Şah Abbas Cənnətməkan...
Yeni romandan parçalar
1.
Yol uzun, döngəsi
çox
- Ey
gözü göylərdə olan, hərdən ayaqların
altına da bax.
Şah oğlu şah Abbas bu kəlamı ilk dəfə
kimdən eşitdiyini xatırlamırdı. Ona elə gəlirdi
ki, xatırladığı "Quran" ayəsi kimi göydən
enmişdir. Xatırladığı
anası Fəxrənnisə bəyim hələ sağ idi.
Fəxrənnisə bəyim oğlunun başına
sığal çəkib demişdi:
-
Ayaqları altını görən yıxılmır,
oğul... Göylər şahı qartal da ayaqlarını
üç dəfə yerə vurmamış
qanad açmır...
Hər uşağın öz lələsi olsa da,
doğma ana əvəzsiz idi. Onun sözü də,
sığalı da, öyüdü də əvəzsiz idi.
Ana sözlərini eşidəndə balaca Abbas
yıxılanda da ağlamırdı. Ağrı-acının arasından
yenə anasının səsini eşitmişdi:
- Qalx
görək... Özü yıxılan ağlamaz...
"Bəs,
insanı başqaları yıxarsa necə?".
Bunu o, anasından soruşmamışdı. Heç
başqalarından da soruşmamışdı.
Deyir şah olmaq istəyən gərək
uşaqlıqda da ağlamasın. Çünki
ağlayan şahın göz yaşını silmirlər.
Silsələr, belə şahın milləti də
ağlar qoyar. İndi isə baş vəziri ordubadlı
Hətəm bəyə tərəf dönüb hökmlə
soruşdu:
- Vəzir,
ölkədə hamının bir-birinə badalaq gəldiyi
bir vaxtda yıxılanlar nə etməliydi?!.
Vəzir Hətəm bəy təzim edərək susdu. Bu sualı o,
şah Abbasdan əvvəl də eşitmişdi. Şah bu sualları adətən dərdi
tüğyan edəndə verirdi. Hətəm
bəy şah Abbasın necə dərdi ölkə boydadı
millət adlı dərd idi.
Lələsinin
dediyi bu idi ki:
-
Gözüyaşlı böyüyən şahın
başı daşlı olar. Uşaqlığı
göz yaşları içində keçən şah həmişə
də başı daşlı olar.
- O millət
ki, hələ islamiyyətdən çox-çox əvvəl
gündoğardan günbatara yürüşlər
etmişdir. O millət ki, ən müqəddəs andı
bayraq olmuşdur! O millət ki, doğma torpağı duaya
çevirib qoynunda gəzdirmişdir.
Kim bilməsə də, Hətəm bəy bilirdi ki,
şah Abbas ilk ordu qurmağa qədim türk qayda-qanunuyla
başlamışdı. Şah Abbasa qədər Səfəvilər
dövlətinin yürüşləri də, qələbələri
də olmuş, ancaq nizamlı qoşunu olmamışdı.
Lazım gəldikdə car çəkilir, hər
bəylərbəyi başının dəstəsiylə gəlirdi,
kimi at belində, kimi dəvə belində. Şah İsmayıl da beləcə müharibə
aparmışdı, şah Təhmasib də, şah Məhəmməd
Xudabəndə də. Xüsusən Məhəmməd
Xudabəndənin şahlığı vaxtında bəylər
bəyləri çox hikkəli olmuşdular. Şah tələb etdiyi qədər yox, özləri
bildikləri qədər piyada və süvari. Elə bu
səbəbdən də gündoğarda özbəklər,
türkmənlər, əfşarlar ölkənin
bütövlüyünü parçalamaq, günbatarda isə
qardaş dedikləri osmanlı
paşaları səfəvilərdən mənasız bəhanələrlə
daha çox torpaq qoparmaq istəyirdilər. Əsas bəhanə
də o idi ki, "Siz şiə məzhəbindənsiz"...
Sultan Səlim Yavuz Ərzurumda, Diyarbəkirdə minlərlə
türkü "şiyə" - deyib qılıncdan
keçirmişdi.
