Ekranlaşdırılmış ədəbi
əsərlər
Layihədə Ernest
Heminqueyin "Qoca və dəniz" romanı əsasında
çəkilən üç filmi təqdim edirik.
Yazıçıya dünya şöhrəti gətirən,
Nobel mükafatına layiq görülən əsər Santyaqo
adlı qocanın dənizdə marlin balığını
tutmasından, onun nəhəng balıqlarla mübarizəsindən
bəhs edir.
84 gün dənizə balıq ovuna çıxan, lakin
bir balıq belə tutmayan qocaya qəsəbədə hamı
uğursuz kimi baxır. Yalnız balaca dostu Manolindən başqa.
Manolinin atası ona Santyaqo kimi bəxti gətirməyən
balıqçı ilə dənizə çıxmağa
qadağa qoyur və ancaq uğurlu balıq ovu edənlərlə
işləməyi tapşırır. Amma
oğlan tez-tez qocanı yoluxur, onun qayğısına
qalır. Onların söhbətinin əsas mövzusu Santyaqonun gəncliyi,
dəniz, balıqlar və qocanın pərəstişkarı
olduğu, beysbol oyunçusu Co Di Madcodur (amerikalı
beysbolçu, beysbol tarixində
ən görkəmli nümayəndələrdən biri).
Növbəti, 85-ci gün qoca yenə dənizə
çıxır. Nəhayət, onun qarmağına nəhəng
marlin balığı düşür. Amma
balığı ram etmək çətin olur. İkigünlük
mübarizə aparan qocanın qayığını balıq
uzaqlara aparır. Gərgin mübarizə nəticəsində
qoca balığı suyun səthinə çıxarır,
onu qayığın bortuna bağlayaraq geri qayıdır.
Amma balıqdan axan qan iyinə toplaşan akulalar
onu yeyir. Akulalarla mübarizə aparan qoca
onlardan beşini öldürür.
Geri
qayıdanda balıqdan yalnız skelet qalır...
...Əsərin ilk ekran versiyasını 1958-ci ildə,
kino tarixində daha çox Akira Kurosavanın "Yeddi
samuray"a çəkdiyi remeyklə - "Möhtəşəm
səkkizlik" vesterni ilə qalan amerikalı rejissor Con
Sterces çəkib.
Santyaqo
rolunu iki dəfə ən yaxşı kişi
roluna görə Oskar mükafatı almış Spenser Treysi
oynayıb.
Təəssüf
ki, rejissor "Qoca və dəniz"in kinodilini, bədii, təsvir
modelini tapa bilməyib. Başqa sözlə desək,
nə uğurlu adaptasiya alınıb, nə də sərbəst
rejissor traktovkası. Film bədii mətnin
uğursuz hərfi təsvirinə, illüstrasiyasına
çevrilib.
Ümumiyyətlə,
"Qoca və dəniz" bir balıqçının nəhəng
ovunu əldə etmək uğrunda mübarizəsindən daha
dərin məna daşıyır.
Uğursuzluqlarına baxmayaraq, qoca ruhdan
düşmür, ümidsizliyə qapılmır,
inamını itirmir, mübarizə apararaq sonadək cəhd
göstərir. Ümid,
inam dində əhəmiyyətli anlayışlardan biridir.
Çünki ümidini itirmiş adam, həm
də Tanrıdan üz döndərmiş olur. Xristianlıqda
isə inam insanın Tanrıya tapınması kimi qəbul
olunur. Və insanın təbiət
qanunlarını adlamasında inam əsas və
qaçılmaz faktor sayılır. Bu mənada
ən yayğın nümunə apostol Pyotrun suda gedərkən
Tanrıya inamını itirərək büdrəməsidir.
Başqa bir məsələ, qocanın həyata
baxışı, dünyagörüşündəki ziddiyyətdir. Santyaqo özünü təbiətin
bir parçası kimi görür, balığı qurbandan
çox, tərəf-müqabili, dost kimi qəbul edir. Eyni zamanda, təbiətlə
münasibətindəki konfliktli situasiyadan da qaça bilmir.
