçivə genişlənir, poetik əsərlərlə  birlikdə  esse, hekayə, roman və dram əsərləri də  yazarına şöhrət gətirir. Bu əsərlərdə  fəlsəfi dərinlik, minimalizm ön plana çıxır. Aleksandr Korotko postmodern dövrün şairidir. Onun fəlsəfi düşüncələrinin əsasını yəhudilik, geniş mənada Avropa və rus mədəniyyəti, ekzistensializmə yönəldilmiş fəlsəfə, Gümüş dövrün düşüncələri oluşdurur. Müasir ədəbi cərəyanlar baxımından o, dənizdəki ada kimidir, çünki onu hər hansı tendensiyalar və ya birliklər arasında saymaq doğru olmazdı. Aleksandr Korotkonun əsərlərində müəllifin niyyətini ötürmək vasitəsi kimi istifadə etdiyi poetik dil və yaradıcı sistem yalnız metaforizm, konseptualizm, polistilistika, yeni dövrün avanqard poeziyasının digər istiqamətləri və janrları barədə danışmağa imkan verir. "... Onun əsərləri fəlsəfə, din, musiqi, şəkil, teatrın poetik bir təməl üzərində qurulduğu və bütünlüklə mənəvi və ideoloji dəyərlərin harmonik bir arxitekturası olan xüsusi bir humanist sistemdir". Andrey Bitovun təbirincə desək, Korotkonun əsərləri mistik bir hekayə, paralel olaraq romantik və poetik mətnlərin mövcud olduğu bir məsəl, xüsusi bir ədəbi "qarışım" yaradır və şairin qələminə aid olan nə varsa hardasa "janrın xaricində"dir. Mənzərəni yaradan odur, baxmaq məcburiyyətində qalan isə siz.

Yəhudilik, Rusiya və Avropa mədəniyyət üçbucağı və bu üçbucağın ədəbiyyata yansıdılan yepyeni düşüncə tərzi, bu üçbucağın, sacayağının üstündən yüksələn yepyeni bir üslub və yazı tərzi. "Yuvadan düşər kimi düşdüm zamandan" - deyir şair, amma siz bu misralardakı gözlənilməzliyi boşluğun sonsuzluğu ilə qarışdırmayın.Dünyanın bir çox sənət adamları onun şeirə - ədəbiyyata gətirdiyi yeniliklərlə bağlı çox şeylər söyləmişlər, onları burada təkrarlamaq düşüncəsindən uzağam.

Ukraynanın, Rusiyanın bir çox önəmli bəstəkarları onun şeirlərinə əsrarəngiz musiqilər bəstələmiş və bu bəstələr yenə dünyanın bir çox önəmli müğənniləri və estrada ustalarının ifasında bütün Avropada ün qazanmışdır.

Aleksandr Korotko İsrail Yazıçılar Birliyinin, Avropa elm, mədəniyyət və ədəbiyat Akademiyasının üzvüdür. Və bu akademiyanın "Azadlıq sevgisi" şeir yarışmasının Böyük Ədəbiyyat mükafatının qalibi olmuşdur.

Dostumun təkrarsız şeirlərinin bir neçəsini gücümün yetdiyincə tərcümə edib "Ədəbiyyat qəzeti"nin əziz oxucularına təqdim etməyi özümə borc bilidim.

 

Məmməd İsmayıl

 

Ədəbiyyat qəzeti.- 2018.- 17 noyabr.- S.15.