Klassik mətnlərin
transkripsiya məsələsi haqqında
Bu, bir danılmaz gerçəklikdir ki, qədim tarixi və
zəngin ənənələri olan ədəbi dilimiz zaman
keçdikcə bir tərəfdən müəyyən fonetik
və leksik-semantik dəyişikliyə uğramış, digər
tərəfdən isə yeni məna və anlayışlarla
zənginləşərək daha da təkmilləşmiş
və bugünkü duruma gəlib çatmışdır. Məhz bu mühüm və
əhəmiyyətli amili - klassik yazılı ədəbi
dilimizlə çağdaş ədəbi dilimiz arasında az
da olsa, müəyyən ayrıntılar, fərqlər
olduğunu nəzərə alaraq, anadilli klassik mətnlərin
çağdaş əlifbamızla transkripsiya (daha doğrusu,
transfoneliterasiya - termin mərhum Məmməd Adilovundur) məsələsində
müvafiq dövrün tələffüz və yazı
normalarının ciddi şəkildə gözlənilməsi
və onların toxunulmazlığına tam dəqiqliklə əməl
edilməsi ədəbi dil tarixi, xüsusilə də tarixi
fonetika və tarixi dialektologiya baxımından olduqca vacib və
əhəmiyyətli məsələlər
sırasındadır.
Günümüzə
qədər gəlib çatan və daha çox XV-XVI əsrlərin
yadigarları olan anadilli əlyazmalar üzərindəki
müşahidələr göstərir ki, dövrün
savadlı şəxslərindən sayılan katiblər bir
sıra hallarda ayrı-ayrı türkmənşəli
sözləri eyni vərəqdə, bəzən, hətta eyni
cümlə daxilində şüurlu surətdə və bilərəkdən
müxtəlif şəkillərdə yazaraq bununla da həmin
leksik vahidlərin türkcənin müxtəlif ağız və
şivələrində fərqli şəkildə deyildiyini,
onların tələffüzlərində müəyyən fərqlər
olduğunu diqqətə çatdırmaq istəyində
olmuşlar. Bu baxımdan dövrünün istedadlı mütərcimi
və mahir xəttatı olmuş Məhəmməd bin
Hüseyn Katib Nişatinin 1539-cu ildə tamamladığı
"Şühədanamə" ("Şəhidlər
kitabı") adlı tərcümə əsərinin
Bakıda - Əlyazmalar İnstitutunda saxlanılan və
dünyada yeganə əlyazma nüsxəsi xüsusilə
böyük əhəmiyyət daşıyır.
"Şühədanamə" fars dilindən
tərcümə olunmuşdur və əsasən, imam
Hüseynin Kərbəla müsibətindən bəhs edir. İrihəcmli bu tərcümə əsəri, ilk
növbədə, ədəbi dil tarixinin əvəzsiz zəngin
qaynaqlarından sayılır. Təkcə belə bir
faktı qeyd etmək yetərlidir ki, tərcümənin dil
xüsusiyyətləri haqqında indiyədək Azərbaycanda
üç namizədlik dissertasiyası yazılmış və
hazırda biri üzərində də iş gedir.
"Şühədanamə"nin bu əvəzsiz
nadir əlyazmasını Nişatinin özü
köçürmüşdür ki, bu mühüm və əhəmiyyətli
amil də onun tarixi orfoqrafiya baxımından nə dərəcədə
böyük əhəmiyyət
daşıdığını və sözügedən
nüsxənin olduqca mötəbər bir qaynaq olduğunu
açıq-aşkar bir şəkildə sübuta yetirir.
