"Arşın mal alan" və nökər
xislətlilər
Bu yaxınlarda internetdə güneyli
soydaşlarımızdan birinin "Azərbaycan musiqisi"
yazısı ilə rastlaşdım. Biganə qala bilmədim.
Əlbəttə, o üzdən yox ki, musiqimiz
haqqında yanlış qənaətlərini həqiqət
kimi qələmə vermişdi. Yəni
yazmışdı ki, Rusiya imperiyası dövründə
Üzeyir Hacıbəyli guya məhz "erməni və
gürcü melodilərini və musiqi sistemini alaraq Azərbaycanda
neqativ duyğu oyandıran Səfəvi təsirini yox etməyə
çalışmışdır". Bunun
ardınca da belə nəticəyə gəlmişdi ki, sovetlər
zamanında müsbət aqibət yaşayan musiqimiz guya,
müstəqillik illərində xeyli geriləmiş və səbəb
də bu olmuşdur ki, "erməni-gürcü təsirindən"
uzaq düşmüşük. Ciddiyə almazdım da,
üstündən keçərdim, ancaq keçə bilmədim,
ortada Üzeyir Hacıbəylinin adı hallanırdı,
özü də məhz bəstəkara "istinadən",
ona görə. Yazı müəllifi onu qınayanları da
bu "istinad"la yola verirdi ki, bəs Üzeyir bəy
"erməni-gürcü təsiri"ni
özü guya etiraf edibmiş.
Çox
çalışdım ona anladım ki, ermənilərdə
"mədəniyyət" adlandırılan nəsnənin
əksər parametrləri üzrə nə varsa, başqalarından,
xüsusən türklərdən alınmadır, onların
Azərbaycan musiqisinə təsiri ola bilməz.
Gürcülərin orijinal musiqisi var, çoxsəsliliyə əsaslanır,
kökü də, çox güman, pravoslavlığa gedib
çıxır, bizim musiqi ənənəmizə yaddır,
onlardan da təsirlənməmişik və s. Hayların isə
belə bir ənənəsi yerli-dibli yoxdur... Nə
isə, dediyində durdu ki, yəni sən deməklə deyil,
musiqimizdə erməni-gürcü təsirini Üzeyir bəy
şəxsən özü vurğulayıb. Nəhayət,
uzun mübahisədən sonra qaynağı da nişan
verdi: "Üzeyir Hacıbəyov, Seçilmiş əsərləri,
Birinci cild, Bakı-2004, s. 305".
Üzeyir
bəyin "Seçilmiş əsərləri"ni vaxtilə kiril əlifbasında oxumuşdum. Deyilən təsirlə bağlı
"etiraf"ının olduğunu xatırlamırdım.
İnternetdə axtarış verdim, "Seçilmiş əsərləri"ndən
qarşıma belə cümlələr də
çıxdı və bunları güneyli
soydaşımızın diqqətinə
çatdırdım: "A yazıq ermənilər, nə
üçün özünüzü bəlaya salıb
"Arşın mal alan"ı, "Məşədi
İbad"ı öz dilinizə çevirdiniz, a bədbəxtlər!?". Əlbəttə, bu ifadələrlə
Üzeyir bəy erməniləri aşağılamır,
dolayısı ilə gerizəkalı müsəlman kütləsinə
"Molla Nəsrəddin"çi sayaq
ismarışlarını çatdırır ki,
qonşularınızdan ibrət götürün, musiqini
qadağan edən şəriət qaydalarından əl
çəkin, mədəni həyatla ayaqlaşın,
baxın, yazdıqlarımdan ermənilər də
faydalanır, bunlara qulp qoymayın və s. Fəqət
Üzeyir bəyin dediklərindən də aşkardır ki,
musiqi baxımından təsirlənmənin ünvanı bəstəkarımız
deyil, əksinə, onu tərcümə edən, əsərlərindən
faydalanan ermənilərdir. Yeri gəlmişkən,
təsirlənmədə pis bir şey də yoxdur, əslində.
