Dəmir əjdaha və şeyda
bülbül
Firəngiz Əlizadə sənətinə
gizli ekskursiya cəhdi
Məşum gecə
Mən Firəngiz Əlizadəni 2008-ci ilin noyabr gecələrinin
birində, saat ikidə sevdim.
AzTV-nin
gecə konserti - Avropa konsert salonlarından biri - klassik kvartet və...
mübarizə...
- romantik ruhla texnogen cəmiyyətin mübarizəsi...
- rasional məntiqlə irrasional mifin konflikti...
- kəpənək tozuyla təyyarə
qanadlarının qarşılaşması...
Kronos
kvartet və Firəngiz Əlizadənin musiqisi...
İli və
ayı ona görə dəqiq yadımda qalıb ki, yaxın
bir dostumun toyundan çıxmışdım, yorğun idim və
məhz yorğunluqdan gecə heç cür rahat yuxuya gedə
bilmirdim, bir az huşa gedib yenə
ayılırdım. Toyda beş-altı saat ərzində
beynimi döyəcləyən mahnılar, oyun havaları hələ
də qulaqlarımda cingildəyirdi...
Nəhayət, gecə ikidə durub bir siqaret
yandırdım, əlim adət etdiyi kimi, televizorun pultuna
getdi. Düyməni
basan kimi, musiqi eşidilməyə başladı...
Təbii ki, yarımqaranlıq otaqda, yarıyuxulu vəziyyətdə
mən hansı bəstəkarın hansı sənət
nümunəsini dinlədiyimi bilmirdim. Və sözün
düzü, həmin məqamda heç bunu bilmək həvəsim
yox idi (Yalnız konsertin sonunda adlar yazıldı). Sadəcə,
yarıyuxulu gözlərimin qarşısında hansısa naməlum
konsert salonu, eyni qədər naməlum kiçik bir kvartet var
idi...
Və
mübarizə, mübarizə... Gah açıq-aşkar, gah
gizli-gizli... Gah sakit səslə, gah da gurultuyla...
Konfliktlərlə
dolu gərgin dramatik bir gündən sonra narahat yuxuya gedən
böyük meqapolis - narahat şəhər, böyük
şəhər, sanki bir dəmir əjdaha ... Texnogen dövrün səsləri...
Yatmış dəmir əjdahanın ağır nəfəsi... Bütün
kainatın üstünə çökmüş ağır
duman... Qəfildən bu gərgin yuxunu pozan zərif, həssas
romantik ruhların iniltiləri... Elə bil bütün
günü dəmir əjdahanın sıxıb əzdiyi incə,
zərif quşlar... Əvvəlcə zəif iniltilər,
sonra sanki dəmir əjdahanın yatmasından bir qədər
ümidlənən, bir qədər güclənən
pıçıltılar... Ardıyca quşların qorxu və
vahiməsi... Dəmir əjdahanın oyanıb nəfəsindən
alov saçacağı qarşısında qorxu... Bu qorxunun
yaratdığı gərgin mükalimə, mübahisə... Neyləməli, necə
yaşamalı?
Qəfildən
dəmir əjdahanın öz yerində yuxulu halda gurultuyla
silkələnməyi, sanki bir çiyindən o biri çiyinə
çevrilməyi... Romantik ruhların - incə zərif
quşların vahimə içində susmağı, bir anda
qaçıb gizlənməyi ... Sükut... Yenə dəmir əjdahanın
nəfəsinin ağır və aram səsi...
Sonra yenə
yavaş-yavaş eşidilməyə başlayan gərgin
pıçıltılar, həyəcanlı mübahisələr...
Qaranlıqdan baş qaldıran quşların
qarışıq səsləri.
...Qəfildən
ən zərif ruhun şeyda bülbül cəh-cəhinə
bənzəyən ümid dolu nəğməsi...
Dəmir əjdahanın
növbəti tərpənişi... Yenə qorxu, vahimə...
Quşların qaçıb gizlənməsi... Sonra yenə
yavaş-yavaş başlarını qaldırması... Yenə
şeyda bülbülün cəh-cəhi... Hətta öz
yanındakı quşların qorxu içində onu
susdurmağa çalışması... Bülbülün
getdikcə artan cəsarəti... Və nəhayət,
bütün quşları sanki mübarizəyə səsləməsi...
Sıxılmış, əzilmiş ruhların üsyanı
(Bu yerə qədər qırıq-qırıq eşidilən
"Şur" elementlərini, "Çahargah" motivlərini
əvəz edir... Mübarizə olan yerdə
"Çahargah"sız mümkün deyil... Çünki
sonunda "Mənsuriyyə" - qələbə var)...