"Şühədanamə"nin mütərcimi və
katibi Nişatinin istər bişmiş və gözoxşayan
xətti (nəstəliq), istərsə də tərcümənin
mətnində nəşr arasında verilmiş şeir
parçaları (onlardan bəziləri mütərcimin
özünə məxsusdur) bu böyük istedad sahibinin istər
xəttatlıqda, istərsə də klassik tərcümə
sənətində peşəkarlığına, yetkinliyinə,
zəngin təcrübəsinə zərrə qədər
şübhə yeri qoymur. Nişatinin 1543-cü ildə fars
dilindən çevirdiyi və şərti olaraq "Şeyx Səfi
təzkirəsi" adlandırdığı ikinci bir tərcümə
əsəri də vardır ki, onun da iki əlyazması
mütərcimin öz xətti ilə
köçürülmüşdür. Azərbaycan
əlyazmaları içərisində həcmcə ən
böyük olan "Şeyx Səfi təzkirəsi" (450 vərəq
- 900 səhifə) Şah İsmayıl Xətainin ulu
babası Şeyx Səfiəddin Ərdəbilinin həyatına
həsr olunmuşdur və onun da farsca orijinalını ("Səfvətüs-səfa")
Azərbaycan müəllifi İbn Bəzzaz Ərdəbili
1357-ci ildə qələmə almışdır. Yeri gəlmişkən qeyd edək ki, "Şeyx Səfi
təzkirəsi" ilk dəfə 2006-cı ildə bu sətirlərin
müəllifinin rəhbərliyi və iştirakı ilə
Bakıda nəşrə hazırlanmışdır.
"Şühədanamə"nin mətnini
də nəşrə hazırlamışıq və
yaxın zamanda onu araşdırıcıların və
oxucuların ixtiyarına verməyi
düşünürük.
"Şühədanamə"nin diqqətlə öyrənilməsi göstərir
ki, peşəkar və təcrübəli Nişati tərcümənin
mətnində bir çox hallarda ana dilinə məxsus
ayrı-ayrı sözləri bilərəkdən bir neçə
qrafik variantda işlətmişdir. Məsələn, o,
müasir ədəbi dilimizdəki "torpaq"
sözünü altı qrafik variantda yazmışdır:
topraq - tobraq - tofrağ - toprağ - toprax - tobrax. Göründüyü kimi, Nişati bu sözün
yazılışında həmin leksik vahidin söz
ortasında və sonunda tələffüzündə baş
verən hərf və səs dəyişmələrini
xüsusi olaraq diqqətə çatdırmaq niyyətində
olmuşdur. Qeyd edək ki, "Şühədanamə"də
bu qəbildən olan sözlər kifayət qədərdir.
Bu cür dil faktlarını göz önünə aldıqda
istər-istəməz belə bir sual ortaya çıxır:
Klassik mətnlərin transkripsiyası məsələsində
belə hallarda necə hərəkət etməli? Eyni mətn daxilində müxtəlif qrafik variantda
olan sözləri transkripsiyada yalnız bir yazı
formasında verməli, yoxsa onları orijinalda - əlyazmada
olduğu kimi saxlamalı? Bizim fikrimizcə,
bu məsələdə tarixilik prinsipinin gözlənilməsi
və orijinalın mətninin toxunulmazlığına ciddi
şəkildə əməl edilməsi istər dilçilik
yönündən, istərsə də ədəbiyyatşünaslıq
baxımından doğru və düzgün
sayılmalıdır.
Fikrimizi elmi şəkildə əsaslandırmaq
üçün təkcə belə bir faktı diqqətə
çatdırmaq istəyirik. Müasir ədəbi dilimizdə rəng
adı bildirən "qara" sifətinin klassik poeziyada (hətta
bəzən müasir şeirimizdə də) vəznin,
xüsusilə də qafiyənin tələbinə uyğun
olaraq üç qrafik variantda işlənməsi hallarına
rast gəlirik: qara, qəra, qarə. Məsələn, ədəbi
dilimizin zənginləşməsində və
inkişafında misilsiz xidmətləri olan böyük Azərbaycan
şairi İmadəddin Nəsiminin aşağıdakı qəzəlinin
mətlə beytində olduğu kimi:
Düşdü
könül ala gözün ağınavü qərasinə,
Ayrıq anınla kimsənin ağı nədir, qərasi
nə?