Çaldıranda əsir götürdüyü minlərlə
Səfəvi əsgərlərin boynunu vurdurmuşdu. Gürcüstan, Çuxursədin,
Azərbaycanın rayonun çox hissəsi - Qarabağ, Şəki,
Şirvan, Dərbənd itirilmiş,
dağıdılmış, ən böyük şəhərimiz
olan Təbriz viran qalmışdı.
Bir sözlə, Səfəvi dövlətinin məhvini
baş siyasətə çevrilmişlər. Bir tərəfdən
də Portagiz gəmiləri Hörmüz adasını tutub
İranın bizim dəniz yolunu kəsmişdi. Çindən, Hindistandan gələn tacirləri
Hörmüz boğazında soyurdular. Ticarəti olmayan
ölkəyə: "Yavan çörəyin ümidinə
qalıb" - deyirlər.
- Atam Məhəmməd
Xudabədənin şahlığı vaxtında, bəzən
heç yavan çörək də tapılmırdı,
ölkədə dünya nizamı pozulmuşdu. Bəylər varlandıqca azğınlaşır, rəiyyət
köpük qusurdu. Xəzinə elə
başlamışdı ki, qızıl qab-qaçağı
doğratdırıb pul kəsdirməyə məcbur
olmuşdu. Əlacsızlıqdan orduya
geyim tapa bilmirdik. Qoşuna çarıq
tikdirib geydirdim. Şahın özü də
çarıq geyib ordunun qabağına düşdü.
Hansı bəylərbəyi, hansı xan
çarıq geyərdi? Hansı?!.
Vəzir Hətəm bəy həmişə olduğu
kimi, yenə də qalxıb əllərini sinəsinə
cütləyərək mütiliklə baş əydi və
susdu.
Şah
Abbas sözünə davam etdi:
- İtin
quduzluğu neçə gün çəkir, vəzir?!.
Hətəm
bəy təzim etdi:
- Qırx
gün, şah həzrətləri...
- Bunu bəylərbəyləri
bilmirmi? Bilirdilərsə itirilmiş
torpaqları qaytarmaq əvəzinə şah sarayına cumub əllərinə
keçəni soyub-talayırdılar. Ölkədə
qiyamət tufanı əsirdi. Bilirdilər ki, ya
qudururlar?! Millətin bəyi də olmalıdır,
rəiyyəti də. Bəy quduranda rəiyyət
başına haranın daşını töksün?
Şah
Abbas sözünə azacıq ara verib
hirsli halda:
- Vəzir,
sən çox susacaqsan?! - dedi. - Başa düş ki, vəzir
susmaq üçün yox, tədbir üçün
lazımdır. Bu, saray dövlətin düşünən beyindirsə,
o beynin bir gözü sənsən! Başa düş ki,
dünyanı düzəltməliyik!
Vəzir
ordubadlı Hətəm bəy yenə təzim etdi:
- Şah
sağ olsun...
Vəzirin
sözünü bitirməyi gözləmədən şah
Abbas təzə hökmü verdi:
- Mənə
bir savadlı, gözüaçıq, daş yaddaşlı,
vicdanlı, müdrik Münşi lazımdır. Bizim nöqsanımız odur ki, tarixi qələmə
almaq əvəzinə, yazılanı pozuruq. Bu tarix yazılmalıdır. Yazılan
qalır, yaşayır, deyiblər. Avropada
əli qələm tutan tarix yazır. Keşişlər
də tarix yazırlar. Bizdə olduğu
kimi "duva" yox, tarix yazırlar. Qurd ağzın
bağlamırlar, dil bağlamırlar, yol açırlar... Tarixi olmayan millət ölümə məhkumdur, vəzir.
Bu tarix məndən, səndən çox gələcək
övladlara lazımdır. Tarixi yazan Allah
adamı olmalıdır, vəzir. Düzü düz
yazmalıdır! Bəyə, xana, sultana, əmirə,
heç kəsə əyilməməlidir. Bir Allah qarşısında hesabatda olmalıdır.