Yavaş-yavaş,
ağır-ağır yuxudan oyanan və ətrafında bu
xırda quşlara bənzər zərif ruhları görən
Dəmir əjdaha... Yuxudan
yarımçıq oyadıldığına görə
partlayan qəzəbi... Alov saçaraq, şeyda bülbül
də daxil olmaqla, bütün bu quşları bir anda məhv
eləmək cəhdi... Mübarizənin əsas hissəsi...
Dəmir əjdaha güclüdür, qorxuncdur... Lakin şeyda
bülbülün dəlilik dolu cəsarətli
çağırışı az qala
bütün quşları mübarizəyə
qaldırmağa nail olub... Kiçik də olsalar, zərif də
olsalar, yavaş-yavaş çoxalıb artırlar, hər
küncdən onlarla, yüzlərlə xırda quşlar
qalxır, şeyda bülbülün səsinə səs
verir... Mübarizə getdikcə daha da gərginləşir, dəli
kimi gözü qızan dəmir əjdaha ətrafa alov səpələyir,
quşlar isə daha qorxmurlar, geri çəkilmirlər... Təkrar-təkrar
döyüşə atılırlar... Dramatik mübarizə
kulminasiya həddinə çatır... "Mənsuriyyə"
motivləri... Dəmir əjdaha son aolvunu saçıb, nəfəsini
verib gurultuyla yerə çökür... Budur, ağır mübarizədən
sonra Qələbə... Quşların qələbəsi, sevən
ruhların təntənəsi...
Nəhayət,
quşların qələbədən sonrakı
yorğunluğu... Lakin bununla iş bitməyib... Şeyda
bülbülün çağırışı səslənir
- Dəmir əjdaha
tək deyil, başqaları da var... Yorğunluğunu alan quşlar isə bir yerə toplaşıb
"Mənsuriyyə" sədaları altında səfərə
çıxırlar, mahnı oxuya-oxuya, sanki hərbi marş sədaları
altında növbəti dəmir əjdahaların üstünə
gedirlər... Çünki mübarizə heç vaxt bitmir...
Mübarizə həmişə var.
Uzaqdan
növbəti dəmir əjdahanın gurultusu eşidilir... Quşlar isə daha qorxmur. Onlar növbəti
vuruşa hazır vəziyyətdədirlər... Sükut,
döyüşqabağı gərginlik... və
FİNAL... (bəlkə də
finalsızlıq).
Oyanış
Gecə
vaxtı, on beş dəqiqənin içində naməlum bir
kvartet musiqi diliylə mənə sanki bir film göstərdi -
dramatik süjeti olan, hansısa məqamlarda, quşların mifik
səyahətinə həsr olunan "Məntiq-ət-teyr"
(Şeyx Əttar)
poemasını
xatırladan, lakin tamam fərqli bir xətt üzrə
inkişaf edən poetik-fəlsəfi bir film... Səslərdən
ibarət film...
Sonralar
fikrimə gəlmişdi ki bəlkə, bu əsər əsasında
kompüter qrafikası vasitəsilə bir animasiya filmi də
hazırlamaq olar... Lakin bir qədər düşünəndən
sonra fikrimdən daşındım, çünki assosiativ
duyum və ekspressiyalar çox fərdi bir haldır, çox
güman ki, mənim ruhumda bir hisslər və
görüntülər oyadan musiqi parçası bir başqa
dinləyicinin xəyalında tamam fərqli görüntülər,
hiss və duyğular yaradacaq (Misalçün, kimlərsə
bu əsəri Şərqlə Qərbin mübarizəsi kimi
də səciyyələndirə bilər - bir tərəfdə
sərt Qərb musiqisinin, digər tərəfdə isə zərif
həssas Şərq muğamının elementləri və
ortada mübarizə...).
Təbii ki, avanqard ekspressionist musiqi artıq yüz ilə
yaxındır ki, bir janr olaraq dünya musiqisində
mövcuddur. Lakin əvvəl eşitdiyim bu cür musiqilər
duyğusallıq baxımından heç vaxt doğma
olmayıb deyə, dinləməmişəm, yaxud təsadüfən
dinlədiklərim də məndə heç bir hiss və
duyğu oyatmayıb.
Firəngiz Əlizadə barəsində isə hələ
90-cı illərdən çox eşitmişdim. Ən çox da onun
qayını, ixtisasca rəssam olan mərhum Kamran müəllimdən...
Lakin gənclik dövründə onun musiqilərini
dərk edəcək hala qədər yetişməmişdim.
Hələ standart melodiyaların, ritmik
mahnıların qəfəsi içində idim. Musiqi
duyumum da bu çərçivədən kənara
çıxmırdı...
Bundan əlavə,
nəzərə alsaq ki, mən peşəkar
musiqişünas və ya musiqiçi deyiləm, musiqi
qavrayışım da adi dinləyici səviyyəsindən
yuxarı qalxmır, onda bir çox sənət məsələlərindən
müəyyən vaxta qədər kənarda qalmağım,
yaxud dərk edə bilməməyim, təbii görünməlidir...
