Dərədə yatmış idim...
esse
Hər
bir gözəl mətn insanın ruhuna qəfil düşən
mərmi kimidir. O,
səni paramparça edir, qəlpələyir və ətrafa
səpələyir. İndi gəl yığ
özünü, keç mətləbə! Cəlil
Məmmədquluzadə və Əbdürrəhim bəy
Haqverdiyevin hər bir mətni sözügedən həmin mərmi
funksiyasını yerinə yetirir. Amma
gözdən, könüldən uzaq düşüb partlamayan
mərmilər də olur. "Sükut səltənəti"ndə
qərar tutan belə mərmilərin partlayış
gücü birincidən az olmur. Onları
axtarıb, tapıb "zərərsizləşdirmək"
lazımdır...
***
Mirzə Cəlil sözə son dərəcə ehtiyatla
("həssaslıq" düşmür yerinə!)
yanaşır.
Sanki "komendant saatı" altında işləyən
yazıçı məlum atalar sözünü ustalıqla
korrektə edib özünə "deviz" götürmüşdür:
"Ehtiyat qələmin yaraşığıdır". Bu, zamanın diktəsi idi. Çünki Mirzə
Cəlil və onun təmsil etdiyi ədəbi nəsil hadisələrin
sürətlə dəyişildiyi, həqiqətin yalan,
yalanın həqiqət kimi qəbul edildiyi, siyasi oyunların
beynəlxalq müstəviyə keçdiyi, ictimai-siyasi
maraqların toqquşduğu, despotizmlə demokratiya
savaşlarının tüğyan etdiyi, paradoksların qədərindən
çox olduğu bir epoxada yaşamışdır. Belə ekstremal şəraitdə söz də
haldan-hala düşür, tez-tez şəklini dəyişirdi.
***
Mirzə Cəlildə söz alleqoriya halından
("Çay dəstgahı") - "deformasiyaya
uğramış" və ya şiddətli realizm halına
("Danabaş kəndinin əhvalatları") keçir. Yüksək temperaturda metal
öz şəklini necə dəyişirsə, Mirzə Cəlil
realizmi də gerçəkliyə şiddətli münasibətdən
öz ilkin şəklini o cür dəyişir, deformasiyaya
uğrayırdı. Hətta məkan adları
da. Bu əlamətlərə görə onu məşhur ispan rəssamı
Pablo Pikasso (1881-1971) ilə (bizdə Cavad Mircavadovla) müqayisə
edə bilərik. Bir sıra cərəyanların,
başlıcası, kubizmin banisi sayılan dahi Pikassonun hər
bir əsəri son dərəcə realistik idi. Amma heç bir obraz həyatda olduğu kimi deyildi.
Sərt realizm bu rəsmlərə hakim kəsilmişdi.
Məşhur "Gernika" rəsmini
xatırlayaq. Sakit, dinc Gernika şəhərinin
faşistlər tərəfindən bombalanmasını təsvir
edən rəsmdə deformasiyaya uğramış obrazlar xaotik
hərəkətdə verilir. Bu,
müharibə modeli idi. Bəs niyə
zaman baxımından çox da bir-birindən aralı olmayan
Pablo Pikasso realizmi ilə Mirzə Cəlil realizmi arasında
keçilməz sədlər çəkirik?! Bu, hələ
azmış kimi, ona "satirik-tənqidi"
yarlığını da yapışdırır və bununla
da Mirzə Cəlil realizmini realistik və əsrarəngiz
dünya incəsənəti kontekstindən ayırır,
hüdudlarını imkanımız çatıncaya qədər
daraldırıq...
***
Özümüz
özümüzə "primitiv" bir sual verək:
"Danabaş kəndinin əhvalatları"nda kimlər tənqid
olunur? "Kərbəla ziyarətini qəsd edən"
Məhəmmədhəsən əmi? - yox,
anasını qlavaya siğə elətdirib katda olan Xudayar bəy?
