"Ölməyən kral"

 

"Həyat insana qüssə verən tələdir..."

Çexov

 

O, bizim gəncliyimiz idi...  1989-cu ildə usta rejissor Rasim Ocaqovun ekranlara bəxş etdiyi "Ölsəm, bağışla" filmində səsləndirdiyi "m-mə-mə-ni ni-yyə gözləmədin?" sualından sonra kəkələyən, müharibədən həm fiziki, həm də mənəvi cəhətdən yaralanıb qayıdan, baxışı kədərli, təbəssümü əyri, yarımçıq qalan nakam oğlanı necə unuda bilərdik?!

Səməd Vurğun adına Rus Dram Teatrının səhnəsi ətrafına bizi çəkib gətirən də illərin arxasından boylanan həmin unudulmaz  sevgi idi. Təəssürat necə olur-olsun, uzun illərdən sonra olsa belə, onu bir də səhnədən görmək istəyirdik.

Son dövrlər Rus Dram Teatrında xeyli maraqlı rejissor quruluşları ilə tanış oluruq. Xüsusən xarici dramaturqların əsərlərinin gənc rejissorlar tərəfindən səhnələşdirilməsi, əlbəttə ki, təqdirəlayiqdir. Gənc rejissor Ərşad Ələkbərovun haqqında bəhs etdiyimiz teatrın səhnəsində Ejen İoneskonun "Kral ölür" pyesi əsasında hazırladığı "Mərasim" tamaşası da  tamaşaçılar üçün xeyli yeni və cazibədar sənət nümunəsi idi. Ərşad Ələkbərov ədəbiyyatı, dramaturgiyanı, teatrın incəliklərini dərindən bilən sənət adamıdır. Daha çox rus yazıçılarının əsərlərinə müraciət etməsi təhsili ilə bağlı təbii görünsə də, yaşının gənc olmasına baxmayaraq Erik Emmanuel Şmitdin "Müsyö İbrahim xan və quran çiçəyi" tamaşasından sonra Ejen İoneskonun "Mərasim" tamaşası onun ikinci uğurlu səhnə işi oldu.

Əsərdəki hadisələr Beranje krallığında birinci Beranjenin sarayında baş verir. Günlərin birində kral bir neçə saatdan sonra öləcəyini öyrənir. Ölümün adi sözlə, iki-üç kəlmə ilə çatdırılması Beranje üçün gülməli və qeyri-təbii təsir bağışlayır. Lakin zaman axını davam etdikcə kral vəziyyətin ciddiləşdiyini ətrafındakı insanların onu taleyi ilə baş-başa buraxdıqlarını anlayıb məyus olur. Bu məyusluq o qədər güclü olur ki, bir az əvvəl ölmərəm deyib hayqıran Beranje ölümə öz xoşu ilə razılıq verib əcəllə sazişə gedir.

Səhnənin ortasında qoyulan, üzərinə örtük çəkilən uzun masanın tən ortasında iki qadın əyləşib. Bunlar tamaşadan sonra öləcək olan kralın qadınlarıdır. Beranje kralının birinci arvadı kraliça Marqarita (xalq artisti Mehriban Zəki), ikinci arvadı kraliça Mariyadır (Mariya Dubovitskaya). Kral səhnədə görünmür. Onun əvəzinə həkimi (Oleq Əmirbəyov), qulluqçu Cülyetta (Həcər Ağayeva) var-gəl edirlər. Az keçmir Beranje, dramaturq tərəfindən təyin olunan qəhrəman (xalq artisti Fəxrəddin Manafov) görünür. Kralın səhnəyə libasda gəlməsi, səhnənin ağ-qara, nəhəng dekorasiyası ilə həmahənglik yaradıb absurd ölüm mərasimini, təlaşını daha da dərinləşdirir.