Lakin o dəfə isə hər şey fərqli oldu. Sanki bir oyanış... Və
həmin gecə mənim üçün Firəngiz Əlizadənin
müəyyən qədər anlaşılmaz, qəribə,
məchul - və məchul olduğuna görə də ilk
baxışdan qorxulu görünən musiqi dünyasına
sanki bir qapı açılmış oldu (Sonradan mən məhz
bu qapı vasitəsilə, ümumilikdə XX əsr Azərbaycan
musiqisinə daxil oldum, bu möhtəşəm xəzinəni
sanki yenidən dəyərləndirməyə başladım
və çox möhtəşəm, çox əzəmətli
sənət nümunələrini sanki özümçün
təzədən kəşf elədim)...
On ilin ekspressiyaları
Sonrakı
on ilin içində Firəngiz xanımın musiqilərini
dinləyərkən, həmişə fərqli-fərqli hiss
və duyğular, ekspressiyalar yaşamışam. Ən əsas
danışmaq istədiyim hiss isə doğmalıq olub. Bu
musiqilərin içində mən nəsə doğma bir
motivlər hiss edirdim. Bəs nədəydi bu
doğmalıq?
Əgər
söhbət ruhuma yaxın musiqilərdən gedirsə, istənilən
vaxt milli musiqimiz əlimin altındaydı, muğamdan
tutmuş xalq mahnılarına, aşıq havalarına qədər
hər birini istədiyim vaxt dinləyə bilirdim... Bu qədər sənət nümunəsi əl
altında olduğu halda, bəs niyə Firəngiz
xanımın avanqard musiqiləri içində doğma motivlərin
elementlərini duyan kimi tamam fərqli hisslər
yaşayırdım?
Bu sual məni
çox düşündürürdü...
Bəlkə
də, səbəb bu idi ki, doğma motivlər, əziz
melodiyalar tam bütöv halda deyil, qırıntılar şəklində
idi... Eynən cidd-cəhdlə yada salmağa
çalışdığımız yuxu kimi... Qırıq, natamam obrazlar, yarımçıq
süjetlər, anlaşılmaz hadisələr... və elə
bil, texnogen dünyanın vahiməli səsləri içində
unutduğumuz uzaq şirin yuxular.
Bu qırıq, lakin doğma motivlər gecələr
gördüyüm hansısa yuxulardan gələn səslər
deyildi. Bir
şərqli olaraq mənim (həm də ümumiyyətlə,
bütün Şərqin) altşüurumdan - kollektiv təhtəlşüurdan
gələn motivlər idi... Bəli, Azərbaycanın,
ümumiyyətlə, bütün Şərqin kollektiv təhtəlşüuruna
məhz bu yuxuya bənzər motivlərlə yol açmaq istəyir
sanki bəstəkar...
Yalnız bunları dərk edəndən sonra,
yuxarıda səsləndirdiyim sualın cavabını
özümçün aydınlaşdırmış oldum. Minillik tarixi olan milli musiqilərimiz
- muğamla, aşıq mahnıları, oyun havaları, əslində,
bizim yox, əcdadlarımızın portretləridi - onların
mənəvi-psixoloji durumunun,
dünyagörüşünün, hiss və
duyğularının əksidir. Biz bu musiqilərlə təmasda
olarkən sanki gen yaddaşımız təzələnir, əcdadlarımızla
mənəvi dialoqa giririk, dərdimizi
bölüşürük, təskinlik eşidirik...
Bu musiqilər bizə nə qədər doğma olsa da,
hər halda bizim özümüz deyilik. Təbii ki,
orda bizim "müasir Mən"imiz yoxdur. Eynən Nəsiminin,
Füzulinin qəzəliyyatı kimi...
Firəngiz
xanımın musiqiləri isə bizim öz portretlərimizdir
- müasir Şərq insanının, daha dəqiq desəm,
müasir azərbaycanlının...
O azərbaycanlı
ki, bir tərəfdən qloballaşan müasir texnogen
dünyanın gurultuları içində çapalayır,
cırmaqlaşır, digər tərəfdən, ruhunun dərin
qatlarından gələn həzin muğam səslərindən
təsirlənir, aşıq mahnılarından riqqətə
gəlir, oyun havalarından dingildəyir...
O azərbaycanlı
ki, bir əlində Səməd Vurğunun, Rəsul Rzanın əsərləridir,
o biri əlində Kafkanın, Kamyunun kitabı...
O azərbaycanlı
ki, sevməyi "Arşın mal alan"dan,
sevişməyi isə Almadovarın filmlərindən öyrənir...