Amma gərək nə varsa, onu qələmə
alasan, düzü düz, əyrini əyri, necə deyərlər.
Oğurluq, plagiat isə başqa, bunun daha
çox ermənilərdə müşahidə edildiyi
hamıya məlumdur.
Güneyli soydaşımıza yazdım ki, göstərdiyi
qaynaqda dediklərini tapa bilmirəm. Sitatı olduğu kimi
dərhal yazdı. Üzeyir bəyə verdiyi istinad isə,
demə, bu imiş: "Azərbaycan türklərinin
lisanı ümumisi Zaqafqaziyada beynəlmiləl bir dil
olduğu kimi, ruhani dilləri olan musiqiləri dəxi yenə
eyni vəziyyətdədir. Bizim öz musiqimizdən
hasil etdiyimiz təəssürata erməni və gürcü
qonşularımız dəxi şərikdirlər. Əlavə, içlərində bizim musiqini özlərinə
sənət edən mahir ustaları dəxi çoxdur.
Ermənilərdə gözəl tar və kamança
çalanlar çox olduğu kimi, gürcülərdə də
zurna və balaban çalanları məşhurdur".
Deməli, oxuduğunu anlamayıbmış. Məcbur qaldım yazım:
"Burada tam əksini deyir ki, Üzeyir bəy. Yəni
Azərbaycan türkcəsi bütün Zaqafqaziyada işlək
dildir, yenə, yəni bu dildə gürcülər də, ermənilər
də danışır. Eləcə də
Azərbaycan türklərinin musiqisi. Yenə
və yenə, yəni ki, bizim musiqimizə də şərik
çıxırlar, necə ki, dilimizə. Əlavə
olaraq alətlərimizi də yaxşı mənimsəyiblər...".
Məyus oldum. Ona görə yox ki, gecənin bir
yarısında yanlış anlayıb
yanlışlığı yayan şəxsə doğru demədiyini
anlatmağa vaxtımı sərf etmişdim. Üzeyir bəyin
adına görə dəyərdi və məqsədim
də bu adın adından yayılan
yanlışlığı önləmək idi. Məyusluqla düşündüm bizimkilərdən
bəzilərinə nə düşüb axı, yeri gəldi-gəlmədi,
bildilər-bilmədilər - ortalıqda
atılıb-düşüb bu plagiat erməni millətçilərinə
züy tuturlar?! Yaxşı, buna nökərçilik
deməyim, bəs nə deyim?
Nə isə, bu nökərçiliyi vaxtilə
içimizdən bir yazıçı da insafsızca
etmişdi. Mirzə Cəlildən bol-bol danışan həmin
yazıçı məlum əsərində səcdəsini
Raffiyə, bu "qatı erməni millətçisi"nə
(Raffiyə aid bu ifadə Britaniya ensiklopediyasından
götürülüb - N.Q.) yönəltmişdi. Raffinin qonşularına nifrət püskürən əsərlərindən
bir qismini hələ məktəbli ikən rusca tərcümədə
oxumuşdum. Məlumdur ki, erməni millətçilərinin
ideoloji qaynaqlarından biri saxta tarixə əsaslanan tarixi
romanlar müəllifi bu yazıçının əsərləridir.
Çox çalışıblar bunları
müxtəlif dillərə tərcümə edib dünyaya
yaysınlar, alınmayıb. Əsərləri
"Arşın mal alan"ın
dünyada qət etdiyinin heç bir ağaclıq məsafəsini
də gedə bilməyib, çünki mədəni dünya
nifrət təbliğ edən nə varsa, sadəcə, qəbul
etmir. Bizimki isə Raffinin ruhuna da pənah
aparmışdı, çox təəssüf.
...Bu arada
fikrim getdi "Arşın mal alan"dakı
Vəli ilə Telliyə. Bu obrazlara "nökər"
deməyə dilim gəlmir. Söz zaman-zaman o qədər
mənfi çalar qazanıb ki... Yuxarıda qeyd etdiyim
günahkarların fonunda bir-birinə aşiq Vəli ilə
Telli necə də məsum qulluqçulardır!
