Axır ki, öldüm,
ay bala...
Xatirə-esse
Hər evdə
qədimlikdən bir nişanə olur. Bizimkində dəmir
çarpayıydı. Bəlkə də, əllini çoxdan arxada qoymuşdu; ailə
üzvlərimizin hamısının
canında onun rahatlığı vardı.
Yatacaq toru o qədər yumşalmışdı ki,
üstünə uzanan
kimi sallanıb yerlə bir olurdu. Elm göstərdi
ki, gərək bərk yerdə yatasan, radikulitə tutulmayasan. Buna görə də sonralar dəmir çarpayıyla birdəfəlik
xudahafizləşdim. Axır-axırda çarpayı qaldı anamıza. Hərəmiz
bir yana
dağılıb, sonra
da Bakıya yığılandan sonra kənd evimizin yeganə sakini anamız olmuşdu. Deyirdi, bu evə gəlin
gələndə də
təklik düşmüşdü
qismətimə. Onda ürəyim
doluydu, bilirdim ki, canımdan, qanımdan olanlar yan-yörəmi basacaq, mən də darıxmayacağam. Amma
indi bir gözləməm var, iraq sizdən,
o da ölümdü.
Bizim də kənd evimizdən ötrü darıxmaq hissimiz, gizli deyil ki, itib
getmişdi. Hərdən bir-iki günlüyə
qonağı olurduq.
Yerimizi isitməmiş də qayıdıb qaçırdıq
Bakıya.
Özünə qol-qanad bildiyi övladları anamızı
tək qoyandan sonra onun da
işi-gücü darıxmaq
olardı, qorxmaq olardı, sonu bir yerə gedib
çıxmayan fikir-xəyal
olardı. Həmin bu əhval-ruhiyyə
üstdə köklənmiş
"Nənəm təkdi"
kitabım təzəcə
nəşr edilmişdi,
mərhum şairə
Ruhəngiz Əfəndiyeva
da bu kitabı
oxumuşdu. Dedi,
rayona getmişdim, atamsız-anamsız qalmış
həyətimizin yanından
keçəndə ürəyim
gəlmədi qapısını
açıb içəri
girim.
Bu etirafı qəlbimdə
məzəmmətlə qarşılamışdım;
necə yəni rayona gedəsən, böyüyüb boya-başa
çatdığın evə
girməyəsən, heç
ağlıma batmır.
Bir gün də mərhum Ruhəngiz xanımın dedikləri mənim başıma gəldi. Anam rəhmətə
gedəndən sonra həyətimizə yarıkönül
girsəm də, evimizin balkonuna qalxıb otaqlarının
qapısını açmağa
əlim gəlmədi.
Anamdan sonra bir dəfə
də olsun kənd evimizdə gecələmədim.
Lap cavan yaşlarından anamızın sinəsinə
övlad dağı çəkilmişdi; ortancıl
qardaşım Tofiq 19
yaşında həyatdan
köçmüş, kiçik
qardaşım Abdulbağı
maşın qəzasında
həlak olmuşdu.
Bu dərdlərlə baş-başa qalmış
anam dədə-baba evimizdə darıxmasın
deyə, sonbeşik qardaşımız Abdulbağının
cavanlıq şəklini
başının üstündən
asmışdı. Abdulbağı bu şəkli Bakıda - Buzovnada sanatoriyada çəkdirmişdi;
sarı-göyçək bir
oğlan idi rəhmətlik.
Orta məktəb direktoru Abdulbağını, sözünü
qaytardığına görə bərk döymüşdü. Uşaq xəstələnmişdi.
Sağalandan sonra Buzovnada
dincəlirdi. Anam
danışırdı ki,
getdim sanatoriyaya, bir qız məni
görən kimi qaçdı qabağıma:
- Ay xala, siz Abdulbağının
anasısınız?!
- Hə, ay bala! Nə olub ki?
- Ay xala, acıqlanın da ona.
- Niyə, ay qızım?
- Mənə sataşır.
- Yanuyu çimdikləyir, nədi?!
- Yox, ey, harda
görür, deyir, gülüşüyü yeyim!
Anam deyirdi, gülmək tutdu məni, özümü güclə
saxladım:
- Nə olar, ay qızım, pis söz demir ki?!
- Necə yəni pis söz demir?!
- Pis sözdüsə, sən də ona de!
- Bıy, nə danışır a... bu arvad?! Elə oğlun onu istəyir də...
Anam rəhmətə
gedib canını təklikdən qurtarandan sonra Abdulbağının
şəkli qərib qalmışdı. Bir gecə arvad yuxuma girdi:
- Ay bala, Abdulbağı məndən yaman narazılıq eləyir!
- Niyə, ay ana?!
- Deyir, hardasan, ay arvad, evimizə niyə gəlmirsən?!
- Deyirəm, ölmüşəm,
ay bala!
- Allah eləməsin, ay arvad, bu nə sözdü?!
- Vallah,
düz sözümdü, ölmüşəm!
- Necə ölmüsən ki, Xəlsə qəbiristanlığında qəbrin
yoxdu?!
- Hardan olsun, ay bala, bacıların məni Bakıda dəfn etdirdilər! Guya vəsiyyət eləmişəmmiş.
Vallah, Tofiqdən ötrü, səndən ötrü ürəyim parçalanır.
Hamımız bir yerdə olsaydıq nə olardı!
- Ay ana, mən də
tək qalmışam,
ey!
- Niyə, ay bala, atan yanında, nənən yanında, qardaşın nakam Tofiq yanında, bir qızın, bir oğlun, hələ üzünü
görmədiyin nəvən,
iraq Qəşəm-Şəmdən,
balaca Tofiq...
