Səbirsiz ürək...

 

Romandan parça

 

Əsasən qısa novella və tarixi-bioqrafik oçerklər müəllifi kimi tanınan Stefan Sveyq (1881-1942) həm də iki roman müəllifidir. Bunlardan biri 1938-ci ildə yazdığı "Səbirsiz ürək" romanıdır. İkinci romanı "Kristina" isə natamam qalıb və ölümündən qırx il sonra, 1982-ci ildə çap edilib. "Səbirsiz ürək" romanından bir parçanı təqdim edirəm.

 

"Çünki kim sahibdirsə, ona da veriləcək". - İstənilən yazıçı Müdriklik Kitabındakı bu sözləri özünə tətbiq edib düzlüyünü səmim-qəlbdən təsdiqləyə bilər: kim çox danışırsa, ona da çox danışacaqlar. Yazıçıların yazdığı əhvalatları özlərindən uydurduqları haqqında səhv fikir formalaşıb, əlbəttə ki, bu, həqiqətdən uzaqdır. Əslinə qalanda, hadisələri və obrazları uydurmaqdansa, onların görüşünə getmək lazımdır, əgər yazıçı müşahidə etmək və dinləmək qabiliyyətini itirməyibsə, onda obrazların və  hadisələrin öz hekayəçilərini axtardıqlarını görəcək. İnsan talelərini yazanlara çox adam öz həyatını danışmağa hazırdır.

Yazacağım əhvalatı mənə danışıblar, özü də gözlənilmədən, indi isə mən onu kiçik dəyişikliklərlə sizə çatdıracağam.

Axırıncı dəfə Venaya gələndə işin çoxluğundan usanmış halda şəhərətrafı restoranlardan birinə getdim, buraların artıq dəbdən düşdüyünü və az adam olacağını güman edirdim. Amma zala girən kimi zənnimin məni aldatdığını gördüm. Elə birinci stolda tanıdığım bir nəfər oturmuşdu, məni görən kimi ayağa durub bütün hərəkətləriylə səmim-qəlbdən sevindiyini göstərdi və məni öz stoluna dəvət elədi. Təəssüf ki, onun sevincini bölüşmürdüm. Bu adamın xoşagəlməz, sırtıq adam olduğunu demək düzgün olmaz, amma bu elə adamlardan idi ki, çox dost qazanmağa çalışır və marka kolleksiyası yığan uşaqlar kimi öz kolleksiyasının hər ekzemplyarı ilə fəxr edirdi.

Özü işgüzar və savadlı arxivarius idi, amma dediyim kimi, öz kolleksiyasına müxtəlif adamları toplamağı xoşlayırdı və hardasa kiminləsə söhbət edəndə və ya hansısa qəzetdə kiminsə haqqında yazı çap olunanda o adamı tanıdığını deməkdən, "O mənim yaxın dostumdur," və ya: "Onunla elə dünən görüşmüşəm," "Mənim dostum A. deyir, başqa dostum B. isə güman edir..." kimi replikalar atmaqdan həzz alırdı. Tanış aktyorlar həmişə onun alqışına bel bağlaya bilərdilər, tanış aktrisalara hər premyeranın səhəri zəng eləyib onları təbrik edirdi, heç kimin doğum gününü yadından çıxarmırdı. Özünə görə yaxşı adam idi, çünki bütün bunları təmiz ürəklə edirdi və əgər kimsə ondan nəsə - lap elə çox cüzi bir şey olsun - xahiş edəndə və ya hansısa tanışı onun kolleksiyasına təzə ekzemplyar əlavə edəndə ürəkdən sevinirdi.

Bu adamı ətraflı təsvir etməyə ehtiyac yoxdur, hamımız belə adamları görmüşük və onların ziyansız, eyni zamanda, bir az da sırtıq diqqətlərindən ancaq kobudluqla can qurtarmaq mümkün olduğunu hamımız bilirik. Beləliklə, taleyimə boyun əyib onun stolunda oturdum. On beş dəqiqə keçməmiş zala hündürboylu, qırmızıyanaqlı, birçəkləri ağarmağa başlamış cənab daxil oldu, baxan kimi onun keçmiş zabit olduğu bilinirdi. Mənim tanışım onu görən kimi yerindən durub təzim etdi, onu hərarətlə salamladı, cənab isə salamı bezgin nəzərlərlə aldı. Cənab oturub sifariş verməyə macal tapmamış, tanışım mənə tərəf əyilib yavaşdan soruşdu:

- Onu tanıyırsınız?