- yox, "başıbəlalı
ulağ"? - yox, iki kəllə qəndi
rüşvət kimi qəbul edib ədalət divanını
"yerlə-yeksan" edən qazı? - yox,
Əvvəl: "Xudayar bəy, peyğəmbər haqqı məndə
yoxdu. Olseydi hansı qurumsaq müzayiqə edərdi",
- deyib borc verməkdən imtina edən, sonra cəmi yeddi manat
müqabilində eşşəyi "zaloq" götürən
Kərbəlayi Cəfər əmi? - yox,
"Hara qoyuram eşşəyimi getsin? Vallah, qoymayacağam:
u.......u......u...." Eşşəyin quyruğundan tutub
şivən qoparan Məhəmmədhəsən əminin oğlu
Əhməd? - yox, ərinin
ölümündən sonra on yeddi yaşlı oğlu Vəliqulunu,
yeddi yaşlı Fizzə və dörd yaşlı Zibanı
öz qanadı altına alıb Xudayar bəyin elçisinə:
" - Xudayar bəy anqırsın tayını tapsın; Zeynəb
onun tayı deyil, onu qapısında heç nökər də
saxlamaz" deyib, ərinə sədaqətini - zeynəbliyini
ləyaqətlə qoruyan və bunun ucbatından başı bəlalar
çəkən Zeynəb? - yox, Xudayar bəyin
qızına aşiq olub anasının üzünə ağ
olan və hətta anasına əl qaldıran gözü kor Vəliqulu?
- yox, "Xudayar bəy Zeynəbi alandan
sonra Zeynəb olacaq xanım, Şərəf olacaq ona
qarabaş"- deyib ölümdən betər hallar yaşayan
Şərəf? - yox, "A kişi, bu səfik
oğlu səfik haradan şeytan kimi çıxıb gəlib
eşşəyi apardı, bizi mərəkəyə
saldı?!" - deyib əri Məhəmmədhəsən
əmini məzəmmət edən İzzət? - yox, qazının: "Daimi övrətliyə
verdim Zeynəbi 50 manat mehr üzərinə. Daimi övrətliyi
qəbul elədim Xudayara 50 manat mehr üzərinə"
"dini" hökmünə saxta adlarla şahidlik edən Xudayar bəyin "sədaqətli
və köhnə rəfiqləri" - qlavanın yasavulu Qasıməli, Kərbəlayi
Qafar və Kərbəlayi Səbzəlimi? - yenə
yox! Bəs kimlər?!
***
Əgər
qlava (başçı) Xudayar bəyin anasını
özünə siğə elətdirməsəydi, Xudayar
haradan katda (Bu adam bəy olsun bir!) ola bilərdi?!
Xudayar bəydə nə günah? O, bir az da "çevik" tərpənməsəydi,
həmkəndlilərdən bir başqası bu addımı
atardı. Müstəmləkəyə
çevirdiyi xalqın ruhuna qlavalığı, saxta bəyliyi,
yasavulluğu yeritməklə qul psixologiyasını və itaətkarlığı
formalaşdırmaq çar Rusiyasının öz
qarşısına qoyduğu bir nömrəli vəzifələrdən
biri idi və buna tədricən nail olurdu. Xudayar bəy
çubuğunu doldurub damağına qoyan kimi həmkəndliləri
"ispiçkə" çəkməyə "müntəzir"
dayanırlar. Buna adətkərdə olan
"bəy" dükançı Karapetdən də
"ispiçkə" çəkib qovu
yandırmağı tələb edir. Amma Karapetin
cavabı çox sərt olur: "Sən məgər
görmürsən ki, bura qəhvə dükanı deyil! İtil cəhənnəmə burdan, supa oğlu
supa, itil!" "Çox təəccüb
elədi Xudayar bəy erməninin bu tövr rəftarına".