Hətəm bəy, sanki öz arzusunu eşidirdi. Tez şaha baş əydi:
- Belə
bir alim var, şahım... - dedi.
Şah
Abbas baş vəzirinin sədaqət və mərdliyinə
arxayın olsa da, ilk dəfə görürmüş kimi bir
daha ona zəndlə baxdı:
- Vəzir,
o, haqqa arxalanmalıdı! Yaltaq Münşi
göydən enmiş olsa da, mənə lazım deyil. Ölkəni bu qara günə salanlar vicdanla qulluq edənlər
yox, yaltaqlana-yaltaqlana şaha, saraya vicdansız qulluq göstərənlər
olmuşlar. Sən öz namizədinə
arxayınsanmı?..
Vəzir
Hətəm bəy baş əydi:
- Mən
ona inanıram, şahım... Mən şah
qarşısında, böyük Allahın şahidliyi ilə
vicdanıma and içirəm, əlahəzrət.
Şah
Abbas bir də Hətəm bəyi sınağa çəkdi:
-
Yaxşı düşün, vəzir... Bu,
vicdan söhbətidir. Başqalarına
yüz səhvi bağışlasam da, vəzirə bircə səhvi
də bağışlamaram.
Baş vəzir
Hətəm bəy şahın qədəmlərinədək
əyildi:
- O kimdi?..
- Adı
İsgəndərdi, şahım. Əvvəl
haqq-hesab işiylə məşğul olub. Gözəl xəttatdır. Sonra
öyrəndim ki, tarixə şövqü daha böyükdür.
- Məsələn?..
- Şah sağ olsun, mən onun əl
yazılarını oxumuşam. Cədvəllərinə
baxmışam. Başımla cavabdehəm.
Şah
Abbas rahat nəfəsini dərdi:
- Bəzən
bir qoşun baş da dünyadan baş açmır, Hətəm
bəy!
- Mən
kimin qarşısında olduğumu bilirəm, əlahəzrət.
Şah
Abbas qalxıb vəzirin bərabərində durdu və əlini
onun çiyninə qoyaraq maraqla soruşdu:
- O nə
cədvəllərdi?..
-
Gündoğardan üzü bəri bütün Səfəvi
- Azərbaycan nəslinin şəcərə cədvəlidir,
şahım.
-
Maraqlıdır... maraqlıdır... - deyə şah Abbas sol əli
ilə alnını ovxalayıb yenidən taxtına oturdu. -
Maraqlıdır... Hardadır o dediyin alim Münşi?..
Vəzir
Hətəm bəy ixtiyarsız olaraq sağa tərəf
döndü:
- Ərdəbildədi, şahım.
- Ərdəbildən?..
- Bəli.
Oralıdı?
- Məncə...
oralıdı, şahım.
Şah
Abbas baş divanı yekun vururmuş kimi əsasını
qaldırıb yerə vurdu:
- Ora tez
çapar göndər. bir məktub da yaz,
yubanmadan gəlsin! Birbaş saraya gəlsin! Yaz ki, şahın
olacaqsan!
Deyirlər, Makedoniya kralı Filipp ən yaxşı sərkərdələri
saraya dəvət edir ki, oğlu İsgəndərə
döyüş dərsi öyrətsinlər.
Çox
ağıllı olan İsgəndər atasına təşəkkür
edərək deyir:
- Mənə
hikmət sahibi Ərəstunu müəllim çağır,
ata.
Atası
çar Filipp deyir:
- Axı
sən ölkələr fəth etməlisən,
dünyanın var-dövlətini xəzinənə
yığmalısan...
İsgəndər
nəzakətlə cavab verir:
- İncimə, çar ata, ölkənin varidatı xəzinədəki
qızıllarla yox, elm və hikmət sahiblərinin sayı
ilə ölçülür. Sərkərdə
çar Filippin oğlunu mahir döyüşçü edə
bilər. Amma mən, çar Filippin
oğlu İsgəndərəm. Bundan sonra həm də Allah
oğlu çağırılmaq istəyirəm. Bunu da təkcə böyük Ərəstun bacarar,
ata.
