Nəim Kərimovun "Maqsud Şeyxzadə"
romanında baş qəhrəman obrazı
Bu il
yaranmasının 100 illiyini böyük qürurla qeyd etdiyimiz
Azərbaycan Xalq Cümhuriyyətinin idealları yolunda məsləkindən
dönməz mübariz kimi Vətənindən didərgin
düşüb, dünyanın müxtəlif ölkələrinə
saçılmış görkəmli
soydaşlarımızdan biri də böyük özbək
şairi və dramaturqu Maqsud
Şeyxzadədir.
Özbək
ədəbiyyatında Maqsud Şeyxzadə obrazından söz
düşəndə ilk olaraq xəyala görkəmli özbək
şairi Abdulla Arifin "Bahar" (1967) şeirindən
"sevimli dahi"nin bədii
simasını canlandıran məşhur misralar gəlir:
Bənzərsiz
idi o şeir laçını,
Əzmində Korağan nəslindəki səy.
Tarix geri
dönsə, şöhrət tacını
Ona bəxş
edərdi Sultan Uluğbəy!
Bəlxdən
yorğun dönmüş Əlişir kimi,
Düzəldər-düzəltməz
sınıq qələmin,
Getdi o pak
sima, o söz tilsimi,
Qoyub bu dünyada əbədi ismin.
Birinci bəndin
sətiraltı qatında Şeyxzadənin "Cəlaləddin
Mənquberdi" (1944) dramı və "Mirzə Uluğbəy"
(1961) faciəsi ilə özbək ədəbiyyatına
misilsiz xidməti vurğulanırsa, ikinci bənddə
böyük şairin Sibir sürgünündən geri
dönməsi (1954) dahi Nəvainin Bəlx sürgünündən
qayıtması (təxminən 1483-1485-ci illərdə
Əlişir Nəvai vilayət həkimliyi vəzifəsi ilə
mədəni şəkildə paytaxtdan
uzaqlaşdırılmışdı) ilə müqayisə
olunur.
Bir
sözlə, böyük şair Abdulla Arifin "Bahar"
şeiri özbək poeziyasında Şeyxzadə
obrazını hansı zirvəyə çatdırmışdısa,
böyük ədəbiyyatşünas və
yazıçı Nəim Kərimovun "Maqsud Şeyxzadə"
(2010) romanı da özbək nəsrində sözügedən
simanı həmin səviyyəyə ucaltmışdır.
Əlbəttə, şeirin şeir, romanın roman olduğunu
nəzərə alsaq, sonuncu əsərin ümumən ədəbiyyat
aləmi üçün, xüsusən şeyxzadəşünaslıq
üçün daha böyük əhəmiyyət
daşıdığı özü-özlüyündə aydınlaşar.
Maarifçi-bioqrafik
janrın istər müasir
özbək ədəbiyyatında, istər
çağdaş dünya nəsrində ən gözəl nümunələri ilə müqayisəyə gələn
sanballı həcmə (yığcam müqəddimə, yeddi
böyük hissənin əhatə etdiyi altmış dörd
kiçik fəsilcik, 330 səhifə), zəngin fabulaya,
orijinal kompozisiyaya və olduqca çəkimli süjet xəttinə
malik olan "Maqsud Şeyxzadə" romanının geniş
təhlilini və həqiqi qiymətini vermək, ən
azından, bu romanın özü boyda tutarlı tədqiqatların
işidir və həmin araşdırmaların yaxın gələcəkdə
yaranacağına da inanırıq. Odur ki, bir məqalənin
imkanları daxilində və Azərbaycan oxucusunun maraqları
yolunda biz romanın ciddi uğurlarını onun əsas
obrazı ilə bağlı bir neçə mətləb ətrafında
ümumiləşdirməklə kifayətlənməli
olacağıq.
