10 kasım (noyabr) - Mustafa Kamal Atatürkün vəfatı günü

 

Türklüyü ən böyük qürüru oldu çocuqkən

 

...Atası Əli Rza əfəndi

anası Zibeydə bəyim

doğulduğu ev Salonikidə Qocaqasım məhəlləsi

sübhün üzü qızılgüllər kimi qırmızı

buludların üzü qar kimi bəmbəyazıdı

səkkiz yaşı vardı, atası vəfat edəndə

türklüyü ən böyük qüruru oldu çocuqkən

bunu duyan sezən yüzbaşı Mustafa əfəndi

isminin sonuna "Kamal" yazdı...

 

....................................................

 

Hərbçi oldu, natiqliyi ədəbiyyatı sevdi

hər sözünün başı Vətən

o, türkün alp ərəni

dünənin, bu günün, sabahın qəhrəmanı

öpə-öpə məmləkətin torpağını, daşını

əngin üfüqdən doğan

qızıl şəfəqlər kimi

onun bağrından qopan

yaşa Vətən nidası qabaqladı zamanı...

 

....................................................

 

Dənizdən qurudan

gələn bir dev ordunun, önündə

o, bir savaş yolçusu

onun üstü, köynəyi mərmi, barıt qoxulu

daş, qaya, qala oldu

düşmənə Çanaqqala

keçilməz sipər kimi

uzaq tutdu düşməni

saxladı qorudu minarələr şəhəri

qənirsiz gözəl olan sevgili İstanbulu...

 

Fəqət, sultan, saray

hökumət Antanta ilə

şərəfsiz sülh müqaviləsi imzalayıb

birinci dünya savaşından çıxdı.

Ağır şərtləri olan Mudros müqavıləsi

ulu bir məmləkəti yıxdı

düşmən istədiyini aldı

ordusu buraxılmış ölkənin qədəri

quyu dibi kimi qaranlıq qaldı...

....................................................

 

Başsız millət başsız məmləkət

türk insanının qəlbində

bütün hər şeyin kədəri

sıra-sıra, umudsuz qarşıladı

açılan hər günü, hər səhəri

önə, qabağa çıxdı Mustafa Kamal Paşa.

Türklüyü başının tacı, onun dövləti, varı

türkü türkəm deyəni

döyüşə apardı Vətən uğrunda

bu dühanın "Ya istiqlal, ya ölüm!" şüarı...

 

....................................................

 

Bir millətin ölüm-qalım müharibəsinin

istiqlaliyyət savaşında mübarizəsinin

önündə gedən böyük

səsinə millət məmləkət oyandı

ormanlardan- ormanlara

yeriyən aslanlar kimi

səngərdən- səngərə yeriyən

türkün əsgəri

birinci İnönü qələbəsiylə

düşmənin sinəsinə süngü kimi dayandı

bir qələbəsi Sakariya meydan savaşı

ardından zəfər saatı gəldi

məmləkət yenidən

qanadlarını çırpdı

bəmbəyaz mələklər kimi

onun çiyinlərindən yüksəldi...

 

Mustafa Kamal Paşa

 

...Böyük öndər

fikir düşüncələrində     

inancı "Ya istiqlal, ya ölüm!" şüarı

qəlbini açdı, ürəyini verdi

millətinə, məmləkətinə

bir müqəddəs

hürriyyət nəğməsi kimi ötdü rüzgarı

türkün tarixinə

yazdı " xoşbəxtdir, türkəm deyən!" səsini

o səsdə, o səsin ahəngində

bütün uçurumları yenən

qüdrət qüvvət axdı ruhlara

o səs "Yurdda sülh, cahanda sülh!" söyləyən

bir könüldən havalandı

yazılmaz

sığmaz uzun-uzun dastanlara...

 

....................................................

 

Min doqquz yüz iyirmi ikinci il

otuz avqust savaşı

türk tarixinin şanlı səhifəsi

bu zəfər

hədəfə yönəlmiş

fədakarlığın, milli birliyin ən gözəl misalı

yenidən dalğalandı Vətənin hər yerində

türkün Ay-ulduzlu bayrağı

yekdilliklə Böyük Millət Məclisi

yaratdığı, qurduğu cümhuriyyətə

prezident seçdi

min səkkiz yüz səksən bir

təvəllüdlü Mustafa Kamalı...

 

....................................................

 

Min doqqus yüz otuz dördüncü ildə

ona, Atatürk adını verdi məclis

el-el, oba-oba

dolaşdı məmləkəti

oldu Vətənin hər köşəsində

böyük öndər Mustafa Kamal Paşa

könüllərə yazdı

məslək amalını

istək dolu bir qəlbnən

bu yollarda uçurum keçdi, dağ aşdı

bir aydın gerçəyə çevirdi

uzaq-uzaq

üfüqdən ötən arzu xəyalını...

 

....................................................

 

gözəl, onu andı

sevdi, düşündü hər türk

son mənzili Anıtqəbir

aydın səma altındakı

böyük, gözəl, xoş xatirat

gözümüzdən iri-iri

süzülsün isti damcılar

dönüb-dönüb onu anaq

o, bir dünya, bir kainat

gedək, onu - türkün böyük

atasını ziyarətə

önündə mən, sən əyilək

başımızı bir an əyək

içimizdə, ona sayğı

ruhuna dualar deyək...

 

Atatürk sevgisi

 

...Unudulmuş sevgilər

çox-çox əski sevgilər

yaşıl biçənəyin, iydə çiçəyin

havasına tutulan

yaz günlərindən oyandı üzümüzə...

 

....................................................

 

uzaq üfüq qaşında

günün bata-batında

dan üzü qaranlıqdan qalxan aydınlığa

oxşadı bir belə sevgi, bir belə istək...

 

....................................................

 

Bir belə sevgiyə, belə istəyə

məmləkətin ağacları çiçəklədi

çiçəklədi heyvaları

çiçəklədi gilənarı

gözdolusu Təbrizdə, Ankarada, Şuşada

Gəncədə...

 

....................................................

 

Bir belə sevgiyə, belə istəyə

dağların göyü açıldı

açıldı torpağın üzü

açıldı daş qönçənin gözü

evlərin banı açıldı alapaxta qanadına

bu sevginin yiyəsiydi and içən

damarımızda axan dopdoğma qan adına...

 

....................................................

 

Bir belə sevgi, bir belə istək

bəlkə, bir yüz il, min il sonra

yaşıl biçənəyin, iydə çiçəyin

havasına tutulan

yaz günlərindən oyandı üzümüzə...

 

Şükür ŞƏNOL

 

Ədəbiyyat qəzeti.- 2018.- 17 noyabr.- S.22.