Çox keçmir ki, Ərəstun hikmətinə yiyələnən
İsgəndər Misirə, İrana, Əfqanıstana,
Hindistana çatır. Dünənki ana uşağı İsgəndər,
ilahi varlığa çevrilir.
Kimi onu peyğəmbər, kimi onu Allah oğlu sayır.
Çoxları özünü Allah adlandırıb, əslində,
heç Allahın qulu da olmayıb.
-
Böyük İsgəndərin adı "Qurani-Kərim"ə
yazılıb, vəzir, - deyə şah Abbas vəzir Hətəm
bəyə bir də sual verdi: - O Münşinin adı necə
oldu?..
- İsgəndər...
mənim şahım...
Şah Abbas
cavabdan xoşlanaraq gülümsündü:
-
Böyük İsgəndərin adaşıdı ki!.. Onu tez tapmaq lazımdır!
2. Yazıya pozu yoxdur
Bir həqiqət var ki,
yazını pozan çoxdur.
Yalan-gerçək deyirlər, əyirlər, hər kəsin
taleyi İlahi tərəfindən onun alnına yazılır. Alın
yazısının olub-olmamasını, hətta peyğəmbərlər
də oxuya bilməmişlər. Bu səbəbdən
müqəddəs kitablarda da axtarmayın.
Bəs niyə "yazıya pozu yoxdur" - demişlər?
Səfəvilər xanədanında baş verənlər
doğrudanmı alın yazılarıdı?
Şah
Abbas Allaha, peyğəmbərə, imama bağlı adam olub. Ancaq təkcə
"alın yazısı" hökmüylə barışa
bilməyib.
-
İnanıram ki, Allah-taala bu qədər fəlakəti
alnımıza yazmış olsun...
Şah
Abbas tarixçi İsgəndər Münşiylə
görüşündə də alın yazısından,
ümumən türk millətinin alın yazısından
söhbət açdı və hətta bir hikmətli misal da
çəkdi:
- Deyir,
bir gün İblisdən soruşurlar ki, sən alın
yazısından qorxmursan?
İblis
gülür ki, Adəm övladlarının biri yazırsa,
beşi pozur, niyə də qorxum?..
Şah
Abbas tarixçi İsgəndər Münşinin xəyallandığını
görüb, maraqla söz açdı:
- Sən
məndən yaşca böyüksən, məndən
çox görmüsən...
İsgəndər
Münşi şaha baş əyib:
- Şah
sağ olsun, - dedi. - Mən çalışmışam
gördüklərimə tarixin gözüylə baxam, tarixin
gözü millətin gözüdü. Siz
müdrik misal çəkdiniz. Belə getsə,
İblisin vəzifəsi çox yüngülləşəcək...
Çünki qardaşın
yazdığını doğma qardaşı pozur. Qardaş qardaşa yağı kəsiləndə də
həm qüvvət tükənir, həm hörmət.
Şah Təhmasib rəhmətə getdikdən sonra hər bəylərbəyi
şah ola bilməsə də təzə
"şah sahibi" olmaq istəyib.
Şah Abbas deyiləni təsdiqlədi.
- Mənə
də sahib çıxanlar oldu... deyib. İsgəndər
Münşinin sözünə qüvvət verdi.
- Şah sağ olsun, el içində deyirlər ki, tamah
ağıla güc gələndə insan hər
yamanlığa əl atır. Deyir, İblisdən
soruşurlar, sən bu qədər ağıllı adamı
Allah yolundan necə çıxarırsan? İblis
cavab verir ki, insana ağıl verən gərək ona tamah verməyəydi.
O gün bir İstanbul türkü mənə dedi:
"Qardaşıq, cibimiz ayrı!" Axı
cib ayrılığı ürək birliyini, can birliyini də
pozur. Belə olmasaydı Pərixan
xanım doğma qardaşı İsmayılın qətlinə
fərman verməzdi. Vəliəhd Həmzə
Mirzə kimi bir pəhləvanı, Krım xanı Adil Kireyi əsir
etmiş bir igidi erməni dəllək Xeyrullanın əli ilə
öldürtməyə İsmi xan cəsarət etməzdi.