Çalışdıqları ev sahibləri
ilə də mehriban münasibətdədirlər. Bir dəfə
diqqətimi buna yönəldən Qasım Qasımzadə dedi
onların mehribanlığı nə yaxşı sovetlərin
senzurasından yan ötüb. Sovet
ideologiyası bədii əsərlərdə
"istismarçı" və "istismar olunan" siniflər
arasında barışmazlığın təbliğini tələb
edirdi. Əslində, ən adi şeir
misralarında belə, burjua izi axtarıb tapan sayıq proletar
tənqidçilərin nəzərindən bu yayına bilməzdi,
sadəcə, cürətləri çatmazdı Stalinin
xoşuna gələn operettanı tənqid etsinlər.
"Arşın
mal alan" yazıldığı andan o dərəcədə
şöhrətlənibmiş ki, buna qısqanan Amerika erməniləri
bir zaman operettanı filmə çəkib öz adlarına
çıxmaq istəyibmişlər, cəhdləri
uğursuz olub. Bir yandan da Stalinin məsələyə
müdaxiləsi, "Arşın mal alan"
filminin Azərbaycanda çəkilişinə göstəriş
verməsi öz rolunu oynayıb.
Üzeyir bəy bu əsərini 1913-cü ildə
Peterburq Konservatoriyasında təhsil alarkən yazıb. Müəllimi
operettanı bəyənib tövsiyə edibmiş
konservatoriyanın rektoru, bəstəkar A.Qlazunova göstərsin.
Əsərlə tanış olan
böyük rus bəstəkarı heyrətə gələrək
"Arşın mal alan"ı "gözəl və ilk
rus operettası" adlandırıb. Ü.Hacıbəylinin
son operettasının "ilk rus operettası" kimi dəyərləndirilməsini
əsərin əslində Rusiya miqyasında ilk olduğunun
qabardılması kimi anlamaq lazım gəlir, təbii. O
zamandan bəri "Arşın mal alan"
dünyanı yetərincə gəzib-dolaşıb və yenə
də səyahətdədir.
"Arşın
mal alan"ın son səhnəsində
toy rəqslərinə diqqət yetirmisinizmi? Bəllidir
ki, insanların özünüifadəsinin bir əlaməti də
rəqslərdə aşkarlanır. Fikir
vermişəm, bizimkilər hazırki toylarda daha çox
diringələrə üstünlük verirlər. Bu atılıb-düşənlərin
özünüifadəsi əksərən Telli ilə Vəlinin
oynadığının məzmununa uyğun gəlir.
Gənclərimizdən
də, ahıllarımızdan da üzr istəyirəm, sadəcə,
"Arşın mal alan"ın məndə
doğurduğu assosiasiyadır. Bunu dərinləşdirən,
görünür, bir də ötənlərlə
bağlı müəyyən nostalji hisslərimdir,
yazıçı övladlarının toy məclislərinin
yaraşığı Yusif Səmədoğlunun möhtəşəm
solo ifasında "Heyvagülü" rəqsi xatirimdən
çıxmır. Üzeyir bəy də özü belə
təqdim edib: bəy rəqsi ağır, ləngərli, orta
təbəqənin oynadığı incə, mənalı,
kübar hərəkətlərlə müşayiət
olunur, zavallı qulluqçularınki isə, sadəcə,
atılıb-düşməkdir. Toylarımızda
bizimkilərin rəqslə özünüifadəsi bu mənada
məndə bir qədər məyusluq yaradır. Maddi durumdan asılı olmayaraq əksəriyyətimiz,
məncə, "nökərləşməkdədir", təəssüf.
Telli ilə Vəli kimi məsum aşiqlər
olsaydıq, dərdimiz nə idi ki?!
Nəriman QASIMOĞLU
Ədəbiyyat qəzeti.- 2018.- 17 noyabr.- S.25.