Amma bu, erməninin itaətsizliyinə dəlalət etmir, əksinə,
erməni xislətinin situasiyaya uyğun olaraq hər cür
riyakar şəklə düşməsini göstərmək
üçün müəllifin əlinə düşən bir ədəbi fürsət
olur. Karapet biləndə ki, qarşısındakı şəxs
Danabaş kəndinin katdası Xudayar bəydir və gəlib
ki, bir kəllə qənd alsın, kişi
əməlli-başlı "yumşalır": "Mənim
gözüm üstə. Mən demirəm ki, sən niyə məndən
bir kəllə qənd almırsan..." Amma Xudayar bəylə
müqayisədə şəhərli Karapet yenə də
özünün saxta "şaxlığı"nı qoruyub saxlaya bilir...
***
Nədir tənqidi realizm? Bu, haradan
"zühur" etdi? Cavab çox sadədir: İncəsənətdə
hər cür demokratik təmayülləri rədd edən, ədəbi
düşüncəni bütünlüklə inhisara alan və sənətkarı ideoloji
"vintciy"ə çevirən avtoritar rejimin iblisanə
xislətindən doğuldu tənqidi realizm. Söhbət
bizdən - sosrealizm məkanından, Cümhuriyyətin
süqutundan sonrakı dönəmdən gedir. Dünyada tənqidi realizmin Stendal, Balzak kimi nəhəngləri
vardır. Mirzə Cəlil də onlarla bir
sırada dayanır. Amma totalitar rejim tənqidi realizmi,
sadəcə, montaj edib öz gerçəkliyindən
aralı tutur, "köhnə"lər və "yeni"lər,
"yaşıl" və "qırmızılar" kimi
saxta bölgülərə rəvac verərək onları
bir-birinə qarşı qoyurdu. Nəticədə
"Qızıl qələmlər"ə qədər olan
bütün ədəbi-bədii məhsullar təftiş olunaraq
qəlp tənqidi realizm yarlığı altında ədəbi
dövriyyəyə buraxılırdı. Mirzə Fətəlilər,
Mirzə Cəlillər, Haqverdiyevlər, Sabirlər... ona
görə "əziz-xələf"lərə
çevrildilər ki, guya onlar "köhnə"
dünyanı çox sərt tənqid edib yeni - sosializm
dünyasının konturlarını çızan ilk
"qaranquşlar"dan idilər. "Molla Nəsrəddin"i
Allahsız elan edib, tikanları yumşaq, məxməri
tüklər arasından seçilməyən "Kirpi"ləri
yaratdılar və bir az da "irəli" gedib tənqidi
realizmin "barmaq izləri"ni, hətta Nizamidə,
Füzulidə də tapmağa çalışdılar.
"Ələmdən-nəşəyə" doğru saxta
bir yürüş təşkil edərək istəklərinə
qismən "nail oldular". Etiraf edirəm: Bugün müstəqillik
dövrü tribunasından bunları söyləmək qəhrəmanlıq
deyildir. Fəqət "Yüksəliş
varsa, səbəb alçaqlıq" - deyib hayqıran Cavid əfəndini
vaxtında eşitməli idik. İndi yenə sual
doğur: Bəs nə etməli? Cavab yenə böyük
Caviddən gəlir: "Bir çarə var ancaq: yeniləşmək!".
***
"Əhvalatlar"ın
əvvəlində verilmiş "Bir yüngülvari müqəddimə"ni dahi yazıçının sənət
manifesti adlandıra bilərik. Gələcək
ictimai-siyasi fəaliyyətinin irəlicədən
cızılmış bütün konturları,
yazıçının sənət, ədəbiyyat, həyat
haqqında fikirləri, "Necə yazmaq olar?" sorumunun
bütün aspektlərdən cavabları burada yer alıb.