Nəhayət, ölkə tapdaq altında ola-ola
bəylərbəyləri şəxsi qazanc üçün
həm bir-birlərinə, həm də şaha hücuma
keçməzdilər. Milləti ac qoyan,
yetim-yesir qoyanlar "Millət! Millət!",
- deyə şah sarayını dağıtdılar,
utanmayıb hərəmxanaya soxuldular... Tamah
gücünə arvad başı kəsdilər.
İsgəndər Münşi birdən-birə
dayandı. Ən dəhşətli səhnənin Fəxrənnisə
bəyimin, onun anasının və başqalarının
şah hüzurunda öldürülməsini təsvir etmədi.
O deməsə də, şah Abbas artıq İsgəndər
Münşinin ürəyində qövr edən sözləri-naləni
eşidirdi.
Şah
Abbas qüssəli:
- Sən
onu bilirsənmi mənə görə Əliqulu xanla
Mürşüdqulu xan bir-birinin üstünə qoşun
çəkib, cəngə giriblər?.. Buna "şah davası" da deyiblər, namusu,
qeyrəti heçə endirənlər bu dəfə
"Yaşasın yeni şahımız Abbas Mirzə!" qışqıra-qışqıra
məni Xorasan yolundan Qəzvinə gətirdilər.
Həmin adamlar Məhəmməd Xudabəndəni də
belə çal-çağırla taxta
çıxartmışdılar. Həmin Xudabəndənin
ki, o vaxt da gözləri pis görürdü, qulaqları
ağır eşidirdi. O vaxt da vəzir-vəkil həmin
adamlar idi. O vaxt Məhəmməd Xudabəndəyə "Mənim
şahım!" deyib, başına and içir, ürəkdə
isə hər bəylərbəyi özünü şah
sayırdı.
Tarixdən bir səhifə
Ölüm
də bir qismətdi...
Vəzir-vəkil şah ilə millət arasında pərdə
olmalı, daş-divara çevrilməməlidir. Vəliəhd
Həmzə-Mirzə də öldürüldükdən sonra
şah Məhəmməd Xudabəndənin sanki gözləri
açılmışdı. Amma görməli bir
şey olmayan vaxtda gözlərin açılması kimə
lazım idi?..
Deyir, anadan kor doğulmuşun gözləri o vaxt
açılır ki, güvənməyə kimi-kimsənəsi
qalmır, hara dönürsə, Əzrayılı
görür.
Can
çəkə-çəkə yalvarır:
-
İlahi!.. Belə görən gözləri
neyniyirdim?..
Mürşidqulu xanın dəstəsi Məşhəddən
Qəzvinə gələnə qədər azı yüz dəfə
artmışdı. Yolboyu, "Bizim şahımız Abbas
Mirzədir!" - deyən ləşkərə
bütün bəylərbəyləri qoşulurdu. Bütün Qəzvin küçələrə,
sanki pişvaza çıxmışdı.
Yaşlılar xatırlayırdılar ki, günəş
tutulanda belə olardı, camaat əlinə keçən
sinini, qazanı döyəcləməklə zülmət
içindən təzə günəşin doğacağını
gözləyirdi.
Halsızlıqdan yatağa düşmüş şah Məhəmməd
Xudabəndə oğlu Abbas Mirzənin sağ-salamat gəldiyinə
hədsiz sevinərək, gözləri yaşara-yaşara onu
qucaqlayıb öpdü. Sonra əlləri əsə-əsə
tacı oğlunun başına qoyub, özü onu
şahlıq taxtına oturtdu.
Beləliklə, şah Abbas dövrü başladı.