Tanışımın bütün ekzemplyarları ilə qürurlandığını və hamısı haqda ağızdolusu danışdığını bildiyimdən, özümü çox da maraqlanmış kimi göstərməmək üçün soyuq tərzdə "yox" dedim və tortu yeməyə davam etdim. Tanışım bundan xeyli təəccübləndi, bir az da əyilib əlini ağzının üstünə qoydu və pıçıldadı:

- Bu baş intendantlıqdakı Qofmillerdir, yadınızda olar, müharibədə Mariya-Tereza ordeni almışdı.

Bu haqda məlumatım olmadığını deyəndə tanışım rotmistr Qofmiller haqqında danışmağa başladı, hərbdəki şücaətlərini bircə-bircə saydı, Pyavedəki hava hücumunda təkbaşına üç düşmən təyyarəsini vurmağını xüsusilə vurğuladı. Əlbəttə ki, hamısını ətraflı danışırdı, təfərrüatları burda buraxıram, eyni zamanda, imperator Karlın şəxsən Avstriyanın ən yüksək hərbi mükafatı ilə təltif etdiyi bu görkəmli cənab haqqında heç vaxt eşitmədiyimə təəccübləndiyini dəqiqəbaşı təkrarlayırdı.

Mən də təsir altına düşüb qonşu stola tərəf boylandım ki, ikimetrlik məsafədən tarix tərəfindən seçilmiş qəhrəmanı görüm. Amma mən kəskin, narazı baxışlarla qarşılaşdım, o, elə bil demək istəyirdi: "Bu tip mənim haqqımda danışır? Mənə baxmaq lazım deyil". Və rotmistr narazılığını gizlətməyərək kəskin hərəkətlə stulunun yerini dəyişib kürəyi bizə tərəf oturdu. Bir az utandım və daha gözümün ucuyla da ona tərəf baxmamağa çalışdım. Tezliklə yanımdakı qeybətçidən canımı qurtara bildim. Çıxışda həmsöhbətimin artıq bayaqdan danışdığı qəhrəmanın stoluna keçdiyini gördüm, deyəsən, ona da mənim haqqımda danışmaq üçün tələsirdi.

Elə bu. Yəqin ki, tezliklə bu ani baxışmanı unudacaqdım, amma qismət elə gətirdi ki, sabahı gün kiçik bir yığıncaqda rotmistrlə üzbəüz oturmalı oldum. Smokində o, daha yaraşıqlı və daha səliqəli görünürdü. Bir-birimizi tanıyan kimi təbəssümümüzü boğmağa çalışdıq, elə bil hansısa işdə əlbir olmuşduq və bu sirri başqalarından gizlədirdik. Çox güman ki, dünənki hadisə hər ikimizi eyni dərəcədə həm əsəbiləşdirirdi, həm də əyləndirirdi. Əvvəlcə bir-birimizlə danışmamağa çalışırdıq, amma bu mümkün olmayacaqdı, çünki ortada mübahisə gedirdi.

Əgər mübahisənin 1938-ci ildə baş verdiyini qeyd etsəm, onda mübahisə mövzusunun nə olduğunu təxmin etmək elə də çətin olmaz. 1938-ci ildə demək olar ki, bütün mübahisələrin mövzusu - qorxmuş Avropamızın hansı ölkəsinə getməyindən asılı olmayaraq - müharibə idi: görəsən, yenə müharibə olacaq, yoxsa yox? İnsanlar hər görüşdə yorulmadan, usanmadan bunu müzakirə edirdilər, elə bil onlar özləri qorxularını ört-basdır etmək üçün bu haqda danışmırdılar, şərait özü onları danışmağa məcbur edirdi.

Mübahisəni ev sahibi başladı, özü vəkil idi və mübahisə etməyi xoşlayırdı.

O, hamıya məlum olan arqumentlərlə hamıya məlum olan sarsaqlamanı sübut etməyə çalışırdı, deyirdi ki, bizim nəsil artıq bir müharibədən keçib, ikinciyə heç cür imkan verməyəcək, çünki təzədən müharibə olsa, onları nələrin gözlədiyini kim bilməsə də, onun timsalında köhnə hərbçilər yaxşı bilir.

