Hörmətli Azər Turan!

 

Əslən kərküklü olan, hazırda İstanbulda çap olunan "Qardaşlıq" dərgisinin redaktoru, uzun müddət İstanbulun məşhur Memar Sinan Universitetinin prorektoru işləmiş Prof.Dr. Suphi Saatçı "Füzulinin qəbirüstü abidəsi" adlı maraqlı yazı çap etdirmişdir (bax: "Türkman elmi" dərgisi, №5, Kərkük, 2017, s.6-8). Məqalə bizim üçün məlum olmayan faktlarla zəngindir. Füzulisevərlər unutmayıblar ki, 1985-ci il dekabrın 19-da Türkiyənin "Milliyyət" qəzetinin Bağdaddakı müxbiri Murat Bardaqçının qəzetdə çap etdirdiyi "Füzulinin məzarı yol oldu" məqaləsi qızğın mübahisəyə, söz-söhbətə səbəb oldu. İraq Türkman Partiyasının üzvü, İraqın hüdudları xaricində yaşayan Yunis Siddiq 24 iyul 1992-ci il tarixdə Azərbaycan Televiziyası ilə mübahisə doğuran çıxışında Füzulinin qəbrinin əvvəlki yerdə torpağın altında qalması nəşinin üstündən maşınların keçməsi barədə yanlış məlumat vermişdi. O, bilərəkdən Bardaqçının məqaləsində gedən gün kimi aydın həqiqəti danmışdı. Bardaqçı yazırdı: "Yaxın bir gələcəkdə Füzuli üçün yepyeni bir məzar yapacağız, kəmikləri (nəşi - Q.P.) mühafizə olunur".

Necə deyərlər, bir dəlinin quyuya atdığı daşı çıxarmaq üçün min ağıllı baş sındırmalı oldu.

Türkiyədə, İraqda Azərbaycanda məsələynən bağlı müxtəlif yazılar dərc edilməyə başladı. Türkiyənin mədəniyyət naziri Tasıoğlunun "Füzulinin kemikləri (nəşi - Q.P.) üçün rəsmi girişim" məqaləsi vəziyyəti daha da çətinləşdirdi. Şair-alim Qasım Qasımzadə ilə birgə "Füzulinin məzarı haqqında şayiə həqiqət" adlı məqaləm çıxdı (bax: "Mədəniyyət" qəzeti, 6.08.1992). Sonralar bu məsələyə mən yenidən qayıtmalı oldum. "Ədəbiyyat qəzeti"nin redaktorunun xahişi ilə "Şairin məzarı ilə bağlı həqiqətlər şayiələr" adlı məqalə yazdım (bax: "Ədəbiyyat qəzeti", 6.05.1994).

Məsələ o yerə çatdı ki, Füzulinin nəşinin Azərbaycana gətirilməsi barədə dövlət səviyyəsində fikirlər səsləndi. Yaxşı yadımdadır, Filarmoniyada Azərbaycan yazıçılarının qurultayı keçirilirdi. Moskvadan vətənə qayıtmış Heydər Əliyev qurultayımıza təşrif buyurmuşdu. Yerdən təklif edirdilər ki, Heydər Əliyev Rəyasət Heyətində otursun. Birliyin sədri Anar təkidlə onun Rəyasət Heyətinə gəlməsini istəsə , Heydər Əliyev gülə-gülə dedi ki, mən orada çox oturmuşam, bu gün buradan oranı müşahidə etmək istəyirəm.

Qurultayda Füzulinin nəşinin Azərbaycana gətirilməsi məsələsi qızğın müzakirəyə səbəb oldu. Hamı Heydər Əliyevin məsləhət verməsini xahiş etdi. Heydər Əliyev dedi ki, bunun bircə yolu var. Yazılı şəkildə dövlət başçısına müraciət edin, o da İraq rəhbərliyinə müraciət etsin. Müraciətin necə olması barədə, hərə bir fikir irəli sürdü. Ulu öndər yenidən işə qarışmalı oldu: "Belə şeyləri hamıdan yaxşı Teymur Əliyev (şair Teymur Elçin) bilir. Qoyun o, qısaca müraciət forması müraciət haqqında fikrini bildirsin".

Teymur müəllimin fikirləri hamı tərəfindən bəyənildi. Mən bunları ona görə yazıram ki, Prof.Dr. Suphi Saatçının Azərbaycanla bağlı fikirləri anlaşılsın.

Füzulinin nəşi ilə bağlı mübahisələrə son qoymaq üçün əlimizə şans 1994-cü ildə düşdü. Həmin ilin sentyabr ayında 128 nəfərdən ibarət nümayəndə heyəti Füzulinin 500 illik möhtəşəm yubiley şənliklərində iştirak etmək üçün İraqa gedəndə, Kərbəlada şairin nəşi saxlanılan İmam Hüseyn məscidini ziyarət etdik.

Şairin nəşi İmam Hüseyn məscidinin Qiblə girişindəki qədim əlyazmaları otağının girişində basdırılmışdır. Divarda ərəbcə yazılmışdır: "Şair Füzuli Bağdadi.

Füzuli Bağdadi adı ilə tanınan məşhur şair Məhəmməd bin Süleyman hicrətin 900-cü ilində ona nisbə vermiş ölkədə anadan olmuş yaşayıb-yaratmışdır. Bəziləri onun Başdadda, bəziləri Kərbəlada bəziləri Hillədə anadan olduğunu göstərirlər. Ən dəqiqi Bağdaddır (Güman ki, şairin Bağdadi nisbəsi bununla bağlıdır - Q.P.). O, Hicri 970-ci ildə vəfat etmişdir. Onun ərəb türk dillərində gözəl nəfis şeiriyyəti vardır (Füzulinin nəşi Qiblə girişində basdırılan vaxt İranla İraq müharibə vəziyyətində olduğundan şairin farsca şeirlər yazdığı göstərilməyib - Q.P.). O, azəri dilində danışırdı. Bu, türk ləhcələrindən biridir".

Onu da bilmək vacibdir ki, 1992-ci ildə Füzulinin yeni məqbərəsinin inşası üzrə Bağdadda 3 nəfərdən ibarət komissiya yaradılmışdı. Komissiyaya İraq Arxeoloji Qazıntılar Komitəsinin sədri Məhəmməd Həsən, Vəqflər Dəyanət Nazirliyinin Texnika Planlaşdırma İdarəsinin baş mühəndisi Tariq Əbdülhəlim Türkman Mədəniyyət Departamentinin müdiri, ədəbiyyatımızın dostu, BDU-nun fəxri doktoru Əbdüllətif Bəndəroğlu seçilmişdilər.

Təəssüf ki, blokada nəticəsində ağır vəziyyətə düşən İraq Füzulinin yeni məqbərəsinin inşasını da təxirə salmaq məcburiyyətində qalmışdı.

İraqın vəziyyəti o qədər ağırdır ki, onlar bu məsələyə çətin ki, bir qayıda bilsinlər. Odur ki, bu məqamdan fürsətdən istifadə edib İraq dövləti qarşısında məsələ qaldırıb şairin məqbərəsinin Azərbaycan tərəfdən inşasına icazə almaq olar.

 

Qəzənfər Paşayev

 

Ədəbiyyat qəzeti.- 2018.- 24 noyabr.- S.5.