Yəni qoca üçün dəniz, onun
canlıları dəyərdir, amma yaşamaq, var olmaq
üçün ova məcbur olduğunu da dilə gətirir,
günah hissi duyur.
Bəlkə, elə təbiətin qanunlarını
pozduğundan, o, ölümlə üz-üzə gəlir,
sonda yırtıcı balıqlar qocanı qənimətsiz
qoyaraq onu cəzalandırırlar.
Başqa bir tərəfdən, qocanın maneələri
aşaraq hədəfinə çatması, mif, nağıl qəhrəmanlarının
çətinlikləri keçərək niyyətlərinə
çatması motivi ilə oxşardır.
Rejissor əsərin bu məziyyətlərini, fərqli
məna spektrlərini gözardı edib. Santyaqonun iç
dünyasını, daxili konfliktini, yaşantılarını
ifadəli, dolğun vizual mətnə çevirməyib. Və ən pisi odur ki, əsər haqda yeni nəsə
deməyib.
Filmdə əsas yük Spenser Treysinin üzərinə
düşür. Amma peşəkar, təcrübəli
aktyor olmasına rəğmən, o da obrazın həllini
tapmayıb, onun konfliktini, problemini özündən,
düşüncəsindən, emosional dünyasından
keçirməyib. Filmə baxan Heminquey onun
ifasını bəyənməyib və haqlı olaraq Treysinin
ifası haqda tənqidi fikir səsləndirib: "O, yoxsul
kubalı balıqçıdan çox, maddi baxımdan hərtərəfli
təmin olunmuş yaşlı aktyor təəssüratı
bağışlayır".
Rejissor uyğun ifadə vasitələrindən yararlanmaq
əvəzinə, asan yola qaçıb. Bədii mətnin
poetikasını, dramatizmini, psixoloji situasiyaları bəsit
bir yolla həll edərək - kadrarxası müəllif mətnilə
ötürüb. Başqa cür desək,
ekranda nəsə baş vermir, sözlərlə yüklənmiş
nəql tamaşaçını qocanın həyəcanına,
ağrısına şərik edə bilmir, üstəlik,
effekti, təsir gücü olmayan musiqidən istifadə olunur.
Nəticədə musiqi təsviri bitkinləşdirmir,
əksinə, izafi, kənar element kimi qalır.
Dəniz səhnələri naturada - Kubada, Havayda çəkilsə
də, aktyor oyunu ilə dəniz təsvirlərinin
ayrı-ayrı çəkilməsi reallıq duyğusunu
heçə endirir, uyğunsuz, pinti rakurslar süni məkan
hissini yaradır. Qocanın qarmağına düşən
balığın isə mulyaj (əyani vəsait kimi istifadə
etmək üçün obyektin dəqiq sürətinin
çıxarılması) olduğu aşkarca
görünür.
Maraqlı bir faktı da deyim ki, əsərin
ekranlaşdırma hüququnu, məşhur amerikalı aktyor
Hamfri Boqart əldə etmək istəyirdi. O, bu rolda özünü
görürdü, rejissor kimi isə Nikolas Reyi dəvət etməyi
planlaşdırırdı. Amma aktyor bu arzusuna
çata bilmir.
Rus
rejissoru Mixail Rommun filmlə bağlı fikirləri
maraqlıdır: "Məncə, film nəinki əsərdən
pisdir, o, ümumiyyətlə, pis kinematoqrafdır".
Əsərin
növbəti ekranlasdırmasını 1990-cı ildə, daha
çox teleserial, telefilm rejissoru kimi tanınan amerikalı Cad Teylor reallaşdırıb. Baş rolda isə dövrünün ən
yaxşı aktyorlarından biri Entoni Kuinn çəkilib.