O azərbaycanlı
ki, gözləri Nəsiminin Allahında, yaxası isə
Faustun "İblis"inin cəngindədir....
Bu, müasir dövrün sakinləri olan "bizlər"ik. Özümüzük... Mənəm.
Sənsən... Bu güzgüdə bizdən başqa heç
kim yoxdu...
Bəlkə, ona görə Firəngiz xanımın
musiqiləri müasir dinləyicilərimiz üçün
bir qədər ağır və çətin dərk
olunandır. Axı insanın dünyada ən çətin dərk
elədiyi obyekt elə onun özüdür. Az qala bütün dünyanı, kainatı dərk
etdiyini düşünən insan öz-özünü dərk
etməyə həmişə çətinlik çəkir...
Lakin bunu etiraf etməyə də qorxur...
Mürəkkəb damcısı
Onu öz yaradıcılığında Şərq və
Qərbin musiqi ənənələrini sintez edən
istedadlı bəstəkar adlandırırlar. Zənnimcə,
bu çox zahiri və sadə təsvirdir. Həm də onun
böyüklüyünü tam göstərmir. Axı
XX əsrin bütün Azərbaycan bəstəkarları
öz əsərlərində Şərqlə Qərbin
sintezini müəyyən dərəcədə yarada bilirdilər...
Ən azından ona görə ki, Konservatoriyada
Qərbin klassik musiqisinin tədrisindən keçirdilər.
Firəngiz
xanımı öz hiss və duyğularını uğurla
müasir avanqard musiqi dilinə çevirə bilən
istedadlı bəstəkar kimi təqdim etsək, yenə də
onun xidmətini azaltmış oluruq.
Zənnimcə,
onun bəstələrini, sadəcə, bir istedadlı şəxsin
zərif hiss və duyğuların təsviri, yaxud dərin fəlsəfi
fikir və düşüncələrinin musiqi diliylə ifadəsi
kimi qəbul etmək də insafsızlıq olardı...
Firəngiz
xanımın Şərq və Qərb musiqisinin kəsişməsində
yaratdığı əsərləri dinləyərkən
şəxsən məndə belə bir təəssürat
oyanır - o, sanki öz
içindən, fərdi "mən"indən qopub
ayrılmağa, öz ruhunu əzəmətli Şərqin
"İlahi ruhu"nda hülul etdirməyə, qələmin
ucundan suya dağılan mürəkkəb
kimi əritməyə çalışır. Lakin burada sənətkarın
məqsədi qədim sufilərin cəhd etdiyi kimi, İlahi dənizin
içində tam əriyib Fənaya uğramaq, Nirvanaya
qovuşmaq, "Yoxluq"a vasil olmaq deyil...
Əsas məqsəd
bu suyun içinə dağılıb həll olandan sonra,
sanki geri fırladılan kino lenti kimi prosesi geriyə qaytarmaq,
suya yayılan mürəkkəb zərrələrini yenidən
bir nöqtə-cövhər ətrafında birləşdirmək,
qələmin ucunda yenidən qatı mürəkkəb
damcısına çevrilmək
və bu proses zamanı bütün yaşanan hiss və
duyğuları, ekspressiyaları məhz bu mürəkkəb
vasitəsiylə yazmaqdı... Əlbəttə ki, adi sözlərlə
yox, notların dili vasitəsilə...
Və bu
zaman bəstəkarın yaradıcılığının
iki aspekti - Şərq ruhunun və Qərb əqlinin sintezi
üzə çıxır...
Bəs necə? Bu sintez necə baş verir?
Prosesin
ilk hissəsində - qələmin ucundan qopan mürəkkəb
damcısına çevrilərək suda həll olub Fənaya
uğramaqda ona Şərqin irrasional Sufi-İrfan ruhundan
doğan mistik poeziya və muğam sənəti
yardımçı olur;
Prosesin
ikinci hissəsində, yəni Fənadan geri dönüş
zamanı, suya yayılmış mürəkkəbin yenidən
qələmin ucuna toplanıb yazıya başlamasında, sənətkara
məhz Qərbin klassik bəstəkarlıq məktəblərinin
təcrübələrindən gələn yüksək
peşəkarlıq dəstək olur...
Başqa bir bənzətmə - sənətkar rasional təfəkküründən
qopmağa çətinlik çəkən qərblilərdən
fərqli olaraq, rahat halda "Mistik-İrrasional hal" dənizinə
düşüb özünü orada əritməyi
bacarır.
Lakin
bununla bərabər, sırf şərqlilər kimi, həmin
"Mistik-İrrasional hal" dənizində ədəbi
qalmağa özünü məhkum eləmir, oradan nələrsə
götürüb geri qayıda bilir və Qərbin sənət
təcrübəsindən istifadə edərək,
götürdüklərini müasir musiqi diliylə təqdim
edə bilir.
