Narıncı-mamırı...
Əshabi-Kəhfdən sonra...
Naxçıvan dəftəri
***
Heeeyyy...
***
Bilirsənmi hardayam, bilirsənmi necəyəm, ey Sevgili? İçimə çəkilib
gözlərimi yummuşam, əllərimi sənə
açmışam, ovcumda Ruh Bağından dərilmiş
acı badam meyvəsi...
***
Biz, haqsızlıqdan baş götürüb
qayaları sığınacaq etməyə gedən yeddi
mömin deyilik. Axşamın günəşi
üfüqə yolladığı vədəsində, nəfəsini
yavaş-yavaş, yaşıl-yaşıl içinə
çəkib sükutun narıncı-sarılığına
boyamaqda olan ağacların boy verdiyi hamar yolla qəfil
könlümüzə qonan bəxtin dalıyca
yollanmış üç dostuq. Arzu məndən səslənib,
hayına hay gəlib:
- Gedək...
- Gedək...
***
Çağırışım qayalara gedib qayıtmır. Qayalar
çağırışımı özünə
götürür... Qayalar... Narıncı-mamırı
qayalar... Qayalar səsimin dalıyca boylanırlar, uzaqlardan gəlmiş
adamın içini dəlib-keçir qayaların
narıncı-mamırı baxışları:
- Xoş
gəlmisən, ey yolçu...
...- Birdən səsinə səs gəlsə necə
olacaq? - soruşur dostlardan biri...
Demirəm,
səsimə səsin çoxdan gəldiyini, məni
dünyanın o başında tapdığını, səsimə
qatışdığını, səsimə əmanət
bir narıncı-mamırı təmizlik qoyub
qayıtdığını demirəm... Əmanətimi
qaytarmağa gəldiyimi də...
- Fikir
verirsiniz yuvalara? - dostlardan biri dillənir.
Pilləkən kənarı boyu düzülən
ağacların öy sinəsində yüzlərlə yuva
var... - İndiyədək fikir verməmişəmmiş...
Yuxarılara boylanıram. Mən həmişə bu yerlərdən
yuxarıda nə var deyə xəyal edirəm...
Ruhlardan
yuxarıda olacaq?.. Pillələrin
düz ortasında gənc ağac öz yerindədir. Mən bu ağacı sevirəm. Bu
ağac dünyada olan minlərlə tək ağacdan biridir.
Mən bütün tək ağaclar üçün
nigaranam...
Amma o salamatdır.
Burda
ağacları kəsmirlər...
Bu
torpaqlarda az qala bircə ağac
özbaşına bitmir, bəlkə, buna görədir?
Buraların insanları bütün ağacları əllərinin
içində bəsləyirlər, quyusunu qazırlar,
torpağını tökürlər, kökünü bərkidirlər,
suyunu verirlər, sonra da başına dolanırlar
ağacların... Bəlkə, bundandır, bu ağaclarda bunca
yuva olması... Quşlar ağaclara güvənirlər...
Ağaclar insanlara...
Ağacları
kəsilməyən torpaqların insanları
qarşısında başımı hörmətlə
aşağı əyirəm...
***
İzaq
minilliklərin o tayında bir səhərin toranından yeddi
yolçu sıyrıldı çıxdı...
Hansı
rəngə üz tutduqlarını bilmirəm...
Qayaların
sinəsində bir sığınacaq qapılarını
açıb dayanmışdı...
Qayalar o zaman nə rəngdə
görünürmüş səhər toranında görəsən? Amma indi deyirlər,
üç yüz doqquz il sonra o
yolçular oyananda günəş batmağa
yollanırmış...
***
Biz
qalxırıq, günəş gedir... Ətəyinin
qırmızımtıl kölgəsini yavaş-yavaş
çəkə-çəkə sürünüb kölgəmizi
əridib özünə götürüb... Günəş
kölgəmizi əridib, daş pillələr ayaq səsimizi...
Dayanıram,
dayanırlar, bilirlər nə olacaq...
-
Heeeyyy...
***
İbadətgahın
içindəki yaşıl ağacın başı
üstündə görünən bir parça qaralmaqda olan
səma parçasında yüzlərlə quş
çırpınır... Yüzlərlə quş
qanadının səsi yüzlərlə quşun səsinə
qarışıb xışım-xışım
xışıldayır...
Heç kim bilmir bunlar nə quşlarıdır...
"Ruh quşları" deyirəm, hamımız
razılaşırıq... Bir şeyin qoyulmuş adını
bilmirsənsə içindən gələn kimi adlandır...
