İnsan ömrünün fotosu

 

Küçədə ağır-ağır ayaqlarını sürüyən qoca

Səs-küylü gəncliyin zamanla sonrakı şəklidi,

Zaman insanın bütün formalardakı

Varlığının fotosunu çəkən

                        ən mahir fotoqraf

Bir zamanlar mən

                      fotoqraf olmaq istəmişdim...

Balıqçı bir dostum var idi,

Qoca arıq.

Hər gün tutduğu balıqlardan

Küçə itlərinə pay ayırardı

"İtlər insanlardan

                     daha günahsızdı" kəlməsini

Çox eşitmişdim ondan.

O öləndən sonra küçə itləri

Bir gözümə dəymədilər.

Küçəmiz darıxmağa başladı

Hər gün Ay işığı it səsiylə dolu

Gecəmiz darıxmağa başladı

Ay işığı tək qaldı...

Uşaqlar itlərin əvəzinə

                        pəncərələri daşladılar

Gözü tökülən pəncərələr

Pərdə-pərdə dillərini göstərdilər uşaqlara

Lakin onlarla oynamadılar

Sonra eşitdim ki, deyəsən o itləri

kimsə güllələyibmiş

Hər gecə kəndin ortasındakı qəbiristanlıqda

ağız-ağıza verib ulaşdıqları üçün

Daha sonra həmin qocanın,

yəni balıqçı dostumun

balıq tutmağa getdiyi göldən

Balıqlar da qeybə çəkildilər.

Göl tək qaldı.

Balıqçı-balıqçı unuduldu,

balıq-balıq unuduldu göl.

Həyatda yarımçıq qalan çox şey var,

insan ömrü kimi

Oturub hərdən mən

                       öz qocalığımı düşünürəm.

Qocaları əvvəl dişləri,

Sonra da saçları tərk edir,

ya da əksinə....

Küçədə ağır-ağır ayaqlarını

                        sürüyən qocanın

addımları yubanır.

Demək, həm son mənzilə gecikir qoca

zaman öz fotosunu çəkməkdə...

 

Hər şey qocalığa məhkumdu...

 

Ən çox sevdiyin ayaqqabın

geyilməkdən köhnəlincə,

Pencəyinin bir qolu obirsindən

daha uzun görününcə...

Bir gün sən anlayacaqsan bunu.

Yaxşı bax qocaların saqqalına,

büzüşmüş barmaqlarına,

protez dişlərinə,

həyətin bir küncündə özünü günə verən

qoca köpəyin cansız kölgəsinə.

yaşadıqca çox şey adama əzab verir

Bilirsinizmi,

Həbsxana divarları küncündə

qocalmaq əslində işgəncə növüdür

yaxınlarını öldürmüş qatilə

insan düşüncəsinin

maqnit kimi geriyə çəkdiyi

tikanlı xatirələrlə dolu

günlərini sadəcə dua etməklə keçirən

zavallı birisinə.

Bu gün küləkli gündür...

Külək dünənkindən bir az

daha qoca adamın saçlarını dağıdır.

Qarışqalar dünənkindən daha qoca adamın

dəmir qabda isladılmış çörəyinə daraşır.

Tarix dünənkindən bir az daha qocadır

Tarix demişkən,

Tarix yaman sevir müharibələri,

Çünki müharibədə insanlar qocalmırlar,

İnsanlar ölürlər, itkin düşürlər,

Şikəst olurlar.

Böyüklərdən tez-tez eşitdiyimiz

Tarix təkrar olunur ifadəsi həm

talelər təkrar olunur deməkdir,

amma bütün talelər bir deyil.

sirdisə bilmirəm

Hardasa körpə uşaq görəndə, kövrəlirəm

Bəlkə vaxtsa məni

uşaq ikən öldürüblər.

Demək, indi mən qocayam...

Qocaldıqca insan daha kövrək olur

Bu da tarix dediyiniz şeyin

İnsanın başına açdığı oyunlardan biridir.

Mən necə aydın hiss edirəm

Bədənimin bir hissəsinin

yavaş-yavaş keyidiyini,

Əllərimin yavaş-yavaş soyuduğunu,

Ayaqlarımın yavaş-yavaş qıc olduğunu

Mənə təəccüblə baxmayın,

lütfən, bir az az günəş,

bir az da tut arağı verin

sonra toxunmayın

Ömrümün qalan hissəsini

tənhalığa ithaf etmiş qocaya.

 

Ölümlə yaşamağın arasında

 

Bütün bədbəxt hadisələr

vərəqlərə yazılır

qara hərflərlə

qəzet səhifələrində

Üstünə qan çilənmiş xəbərlər

qan iyi verməz

kağız üzərində,

qan iyi verməz....

Əslində,

hər şeyi zaman həll edər

ölümlə yaşamağın

arasındakı məsafə...

Məsələn,

üç yaşında oyuncağını itirən uşaq

böyüyəndə hansısa qolunu itirəcək,

davada.

Evə "öldü" xəbəri yox,

"qolunu itirdi" xəbəri gələcək

Pencəyinin bir qolu

həmişə bomboş qalacaq, bomboş

İnsan

bədəninin boş qalan yerindən üşüyür...

Gecələri narahat yatacaq

Hərdənbir yuxularda qan görəcək,

qıpqırmızı qan.