Üçüncü bənzətmə. Və daha qısa...
Sənətkar şərqlilər kimi yuxuya getməyi və
qərblilər kimi yuxudan oyanmağı bacarır.
Üçüncü
bənzətmənin başqa bir versiyası - müəllif Həllac
Mənsur kimi, Nəsimi kimi "Fəna-fillah yuxusu"na getsə
də, İmmanuil Kant kimi "Doqmatik yuxu"dan
özünü oyatmağa nail olur və yuxuda gördüklərini
danışa bilir.
Prosesin hər iki mərhələsi çox çətin
sınaqdı.
Və onilliklərin təcrübəsi göstərir ki, Firəngiz
Əlizadə bunların hər ikisini çox gözəl
bacarır, dediyimiz "çətin"ləri
"asan"a çevirir...
Bu
bacarığı əldə etməsində təbii ki, XX əsr
Azərbaycan bəstəkarlıq məktəbinin, ələlxüsus
Qara Qarayevin rolu böyükdür ki, bunu Firəngiz
xanımın özü də heç vaxt gizlətmir, öz
müəlliminə minnətdarlıq hissini həmişə
bəyan edir.
Onu bəzən
Maler-Şostakoviç-Qara Qarayev xəttinin müasir dövrdə
davamı kimi təqdim edirlər...
Çünki bu sənətkarlar sanki müəyyən vahid
kompozisiyada birləşir...
Firəngiz
xanımın üstünlüyü də onda olub ki,
böyük müəllimlərinin yaratdığı sənət
əsərlərinin, sadəcə, imitatoru olmayıb,
onların təcrübəsindən tam bəhrələnərək
onların açdığı çığırları
bir qədər də genişləndirib, bir qədər də
inkişaf elətdirib və təbii ki, sonda öz fərdi sənət
yolunu açmağa nail olub... Məhz buna
görə də müasir dünya mədəniyyətinin
Postmodern-poststrukturalist sənət müstəvisində
özünəməxsus yer tuta bilib.
Əbədi muğam içində...
Firəngiz xanım onilliklər əvvəl Azərbaycanda
ekspressionist musiqinin təbliğatçısı və
ardıcılı kimi tanınıb. Bəlkə də, məhz
buna görə əsərlərində muğam motivlərindən
çox istifadə edir.
Bəlkə də, fikrim peşəkarlara gülünc
görünə bilər, amma məncə, dünyada ən
ekspessionist musiqilərdən biri də elə muğam sənətidir. Sadəcə
burada fərq ondadır ki, biz muğam ifası zamanı bəstəkarın
yox, ifaçının ekspressiyalarının şahidi oluruq.
Ona görə də muğama təkrarsız
deyirik. Həqiqətən də eyni ekspressiv
improvizasiyalarını ikinci dəfə tamamən olduğu
kimi təkrar etmək olduqca çətindir, hətta bəlkə,
mümkünsüzdür... İnsan eyni yuxunu
ikinci dəfə eyni cür görə bilməz. Bu, "5+5" deyil
ki, hər dəfə eyni cavabı alasan.
Məlum
məsələdir ki, Firəngiz Əlizadənin muğamla təması
ilə bizim muğam dinləməyimizin arasında yerlə
göy qədər fərq var... Bu, artıq
müasir dünyanın novator musiqi sənətini öz
ruhundan, sanki iynə gözündən keçirmiş kimi
keçirən bir ruhun muğamla təmasıdır. Və onun muğamda gördüklərini biz görə
bilmərik. Çünki onun gördüklərini
görmək istəyən hər bir kəs gərək sənətdə
onun keçdiyi mərhələləri və prosesləri
keçsin...
Bizimçün muğam gündəlik musiqi tələbatımızı
ödəyən bir sənət vasitəsidir. Demək olar ki, hər
gün dinləyirik, hər gün o muğamla təmasdayıq...
Lakin Firəngiz
xanımda belə olmayıb... Dəqiq bilməsəm də təxmin
edirəm ki, onun zəngin həyatı boyunca elə vaxtlar olub
ki, günlərlə, hətta bəlkə, aylarla muğamla
(ümumiyyətlə, Şərq musiqisi ilə) zahiri təması
olmayıb (Yəqin ki, Avropada yaşadığı dövrlərdə
bu hal daha çox baş verib)... Bütün bu
yaradıcılıq proseslərindən sonra, təsadüfən
dinlənilən bir muğam motivi, bir muğam parçası
onun düşüncəsinə hansı təsiri göstərib,
və yaxud onun altşüurunun dərin qatlarından hansı
uzaq xatirələri oyadıbsa - bunu onun özündən başqa
heç kim bilə bilməz (Bəlkə,
Marsel Prusta sevgisinin səbəbi də burdan başlayır)...