Sokratdan gətirilmiş sitat-epiqraf 25 yaşlı yazıçının
avtoportretinin əsas ştrixlərini əyaniləşdirir:
"Qəlbimdən gələn səs mənə çox
zadlar öyrədir. Haman səs pak və təmiz
insafımın səsidir ki, hamıda o insaf var. Hər kəs
guş-huş ilə onun buyurduğuna qulaq asıb, əmrinə
əməl etsə, çox sirlərdən agah olub, çox
şeylər bilər". Gənc ədib öz
yaradıcılıq konsepsiyasını ortaya qoyur:
Yaradıcı şəxs yalnız qəlbindən gələn
pak və təmiz səsə huşyarlıqla qulaq asıb həyatın
və sənətin sirlərinə vaqif ola
bilər. "Qüsurlu" müqayisələrdən
qaçıb ancaq bunu deyə bilərik: Dahi Tolstoy da belə
düşünürdü!
***
Qəzetçi Xəlil gənc yazıçının
prototipidir. Bəs
Lağlağı Sadıq? Bu da onun
özüdür - Mirzə Cəlilin güzgüdəki əksidir.
Daima güzgüdəki əksi ilə "əks"
qütbdə duran
yazıçı "əfkari-ümumi"də
bir çaşqınlıq yarada bilmişdir. Obrazlı desək,
bütün həyatını duallıqda keçirən sənətkarın
mətnlərini də az qala deşifrə
edib güzgü üsulu ilə oxumaq lazımdır.
***
Lağlağılıq
və qəzetçilik! Əbədi müxalifətdə olan
iki keyfiyyət! Mirzə Cəlil dahiyanə bir uzaqgörənliklə
ədəbiyyatın Lağlağı Sadıqla Qəzetçi
Xəlil arasında olduğunu intuitiv hiss eləyirdi. Sonralar
Kamal Abdullanın irəli sürdüyü tezis də bu
formula uyğundur: "Düma ilə Coys arasında".
"Bir yüngülvari müqəddimə"də oxuyuruq:
"Mənim yoldaşım Sadığın adını
qoyublar lağlağı. And olsun bizi Yaradana, bu ləqəb o
kişiyə heç yaraşmır". Mirzə
Cəlilin zahirindən - güzgüdəki əksi olan
Lağlağı Sadıqdan Molla Nəsrəddinə çox
qısa bir yol vardır. Siz necə
düşünürsünüz, Molla Nəsrəddin adı
Mirzə Cəlilə yaraşırdımı?!
***
Kənddə iki min eşşək ola-ola məhz Məhəmmədhəsən
əminin eşşəyinin Xudayar bəy tərəfindən
aparılması dəhşətdir. Bu, nəsə pis bir əlamətdən
xəbər versə də, çox mükəmməl bir nəsr
oyunudur. Qoy olsun! Oxucunu mətnin içərisinə
salmağın başqa yolu varmı? Bu, mətnin
lağlağı qatıdır. Sözügedən
qatdan qəzetçi Xəlil qatına keçid baş tutur.
Mətn bütövləşir.
Əsər qrotesk ruhdadır. Burada müxtəliflik
və fərqliliklər - məzhəkəçiliklə faciəvilik
bir araya gəlir. Bu, Mirzə Cəlil üslubunun
başlıca xarakterik əlamətidir, məhz
"Əhvalat"lardan digər mətnlərinə
adlayıb keçir...
***
Qəzetçilik
(Qəzetçi Xəlil) - içərisi ağrı ilə
doldurulmuş ciddiyyətin və ya Mirzə Cəlilin iç dünyasının
simvolik şəklidir. Öz
dünyasını olduğu kimi ortaya qoymaq bütün
zamanlarda qorxuludur. O da ola Mirzə Cəlil
zamanında. "Mirzə Fətəlinin faciəsini tamamilə
anlamaq istəyənlər "Kimyagər" komediyasında
onun Molla Nuru şairin dili ilə söylədiyi fikirlərə
diqqət yetirməlidirlər: "Hər kəsin öz
peşəsi onun üçün bir iksirdir". (Əbdürrəhim bəy Haqverdiyev. "Seçilmiş əsərləri" II cild.
