Xatın
Yastığımda boğuluram
Və içdiyim
bir içim suda.
Göz ilə işıq, bir araya gəlmədi,
Bu çənli şəhərimin
qalasında.
Oxşayıram, Babək qalasının xatınına oxşayıram.
Sən gələn gün qırmızı donumu geyəcəyəm
Və uzun-uzun saçlarım,
Ayağının altına sərəcəyəm.
Qaralığından qorxma,
Sən gələnədək
ağaracaqlar.
Üzünə heç toz qondurma!
Bütün körpələri əmizdirmişəm
Şərab küplərin yerə
quylamışam
Söz salxımların ürəyimdən
aslamışam
Ağlasam da, gizlicə ağlamışam.
Baxsan görərsən, yenidən
gəlin olub
Qalanın qıvrım pillələrindən
Yenərək səmaya boylanıram,
Qollarımı elə boynuna sala bilərəm ki!..
Sevinc
Gələcəksən gəlişinlə
gülüş ol qaş-qabağımda,
Baxacaqsan baxışınla, yaş
axıt göz bulağımda.
Bir ömür həsrəti çəkdim buna dəysin görüşün
də
Öpəcəksən elə öp ki, yeri
qalsın yanağımda!
Deyəcəksən elə söz de, yazıla baş varağımda,
Dayaq olsun, haça ol sən, dolu barlı budağımda.
Elə çal saz ki, çaxır tək calanım mən çanağımda,
İçmədən sərxoş olummu, ələnə söz dodağımda.
Dindirirsən elə dindir, dadı qalsın damağımda,
Öldürürsən elə öldür, axa ulduz sorağımda.
Nur olursan elə parla, işıq ol yol çırağımda,
Yanacaqsan elə yan ki,
közü qalsın qucağımda.
Mən də səndən od alım
kaş, yanım öylə kül olum kaş,
Sal qorun küllü
bu canə, alov olsun qalağımda.
Gedəcəksən elə get, qoy sözün olsun həyatımda,
Səsi cingildəsin ömrüm nə qədər var qulağımda.
Görməyəndə səni hər an, baxışın
da gülüşün
də
Tikilə göz qabağında, yaşayam xoş bayağımda.
İpəyim səndə toxunsun,
sevgiyə, eşqə
bürünsün,
Sözüm eşqinlə geyinsin,
yaşayım söz sayağımda...
Apaydın bir gecədir səni sevmək
Sənsiz
erkənə varmaram
Özündə durğun bu qatran gecədən.
Kor şansın düz orta planlarındayam
Və hardasa yel, ətəkliyini
deyil,
Ətəkliyin yeli götürüb gedir.
Götürülüb gedilirəm sənsizcə səssizcə
Götürüb gedir məni bir tor ətəkli
Qızılca naxışlandığı günə
baxan zəmisinə.
Səsimdən sarı boyanar,
Sarı
boyayar səsimi
O günə baxan zəmisi.
İçimdən atlanıb gələr
sonra
Qaranlıq bir labirintə çəkər səni soluğum.
Soluğumda Savalanın som suları
Suların qaynarcasında
Barmaqlarımın ucunu yuxu görər
Bir zəmi qapısızlığı
Və qulağımda
Günəşin qan qalağı sözcükləri.
Yalvararam,
yaxararam,
Günəş öz ödündə
doğmaz günə baxan zəmisinə,
Oysa sevdiyim bir günə
baxanımsan, xanımsan!..
Gül üzünü
gün üzünə
çıxarmağımı istərsən.
Nəsə bir söz deməzsən ki,
Yüklərsən yüklənib durar
ürəyimdə uzaqdan
Qanqalağımı götürər
sözcüklərin
Gecəmdən qana boyanar
Qana boyayar gecəmi ulduzlar.
Ətəkliyindən sayrışar gecəmin ulduzları
Hankısı mənim ulduzum,
bilinməz ki,
Şansımsa Kişlovskinin kor şansı.
Bunla belə,
Ətəklikdən köynəyə
bir çağrışım
var
Zəmidən Günəşə yaxın
bir cığır.
Erkənə varmasam belə apaydın bir gecədir
İkimiz
bir köynəkdə
Yaxası dar.
Apaydın bir gecədir səni sevmək!..
Fərənək Fərid İpək
Tərcümə etdi:
Esmira Fuad
Ədəbiyyat qəzeti.- 2018.-
17 noyabr.- S.32.