Bura azadlığın astanasıdır, nədən çəkinəcəksən,
kimdən çəkinəcəksən...
***
Heç kim yoxdur, əl-ayaq çəkilib...
Gecikmiş sonuncu ziyarətçilər geri qayıdırlar...
Əvvəl iki kişi... Sonra üç
qadın, qadınlar örtünüblər,
çalmalanıblar, gizləniblər... Aşağıda,
qadın ziyarətçilər üçün qoyulmuş
örpəkləri xatırlayıram... Gülümsəyirəm...
***
Zaman
varmış, insanlar buralara pay-piyada yollanırmışlar...
Zaman varmış gün çıxırmış, gün
batırmış, günlər çəkirmiş qeyb olan
ruhların itib getdiyi yerə can atan ziyarətçilərin gəlib
buralara yetişməyi...
Hərə
bir arzuyla gəlirmiş, hərə bir ümidlə yol
alırmış...
Pillə-pillə
çıxdıqca yadıma salıram, bir zaman bu pillələr
də yoxmuş...
Deyirlər,
bərpa zamanı yolu buralarda kəsişən ziyarətçilər
hərəsi əlinə bir pillə daşı alıb
qaldırırmış... Bilirəm, niyə
ayaq səslərimiz çıxmır. Ayaqlarımız
toxunmur o pillələrə, biz ayağımızı o pillə-pillə
Tanrıya can atan arzuların üstünə toxundurmadan
keçib gedirik...
Görəsən, insanlar o zamanlarda nələr
arzulayırmışlar? Hansı diləklə sığınacaq
mağaranın bir küncündə yer edib göz
yaşı kimi bir damcılıq ümid gözləyirmişlər?
Nə üçün, nələr
üçün? İnsanlar niyə öz
qandallarını, zəncirlərini özləriylə
sürüyüb buracan gətirirmişlər?
Necə
keçirirmişlər o ağırlıqda yükü
günahsızlıq daşının içindən?..
Ağır
olmurmuş insanlara, bunca yüklə
ağırlaşmış, gücdən
düşmüş qanadlarını qayaları dəlib
düşən damcıların altına
çatdırmağa...
Narıncı-mamırı qayalar necə
dözürmüş bunca arzunun üst-üstə qalanan məşəqqətinə?
...-
Tanrı, mənə şəfa ver!
...-
Tanrı, balamı qoru!
...- Tanrı mənə var-dövlət yetir.
***
-
Heeeyyy...
Cavab gəlir...
Əmanətimi yerimə
çatdırmışam. Qarşı
qayaların dərinliyindəı bir güzgü
açılır. Güzgünün
üzündən örpək çəkilir, səsim
güzgünün sinəsinə düşüb udulur.
Udulduğu yerdə bir toxum qabığını çərtir,
çərtilmiş yerdən bir səs göyərir, səsin
təmizliyi narıncı-mamırların arasından
üzümə düşür:
-
Heeeyyy.... eeeyyy.... yyy....
Təbəssüm...
"Götür, get," - deyir minilliyin o tayındakı
canım, "götür get, səsini sənə
bağışladım, bir də gələsən deyə"...
Səsimi götürüb ovuclarımı göyə
açıram, bir ovuc "Heeyyy" havalanır səmanın
qaralmaqda olan köksünə... Hara səpələnər, səpələnər...
***
- Bax, -
deyirlər, - badamdır... Ovcumdakılara
baxıram. - Amma acıdır...
Gülümsəyirəm. Əlimdən alıb
qabığını qırırlar, ikiqat "yox"dan
keçib, narıncı-mamırıdan keçib özəyini
özümə qaytarırlar.
Birini
yeyirəm... Üzümə baxırlar,
ikincisini yeyirəm, sonra üçüncüsünü.
Sonra dördüncüsünü. Təklif
edirəm:
- İstəyirsiniz?
- Yox,
deyirlər, - qonaq üçündür. Susurlar,
baxırlar, sonra soruşurlar - Acı deyil?
-
Acıdır, - deyirəm, - zəhər kimi...
***
Ay
işığının soyuqluğunda üşüyə-üşüyə
düzün canına düşmüsən... Gedirsən, hara
getdiyini bilmirsən... Qurumuş otlar
ayağının altında xışıldayır.
Daşlara ilişib büdrəyirsən, uzaq kölgəlikdə
bir sıra Quanq ağacı... Kölgəsində:
-
Əyil, aşağı bax - deyir bir səs...