O vaxt
şah Abbasın 16 yaşı ancaq olardı. Bütün
bəylərbəyləri hələ də onu uşaq
sayırdılar. Bunu hər bir bəylərbəyinin
gözlərindən oxumaq olurdu. Onlar növbəylə
yeni seçilmiş şahın hələ bərkiməmiş
əlini öpərkən dildə də olmasa, ürəkdə
deyirdilər ki, "biz çalan havaya oynamasan başına
vida de!..".
Tacqoyma mərasimi bitəndən sonra Şah Abbas bir daha
bəylərbəylərini hüzuruna dəvət etdi. Onlara məlumat
verildi ki, "Sabah bu vaxt ilk müşavirə olacaq. Hamı gəlməlidir. Şah həzrətləri
istəyir ki, onun hüzuruna qılıncsız, yaraqsız gəlsinlər!".
Bu hökmü eşidənlər bir-birlərinə
bic-bic baxıb, ürəklərində "Bu lap ana
uşağıdı ki... - dedilər. - Beləcənə qorxsa
yaxşıdı, "Xox" eliyən kimi tac-taxtı qoyub
qaçacaq...".
Deyilir ki,
iki cür "başkəsən" var: Biri, "basaram-kəsərəm"
deyir, axırda deyinə-deyinə bağışlayır.
İkincisi, ətirləyib-sığalladığı
başı gülə-gülə kəsir.
Şah Abbas nə birincidən, nə də ikincidən
idi. Hələ bir toyuq başı da kəsməmişdi.
Amma and içmişdi!
And
içmişdi ki: Doğmalarının qanı yerdə
qalmayacaq! Şah atamı bihörmət edənlər
bihörmət də ölməlidir!
Bəylərbəyləri
məclisə cəm olandan sonra şah dikəlib onlara cəmi
iki sual verdi:
- Şahbanu Fəxrənnisəni və vəliəhd Həmzə
Mirzəni öldürənlərin cəzası nədir?
Hamı
bir-birinə baxıb xorla dedi:
-
Ölüm!..
- Bəs,
qatillərin kimliyini bilə-bilə onların qanlı əllərini
hörmətlə sıxanların cəzası nədir?!
Hamı
bir-birinə baxıb, xorla dedi:
-
Ölüm!..
Şah
Abbas əsl hökmdar qətiyyətiylə şah əsasını
yerə vurdu:
- Hökm
divanxana məclisinindir! Yerinə yetməlidir!
Hər tərəfdən içəri girən
silahlı qorçular bəylərbəylərini bir göz
qırpımında yaxalayıb apardılar. Çox
keçmədi ki, qudurub özünə qənim kəsilmiş
bəylərbəylərinin başları nizələrə
keçirilərək saray meydanına
çıxarıldı.
Belə yerdə
deyiblər:
- Yaş
ovuna çıxan yaşını, baş ovuna çıxan
başını itirər.
Müəllim sözü
Elə
dünən axşam şaha qəsd ediləcəyi xəbəri
gəlmişdi. Bu səbəbdən də
şah Abbas bazara baş vəzir Hətəm bəyi tərk-libas
göndərmişdi. Göstəriş
vermişdi ki, xəbərin doğru-yalanlığını
aşkar etsinlər.
Günortaüstü
şah Abbasa təzə xəbər çatır ki, bu
işi görmək istəyən bir müəllimdi və o,
şahı öldürmək yox, soymaq istəyir... Şah
Abbası fikir götürür: "Müəllim hara, sui-qəsd
hara?.. Bu da bir sirri-xudadı?..".
Şah əmr
edir ki:
- O müəllimi
tapın gətirin!
Çox keçmədi ki, saray keşikçiləri
üz-gözündən nur yağan arıq bir kişini
içəri gətirdilər və şahın işarəsiylə
tez də otaqdan çıxdılar.
Gördüyünə
inanmayan Şah Abbas təəccüblə soruşur:
- Məni
soymaq istəyən sənsən?..
Kişi nəzakətlə
baş əyir:
- Bəli,
şahım. Mən səni soymaq istəyirəm.
Şah
Abbası gülmək tutur:
- Məni?
Axı sən nə oğruya oxşayırsan, nə
də çapqınçıya. Axı
yalın əllə necə soyacaqsan?