Və məhz
bu məqamda onun şüuru muğam sənətinin bizə
sirli qalan, bizə görünməyən hansı maraqlı və
fərqli məqamlarını kəşf edib - bunu da onun
özündən başqa heç kim dəqiq
bilə bilməz...
Obyekt uzaqdan daha yaxşı görünür, deyiblər. Şərq musiqisini, ələlxüsus
da muğamı fərqli və spesifik formada hiss etmək, fərqli
görmək üçün bəlkə də, Firəngiz
xanıma yaradıcılığının hansısa mərhələsində
Şərqdən maksimum uzaqlaşmaq lazım idi...
Bu
uzaqlaşmaq təhlükəli deyil zənnimcə,
çünki o, öz milli sənətindən, milli musiqisindən
zahirən nə qədər uzaqlaşsa da, bütün bu zəngin
sənəti, ələlxüsus da muğamı həmişə
öz ruhunda, öz içində saxlayıb...
Təsdiq
üçün, onun hətta bütün əsərlərini
bir kənara qoyub yazının əvvəlində təsvir
etdiyim "Muğamsayağı"nı dinləmək də kifayət
edər... Məncə, elə bu əsəri
onun yaradıcılıq prosesinin spesifik güzgüsü
hesab etmək olar. Əsər içində Avanqard Qərb
musiqisinə üzvi şəkildə qovuşan
"Şur" və "Çahargah" motivləri,
"Bali-Kəbutər", "Zəngi-Şotor",
"Şəddi-Şahnaz" kimi kiçik guşələrin
elementləri, sanki müasir dünya musiqisinin rəngarəng
təmayülləri içində qaynayan bir bəstəkarın
fərdi altşüurundan gələn qədim obrazların
susmayan sədası kimi eşidilir, kollektiv təhtəlşüur
arxetiplərinin inadla baş qaldırması kimi
görünür...
Sevgi və nifrət
Bəs görəsən, bəstəkarın
yaradıcılığında Şərq və Qərb
qovuşması çox rahat və asan şəkildəmi
baş verib? Yoxsa bu barışıq da hansısa müharibələrdən,
konfliktlərdən keçib?
Zənnimcə, keçib. Bu, sadəcə,
musiqidə deyil, fərqli mədəniyyətlərin sərhədində,
qovuşmasında yaradan bütün sənətkaların
psixikasında baş verən proseslərdir.
Əgər
sənətkar, yalnız öz milli etnik mədəniyyətinə,
sadəcə, sevgi bəsləyirsə; ruhunda budan başqa heç nə olmursa, onda
gedib elə öz milli mədəniyyətinin xidmətində
dayanır, minillik milli sənətin, sadəcə,
daşıyıcısına, davamçısına
çevrilir.
Lakin
yaradıcı ruh daha ümumbəşəri, daha geniş sənət
nümunələrinə meyillənirsə, deməli ruhunda,
altşüurunda öz milli mədəniyyətindən o qədər həzm
edib ki, ruhu bundan yorulub, doyub. Artıq bir toplumun
sənət enerjisi onu təmin edəcək gücdə deyil,
daha geniş meydan, daha rəngarəng mənəvi qida tələb
edir.
Böyük sənətkarların ruhu sənət tələbatı
baxımından çox tamahkar olur. Adi sənət adamına kifayət
edəcək qədər sənət enerjisi onunçün
azlıq təşkil edir...
Və
buna görə də sənətkar artıq bir xalqın incəsənətindən
qalxıb bütün dünyanın sənətinə meyillənir,
başqa xalqların sənət növlərini də
acgözlüklə mənimsəməyə, öz ruhunda həzm
elətdirməyə çalışır... Bu proses isə o qədər də
asan deyil. Hər bir toplumun milli sənəti bu
xalqın çox minillik kollektiv təhtəlşüuru ilə
bərk iplərlə bağlanıb. Və onun təsirindən
çıxıb başqa xalqların, ümumiyyətlə
dünyanın sənətinə doğru getmək istəyən
sənətkar da, ilk olaraq, ruhunu, psixikasını öz
toplumunun kollektiv təhtəlşüuruna bağlayan ipləri,
kəndirləri boşaltmalı, özünü müəyyən
qədər azad etməlidir ki, yeni enerji mənbəyinə
doğru hərəkət edə bilsin... Bu isə
çətindir. Kollektiv təhtəlşüurun kəndirləri
çox bərkdir, qırmaq asan deyil, ağır mübarizə
gedir, sənətkar özünün minillik milli mədəniyyətindən
gələn informasiyanı sanki sıxışdırıb
şüurundan, yaddaşından çıxartmağa, tam
gücüylə ümumbəşəri sənətə
köklənməyə, diqqətini o tərəfə cəmləməyə
çalışır (Məhz bu zaman Freydin dediyi
"sıxışdırılma" (vıtesneniye), yəni,
hiss və duyğuların şüurdan
sıxışdırılıb altşüura qovulması
prosesi gedir).