- Ay ana, evimizdən danışıram!
- Ay bala, sən də ölmüsən axı!
- Nə olsun ölmüşəm,
bəs şəklim?!
Şəklim mən deyiləm,
kimdi bəs?! Hələ də xalçanın üstündə
asdığın yerdəyəm.
Üz-gözümün tozunu da silən yoxdu, ay ana. Hər gecə ruhum
gəlib oturur başımın üstündə.
Vallah, yanımda adam olsa,
danışaram.
Bilirsən gecələr necə
darıxıram?! Heç olmasa
ilin 7-8 ayını yanımda olurdun. Allahın ver günü mənimlə söhbət
eləyirdin. Tez-tez
damarı çıxmış
əllərinlə başıma
sığal çəkirdin,
soyuq dodaqlarınla üzümdən öpürdün,
işığı getmiş
gözlərinlə ağlayırdın:
"Ay Abdulbağı, - deyirdin,
- göz dəydi sənə, vallah, ay bala!".
- Can, oğul!
- Ay ana, bu həyətin
üstündə qonum-qonşuyla
üz-göz olduğun
yadındadır?!
- Sataşırdılar mənə,
ay bala - açıb
mal-qaranı buraxırdılar
qapıma!
- Ay arvad, hələ də sataşırdılar,
deyirsən. Gəl gör indi nə gündədir həyət-bacan. Gecələr
az qalır
ürəyim partlaya. Qonum-qonşunun it-pişiyi həyət-bacada
dolub-daşır. Ara xəlvət
olanda, lap Gülöyşənin
yurdu kimi tülkü də soxur özünü bura. Gündüzlər isə örüşdən
qalan qoyun-quzu, at-eşşək, mal-qara bağ-bağçamızdan yığışmır.
Yadıma sənin çığırıb kəndi
başına götürdüyün
günlər düşür,
ay ana! Lap nahaqdan
ürəyini partladırdın
ki, kəndin mal-qarası çəpəri
basıb, keçib həyətə.
- Düz deyirsən, ay bala!
- Mən də artıq burda tək qala bilmirəm.
Oğlum
Elnur gəlsəydi məni də götürüb aparardı
Bakıya. Balalarım ordadır.
Burda tək-tənha üşənə-üşənə
qalmışam, vallah?!
Canım
yox, həyət-bacanı
sahmana salım, səsim yox, qurdu-quşu hürküdüm.
Elə bilirəm iki qəbrim var Xəlsədə, biri qəbiristanlıqda, biri də evimizdə...
Abdulbağı maşın qəzasına
düşəndə 43 yaşındaydı,
anamız isə 66 yaşın içindəydi. Ortancıl qardşım
Tofiq rəhmətə
gedəndə, gecə-gündüz
dil deyib, ağlayırdı. Bir dəfə
böyük şair Səməd Vurğundan danışırdım. Həyatdan
vaxtsız - 50 yaşında
getdiyinə təəssüf
eləyəndə, anam
məzəmmətlə dilləndi:
- Yazıq balam Tofiq 19 yaşında getdi...
Abdulbağı həlak olanda isə anam həyata
müdrik baxırdı. Nə dil deyib ağlaya
bilirdi, nə də üzünü cırıb, göz yaşları tökməyi
vardı... Elə danışırdı Abdulbağıdan. Hərdən də narazı danışırdı. Hətta
bir dəfə sözümüz çəp
gəldi:
- Ay arvad, ölüb ey Abdulbağı, day dirilməyəcək!
Elə cavab verdi,
matım-qutum qurudu:
- Ölüb ölüb də, Allah rəhmət eləsin, mən ölməcəm?! Maşın nəyinə
lazım idi onun?! Arvadı mindirib Daşkəsən,
Sumqayıt deyə bir gedirdi. Yaxşı sürə də bilmirdi; kənddə arxa düşəndə gərək sataydı mirətə qalmışı.
Başımıza bu zülm də gəlməzdi...
Anamı yuxuda görəndən sonra Elnura dedim, get Xəlsədən atanın şəklini gətir, as evinizin divarından! Elnur da iki gün sonra gedib şəkli gətirdi. Həmin gecə ürəyim təzəcə uymuşdu ki, anam gəlib durdu qabağımda:
- Ay bala, Abdulbağı, bilirsən nə sevinir?! Deyir, ay ana, Allah qardaşımı
minbudağ eləsin, indi lap rahat olmuşam. Evimizdəyəm. Balalarım gəlir, üzümə
baxır, nəvələrim
gəlir, mənimlə
danışır. Balaca
Qəşəm-Şəm, Allah pis gözdən saxlasın, o günü şəklimin qabağında
dayanıb, gör nə deyir: "Salam, ay baba! Bax, bu oğlan
- yanındakı uşağı
göstərir, - Kəbirə
xalamın oğludu, o
da sənin nəvəndi. Bilirsən adı
nədi?! Elgün. Ay baba, dost olmuşam Elgünlə, day savaşmırıq.
Ay kişi, niyə içib minirdin maşına?! Bax, babama demişəm, Qiyamət günündə
sən diriləndə
qoymasın səni içməyə. İçsən,
maşının açarını
alsın əlindən!". -Ay bala, - anam fərəhlə danışdı, - il yarım idi haqdı adım ölüydü, Allaha and olsun, can verirdim. Abdulbağıdan bərk nigaran
qalmışdım. Day
balam da arvad-uşağının gözü
qabağındadır. Allah sizi saxlasın.
Mən də rahat oldum.
Yuxuna girməsəm, nigaran qalma - axır ki, öldüm,
ay bala!
Qəşəm İsabəyli
Ədəbiyyat qəzeti.- 2018.- 17
noyabr.- S.29.