Müəllim
gah yerə baxır, gah göyə:
- Şah sağ olsun, - deyir... - Şahı soymağa nə
ox lazımdı, nə qılınc.
Şah bu
dəfə lap ürəkdən gülür:
- Axı,
necə soyacaqsan?
- Lap
rahat.
- Rahat...
Necə?..
- Vəzir-vəkil
necə soyur, mən də eləcə... yaltaqlana-yaltaqlana, tərifləyə-tərifləyə,
hərifləyə-hərifləyə... soyacam...
Müəllim uşaq məsumluğu ilə yerə
baxır. Nəhayət,
fikrini toplayır:
- Əlahəzrət,
icazə versən bir əhvalat danışaram...
- Buyurun,
müəllim, buyurun.
Müəllim
yenə yerə-göyə baxıb, bir də fikrini cəmləyir:
- Şah
sağ olsun, bəlkə, eşitmisən... Deyir,
bir şəhərdə çox məşhur olan bir oğru
yaşayır. Bir gün eşidir ki,
qardaşı da oğurluğa getmək istəyir. Tez
onu çağırıb soruşur:
- Kimi
soymaq istəyirsən?..
Kiçik
qardaş xəncəri, qılıncı göstərib
lovğa-lovğa deyir:
- Lap
padşahın özünü!..
Böyük
qardaş gülür:
-
Padşahı soymağa qılınc, xəncər nə
lazım?
Kiçik
qardaş təəccüblə soruşur:
- Bəs
nə lazımdır?.. Bəlkə,
tüfəng alım?
Böyük
qardaş barmağı ilə dilini göstərir:
- Bax, bu!.. Dil lazımdı, dil! Qılıncla, tüfənglə
taciri, sövdəgəri soyarlar... yadında saxla!
Padşahı yox! Yarıqanadın qan
sorduğunu eşitmisən? Əvvəl
öz qurbanını diliylə keyidir, sonra qanını elə
sorub içir ki, heç ruhu da incimir.
Müəllim
sözünə ara verib, nəfəsini dərdi:
- Əlahəzrət, Şah Təhmasibdən bəri uca rütbəli yarıqanadlar neçə illərdi şah sarayını mağaraya çeviriblər. Onlar dünənədək sənin atan şah Xudabəndəni məharətlə aldadıb, o rəhmətliyin qanını sorublar. Onlar ölkəni, milləti soyublar. İndi də şübhə etmirəm ki, cavan Şah Abbasa iştahalanıblar. Çox cavansan... Bəs soymaq necə olar?..
Şah Abbas müəllimə heyranlıqla qulaq asıb ixtiyarsız olaraq: "Təriflə-həriflə... təriflə-həriflə" pıçıldadı və ehtiramla:
- Əyləşin, müəllim, əyləşin, - dedi.
Müəllim bir addım geri durdu.
- Əyləşə bilərəm, şahım,
axı mən də şahı soymaq iştahına
düşənlərdən biriyəm.
Şah
Abbas gülə-gülə qalxıb müəllimin qolundan
tutdu:
- Təki
məni belə müdrik insanlar "soysunlar". Mələk çildinə girmiş saray əyanları
təkcə şahı yox, siz alimləri də soymuşlar.
Az qalıb, müəllim, az qalıb.
Mən Ərdəbilə getmişdim, bütün
ulularımın ruhuna and içmişəm, ölkədə
Allah deyən qayda-qanunu yaradacam. Öldü var - döndü yoxdu!
Şahın
mehribanlığından kövrəlmiş müəllim:
- Bir məsləhətim də var, şahım, çalış rüşvətin də kökünü kəs. Rüşvət uzunömürlü bəladı. Çalış kökünü kəs. Yaltaqlığın da, rüşvətin də. Rüşvət alaq otudur. Rüşvət olan yerdə ədalət göyərməz. Rüşvət olan yerdə qanun da acizdir, şah. Mən bunu rəhmətlik atana da dedim, ya eşitmədi, ya eşitmək istəmədi, ya da eşitməkdən çəkindi... Hörməti bu oldu ki, məni müəllimlikliyə bağışladı. Min rəhmət... Ancaq şahım, müəllim haqdan dönürsə, o, müəllim deyil. İnanıram ki, Şah Abbas məni eşidəcək.