Marqaritanın onu bir saat iyirmi beş dəqiqədən sonra ölməsi faktı ilə xəbərdar etməsi, kralı qəti şəkildə narahat etmir. O, ölkənin, insanların, təhkimli və təhkimsiz hər kəsin sahibidir. O, həm də əmr edəndir. Deməli, ölüm onu aparacaq qədər güclü ola bilməz. Yaxşısı budur ki, ölüm hələ gözləsin. Kralın özünün kefi nə zaman istərsə, gözü dünyanın zövqlərindən nə vaxt doyarsa, onda o özü ölümə zəhmət verib onu səsləyər. İndi isə ölməyə vaxt yoxdur. Günəş parlayır, insanlar onun ətrafında fırlanır, şeypurçu əmrə müntəzir vəziyyətdə dayanır. Lakin kral niyəsə axsayır, bədəninin bütün əzaları ağrıyır, özünü yorğun və əzgin hiss edir. Kraliça Mariya isə durmadan ağlayıb-sızlayaraq onu ölümə qarşı dirəniş göstərməyə, mübarizə aparmağa məcbur edir. Ancaq krala qarşı sədaqətli qadın obrazının bariz təcəssümü Mariya belə, məqam yetişəndə gücsüz vəziyyətə düşür. Ərini qucaqlamaq üçün qadağan olunmuş zamandan krala tərəf bircə addım da ata bilmir.

Səhnədəki hər iki qadın həm də kralın daxilindəki mənləri, mənfi və müsbət düşüncələri ifadə edirlər. Kraliça Marqarita bəşəri həqiqətin, ölüm labüdlüyünün, qanunauyğunluğunun,  kraliça Mariya isə yaşantıdakı gözəlliyin, insanın bu gözəllikdən doymamasında, ölümdən qaçmasında haqlı olmasının tərəfindədir. Burada onlar tək deyillər. Həkim-cərrah, bakterioloq, astroloq Marqaritaya köməklik edir, kralda cürbəcür mənasız xəstəliklər kəşf etməklə, onu psixoloji cəhətdən ölümə yaxınlaşması üçün hazırlaşdırır. Xidmətçi Cülyetta isə şəfqəti, təmənnasız sevgisi ilə hazırlayacağı dadlı xörəklərin anonsunu xatırlatmaqla kralı ölümdən uzaqlaşdırmağa, onunla mübarizə aparmağa səsləyən Mariyaya əl tutur.

Kral isə bütün hallarda faciə qəhrəmanıdır. Yunan mifologiyasında tanrılar tərəfindən qurban seçilən qəhrəmanlar kimi o, da artıq seçilib, geri dönüş üçün bircə addlm da qalmayıb. Taleyinə qarşı çıxması, mübarizə aparması onun dərindən sarsılmasına və daha da faciəvi sonluğa çatmasına səbəb olur. Sanki Tanrı onu bu qarşıçıxmaya görə qəddarcasına cəzalandırır. Cəza isə olduqca sadə olur. Sən demə, həyat çox qısa və yaşamağa dəyəcək qədər gözəlmiş. Digər tərəfdən isə heç nədən xəbər tutmadığı, ahəstə ömür sürdüyü üçün kraliça Marqarita onu məzəmmət edir: "Əzəmətli kral ölümünüzün sizə bildirilməsi lazım idi. Boş ümidlərə qapılmayın. Əlamətlər artıq məlumdur. Düz bir saat iyirmi beş dəqiqədən sonra öləcəksiniz".

Əslində, hər bir bəşər insanı kimi Beranje də intuitiv olaraq hiss edir ki, qurulan bu qədər məzhəkə boş-boşuna deyildir. O, ömrünü yelə vermiş, gəzib əylənmiş, krallara layiq ömür sürmüşdür. O, yaxşı bilir ki, lap gözəgörünməz olsa da ölümün caynağından xilas olmayacaq. Kral təbiətin qanuni dəyişikliyi, insanların isə mərasimə, faciəyə çevirdiyi ölümün vacib həyat faktı olduğunu bilsə də, bunu qəbul etmək istəmir, əzab çəkir. Heç olmasa son anlarında ona  tərəvəzlərdən hazırlanmış isti püre gətirilməsini arzulayır. Yağda qovrulmuş xörəklərin, bir dişləm kökün necə də ləzzətli olduğunu xatırlayıb inləyir.

Axı ölmək vaxtı çatan o qədər insan varkən niyə onun yaxasından yapışıblar?!  Kral olduğu üçün yaşamağa hamıdan çox onun haqqı çatmırmı? Axı hər şeyə hər zaman o, əmr etmişdir. İndi ölüm nə karədir ki, kral onun əlində bir tamaşa vaxtı qədər aciz qalsın.

