Hayana baxıram, söz çəkir məni
Yazıçı-şair
Şövkət Zərin Horovlu ilə söhbət
- Şövkət xanım,
soy-kökünüzün türk əsilli, Oğuz təməlli
olduğunu şeirlərinizdə dönə-dönə
vurğulayırsınız... Alp Ər Tonqanın izinə
çapdığınız ömrün-günün xatirə
səfinə, axarına hardan ilmə atmaq istərdiniz?
- O yerdən
ki, orda Ziyarət dağının lap ətəyinə, el
yolu üstünə sığınıb qalan bir Horov kəndi
var idi... İndi o kənd mənim
üçün bitməz bir nağıldı, şeirdi ki, qəlbimdə
əbədi vətənləşibdi. Yağı
əlindədi, yad əlindədi. O kənd ki, hər dəfə
yada saldıqca uşaqlığım için-için,
cırmaq-cırmaq hıçqırır böyürtkən
kollarında. Oraq-dəryaz idi əllərim orda
- yemlik dənləyərdi, yarpız biçərdi. Saçlarıma bənövşədən qotaz
hörərdi nənəm. Yuxusunu
nağıl-nağıl yaddaşıma köçürərdi.
Layladan, oxşamadan gələrdi öynəm.
Yaşım yetmişi ötüb. 41-də doğulmuşam.
Müharibə
yaşıdım,
Aclıq tanışım.
Qara
davayla möhürlənib
Yaddaşım...
Gözümü
açıb nənəmi Arazın o üzünə səmt
bayatı söyləyən, ağı deyən
görmüşəm:
Arazdan
keçmərəm mən,
Suyundan içmərəm mən.
Gedənim
qayıtmayınca
Dünyadan köçmərəm mən.
Bu, uşaqlıq illərimdə dinlədiyim ilk
bayatıydı. Tale elə gətirdi ki, illər
sonrası babam Kəlbalı Mahmud oğlunun üç nəvə-nəticəsi
- Rahid, Nəsir, Akif Qarabağ savaşında, eyni vaxtda həlak
oldular. Nənəmin o kövrək
bayatılarının davamı mənim dilimdən səslənəsi
oldu. Bığ yeri təzəcə tərləyən Rahid,
bığ yeri təzəcə tərləyən Nəsir və
Akif sarıdan bayatı dedim. Yurd, el-oba itkisi
baxımından nənəmin taleyi məndə yaşadı.
Ömrümün heç bir günü,
ayı, fəsli mən deyən olmadı. Qarabağsız,
anamsız gələn baharları sevə bilmədim.
Çocuq
qədər məsum,
Göz
yaşım kimi məzlum anam
Həsrətim
boyda uzun bir
Səfər etdi.
Məni
xatirələrlə baş-başa qoyub
Öz anasının yanına getdi.
İndi o
xatirələrin səfinə hardan ilmə atmaq istədiyimi
soruşursan məndən... Heç kəsə
bəlli deyil çəkdiklərim. Heç
kəs tənhalığı tanımaz mənim kimi. Bəxtəvər
gəncliyim, ata-analı dincliyim, bilirəm ömrümə
qayıtmaz bir də... "Nədən, hardan
başlayaq" deyirsən. Gəl sənə upuzun
nağıl danışım, Xocalı nağılı, Şuşa nağılı...
Qucağı
boşalan torpaq nağılı,
...Yaz
nağılı deyim həsrət səngidən,
Bizim xan çinarın nəğməsi kimi.
Gəl sənə
upuzun nağıl danışın,
Nə özüm yorulum, nə söhbət bitsin.
- "Uzaq
uşaqlığım ilişib qaldı yolların əyilən
bir budağında" yazmısınız şeirlərinizin
birində.
-
Heç unutduğum olmadı bir zamanlar açıb
qollarını bahara, günəşə, suya, buluda
"xoş gəldin" söyləyən
uşaqlığımı. Ha illah eləyirəm qanad taxa
bilmirəm qırıq xəyallarıma. Elə
istəyirəm ki, bir cığır açam, bir yol tapam
baharın qucağında gizlənən
uşaqlığıma.
- Şövkət
xanım, təklik haqqında yazdığınız xeyli
şeiriniz var. Oxumuşam. Təkliyi
özünüzə çox doğma bilirsiniz. Ona "gəl doğmalar kimi şəkil çəkdirək"
deməyiniz var. Eyni zamanda, "sükut, gəl qol-boyun şəkil
çəkdirək" deyirsiniz. "Taleyim,
gəl qoşa şəkil çəkdirək"
yazırsınız. Sizcə, cild-cild
kitablarınızda yer alan şeirlər,
povest və romanlarınız elə həmin talelə,
sükutla, təkliyin özüylə qol-boyun çəkdirilən
şəkillər deyilmi?