- Buyur, müəllim, buyur.
Müəllim bilirdi ki, şah hüzurundan cəmi iki yol uzanır: "Ya cəza, ya xələt!".
Bunu duyan şah Abbas mehribanlıqdan doğmalıq hissinədək ucaldı:
- Əziz müəllim, insana böyük Allahdan sonra valideyn əzizdirsə, valideyndən sonra müəllim əzizlər-əzizidir. İlk müəllimim olan lələmin sözü: iblis kələyinə düşmüş insanı Allah-taala göydən yerə endiribsə, Adəm övladını təzədən göyə ucaldan müəllimdir. Böyük Allahın rəsullarını da o mərtəbəyə müəllim ucaldıb. Müəllim, eşidin!..
Müəllim bu sözlərdən doluxsundu. Sanki nə vaxtdan həsrətində olduğu şahın sözünü eşidirdi.
-
Çox sağ ol, oğlu... - dedi. - Ya şah!..
Çox şükür ki, həsrət
qaldığımız torpaqları qaytarırıq. Min
şükür!.. Amma bir müəllim
kimi xeyir-duam da var...
- Buyurun,
müəllim, buyurun...
Müəllim
qamətini bir az da düzəltdi:
- Əlahəzrət, yalvarıram, bundan sonra sənə
meydan oxuyanlardan çox yaltaq məddahlardan qorun.
Müəllim
ara verib nəfəsini dərdi.
Şah Abbas bir şagird kimi susub müəllimin daha nə
deyəcəyini gözlədi.
- Ya
şah... Böyük Allah yeri-göyü
sözün köməyilə yaradıb. Müəllimin
də gücü haqq sözünü deməkdir. Eşidilirsə, deməli o müəllim xoşbəxtdir.
Sən ölkəni, milləti yaşatmaq
üçün yaxşı işlərə
başlamısan. Yaxşı iş üçün
yaxşı istək iradən də var.
Şah
Abbas əvvəlki doğmalıqla:
- Məsləhətinizi
maraqla eşidərdim.
- Yüz
yaşa səni, şahım... Belə bir rəvayət
də var ki, bir kənddə bəyin keçisi canavar
küçüyü doğur.
Bəy yapışır
şeytanın yaxasından ki:
- Bu, sənin
əməlindi!..
Şeytan
ilan dili çıxarıb, yalvarır ki:
-
Yaxamı burax, bəy...vallahi, belə deyil. Mən
keçiyə ikibaşlı, üç-beş ayaqlı
çəpiş doğuzdura bilərəm, amma keçinin
canavar doğması olsa-olsa xalis insan əməlidi. Nə
qədər ki, Harambala sənin çobanındı,
keçin qurd küçüyü də doğacaq, hələ
ayı balası da...
Şah Abbas müəllimin rəvayətindən təsirlənərək
bir xeyli fikrə getdi. Sonra qalxıb imtahan verən şagird
sayağı onun qarşısında müntəzir
dayandı.
-
Çox müdrik rəvayətdi, müəllim...
Müəllim,
sanki şah hüzurunda olduğunu da unudub "dərsinə
davam etdi":
Dediyim odur ki, şahlığa şahanə
başlamısan, şahanə da davam elə. Şaha əsl
qiyməti rəiyyətin güzəranı verir. "Dad haram əlindən!"
- Darıxma, əziz müəllim!.. - deyə şah Abbas müəllimi qucaqladı. Müəllim getdikdən sonra da şah Abbas eşitdiyi nasihətləri ürəyində xeyli götür-qoy etdi. Əvvəllər eşitdiyi hikmətli deyimləri yadına saldı.
Əfqan Əsgərov
Ədəbiyyat qəzeti.- 2018.- 24
noyabr.- S.6-7.