Yüzlərlə, minlərlə fabrikin partlayıcı maddə, zəhərli qaz istehsal etdiyi vaxt, ev sahibi çox rahatlıqla təzə müharibə versiyasını rədd edirdi, elə bil siqaretinin külünü çırpırdı.

Onun danışığı məni özümdən çıxartdı. Qətiyyətlə etiraz edib dedim ki, arzulananı həqiqət kimi qəbul etmək lazım deyil. Biz özümüzü illüziyalarla aldatdığımız vaxt, şərait və hərbi maşını idarə edən quruluş öz işindədir, o, altdan-altdan hazırlığını edir və günlərin bir günü radiodan səfərbərlik elan olunsa, heç bir etirazdan söhbət gedə bilməz. İnsan sadəcə qum dənəsidir və onu heç kim saymır.

Əlbəttə ki, mənə etiraz etdilər, çünki insanlar özlərini sakitləşdirməyə meyillidir, onlar təhlükə qorxusunu dəf etmək üçün, o təhlükənin, ümumiyyətlə, olmadığını deyirlər. Bundan başqa, bizi qonşu otaqda zövqlə bəzədilmiş stol gözləyirdi, belə olan halda mənim səmimi fikirlərimin heç bir əhəmiyyəti yox idi.

Bu vaxt gözlənilmədən Mariya-Tereza ordeninin kavaleri, rotmistr mənim tərəfimi tutdu, amma mən onu öz əleyhdarım hesab edirdim:

- İndi insanların istəklərini və arzularını hesaba almaq, - o qızğınlıqla danışmağa başladı, - tamamilə absurddur. Çünki gözlənilən müharibədə aparıcı qüvvə maşınlar olacaq və insanlar maşınlara tabe olacaq. Keçən müharibədə, cəbhədə müharibəni sözsüz qəbul edən və ya sözsüz inkar edən adamları çox nadirən görürdüm. Əksriyyətimiz küləyin qovduğu toz-torpaq kimi idik. Və zənnimcə, həyatdan qaçdığı üçün müharibəyə gələnlər, müharibədən qaçanlardan daha çox idi.

Heyrətlə ona qulaq asırdım, məni ən çox onun qızğınlığı heyran etmişdi.

- Özümüzü aldatmayaq. Elə bu gün hansısa ekzotik müharibəyə könüllü qəbulu başlasın, - tutaq ki, müharibə Polineziyadadır, ya da Afrikanın harasındasa, - minlərlə, on minlərlə könüllü tapılacaq, onlar heç özləri də bilmirlər nə üçün gələcəklər, ola bilsin özləri özlərindən qaçmaq üçün, ya da sevincsiz həyatdan qurtulmaq üçün. Müharibəyə etiraz etmək versiyasını sıfırdan bir az yuxarı qiymətləndirirəm. Böyük bir quruluşa təkbaşına etiraz etmək üçün, axına qarşı üzməyə hazır olmaqdan daha çox şey lazımdır, bunun üçün adamda xüsusi cəsarət olmalıdır. Amma bizim əsrimiz mexanizasiya əsridir və bu da cəsarəti öldürür. Müharibədə cəsarətin nədən qaynaqlandığını görmüşəm, o, daha çox ağılsızlıqdan və darıxmaqdan qaynaqlanır, amma ən çox qorxudan qaynaqlanır! Hə, hə! Dala qalmaqdan qorxmaq, gülməli vəziyyətə düşməkdən qorxmaq, təkbaşına hərəkət etməkdən qorxmaq, ən əsası da ümumi hərəkata qarşı gəlməkdən qorxmaq. Cəbhədə qəhrəman hesab olunanlardan bəzilərini sonralar mülki həyatda da gördüm və onların həqiqətən qəhrəman olmaqlarına şübhəm yarandı. Xahiş edirəm, - deyə o, nəzakətlə ev sahibinə müraciət etdi, - özüm üçün ayrıcalıq etdiyimi fikirləşməyin.

Onun danışmağı xoşuma gəldi, ona yaxınlaşmaq istəyəndə ev sahibəsi bizi stol arxasına dəvət etdi və bizi bir-birimizdən uzaq oturtduqları üçün nahar vaxtı danışa bilmədik. Getməyə hazırlaşanda qapının ağzında görüşdük.

- Zənnimcə, - o gülümsəyib dedi, - bizim ümumi tanışımız artıq bizi tanış eləyib.

Mən də gülümsədim:

- Özü də ətraflı surətdə.