Film romanın müəyyən dəyişikliklərlə
çəkilmiş ekran versiyasıdır. Əhvalatda
iki paralel xətt əsas götürülür. Birinci xətt
Santyaqonun dənizdə mübarizəsi, digər xətt isə
qəsəbəyə gələn yazıçı və
arvadının çətin münasibəti, yaradıcı
böhran keçirən yazıçının Santyaqoya olan
marağıdır. Çox güman ki,
yazıçı Heminqueyin prototipidir. Çünki bir
dönəm Heminquey də yaradıcı böhran
yaşamışdı, yaradıcılığının
sonrakı mərhələsinin estetik prinsiplərini müəyynləşdirməyə
çalışmışdı.
Mövzu axtarışında olan
yazıçının diqqətini 84 gün dənizə
çıxan və heç nə əldə etməyən
qoca çəkir. Ona maraqlı gələn bu hadisəni
yazmağı qərara alır.
Əsərdən
fərqli olaraq qocanın bioqrafiyası ilə bağlı bəzi
detallar da artırılıb: arvadının erkən vəfatı,
onun tənhalığı, Havanada yaşayan
qızının ara-sıra onu yoluxması. Qızı
atasını yanına aparmağa dilə tutsa da, qoca doğma
yerləri tərk etmək istəmir. Amma
funksional əhəmiyyət daşımayan, dramaturji
yükü olmayan belə bir miks yanaşma əsərin
ideyasına, problematikasına təsirsiz ötüşür.
Rejissor əlavə xətlərlə təhkiyənin
tempini dinamikləşdirməyə, vizual baxımdan zəngin
etməyə çalışsa da, bədii mətnin dərinliyinə
baş vurmayıb. Hər halda, Treysidən fərqli olaraq,
Kuinn mənalı, ifadəli susqunluğunu, daxili
emosiyalarını zahiri soyuqluqdan keçirərək
ötürə bilir və bununla da qocanın şəxsiyyətini
açır, qarşımızda güclü xarakterli,
yaşam modelini müəyyənləşdirən, prinsipləri
aydın insanı görürük.
Rejissor qocanın təslim olmamasına xüsusi vurğu
edir. Barmen ilə söhbətində yazıçının
"84 gündü ovu yoxdu, amma o, təslim olmur. Və burda bir müstəsna ləyaqət
üstünlük var"- fikri ilə həm də öz əhvalatının
əsas niyyətini vurğulayır.
1958-ci il versiyası ilə müqayisədə, burda
ölkədəki sosial gerçəklik, insanların məişəti,
dəniz təsvirləri real, dolğundur.
"Qoca və dəniz"in ən yaxşı
ekranlaşdırması qazax rejissoru, yazıçı Ermek
Tursunova məxsusdur. Müxtəlif festivallarda mükafatlar alan
Tursunov kinomütəxəssislər tərəfindən qazax
kinosunun parlaq nümayəndəsi kimi dəyərləndirilir.
O, 2012-ci
ildə çəkdiyi "Qoca" dramında hadisələri
müasir Qazaxıstana gətirir. Balıqçını
çoban Qasımla (Erbolat Toquzakov), dənizi meşə,
Manolini nəvəsi Eralla, Santyaqonun beysbol sevgisini qazaxlı
qocanın futbol azarkeşliyi ilə əvəz edir. Üstəlik, rejissor qazax koloritini, musiqisini, məişət
mədəniyyətini, təbiətini əhvalatın
strukturuna yerləşdirir və bu, filmə spesifik atmosfer gətirir.
Qoca Qasım gəlini və oğul nəvəsi ilə
birgə kənddə yaşayır. Onun əsas əyləncəsi
televizorda futbol izləməkdir. At və
qoyun saxlayan qoca bir gun çöldə, sürünü
aparanda dumana düşür və azır. Bir neçə gün əvvəl isə bura şəhərli
ovçular canavar balalarını ovlamaq üçün gəlirlər.