Birincisi,
romanda Maqsud Şeyxzadə həyatı və fəaliyyətinə
dair indiyə qədər diqqətdən kənarda qalan elə mühüm faktlar
və cizgilər üzə
çıxarılmışdır ki, onlar nəinki həssas
oxucuları, hətta təcrübəli tədqiqatçıları
da heyrətə gətirir. Məsələn, Azərbaycan
Maarif Komissarlığının təyinatı üzrə
Dağıstanda müəllim işləyən M.Şeyxzadənin
1928-ci ildə "cəmiyyət üçün təhlükəli
ünsür" kimi sürgün olunmasının səbəbləri
arasında ona M.Ə.Rəsulzadənin İstanbulda
çıxardığı "Yeni Qafqaz"
jurnalının və həmin jurnaldakı
"Qırmızı imperializm" məqaləsinin təbliğatçısı
"ittihamı"nın irəli sürülməsi, Şeyxzadə arxivindən onun
müəllifi olduğu və indiyə qədər heç
kimə məlum olmayan "Əlişir Nəvai"
operası librettosunun aşkara çıxarılması,
dramaturqun ölümünə yaxın sirli şəkildə
yoxa çıxmış "Beruni" dramının taleyi
ilə bağlı mühüm məlumatlar, Şeyxzadənin
müxtəlif dönəmlərdə Əmir Teymur
haqqında roman, Babur və Firqət haqqında dram yazmaq niyyətinin
olması və s. və i. a. Bu çoxsaylı yeniliklərə
görə Şeyxzadənin həyat və
yaradıcılığı haqqında uzaq illərdən bəri
ciddi araşdırmalar aparan akademik Nəim Kərimovun dərin
elmi təfəkkürü ilə yazıçı Nəim Kərimov
intuisiyasının səmərəli vəhdətini sonsuz
minnətdarlıq hissi ilə vurğulamaq və
alqışlamaq yerinə düşərdi.
İkincisi, əsərdə baş qəhrəmanın
həyat və yaradıcılığının ən
mühüm dönəmləri və əlamətdar hadisələrinin
retrospektiv səpkidə verilməsi, yeri gəldikcə onun
keçmişinə və gələcəyinə baş
vurulması romanı oxunaqlı edən amillərdən biri
kimi diqqəti cəlb edir. Üstəlik, müxtəlif halət
və ovqatlarla bağlı Şeyxzadənin onlarla gözəl
şeirlərindən, "Daşkəndnamə"
poemasından, "Cəlaləddin Mənquberdi" və
"Mirzə Uluğbəy" dramlarından gətirilən
bir çox misallar və parçalar, hər şeydən
öncə, baş qəhrəman xarakterinin daha dolğun və
daha çəkimli ifadəsinə xidmət edir. Müqəddimədə Cəlaləddin Rumi və
Əlişir Nəvaidən, qalan yeddi hissəsinin hər
birində Şeyxzadənin özündən alınan
epiqraflar isə həmin bədii estetik xidməti yüksək
səviyyədə nümayiş etdirir.