Qəzəli
bütünlüklə vermək fikrindən daşınaraq təkcə
onu bildirmək istəyirik ki, burada qara sözünün məhz
qəra şəklində verilməsi şeirdə qafiyə
yerində işlənmiş dəva (dəvasinə), bəla
(bəlasinə), cəfa (cəfasinə), həva (həvasinə)
və s. leksik vahidlərinin işlənməsi ilə
birbaşa bağlıdır. Deməli, bu məsələdə
qafiyə amili öz işini görmüş və qara
sözünün məhz qarə şəklində işlənməsini
şərtləndirmişdir. Məqalənin həcmini nəzərə
alaraq qara sözü ilə bağlı digər şeir
nümunələrinin verilməsini məqsədəuyğun
saymır və təkcə onu qeyd etməklə kifayətlənirik
ki, bu leksik vahid çarə, parə, yarə və s. kimi
sözlərlə qafiyə yerində işləndikdə, təbii
ki, qəra yox, qarə kimi oxunmalı və elə bu cür də
transkripsiya edilməli, yəni mövcud əlyazma nüsxəsindəki
qrafik variantına uyğun olaraq yazıya alınmalıdır.
Qara sözünün eynilə müasir ədəbi
dilimizdəki kimi işlənməsinə dair də çoxlu
nümunələr gətirmək olar.
Təəssüflə qeyd etmək lazımdır ki,
klassik şair və söz ustalarımızın ana dilində
yazdığı əsərlərinin müasir əlifba ilə
transkripsiyası zamanı onların mətnlərinin bir
sıra məqamlarda müasirləşdirilməsi, daha
doğrusu, çağdaş ədəbi dilimizə
uyğunlaşdırılması hallarına rast gəlirik. Yeri gəlmişkən,
onu da xatırladırıq ki, yuxarıdakı beytin ilk
misrasındakı ağınavü sözü istər onun əlyazmadakı
qrafik şəklinə, istərsə də poetik tələblərə
görə ağinəvü kimi olmalıdır. Fikrimizə
sübut olaraq, yenə də İmadəddin Nəsiminin məşhur
bir qəzəlinin mətlə beytinə diqqət yetirək:
Səndən
iraq, ey sənəm, şamü səhər
yanaram,
Vəslini arzularam, daxi betər yanaram.
Beytlə
bağlı, ilk növbədə, onu demək lazımdır
ki, qəzəlin əlyazmadakı yazı variantını əsas
götürərək birinci misradakı iraq
sözünün sonundakı "ğəyn" hərfinə
əsasən bu leksik vahidi irağ şəklində
transkripsiya etmək məqsədəuyğundur. Qeyd edək
ki, professor Qəzənfər Paşayev Nəsiminin
İraq divanında bu sözü doğru olaraq elə irağ
şəklində vermişdir (İmadəddin Nəsimi. İraq divanı. Bakı, 2018, səh.178).
Nəsimi divanının Bakıda Məhəmməd Füzuli
adına Əlyazmalar İnstitutunda
saxlanılan qədim əlyazmasında da bu sözün yazılışı
onun məhz irağ şəklində oxunmasını tələb
edir (Həmin vərəq məqaləyə əlavə kimi
oxucuların diqqətinə çatdırılır).
Maraqlıdır ki, görkəmli ədəbiyyatşünas,
akademik Həmid Araslının tərtib etdiyi Nəsimi
divanında həmin qəzəlin üçüncü
beytində haqqında danışdığımız söz
elə irağ şəklindədir:
Məndən
irağ olduğun bağrımı qan eylədi,
Oldu gözümdən rəvan xuni-cigər yanaram.
Nəsiminin
"Seçilmiş əsərləri"nin 2005-ci il nəşrində
isə qəzəlin
istər mətlə beytində, istərsə də
üçüncü beytində bu söz iraq şəklindədir
(Altun kitab, tərtibçi: professor Xəlil Yusifli, səh.91).