Və qocadan onların harda olduğunu
soruşanda o, yolu göstərir. Qəzəblənmiş
canavarlar ovçuları öldürür və sonra isə
Qasıma hücum edir, onun sevimli atını və bir
neçə qoyununu öldürür. Qasım şaxtalı-sazaqlı
gündə canavarlarla tək döyüşə
çıxır...
Dram-triller janrında çəkilən filmdə
çağdaş dövrümüzün aktual problemləri
təsvir olunur. Misalçün, torpağa bağlı
baba və bahalı avtomobillərə, texnoloji yeniliklərə
maraq göstərən nəvənin simasında nəsillər
arasındakı qırılma nöqtəsi xüsusi
vurğulanır. Onların həyata fərqli
baxışı, müxtəlif dəyər
daşıyıcısı olmaları səbəbindən
aralarında tez-tez mübahisə baş verir. Amma baba itkin düşəndə nəvə
bütün aulu ayağa qaldırır. Babanın
gözlənilməz itkisi nəvəni sanki bir günün
içində böyüdür, o, yalnız bu itki ilə həyatındakı
boşluğu anlayır. Belə bir həssas
vəziyyətlə də rejissor fərdin indisini, gələcəyini
keçmişi dərk etmədən, tanımadan qura biləcəyini
şübhə altına alır.
Canavarlar şəhərli ovçulardan, sonda isə
qocadan qətlə yetirilmiş balalarına görə qisas
alır və qoca ölümlə üzləşəndə
nəvəsini düşünərək onun
varlığından güc alır. Bu, həm də
keçmişlə gələcək arasındakı
bağlantının zəruriliyini eyhamlaşdırır.
Bir tərəfdən də ateist düşüncəyə
sahib olan Qasım məhz ekstremal vəziyyətdə
Tanrıya tapınır, ondan kömək istəyir. Onun mübarizə
əzmi nümayişində inam da böyük rol oynayır.
Santyaqo
marlin balığını ovlamaqla təbiətin qanununu
pozur, Qasım isə
ovçulara canavarların yerini bəlli etməklə təbiətə
qarşı gedir. Və o, bu günahını sevimli
atını itirməklə, sağ qalmaq üçün
qoyunlarını canavarlara yem etməklə ödəyir. Çünki insan təbiətə xəyanət
edirsə, harmoniyanı pozursa, bu, bir gün daha sərt,
amansız şəkildə onun özünə qarşı
tuşlanacaq.
Santyaqo
kimi, Qasım da canlılara dost, tərəf-müqabil
statusunda baxır. Onun sevimli atını
parçalayanda Qasım məyusluqla "nahaq bunu etdin, mənin
boz qardaşım" deyir.
Onların mübarizəsi iki alicənab
döyüşçünün savaşı səviyyəsində
təsvir olunur. Özəlliklə də iki səhnə
təsvir gücünə görə yaddaqalandır: final səhnəsində
ana canavarın qocaya çağırış edən, meydan
oxuyan nəzərlərlə baxışı və sanki onu
bağışlaması və çox yaxın planda
qocanın bu mübarizədə əzmkarlıq, xarakter ifadə
edən siması.
Həyatının son dönəmində Qasım
ağır imtahandan keçir, yenilənir, mühüm həyat
dərsi alır və sanki katarsis yaşayır. Yuxuda özünü
körpə kimi görməsi, anasına can atması da buna
işarədir.
Əhvalat
saspens elementləri ilə zəngindir: paralel xətti -
qocanın hüquq-mühafizə orqanları tərəfindən
axtarış səhnəsi, şəhərli
ovçuların meyitlərinin gözlənilmədən əhvalata
girməsi, canavarların hücumu və s.
Keyfiyyətli operator işi, soyuq, ekspressiv təbiət mənzərələri
kadrları dərinləşdirir, ona dokumentallıq duyğusu
verir.
"Qoca" 2013-cü ildə "Xarici dildə ən
yaxşı film" nominasiyasında Oskar mükafatına irəli
sürülüb.
Sevda Sultanova
Ədəbiyyat qəzeti.- 2018.- 17
noyabr.- S.24-25.