- Bilirsən,
Sərvaz, təklik, yalqızlıq həyatda mənə
çox şeylər öyrətdi; daş dözüm, iradə,
səbir və sair... Bir az öncə də
dedim, uşaqlığım Ziyarət dağının ətəyində
keçdi. Əynim, ayağım yalın,
gözlərim bir tikə çörəkdə, bir dişdəm
şirnidə, qulağım İkinci Dünya
savaşından gələn qara xəbərlərdə.
"Hələ varam" adlı şeirimdə
yazmışam bu barədə:
Gəncliyim
xəstəxanada
Ölümlə
olum arasında çarpışmalarda...
Ömrün
üç yaşıl ili
Əfqanıstan
müharibəsində
Güllə
səsində,
Tank nərəsində düşüb qaldı.
Qarabağ itkisi yaşadım. Əvəzsiz
dünyam bildiyim həyat yoldaşımı itirdim. O,
böyük insan, böyük ziyalı idi. Mənə bu
dünyanı sevməyi öyrətmişdi...
- Ancaq mən biləni, sevib getməmişdiniz
ona...
- Eləydi.
Ata-anamın təkidli istəyilə
getmişdim. Bir növ, məcbur. Amma
az vaxt müddətində onun bənzərsiz
xarakterinə, insanlığına məftun oldum. O öz
möhtəşəm, inanılmaz qayğısıyla, səmimiyyətilə,
həssaslığıyla məni özünə ram etdi, məni
məndən aldı, yeni bir insan yapdı. Tərbiyə
etdi. Elə bil məni yenidən dünyaya
gətirdi. Mənə "bu dünya gözünün
yaşına dəyməz" təskinliyi verdi.
On doqquz yaşımdan bu yananın
nağılı belə başladı... Təkliyimdə,
yalqızlığımda isə onu daha çox duydum, daha
çox anladım. İndi onsuz ağlayan
bir nəğmə kimiyəm. Yazıram ki:
Heç
kəs sanmasın ki,
Təkəm, tənhayam.
İndi sənli
xatirələrə
həyanam.
- Misralarınızı
xatırlayıram: "Heç nə dəyişmədi, dəyişmədi
nə dərə, nə dağ, nə düz, nə çay,
nə dəniz. Nə də ömrümüz.
Bir zərrə də əskilmədi yer
üzündən. Nə itdisə, itdi bizdən, nə
getdisə, getdi bizdən".
- Elədi!
Nə az, nə azacıq, Qarabağ boyda
bir gülüstandan ayrı düşdük. Şəhidlər
verdik. Dünyanın əksər ölkələrində
olmuşam, ən böyük şəhərlərdə
günlərim keçib. Ancaq heç
unutduğum olmayıb cənnət Qarabağımı. Heç harda doğma Cəbrayılda, Horov kəndində
nəsibim olan dincliyi tapmamışam. Kəndimiz
elə də böyük deyildi. Amma yeddi kəhrizi
vardı; o suların dadı hələ də
damağımdadı...
- Nigaransınız... "Harda
qurtaracaq sonuncu şeirim, harda qırılacaq son sözüm,
harda? - səksəkəniz var...
- Bayaq da dedim, yaşadığımız illər bizdən
getdi. İllər keçdikcə həyatın
bir göz qırpımı qədər tez
ötdüyünün daha çox fərqində oluram.
"Bir də Cəbrayıla dönəcəyəmmi?"
ağrısı sarır içimi. Qonşuluğumuzda
yaşayan Məmiş əmini xatırlayıram. Həyətlərində böyük tut
ağacı vardı. Çıxıb
çırpardı. Qız-gəlinə də
təpinərdi ki, yarpağı, məhsulu ayaqlamayın.
Doğma yurd-yuvasından zorla köçürüləndə,
didərgin salınanda Məmiş kişi
həyətindəki o tut ağacını qucaqlayıb
hönkür-hönkür ağlayırdı... Sonralar çadır şəhərciyində məskunlaşdı.
Yuxularında hey sayıqlayırdı. Deyirdi çırpdığım tutu, tökülən
yarpağı ayaqlamayın. Halbuki daha yox idi o ağac, o
tökülən yarpaq, meynə... "O qızın
üzündən payız yağırdı" adlı
şeirim var. Əslində, üzündən payız
yağan o qız elə mən özüməm. Şeirin dililə özüm-özümlə
danışmışam. Kürəyində ağır
şələ, əynində odlu bir köynək yurd nisgili
ilə ömrün payızına doğru gedən mən! Nə şələdən, nə köynəkdən
baş aça bilirəm. Elə hey sual edirəm ki, kim tutub bu şələni, kim tikib bu köynəyi?