Başını
torpağa əyirsən, düz ayaqlarının ucunda Ay
işığı ləpələnir, dayanmır, axıb
gedir...
- Doldur,
iç...
"Ay
işığınımı?" - deyə
soruşmaq keçir könlündən, amma bu suymuş... "Necədir?" "Buz kimi"... "Bu kəhriz
suyudur"...
Ay
işığının dəyib ləpələndiyi sular
yeraltı yolunu tutub gedir... Gedir, gedir, gedir... Bu
torpaqların sehri içində gizli-gizli axır, qan
damarları kimi. Sənə bir qab sehr doldurub
uzadırlar: "İçməsən günah olar,
içirməsəm günah olar"- deyirlər...
Bu
cavabdır - Narıncı-mamırı cavab...
Orda qoyub gəldiyim səsin cavabı. Qayaların
sinəsinə hopdurub qaytarmadığı cavab.
Narıncı-mamırı qayalar səsimi saxlayıb, udub,
qarışdırıb, sonra üstümə bircə
damcısı düşməyən sularının
yaxasına buraxıb... Axıb, axıb o sular.
Torpağın sinəsində boy verib göyərdiyi yerlərə
aparıb çıxarıb məni: "İç"-
deyir, səsini iç, bir də bizi çağıra biləsən
deyə"...
***
-
Olmadı elə, oldu belə, birdən kimsə oyandı,
"hey"inə bir "hey" verdi...
- Gözəl
olar - demişdim...
***
Gözlərimi yumuram - Asnı bulağı. Asnı bulağının
keşiyini çəkən ağacın budaqlarındakı
rəng-rəng diləklər... "Arzu tut"- deyir
Əshabi-Kəhfdə qoyub gəldiyim səs, uçub gəlib,
Asnı bulağının büllur dərinliyindən səslənir.
"Bacarmıram" deyirəm, "Arzum yoxdur"... Amma
arzum olmasa da bir dəstə lentin içindən mavisini
ayırıram, Asnı bulağının keşikçisinin
qoluna bağlayıram... Rəngbərəng lentlər...
Bir-birinə qarışıb...
"Tanrı,
Günəşi güllələrdən qoru"...
Günəşin
narıncı ətəyini sürüyüb sirrini adət
edilməmiş yolçularına buraxan axşam əyilib
mamırına dodaqlarımı toxundurduğum qayaların əlinin
uzandığı o tayında yarılmış
köksündən həyat qaynayır...
"Yaxşı!" - deyir, söz
verir...
Gecənin
lal sükutunun dərinliyində sərhədi görünməyən
uzaqlıqda işıqlar sayrışır...
***
Gözümü
açıram, üst-başımda bircə damcının
izi yoxdur... Pillələri enirik.
Qayıdırıq... "Mənim bəxtim həmişə
gətirir" - demişdim yol üstündə, qaynayan
bulağın ziyarətinə gedəndə, "mən
çatana qaynayacaq"... Çatırıq,
qaynamağa başlayıb. Heyrətlə baxıram, heyrətlə
gözləyirəm, torpağın ürək
döyüntüləri üzümə sıçrayır,
əlimi barmaqlıqların arasından Can-a
uzadıram...
***
Biz,
zülmdən qaçıb qayalara sığınan yeddi bəndə
deyildik...
Bir səhər
oyanırsan, görürsən günəş batmağa
yollanır... Qapını açıb o taya yollanırsan,
sıldırım içindən keçən
cığırı ayağına dolayıb gedirsən.
O üzdə olduğunu sən bilmirsən, Tanrı bilir... Çatırsan, dayanırsan, hara
çatdığını, nəyə yetdiyini bilmədən.
Qorxursan, sənə ürək-dirək verirlər, geri
dönüb güzlininə yüyürürsən... Bir də
illərin o üzündə div yuxusundan oyanıb, bir də
gedib-qayıtmaq üçün... Gediş-gəlişlərin
arasında Yaradanın səsləriylə rəngləri
arasında bir rəqs edirsən, bir ibadət... Kürəyini
bir qaya parçasına dayayıb o qayaya qarışırsan,
daşlaşırsan, ya mamırlaşırsan, kim bilir?..
Rəng
olursan, Narıncı-mamırı rəng... Gözlərini
baxdığın hər şeyin içindən səs kimi
keçirib heçnəsizliyin Sevgili Azadlığına zilləyirsən...
Həyatında
bircə dəfə də olsa Narıncı-mamırı
olmalısan...
Hədiyyə ŞƏFAQƏT
Ədəbiyyat qəzeti.- 2018.- 24 noyabr.- S.4.