Bir neçə göz yaşı öncə..

 

... Sərilmişdim qollarının bəyaz qumlarına.... Bunu yazan gənc şair dostum Tural Muxtarı lap körpəliyindən tanıyıram (Məsələyə az aidiyyatı olsa da, deyim ki, tələbə yoldaşım Natiq Muxtarlının oğludur).

Elə o zaman da uşaq yaşantıları fərqli idi. Kim bilir, bəlkə də gələcəkdə fərqli düşüncələri olan bir şair olacağının işartıları idi.

Bəlkə insan fani dünyaya gələndə solğun bənizini və ya daimi gülər üzünü özü ilə gətirir, sonradan heç nə qazanılmır. Bəlkə də bunu ancaq şairlər hiss edirlər... Turalın təbirincə desək:

 

Sən solğun gəlibsən, fani dünyaya,

Səni insan dərdi soldura bilməz.

 

Turalın şeirlərində zaman, məkan məfhumları da sanki bildiyimiz anlamlarda deyil. Sərlövhəyə çıxardığımız BİR NEÇƏ GÖZ YAŞI ÖNCƏ misrası kimi... Başqa bir şeirində

 

Bir şeirlik ömürün qaldı sənin

Bəlkə bir sətir, bir cümlə, bir söz

Sən bitəcəksən.

Sən oxunub silinib gedəcəksən, - deyir.

 

Elə bilirəm ki, “Bir şeirlik ömürün qaldı sənin deyən 17 yaşlı Tural Muxtar elə bu kimi uğurlu misraları, şeirləri ilə şair həyatının bir şeirlik olmayacağının fərqindədir.

Uşaq saflığı, uşaq ruhu üstüdədir sanki Turalın. Amma düşüncələri fərqli:

 

Ayağıyalın uşaq kimi,

Bir qapı arxasında, döyəcləyirəm,

Xoşbəxtliyin eşiyində.

 

Vasif SÜLEYMAN

 

Ədəbiyyat qəzeti.- 2018.- 17 noyabr.- S.31.