Üçüncüsü,
romanın böyük uğurunu təmin edən əsas cəhətlərdən
biri onun Şeyxzadə fəaliyyəti və şəxsiyyətinin
bütün sahələrini (şair, dramaturq, tərcüməçi,
nəvaişünas, tənqidçi, sənətşünas,
ssenarist, publisist, pedaqoq, natiq və s.) əhatə edən
sehrli süjet xəttinin əvvəldən-axıra qədər
müxtəlif ölkələrə və xalqlara mənsub
görkəmli ədəbiyyat və incəsənət xadimlərinin
(13 yaşında Ağdaşda oxuduğu şeirə görə
yeniyetmə Şeyxzadəni bağrına basıb, ona xeyir-dua
verən Nəriman Nərimanovun, xeyli sonralar Sədrəddin
Ayni, Əbdülhəmid Çolpan, Səməd Vurğun,
Musa Aybək, Muxtar Auezov, Mirzəkəlan İsmaili, Pablo
Neruda, Qafur Qulam, Mirtemir, Mirzə Tursunzadə, Kuddus Məhəmmədi,
Ləziz Əzizzadə, Sara Eşantorayeva, Məryəm
Yaqubova, Şükür Burxan, Süleyman Rüstəm, Mirzə
İbrahimov, Xəlil Rza, Abdulla Arif, Çingiz Axmarov, Lətif
Feyziyev, Adil Yaqubov, Azad Şərəfəddinov, Suyima Qəniyeva,
İrji Biçka, Yordan Milev və başqalarının), eləcə
də, Şeyxzadənin fədakar
və cəfakeş ömürdaşı Səkinə
xanım başda olmaqla bir çox qohumları,
dost-tanışları, yetirmələri və tələbələrinin
bir-birindən maraqlı xatirələri, qiymətli fikirləri
və birgə fotoşəkilləri ilə müşayiət
olunmasıdır. Bütün bunlar baş qəhrəman
obrazının müxtəlif cizgilərini əks etdirməklə
oxucu təsəvvüründə Şeyxzadə fenomeninin
formalaşmasına ciddi təsir göstərir.
Dördüncüsü,
əsərdə konfliktin bir qütbündə Şeyxzadənin
başına müsibətlər gətirən, müstəbid
quruluşun məxfi idarələrə işləyən sadiq
kölələrini (Uyğun, Milçakov, Şeverdin və
b.), digər qütbündə Şeyxzadəni müdafiə
edən və cəmiyyətə vicdanla xidmət göstərən
vətənpərvər ziyalıları (Aybək, Qafur Qulam,
Mirtemir və b.) qoymaqla roman müəllifi əsas mübarizənin
istedadla ortamiyanəlik, bütövlüklə
yarımçıqlıq, "Motsart" ilə
"Salyeri" (təsadüfi deyildir ki, romanda "Motsart və
Salyeri" adlı ayrıca fəsil də var) ortasında
getdiyini böyük məharətlə və
inandırıcı dəlillərlə təsvir edir. Həsəd
və kin-küdurət amilinin ifşasında istedada qənim
kəsilən və həmişə şərin dəyirmanına
su tökməklə məşğul olan Melkumov və
Arzumanyansların xisləti və iç üzü də diqqətdən
kənarda qalmır.
Beşincisi, bu roman öz ümumbəşəri
idealı və təhlilləri ilə hər hansı milli məhdudluğun
və təəssübkeşliyin fövqündə
dayanır. Bunun
ən parlaq misalı kimi əsərdəki
Sirkina personajını xatırlatmaq olar. Xüsusi idarələrin
tapşırığı və sifarişi ilə Şeyxzadənin
öz soydaşları, dostları və tələbələri
ona qarşı siyasi böhtanlara qurşananda və onun
üzünə duranda, həmin idarələrin təzyiq və
təqiblərinə baxmayaraq, "Pravda Vostoka" qəzetinin
ədəbi əməkdaşı olan İda Yakovleva təklənmiş
şairi sona qədər mərdi-mərdanə müdafiə
edir.