Bakı-2005, səh: 335) Hacı Nurunun yozumunda
iksirin iksir olduğunu onun təsirini qəbul edən filizlərdən
bilmək olar. Yəni zövq, kamal və mərifət
lazımdır ki, yazdığım əşarın qədri
bilinsin. "Zəmani ki, mənim bəxtimdən
həmşəhərlilərim də ki, sizsiniz, nə kamal
var, nə ağıl var, nə beyin var". Ağır
faciədir...
***
Faciəni uzaqda niyə gəzirsiniz?! Faciə lap
yaxındadır. Belə olan halda Mirzə
Cəlil nə etməli idi? Ağrılarını
"azaltmaq", qəzəbini "soyutmaq"
üçün qlava Kərbəlayi İsmayılları,
Xudayarları, qazıları, qlavanın yasavulu Qasıməliləri,
onların ətrafında quyruq bulayan Kərbəlayi
Qafarları, Kərbəlayi Səbzəliləri
"danabaş" da adlandırmasın, bəs nə etsin?! Çiçəklənib yaşıllaşan (Səbzəlilər),
murdar qohumluq əlaqələri ilə törəyib
çoxalan bu tiplər (gözün aydın, o dünyada rahat
uyu, binəva Şərəf! Ərin yasavulun
bacısını da aldı!), çar Rusiyasının
çirkin siyasətindən bir damcı da baş
çıxarmayan bu sədaqətli qulbeçələr
danabaş deyildilər, bəs nə idilər? Vəli xanlar, Qurbanəli bəylər, Novruzəlilər
də həmin siyasətin qurbanlarıdırlar. Böyük mütəfəkkir bunları
huşyarlıqla görürdü. Özünüz
deyin, onun bədbəxt Zeynəblərlə, xırda, köməksiz
balalarla - Fizzə, Ziba, Əhmədlə və Xudayar bəyin
öz balaları ilə, Məhəmmədhəsən əminin
arvadı İzzətlə, Xudayar bəyin
övrəti Şərəfllə nə işi vardı? Fizzə, Əhməd, İzzət, Şərəf
"bir eşşərin itməkliyi" ilə özləri
də ölüb gedirlər. Zeynəb, Ziba, Vəliqulu və
Məhəmmədhəsən əminin bundan sonra
yaşamağının bir əhəmiyyəti varmı?! Xudayar bəy "kişilik" edib sonda dəyənəyinin
gücü ilə Əmimizin eşşəyini də ona
qaytarır. Bu da zoğal dəyənəyinin
"faydası" və xalqa əta etdiyi "səadət!".
***
Povest (Monumentallığına görə roman da deyə
bilərik) bir matəm hekayəsidir. Müəllif, Lağlağı Sadıqla mətnin
üzünə niqab çəkmişdir. Yalnız əsərin
bir yerində geri çəkilib Qəzetçi Xəlili
önə buraxır: "O məhəllədə binəva
Zeynəbin və uşaqların matəmi, bu məhəllədə
yazıq Şərəfin və balalarının matəmi. Xudayar bəy üz qoydu Məhəmmədhəsən
əminin eşşəyini alıb getsin şəhərə.
O məhəllədə də fəqir Məhəmmədhəsən
əminin və bütün külfətinin matəmi". "Əhvalatlar" Azərbaycan xalqının matəm
hekayəsidir. Realist nəsr tariximizin matəmlə
başlandığını heç bir zaman
unutmamalıyıq. Unudanları yeni matəmlər
gözləyir...
***
"Danabaş kəndinin əhvalatları"nda tipik
bir Şərq kəndi təsvir olunur. Amma
ictimai-siyasi iyerarxiyası, epoxal masştab və
problematikasına görə, dünya çapında olan bir əsərdir.