Aydınlıq
üçün qeyd edək ki, ərəb qrafikalı
türkcə mətnlərdə "ğəyn" hərfi,
söz sonunda bir qayda olaraq, ədəbi dilimizdəki [ğ] səsinin
ifadəsi olaraq işlənmişdir: dağ, boyağ,
çırağ və s. Onu da əlavə edək ki, bu hərf
ərəb və fars dillərindən alınma kəlmələrdə
söz başında işləndikdə ədəbi dilimizdə,
əsasən, [q] səsinin ifadəçisi kimi qəbul
edilmişdir. Məsələn: qəm, qüssə, qubar və
s. Bu məsələdə, təbii ki, ədəbi dilimizdə
söz əvvəlində "ğe" hərfinin (və
müvafiq səsin) işlənməməsi əsas
götürülmüşdür. Bununla belə, qeyd edək
ki, bəzi ərəbmənşəli sözlərdə
işlənən "ğəyn" hərfinin ədəbi
dilimizdə qarşılığı olaraq "qe" hərfinin
işlənməsi müəyyən dolaşıqlığa
gətirib çıxara bilər. Məsələn, ədəbi
dilimizdə çox işlək olan ərəbmənşəli
qəza (insanın başına gələn hadisə; bədbəxt
hadisə - danışıq dilində: "avariya")
sözü ilə yanaşı, klassik ədəbiyyatda
"din uğrunda aparılan müharibə",
"cihad" anlamında işlənən və yenə də
qəza variantında qəbul edilən ərəbmənşəli
ikinci belə bir söz də vardır (bax: Klassik Azərbaycan
ədəbiyyatında işlənən ərəb və fars
sözləri lüğəti, Bakı, 2005, səh. 388-389). Fikrimizcə, klassik mətnlərin transkripsiyası
zamanı eyni bir mətn daxilində hər iki sözün qəza
şəklində verilməsini məqbul saymaq olmaz. Məsələ burasındadır ki, bu iki müxtəlif
mənalı sözün ərəb dilindəki
yazılışı tamamilə fərqlidir. Belə ki,
hadisə anlamını daşıyan qəza sözü
"qaf" və "zad"
hərfləri ilə, cihad mənasında
işlənən söz isə bu dildə (elə anadilli mətnlərimizdə
də) müvafiq olaraq "ğəyn" və "ze"
hərfləri ilə yazılır. Deməli,
klassik mətnlərdə bu iki müxtəlif sözün
transkripsiyasında onların eyni qrafik variantda verilməsini
elmi baxımdan düzgün saymaq olmaz. Bunu nəzərə
alaraq, biz "Şühədanamə"də həmin
sözləri qəza
(hadisə) və ğəza (cihad) şəklində
transkripsiya etməyi məqsədəuyğun
saymışıq. Yeri gəlmişkən qeyd edək ki, professor Qəzənfər Paşayev Nəsiminin
İraq divanında qəm sözünü ğəm şəklində
transkripsiya etmişdir:
Müddəi
yanır demiş ğəmdə, Nəsimi, vəli,
Ğəmdə yanan yarı yar çünki sevər
yanıram.
İndi isə Nəsiminin "Səndən irağ, ey sənəm..."
qəzəlinin yuxarıda verdiyimiz mətlə beyti ilə
bağlı daha bir mühüm və əhəmiyyətli məqama
öz münasibətimizi bildirmək istəyirik. Məqalənin əvvəlində
də qeyd etdiyimiz kimi, klassik mətnlərin transkripsiyası
zamanı dil faktları ilə yanaşı, ədəbiyyat məsələlərinə,
xüsusilə də poetika, vəzn və qafiyə ilə
bağlı incə məqamlara da - bir sözlə, şeirin
bədii imkanları və özəlliklərinə də
xüsusi diqqət yetirmək olduqca mühüm və vacib məsələlər
sırasındadır. Məsələyə bu mövqedən
yanaşdıqda, fikrimizcə, yuxarıda verilən qəzəlin
mətlə beytindəki yanaram və arzularam sözlərinin
yanərəm və arzulərəm şəklində
oxunuşu daha məqsədəuyğundur:
Səndən
irağ, ey sənəm, şamü səhər yanərəm,
Vəslini arzulərəm, daxi betər yanərəm.