Əlbəttə
ki, ilk cəhdlər uğursuz alınır və məhz bu zaman
sənətkarın içində öz toplumunun sənət
enerjisinə də, öz kollektiv təhtəlşüuruna da
qəribə bir nifrət hisslərinin işartıları
parlayır...
Amma
dediyim spesifik nifrət hissi məhz bu şəraitdə mənfi
yox, müsbət xarakter daşıyır... Bu nifrət
işartıları sənətkara özünün məhdud,
dar kollektiv təhtəlşüurdan qurtulub geniş, sonsuz fəzaya
çıxmaq üçün daha böyük güc verir və
nəhayət, sənətkar yavaş-yavaş istədiyinə
nail olur, kəndirlər boşalır, sənətkar əl-ayağını
daha rahat tərpədə bildiyini duyur, bir az da həvəslənir,
bir az da toparlanır və daha da böyük əzmlə istədiyinə
doğru gedir.
Və
budur, o, artıq bir quş kimi səmaya qalxıb bütün
dünyanın üzərində qanad çala bilir, bir
toplumun bir xalqın sənətini deyil, bütün
dünyanın incəsənət enerjisini öz ruhundan keçirir,
güc alır, yazır, yaradır, bütün
dünyanın sənətkarı olur...
Bir
müddət açıq səmada bütün
dünyanın başı üstə pərvaz edəndən
sonra isə, daha maraqlı hadisələr cərəyan etməyə
başlayır...
Sənətkar
birdən-birə içində o gərgin mübarizələrin
getdiyi vaxt üçün darıxmağa başlayır... Və
eyni zamanda, məlum olur ki, şüurdan
sıxışdırılıb altşüura qovulmuş energetika heç
də birdəfəlik yox olmayıb, əksinə,
altşüurda bir az da güclənib, daha da
böyüyüb və indi onu yenidən geriyə, öz
kökünə doğru dartır...
Ancaq bu məqamda
"geri" kəlməsi heç də sənətkarın
tənəzzülü, süqutu demək deyil, əksinə
daxili inkişafın, mənəvi yüksəlişin
növbəti mərhələsidir...Bu "geri
dönüş"də Platonun qeyd etdiyi
"xatırlama" elementi də var.
Və bu
məqamda Kəpənək obrazı yada düşür...
Görəsən, Kəpənək pup (kokon) içində
əsir olduğu dövrü xatırlayırmı? Darıxırmı
o dövr üçün?
Kimsə düşünə bilər ki, yox, qətiyyən
darıxmır, heç bir nostalgiya hissi yoxdur. Axı o, dar bir yerdə əsarətdə
idi, hərəkət eləməyə meydanı yox idi,
sıxıntı içində idi... İndi isə
azadlığa çıxıb, qanad çalıb çəmənlikdə
pərvaz edir, gözəlliyinə bütün gülləri-çiçəkləri
belə heyran qoyur... O, dar, qaranlıq yeri niyə
xatırlamalıdı ki? Ora üçün
niyə darıxmalıdı ki?
Amma, məncə,
belə deyil... Kəpənək o dar kiçik
evi üçün mütləq darıxır.
Çünki o kiçik yerdə hər şey doğma idi...
Bu dar qəfəs həm də onu müdafiə edirdi.. Üçüncüsü, Kəpənəyə
bütün gözəlliyi o dar qaranlıq məkan verib, məhz
orda yetişib kəpənək olub, açıq səmada
yox...
Bəli, Kəpənək o dar qaranlıq məkan
üçün darıxır.
İnsan ən gərgin məqamlarda, sanki ana bətni
üçün darıxdığı kimi...
Firəngiz
xanımın "Yaradıcı Mən"i
üçün isə həmin "dar məkan", həmin
"ana bətni", təbii ki, Azərbaycan musiqisi, ələlxüsus,
milli muğam sənətimiz idi...
Ordan
çıxdı və nəhayətdə ora
qayıtdı... Amma tamam fərqli, qeyri-adi şəkildə...
Embrion
Ana bətnindən
söz düşmüşkən, Firəngiz xanımın
musiqilərinin məndə yaratdığı daha bir duyğu
barədə qısaca söz açmaq istərdim...