Bu şələ yurd itkisinin
ağrılarıdı, bu köynək yaşanmış
ömrün soyuq həşiridi - ilmələri bərk
çəkilib. "Kənd
uşaqları", "Yaddaş ağrıları"
poemalarımda yazmışam bunlar barədə. Bəzən böyük bacım təəccüblə
soruşur ki, bu boyda xatirələri, əhvalatları necə
yaddaşında saxlayıbsan. Dünənimi
necə unuda bilərəm axı? Gör mənim
soy-köküm hardan gəlir; nəslimiz İbrahim Xan nəslindəndi.
İbrahim Xanın həyat yoldaşı olan ulu
nənəmiz dövrünün sayılıb-seçilən
şəxsiyyətlərindən biri Vəli ağanın
qızıydı. Babam Kəlbalı
kövrəkliyi, rəhimdilliyilə tanınarmış.
Bilirsənmi, Sərvaz, vaxt, zaman ötüb-keçdikcə
insan itirdiklərinin, uzaqda qalan yaşanmışların qədir-qiymətini
daha çox bilir, ona dönmək istəyir. Bu xatırlananlar
mənim əbədi, doğma mövzularımdı... Cənubi Azərbaycan mövzusunda yazdığım
"Tale yolunda" romanımın redaktoru olubsan. Maraqlı ön söz yazıbsan. O əsərin
üzərində işləyərkən Pənahi Makulinin
oğlu Şəfəq Pənahi mənə çox kömək
etdi, qiymətli materiallar verdi. Pənahi Makuli həyat yoldaşımın yaxın
dostu idi. Yaşadığı məşəqqətli
ömür haqqında çox şey
danışmışdı. Gördüm
bu materialları, düşüncələri şeirlə
ifadə etmək mümkün deyil. Keçdim
nəsrə. Nəsr elədi ki, düşüncələrini
ifadə etmək üçün hər cür imkanın
olur... Sonra o biri povest və romanlarımı qələmə
aldım. Ədəbi tənqid tərəfindən
pis qarşılanmadı. İndi
"Gediş" romanı üzərində işləyirəm.
Mövzusunu əfqan xalqının azadlıq
mübarizəsindən götürmüşəm. Onu da qeyd edim ki, həmin günlərdə mən
özüm Əfqanıstanda yaşayırdım. Hadisələrin canlı şahidi olmuşam.
- Bilirəm ki, eyni vaxtda bir neçə
əsər üzərində paralel işləməyi
çox sevirsiniz...
- Hə,
bu mənim ayrıca bir şakərimdi. Bir əsər
üzərindəki yorğunluğumu o biri üzərindəki
işimlə çıxarıram. Həm
də bu prosesdə özümü axtarıram.
- Sərbəst şeirlərinizin
havası yaman tutdu məni. Kövrəldiyim məqamlar
oldu. Heç unutmadım bu misralarınızı:
Bir də
görürsən ki,
Göyün yeddi qatındasan.
Ulduzlar
yanından keçir
Qatar-qatar.
Səndən
aşağıdadı
Hər nə var.
- Hər birimizin vaxt-bivaxt yaşadığımız ovqatdı. Nə deyim, vallah! Mənim üçün forma, qəlib anlayışı sonrakı məsələdi. Əsas olan ruhun rüpənməsi, əsintisidi. Qalan şeylər sonra gəlir. Əsas olan oldur ki, hayana dönürəm söz çəkir məni. Əsas olan Sözdü. Bu söz bizi paklığa, mənəvi təmizliyə, insanlığa hesablamalıdı. Uşaqlar üçün yazanda belə şeylərə daha çox diqqət yetirirəm. Uzun illər müəllim işləmişəm. Uşaq psixologiyasını yaxşı bildiyimdən bu mövzuda yazmaq mənə çox asandı.
Ümumiyyətlə, söz dünyası mənim üçün bütün yaşantılarımın, tariximizin, milli kimliyimizin, soy-kökümüzün yaddaş saxlancı kimidi. Sözlə baş-başa qalmaq mənim üçün hər şeyi yenidən yaşamaq, yaşatmaq, anlamaq, anlatmaq fürsətidi. Bu fürsətin bir anını da qaçırmaq istəmirəm... Tələsirəm... İşləmək, yazılarımı qaydaya salmaq üçün. Düşündüklərimin içimdə qalmasını istəmirəm. İstəmirəm yarımçıq işim qalsın. Hər yazım bir balam kimidi. Yarımçıq yazım olanda elə bilirəm haradasa bir balamı yarı yolda qoyuram...
Söhbətləşdi:
Sərvaz Hüseynoğlu
Ədəbiyyat qəzeti.- 2018.- 17
noyabr.- S.27.