 

Qan sözü hecalara bölünmür,

Əlimizin bıçaqla kəsilmiş yerindən

damcı-damcı axır qan.

damcı-damcı yoxa çıxır

bədənimizin bir hissəsi,

qan şəklində.

Qan şəklində yoxa çıxmağından

qorxur adam,

Adam qorxa-qorxa qocalır...

 

Allah da sözümə baxmır

 

Yağış yuyur ləpirimi,

Yoluma, izimə baxmır

Ayağım baş alıb gedir,

Oduma, közümə baxmır.

 

Bəy adamlar, xan adamlar,

Əlimi sıxan adamlar,

Yoluma çıxan adamlar,

Qanayan dizimə baxmır

 

yağışı, küləyi,

şeytanı, mələyi,

gülü, kəpənəyi,

Biri üzümə baxmır

 

Yıxılmışam zildən-bənə

Yenmişəm kədərə, qəmə,

Daha mənə adam demə,

Allah da sözümə baxmır

 

Bu dünyadan küsmək olmur

 

Qurub yenə tələsini,

Qarmağını, cələsini,

Elə öyrənib dərsini,

Bu dünyadan küsmək olmur.

 

Sözü bitməz, sazı bitməz,

Qışı bitməz, yazı bitməz,

Uşaq kimi nazı bitməz,

Bu dünyadan küsmək olmur

 

Aldatsa da gülə-gülə,

Əritsə gilə-gilə,

Fırıldağın bilə-bilə,

Bu dünyadan küsmək olmur.

 

Bir gün açan gülü solur,

Bir gün gülən gözü dolur,

Gəlmək olur, getmək olur

Bu dünyadan küsmək olmur

 

Zəng çatmasa, bağışla

 

Aldı getdi bu payız,

Quru yarpaqlar məni.

İnnən belə küləklər,

Öpər, varaqlar məni.

 

Görən kimdir hələ ,

Axı mənə vurulan

Gecə-gündüz yolumu

Gözləməkdən yorulan.

 

Saçlarım pərən-pərən,

Üz-gözüm qan içində

Kimdir mənə daş atan,

Bu toz, duman içində.

 

Yuxudamı görmüşəm

Kimdir axı bu adam?

O mənə daha doğma,

Mən ona daha yadam.

 

Bir az mənə oxşayır

Bir az da mən deyiləm

Dindirmə, danışan,

dinən deyiləm.

 

Bəlkə elə ölmüşəm

Bir ilahi baxışla

Sabah telefonuma,

Zəng çatmasa, bağışla.

 

Torpaq örtdü üzümüzü

 

Hələ yaşımız az ikən,

Hələ kefimiz "Saz" ikən,

Başımıza böyük gələn,

Papaq örtdü üzümüzü

 

İlk görüşün neçəsindən,

Diksindik ayaq səsindən,

Gizləndik bağ yiyəsindən,

Yarpaq örtdü üzümüzü

 

İllər uçur bilə-bilə,

Ömrümüzü verdik yelə,

Gəmimiz çatdı sahilə,

Torpaq örtdü üzümüzü

 

Qurd kimi ulamaq

 

Hər şeyin bir sonu var.

Batmaqda olan qayıqda

dənizin dəhşətli

sonsuzluğu

Gözlərinə kölgə salan adamın

Yalvarışları kimi.

Bir azdan onun boyunu ölçəcək

dalğanın uzunluğu

səsin bitdiyi yerdəcə

Özü özünə ütü çəkəcək dəniz.

Budur insan həyatının

adiləşdiyi nöqtə.

Məsələn,

qəflətən açılan güllə

Heç həmişə müqəddəslik gətirmir

yarıda qoyduğu kişi ömrünə.

Bütün yaşadıqlarımı dərk edincə

Hər gün

daha çox inanmağa başlayıram

bir azdan

hər şey olacaq heç ...

Göy üzünün ümidsizliyini dolduran

quşların hay-küyü

küləyin səsi sairə.

Həyətdə velosiped sürən

uşaqların qışqırığı

divarların sifətindən silinəcək.

Sonra tələsən zaman

bu uşaqların adını

üz cizgilərini

bir-birinin yaddaşından süpürəcək

            deyingən küçə süpürgəçisi kimi.

Daha sonralar

qoca-qoca kişilər

ucuz pis qoxulu

papiroslar tüstülədəcək

əyri-əyri qarıların

deyingənliyinə.

Çoxalacaq

təzə qəbir daşlarına

həkk olunan tanış adlar.

Amma mən,

hələ ümidimi itirməmişəm.

Mənə elə gəlir ki,

Zülmət gecələrin birində

Çölü yuxudan oyadacaq

yaralı qurdun səsi.

Demək, bu qoca qurd

döyüşə hazırdır.

Azacıq aralıda

onun səsinə səs verəcək

başqa bir qurd.

Yaxşı yadımdadır,

Atam həmişə deyərdi

- İnsan qurdla qohumdu.

Hərdən

qurd  kimi ulamaq gəlir içimdən.

 

Əsgər məktubu

 

Qızğın döyüş gedirdi

hər sabah səngərlərdə

şəhidlər çiçəkləyirdi.

Bu gün doğum günüdü...

Anama bir dəstə

çiçək göndərin

qardaşlarım...

 

Sabir Alim

 

Ədəbiyyat qəzeti.- 2018.- 17 noyabr.- S.21.