Lakin, nəhayət, kral anlayır ki, ölümlə bu qədər qaçdı-tutdu oyunu, aparılan bütün mübarizələr heç bir nəticə verməyəcək. Teatr olanda nə olar?! Əgər kral ölməlidirsə, deməli, öləcək! Həqiqəti dərk etdiyi zaman bütün bədənində sızıltılar dolaşan, hər kəs tərəfindən atılan Beranjeni dəhşət bürüyür.

Ən böyük tənhalıq insanın öz-özü ilə tək qalmasıdır. Ölüm məqamında bu tənhalıq o qədər dəhşətli olur ki, kral o, tənhalıqdan qorxur. Hər kəs tərəfindən tərk olunduğu, eşidilmədiyi üçün ölümə gedən yolda ona köməklik etməsi üçün Marqaritadan imdad istəyir. Kraliça Marqarita, həqiqətin özü onu ölümdən sonra hər şeyin asan və əbədi olacağına, bu dünyanın ağrılarından xilas olacağına inandırır.  Sağ tərəfdəki qapı və o qapının o biri tərəfindəkilər kralı gözləyir. Birinci Beranje bu dəfə axsamadan, rahat, rəvan yerişlərlə qapıdan keçib yox olur.

İkinci Cahan müharibəsindən sonra dünyanı bürüyən xaotik aldanışlar, yırtılan insan maskalarının arxasından boylanan riyakarlılqar, özünə qapanan, cəmiyyətdən təcrid olunan insanın tənhalaşması, ümidsizləşməsi, özü ilə təkbətək qalmaq  arzusu absurd teatr istiqamətinin yaranmasına səbəb oldu. Yadlaşma, həqiqətin yerindən tərpədilməsi, insanlar arasındakı əlaqələrin itirilməsi, qara yumorun üstünlüyü, ironik pasajların, baş verən yaxşı və pis hadisələrin forması, var oluşu da absurd teatrın tərkibinə daxildir.

Absurd teatrın əsas təmsilçilərindən biri hesab olunan fransız dramaturqu Ejen İnoneskonun 1962-ci ildə yazdığı "Kral ölür" pyesi onun şah əsəri hesab olunur. Pyesin ilk adı "Mərasim" olsa da həmin ərəfədə fransız rejissoru Klod Şabrolun eyniadlı filmi ekranlara çıxdığından müəllif əsərin adını dəyişməli olur. Dramaturq bu pyesi xəstəliklə mübarizə apardığı üç həftəlik zaman ərzində yazıb bitirmişdir. Lakin həmin xəstəliyə qədər İonesko hər zaman özünün, xüsusən də anasının, yaxınlarının ölə bilmə ehtimalından qorxaraq əzab çəkmişdir. "Kral ölür" pyesini ölümün nə olduğunu öyrənmək üçün yazdığını dilə gətirən dramaturq qeydlərinə bu fikirləri də əlavə edir: "Ölüm barədə fikirlər dörd yaşımdan bu yana mənə əzab verib. Yəni öləcəyimi dərk etdiyim gündən bu günə qədər təngnəfəslik məni heç zaman tərk etmədi. Sanki birdən-birə, ondan qurtula bilməyəcəyimi və həyatda da edəcək heç bir şeyin olmadığını anlamışdım. Ölüm qorxumu, bu qorxunun yaratdığı biabırçılıq hissini unutmaq üçün yazıram. Ölmək üçün yaşamaq isə absurd deyil".

Teatrın səhnəsində yaşı altmışı ötmüş, axsaya-axsaya səhnənin bu başından o başına tələsən, absurd və ənənəvi teatrın bütün tələblərinə cavab verib masterlik edən ağsaçlı, gümüşü saqqallı sehrbaz Fəxrəddin Manafov iki saatlıq zaman ərzində bütöv zalı öz obrazının əsarətində saxlayır.  Çevik hərəkətləri, ironik gülüşləri, iblisanə baxışları, döşəmə üzərinə sərilərək dəfələrlə baş tutan ölüb-dirilmələri tamaşaçını haldan-hala salır. Teatr, tamaşa, səhnə deyib ötüşdürdüyümüz, əhvalımızı cəmiyyətdəki, məişətdəki sıxıntılardan xilas edib, ixtiyarımızı səhnədəkilərə həvalə edib rahatlanmaq istədiyimiz anda Fəxrəddin Manafovun ifası bizə daha amansız həyat gerçəkliklərindən bəhs edir. Sən demə, səhnə özü də elə həyat imiş.