- Çox güman ki, məni Axilles kimi təsvir eləyib və ordenimlə qürurlanıb, elədir?

- Hə, elə bir şey idi.

- O, bununla qürurlanmağı xoşlayır, eynən sizin kitablarla qürurlandığı kimi.

- Sarsaq adamdır! Amma daha pisləri də olur. Etiraz etmirsinizsə, bir az gəzişərdik.

Biz çıxdıq. Bir neçə addımdan sonra o danışmağa başladı:

- Elə bilməyin ki, oyunbazlıq edirəm, amma mənə indiyəcən Mariya-Tereza ordeni qədər heç nə mane olmayıb. Yaman gözə girir. Əlbəttə, düzünü deyim ki, cəbhədə ordeni mənim sinəmə taxanda başım fırlanmışdı. Əgər səni əsgər kimi tərbiyə ediblərsə və elə təhsil illərindən hər müharibədə olsa-olsa beş-on nəfərə verilən bu əfsanəvi orden haqqında eşitmisənsə, onda o sənin üçün elə göydən düşən ulduz timsalında olur. Hə, iyirmi səkkiz yaşlı oğlan üçün bunun mənası böyükdür. Siz bir təsəvvür eləyin: sıranın qabağında dayanmısan, hamı sinəndə balaca, günəş kimi parıldayan ordenə həsədlə baxır, imperator həzrətləri özü sənin əlini sıxıb təbrik eləyir! Amma bu mükafatın ancaq hərbi həyatda mənası var. Müharibə qurtarandan sonrasa qəhrəman kimi gəzmək mənə gülməli gəldi, mənim, sadəcə, bəxtim gətirmişdi, müharibənin cəmisi iyirmi dəqiqəsi ərzində cəsarət göstərmişdim, orda minlərlə mənim qədər cəsarətli adam vardı, amma mənim bəxtim gətirdi, mən seçildim və ən maraqlısı, sağ qaldım. Artıq bir ildən sonra adamların sinəmdəki dəmir parçasına görə mənə hörmət etməkləri məni bezdirdi, özümü gəzən abidə kimi hiss edirdim, hamı mənə qulluq etməyə çalışırdı, buna görə də müharibədən bir az sonra ordudan tərxis olundum, səbəblərdən biri orden idi.

O, addımlarını bir az yeyinlətdi:

- Səbəblərdən biri orden idi dedim, başqa səbəb də vardı, o, şəxsi səbəbdir və məncə, o sizə daha maraqlı gələr. Ən əsası odur ki, qəhrəman adlandırılmağa haqqım olduğuna şübhə edirəm, daha doğrusu, qəhrəman olduğuma şübhə edirəm. Özümü hamıdan yaxşı tanıyıram və bilirəm ki, qəhrəman maskasının altında tamam başqa adam dayanıb, mənim kimiləri müharibəyə vətəni sevdiyi üçün getməyib, məsuliyyətdən qaçmaq istədiyi üçün gedib. Bilmirəm siz nə fikirləşəcəksiniz, amma şəxsən mən, hər gün mundir geyinib qəhrəman obrazı yaratmaqdan canımı qurtardığım üçün çox xoşbəxtəm. Günü bu gün də kimsə məni qəhrəman kimi qələmə verəndə hirslənirəm, açığı, dünən sizin stola gəlib o çərənçini söyməkdən özümü güclə saxladım. Mənə hörmətlə baxmağınız bütün gecəni mənə rahatlıq vermədi, çox istədim gəlib sizə həqiqəti danışım, qəhrəmanlığa hansı əyri yollarla gəldiyimi biləsiniz. Bu bir az qəribə əhvalatdır. Mən onu sizə danışa bilərəm. Vaxtınız var? Sizi darıxdırmaram?

Əlbəttə ki, vaxtım vardı. O gecə boş küçələrdə xeyli gəzişdik. Növbəti günlərdə də görüşdük.

Onun danışdığı hekayəni yazanda bəzi rütbələri dəyişdirdim, qarnizonların yerlərini başqa yerə köçürdüm və əlbəttə ki, adları olduğu kimi yazmadım. Amma hekayəyə qətiyyən toxunmamışam, onu olduğu kimi yazıram. Beləliklə, söz qəhrəmanımındır.

 

Stefan Sveyq

 

Tərcümə etdi:

Həmid Piriyev

 

Ədəbiyyat qəzeti.- 2018.- 17 noyabr.- S.30.