Onun
musiqiləriylə təmasda olarkən bəzən insana elə
gəlir ki, sənin dinlədiyin, sadəcə,
qarışıq melodiyalar, ritmlər deyil; heç musiqinin
şüşə kimi sınıb dağılmış
parçaları da deyil... Yox, bunlar bizim
qulağımızın və qavrayışımızın
qəbul etməyə adət etdiyi hazır bitkin mahnıların,
melodiyaların, ritmlərin rüşeymləri,
embrionlarıdır... Bəli, bəstəkar, sanki dinləyiciyə
adət etdiyimiz nəğmə və melodiyaların hansı
dolaşıq hiss və duyğulardan, hansı xaotik
ekspressiyalardan, hansı qarışıq səslərdən
yarandığını göstərir... Elə bil ki,
göyçək bir uşağın fotoşəklini yox,
onun hələ ana bətnində çəkilən rentgen təsvirini
görürük...
Əlbəttə, bitkin mahnı və melodiyalar yaranarkən
yaradıcılıq prosesi zamanı təbii seçim
başlanır - bu hiss və duyğuların, bu xaotik səslərin
lazım olanları götürülür, müəyyən
bir struktur ətrafında birləşdirilir, nizama
salınır.
Bu strukturdan kənarda qalanlar isə bəzən müvəqqəti
kənara qoyulur, bəzən də biryolluq atılır, əbədi
unudulur, yaddan çıxır... Və beləcə,
rüşeym, embrion böyüyüb canlı varlığa çevrilir...
Amma Firəngiz
xanım sonrakı prosesi sanki dinləyicinin öz ixtiyarına
buraxır... Bu rüşeymlər kiminsə yaddaşında
çürüyüb yox ola bilər,
kiminsə yaddaşında təxəyyülün
gücüylə böyüyüb bitkin kamil varlıqlara
çevrilə bilər... Bəstəkar
bununla həm də adi dinləyicinin standart musiqi
qavrayışını sarsıdır, silkələyir, sanki
içəridən partladıb dağıdır, əvəzində
yeni və fərqli qavrayış forması yaradır...
Sənətkaların bu cür cəhdləri Avropada tək
musiqidə yox, bütün sənət növlərində
onilliklər əvvəl mövcud olsa da, bizdə Sovet
ideologiyasının sərt qanunları bunlara o qədər də
yol vermirdi. Bizim sənətkarlardan həm ideoloji, həm də
peşəkarlıq baxımından tam bitkin əsərlər
tələb edirdilər. Əlbəttə,
sənətkarlar bu çərçivələri müəyyən
qədər aşa bilirdilər, lakin tam sındırmaq
mümkün deyildi. Yalnız Sovet dövləti
süquta uğrayandan sonra tam azad nəfəs ala bildilər...
Bu baxımdan, yəqin ki, Firəngiz
xanımın bəxti gətirib. Əgər onun sənət
fəaliyyətinin hamısı Sovet dönəminə təsadüf
etsəydi, biz onun bir çox gözəl əsərlərini
dinləməkdən məhrum olardıq...
P.S.
Finalsız
Ekspressiv
və avanqard sənət bir çox hallarda standart süjet və
kompozisiyalardan, şablon finallardan imtina etdiyi üçün,
bu sənət, həsr olunmuş yazı da, ekspressiyalarla dolu
olduğuna görə, yəqin ki, standart strukturda alına
bilməz və burda adət etdiyimiz finaldan söhbət gedə
bilməz. Firəngiz xanım elə bir sənət yolu
seçib ki orada ümumiyyətlə final olmur. Hər şey
davam edir...
Onun musiqilərinin yaratdığı emosional təsir
barədə çox yazmaq olar. Yazdıqca daha yeni hiss və
duyğular yada düşür... Amma hər
şeyi sözə çevirmək də olmur.
Sonda Firəngiz xanımın musiqi vasitəsilə dinləyici
ilə dialoqa girib, ona hansı fəlsəfi fikirləri bəyan
etdiyi barədə də yazmaq istəyirdim. Çünki onun sənətini
sırf hiss və duyğulara, ekspressiyalara bağlamaq da
düz olmazdı... Axı onun
yaradıcılığının zahiri qatı
hissiyyatdırsa, alt qatı fəlsəfə və təfəkkürdür...
Lakin bu haqda fikirlər bir yazının məhdud həcminə
sığışmır... Gələn dəfəyə də
nəsə qalsın... Bəlkə, nə vaxtsa
bu barədə də yazdım. bəlkə
də, yazmadım. Bilmirəm... Və ümumiyyətlə,
musiqişünas olmayan, musiqinin incəliklərini bilməyən
bir adamın sənətin dərinlikləri barədə
yazması, bəlkə də, heç düzgün
deyil...
Firəngiz xanım sənət müstəvisində
xırda qaşlarla işləyən zərgəri
xatırladır. Onun əlindən çıxan zərif işlərə
naşı əli toxunsa, gözəlliyini itirər...
İlqar FƏHMİ
Ədəbiyyat qəzeti.- 2018.- 17 noyabr.- S.18-19.