Aktrisa Mehriban Zəki mərasim boyu soyuqqanlı ədası, ciddi baxışları ilə ölümün müjdəçisi həm də müttəfiqi obrazını canlandırır. Kralı ölümə hazırlamaq üçün səfərbər olunmuş bütün qüvvə sonunda kədərli bir müvəffəqiyyət qazanır. Lakin aktrisanın yaratdığı əsrarəngiz Marqarita obrazının parıltısını daha da artıran onun gözündə parlayan yaş damlaları olur. O, kralın son məqamına dözməyib onun döşəmə üzərindəki solğun, taqətsiz vücudu bərabərində çökür. Diqqətli və həssas tamaşaçı həmin çöküş anında Mehriban Zəkinin necə mükəmməl aktrisa, böyük qadın olduğunun fərqinə varır.

Onun Kralın başını dizləri üzərinə qoyub hayqırarkən işlətdiyi ifadələr, sərf etdiyi daxili emosiyanın gücü tamaşaçıları göz yaşına qərq edir. Əsl mərasim də elə həmin anda başlayır və bitir. Çox zaman böyük bir ömrün və ya ömürlərin son nəfəsi bir qadının dizləri üstündə başa çatacaq qədər gözəl və qısa olur.

Oleq Əmirbəyovun, Mariya Dubovitskayanın, Həcər Ağayevanın ifaları da tamaşanın atmosferinə ciddi təsir edir. Oleq Əmirbəyovun ifa etdiyi həkim obrazı gərgin məqamlarda hərəkətə keçərək tamaşaçı əhvalının əsas sonluğa qədər pozulmamasını təmin edir. Aktyorun özünəxas incə, sezilməz yumoru baş verən bədbəxtliyə rəğmən kefini pozmayan, təmkinli, bir az da vecsiz həkim obrazı ilə üst-üstə düşür. Mariya Dubovitskaya gənc olması ilə yanaşı, gəncliyin gətirdiyi emosionallıqla hərəkət edir. Masanın üzərinə çıxaraq özünü ordan atmaq, az qala uçmaq istəyən aktrisa bir anlıq da olsa tamaşaçıları bu həqiqətə inandırır.

Kralı heçnəsiz, hər şeyini itirmiş qoca kimi sevən Cülyetta rolunu ifa edərkən Həcər Ağayeva iki saat boyunca yaşlı, qozbel qarı obrazını yaratmağa nail olur. Aktrisanın tamaşa boyu bədən əzalarını yorulmadan, məharətlə idarə edə bilməsi alqışa layiqdir. İlk səhnə təcrübəsini yaşayan Natiq Hüseynov, yəqin ki, elə ilk təcrübədən hansı sehrli aləmə düşdüyünün fərqindədir. O öz rolunu təyin olunmuş formada yerinə yetirməyə nail olur.

Gül-çiçəklər təqdim olunur, pərdələr qapanır, qrimlər silinir, tərdən bədənə yapışan səhnə libasları gündəlik geyimlərlə əvəz olunur. Soyuq noyabr gecəsində hər kəs həmin tamaşadan özünə düşən yaddaş payını götürüb evinə yollanır. Xəyallarda yeni bir obraz, ölmək istəməyən insan, ölən kral obrazı yaranır. Yaddaşlarda isə ölməyən sənətkar, master sevgisi daha da doğmalaşıb, dərinləşir.

Bizim payımıza düşən isə yazmaq yox, sözlə boğuşmaq, onları bir-bir seçib, cilalayıb yazıya düzməkdir. Bu yazı həm də heç zaman ölməyən sənət kralının, xalq artisti Fəxrəddin Manafovun yaradıcılığına kiçicik ithafdır. Bir-birini qovalayan, insanın qocalmasına xidmət edən amansız illərin acığına o, bu gün də bizim gəncliyimizdir!

 

Noyabr 2018

Samirə ƏŞRƏF

 

Ədəbiyyat qəzeti.- 2018.- 17 noyabr.- S.28-29.