Altıncısı, "Maqsud Şeyxzadə"
romanı, eyni zamanda, Azərbaycan və özbək
xalqları arasındakı əzəli və əbədi
dostluğun çağdaş mərhələsinə ən
layiqli töhfə kimi diqqəti cəlb edir. Bu dostluğun qürur
doğuran səhifələri keçən əsrin 60-cı
illərində tanınmış Azərbaycan ədəbiyyatşünası
Qulamhüseyn Əliyevin elmi işlərində, xüsusən,
onun Qafur Qulam və Maqsud Şeyxzadə ilə söhbət və
müsahibələrində
işıqlandırılmışdı. Müstəqillik
dönəmində isə özünün ən yüksək
mərhələsinə daxil olan bu dostluğun müasir
özbək nəsrində bənzərsiz əksi və
obrazı son dərəcə böyük önəm
daşıyır. Romanın ən təsirli fəsillərindən
biri "İki dost hekayəsi" adlanır və
böyük özbək nasiri, şairi, tərcüməçisi,
ədəbiyyatşünası, məşhur "Nəvai"
və "Müqəddəs qan" romanlarının müəllifi
Aybəklə Şeyxzadənin əsrlərə və nəsillərə
örnək olacaq dostluğunun və qardaşlığının
təsvirinə bağışlanır. Amma əsərdəki
Aybək obrazının yeri təkcə sözügedən fəsillə
məhdudlaşmır. Belə ki,
Şeyxzadənin özbək dilində yazlığı ilk
şeiri dinlədiyi andan (1929) ta onun son nəfəsinə qədər
bütün yaxşı və yaman günlərində
dostunun yanında olan, əlindən gələn hər cür
vasitə və imkanlarla haqsız hücum və böhtanlardan
onu müdafiə edən, hətta eyni böhtan və
haqsızlıqlar üzündən insult olub dilini itirdiyi dəmlərdə
belə, "Şş…eyx! Əzz…izzim!"
deyə kəkələyə-kəkələyə dostuna təskin-təsəlli
verən Aybək romanın baş qəhrəmandan sonrakı əsas
obrazı kimi yadda qalır.
Və nəhayət, yeddincisi, "Maqsud Şeyxzadə"
romanının ən böyük uğuru əsərin
ümumi ruhuna hopdurulmuş və xüsusi obrazlarının
fövqündə duran, Xeyiri və Şəri simvolizə edən
Tale (İstedad taleyi) və Zaman obrazları ilə oxucunu
ovsunlamasıdır. Müəllif öz qəhrəmanının faciəli
taleyini elə səciyyəli cizgilərlə ("cəmiyyət
üçün təhlükəli ünsür",
"millətçi və pantürkist", "siyasi
müxalif", "xalq və partiya düşməni",
"Yazıçılar Ittifaqının üzvlüyündən
çıxarılmaq", "evindən və başqa
hüquqlarından dəfələrlə məhrum olma",
"sifarişli böhtanlar və məqalələr",
"üzləşmələr", "təqiblər və
fiziki təzyiqlər", "şantajlar və hədə-qorxular",
"25 illik sürgün", "həbsdən sonra 5 il
seçki hüququndan məhrumluq" və s. və i.a.) ümumiləşdirmişdir
ki, romanın müxtəlif səhifələrindən əzazil
Zamanın və onun eynitaleli qurbanlarının (Cavidin və
Fitrətin, Qədirinin və Cavadın, Çolpanın və
Müşfiqin və b.) obrazları boylanır.
Bir sözlə, bütün bu məziyyətlərinə
görə Nəim Kərimovun "Maqsud Şeyxzadə"
romanının tezliklə Azərbaycan və rus dillərində
tərcüməsinə və nəşrinə aidiyyəti
olan qurumlar tərəfindən qayğı göstərilməsi
bütün repressiya qurbanlarının xatirəsinə ən
gözəl ehtiram nümunəsi olardı. Biz isə, öz növbəmizdə,
ustad Maqsud Şeyxzadə dühasına və "Maqsud
Şeyxzadə" kimi sanballı bir romanın müəllifi
ustad Nəim Kərimov qələminə dərin ehtiramla
sözümüzü böyük şairin odlu sətirlərinin
sərbəst tərcüməsi ilə bitirmək istəyirik:
Yox, mən
ölən deyiləm,
Sönmək
bilən deyiləm!
Gültək
nəğmələrimlə
Heç
vaxt solan deyiləm!
Fərqanəmdən
kükrəyən
O saz mənim
sazımdır!
Deməli,
əbədiyyət
Mənim
alın yazımdır!
Yox, mən
ölən deyiləm!..
Akif AZALP
Ədəbiyyat qəzeti.- 2018.- 17 noyabr.- S.20.