Povestin ədəbi koordinatları haqda
düşünərkən ilk növbədə ağıla
ingilis yazıçısı Corc Oruellinin
"Heyvanıstan" povesti gəlir. 1943-45-ci illərdə
nəşr olunan əsərin nəşrinə az sonra qadağalar qoyulur (Əgər
"Əhvalatlar"ın yazılma tarixi də Şura
hökuməti dövrünə düşsəydi, onu da eyni
aqibət gözləyəcəkdi). Siyasi
alleqoriyanın ən mükəmməl bir nümunəsi olan əsərdə
insan xarakterləri heyvanların üzərinə
köçürülür. Hər bir
heyvan bir siyasi liderin obrazını təcəssüm etdirir.
Qəribə burasındadır ki, əsərin
2011-ci ildə Vilayət Quliyev tərəfindən Azərbaycan
dilinə tərcümə olunmuş ilk nəşrinin üz
qabığındakı şəkil "Molla Nəsrəddin"
jurnalının otuzuncu sayından
götürülmüşdür. Budaqda
oturmuş bir quşun dimdiyindəki yemə onlarla quşun
acgözlüklə ağzını açıb
dartışmaları təsvir olunur. Qəribə
təsadüfdü, hə?!
***
Biz isə buna təsadüf kimi baxmaq istəmirik. "Heyvanıstan"da
daha çox Sovet İttifaqı siyasi liderlərinin
obrazları təsvir edilmişdir. Birmənalı
olaraq biz də Sovetlər İttifaqının çar
Rusiyasının qanuni varisi olduğunu qəbul edirik.
Onda sual olunur, siyasi liderlərin toplaşdığı bir
fermanı təsvir edərək Corc Oruell öz əsərinə
"Heyvanıstan" adını verə bilər, amma bu
işi ondan nə az, nə də çox, düz əlli il əvvəl
görən Mirzə Cəlil, müstəmləkəçilik
siyasəti altında ola-ola özlərini "ağa",
"başbilən", nə bilim "siyasi fiqur"
(qazı, bəy, qlava, yasavul) statusunda görən bizimkilərə
"danabaş" deyə bilməz? Axı, nə
dəyişilir? Yeni əsrin əvvəlində
həmin danabaşlar canlı meyitə, ölülərə
("Ölülər") çevrilirlər. Mirzə Cəlil dahiyanə bir uzaqgörənliklə
avtoritar rejimin formalaşma mexanizmini təsvir edirdi.
***
Dahi Mirzə Cəlil Kərbəlayi
İsmayılların qlavalara, Xudayarların katdalara, Qasıməlilərin
yasavullara çevrilməsinin "sadə" mexanizmini
açıb qoyur ortaya. Bu, Şərqdə çox "ləyaqətli"
bir prosedurdur - pulun, var-dövlətin, gücün,
iqtidarın olmasa da olar. Amma bir az
"diplomat" olmalısan - əgər bir gecənin içərisində
katda olmaq kimi vəhşi bir arzun doğulsa, qadın faktorundan
istifadə et - ən azından "ayaqlar altında olan cənnətini
(torpağını!) - ananı sat! ("Siğə" müfəqqəti
satış kimi bir şeydir! Qasıməli
də öz bacısını Xudayara verməklə lap
gül vurduğunu düşünür!). Sonralar danabaşlar (Mirzə Cəlil)
yığılaraq öz fermalarını - heyvanıstanı
(Corc Oruell) əmələ gətirirlər. Əsər prosesin əvvəlini,
danabaşlığa - avtoritar və totalitar rejimə
keçidi simvollaşdırır. Mirzə
Cəlil danabaşlığı əmələ gətirən
ictimai-siyasi formasiyanın mahiyyətini açır, sirrini
faş edir. Ədib "gözəgörünməyən"
təkləri (danabaşları), Corc Oruell isə
"görünən" çoxluğu (donuzları) təsvir
edir...
Mehman Qaraxanoğlu
Ədəbiyyat qəzeti.- 2018.- 17 noyabr.- S. 16-17.