Mingəçevirdə poeziya gecəsi

 

Bu günlərdə Mingəçevirə şəhər status verilməsinin 70 illiyinə həsr olunmuş “SƏNİ TƏRƏNNÜM EDİRƏM GÖZƏL MİNGƏÇEVİRİM” adlı poeziya gecəsi keçirilmişdir.

Mingəçevir şəhər İcra Hakimiyyətinin təşəbbüsü, təşkilatçılığı və dəstəyi ilə Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin və Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir nümayəndəliyinin Mingəçevirə şəhər status verilməsinin 70 illiyinə həsr olunmuş  “SƏNİ TƏRƏNNÜM  EDİRƏM GÖZƏL MİNGƏÇEVİRİM” adlı poeziya gecəsi keçirilmişdir. Şəhər ictimaiyyəti nümayəndələrinin, yazarların və tələbə gənclərin qatıldıqları sözlü-nəğməli poeziya gecəsinin aparıcısı Azərbaycan Yazıçılar Birliyi Mingəcevir bölməsinin sədri İsmayıl İmanzadə tədbir iştirakçılarını salamlamışdır.

          Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən I müavin İlham İsmayılov çıxış edərək illər öncəsi şəhərin quruculuğunda fədəkar əməkləri ilə hamının hörmətini qazanan insanlardan ehtiram hissiylə söz açmış, son on dörd ildən bəri ulu öndərimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən ölkə rəhbəri İlham Əliyevin Mingəçevirə onun qədirbilən sakinlərinə  diqqət və qayğısının ən bariz şəkildə ifadə edən tapşırıqlarına əməl etməklə şəhərdə aparılan tikinti-quruculuq işləri sayəsində yaşayış evlərində, inzibati binalarda aparılan yenidənqurmanın uğurlu nəticəsi olaraq nur timsallı bu yaşayış məskənini füsunkar görkəm aldığını, bir sıra yeni sənaye müəssisələrinin, o cümlədən “Asan xidmət”in tikilib istifadəyə verildiyini fərəh hissiylə qeyd etmişdir. Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin də fəaliyyətini yüksək qiymətləndirən, “Bənövşə” jurnalının yazarlara söz sovqatı olduğunu, son beş il ərzində bölmənin xəttiylə üç almaxaxın nəşr edildiyini vurğulayan şəhər rəsmisi 70 yaşlı doğma şəhərimizin ad gününü bayram əhval-ruhiyyəsi ilə qarşılayan şəhər sakinlərinə və sözün işığında bir araya gələn yazarlara uğurlar arzulamışdır.

   Poeziya gecəsinə qonaq qismində qatılan Azərbaycan Yazıçılar Birliyinin Gəncəbasar və Ağdaş filiallarının sədrləri Xəzangül Hüseynova və Fəxrəddin Əsəd nur timsallı Mingəçevirin gözəlliklərindən bəhs etməklə, qələmə aldıqları şeirlərdən nümunələr söyləyərək hamıya unudulmaz anlar bəxş etmişlər.

     Mingəçevir Bələdiyyəsinin üzvü, Zahid Qasımlı, “Mingəçevir” qəzetinin baş redaktoru, yazıçı-publisist Misədi Daşdəmirov və şəhər İcra Hakimiyyətinin 1 saylı sahə inzibati-ərazi nümayəndəliyinin rəhbəri Rizvan Mikayıllı söz adamlarına yönəlik ehtiramlarını dilə gətirmiş, şəhərdə fədakar əməkləri ilə zaman-zaman tanınan insanların yad edilməsinin vacibliyini vurğulamış, hamıya xoş əhval-ruhiyyə bəxş edən sözlü-nəğməli gecələrin keçirilməsinin davamlı olmasını arzulamışlar.

   Sonda qonaqlar və yerli yazarlar təzədən bir araya gələrək xatirə şəkilləri çəkdirdilər.

 

Ədəbiyyat qəzeti.- 2018.- 17 noyabr.- S.32.