Fikrimizi əsaslandırmağa çalışaq. Birincisi, beytdə
rədif kimi işlənən yanərəm
sözünün, eləcə də ikinci misradakı arzulərəm
lekseminin orijinalda (əlyazmada) yazılışı
onların məhz bu şəkildə oxunuşunu tələb
edir. İkincisi isə, bu sözlərin məhz təqdim
etdiyimiz variantda oxunuşunu qəzəldə qafiyə yerində
işlənən sözlər: səhər, betər (əslində
bətər olmalıdır: farsmənşəli bədtər
(daha pis) sözünün qısaldılmış
formasıdır), qəmər, düşər, əgər və
s. tələb edir. Belə olduqda şeir səs
uyarlığı, poetika baxımından daha oynaq, daha ahəngdar
səslənir, xüsusi bir ritm yaradır, qulağı oxşayır və
şeirin musiqiliyini, axıcılığını daha da
artırmış olur. Aydınlıq üçün onu da
qeyd edək ki, beytin ikinci misrasındakı arzulər(əm)
sözü bətər kəlməsi ilə daxili qafiyə
yaradır. Yeri gəlmişkən qeyd edək ki, dahi Azərbaycan şairi Məhəmməd
Füzuli məşhur "Məni candan
usandırdı..." qəzəlində ilk beytdən
başqa digər beytlərin hamısında böyük məharət
və ustalıqla daxili qafiyələr işlətmişdir:
Qamu
bimarinə canan dəvayi-dərd edər ehsan,
Neçün
qılmaz mənə dərman,
məni
bimar sanmazmı?
Gəmim
pünhan tutardım mən,
dedilər
yarə qıl rövşən,
Desəm ol bivəfa bitmən inanarmı, inanmazmı?
Nəsiminin
sözügedən qəzəlinin mətlə beytindəki
yanaram və arzularam sözlərinin təqdim etdiyimiz variantda
oxunuşuna, bəlkə də, qarşı çıxanlar,
buna etiraz edənlər də tapılsın və təxminən
bu cür arqumentlər ortaya qoyulsun: Sözlərin bu cür
oxunuşu qəribə səslənir, onlarda ahəng qanunu
pozulur və s. Bəli, həmin sözlərin bu cür
oxunuşu müasir oxucu üçün qəribə səslənə
bilər, həm də bu halda ahəng qanunu pozulmuş olur. Ancaq məsələ burasındadır ki, bu qəbildən
olan məqamlara müasir dövrün tələbləri ilə
yanaşma elmi baxımdan doğru sayıla bilməz. İkincisi, məgər qara sözünün qarə
və ya qəra variantlarında ahəng qanunu pozulmur? Məgər ədəbi dilimizdə ahəng qanunu
pozulan türkmənşəli sözlər yoxdur? Məlum olduğu kimi, Azərbaycan dilinin dialekt və
şivələrində ahəng qanununa tabe olmayan sözlərin
sayı kifayət qədərdir. O da məlum bir
faktdır ki, dialekt və şivələrimiz ədəbi dil
tarixinin araşdırılması baxımından ən
mötəbər qaynaqlar sayılır. Deməli,
yuxarıdakı sözlərin qeyd etdiyimiz variantlarda
oxunuşu elmi əsaslara söykənir ki, bunun da
kökündə tarixilik prinsipinə əməl edilməsi,
dövrün dil və poetika faktlarının birmənalı
şəkildə toxunulmazlığı, eləcə də
onlara xas olan incə məqamların, səciyyəvi
xüsusiyyətlərin nəzərə alınması
dayanır.
Yeri gəlmişkən
qeyd edək ki, Nəsiminin aşağıdakı tuyuğunun
transkripsiyasında da bu qaydaya əməl edilmiş və vəznin
tələbinə uyğun olaraq, müasir ədəbi dilimizdə
yazaram, azaram şəklində işlənən sözlər
fərqli fonetik biçimdə verilmişdir:
Adımı
həqdən Nəsimi yazərəm,
Bil bu mənidən ki, siməm, ya zərəm.
Həm
hidayət eylərəm, həm azərəm,
Həm büti usadıcı, həm Azərəm.
Məhz
bu amilləri nəzərə alaraq, biz üzərində
tamamlama işlərini apardığımız
"Şühədanamə"nin akademik nəşrində
ilkin qaynağın - əlyazmanın səciyyəvi yazı
xüsusiyyətlərini qorumağa
çalışmış və istər əsərin əsas
hissəsini təşkil edən və bir çox hallarda səclə
(qafiyəli nəşlə) qələmə
alınmış nəşr hissəsinin, istərsə də
nəsr arasında verilmiş şeir parçalarının
transkripsiyasında ədəbi dil normaları ilə
yanaşı, poetika məsələlərini də nəzərə
almış - bir sözlə, problemə kompleks şəkildə
yanaşmışıq.
Anadilli klassik mətnlərin
transkripsiya məsələsi ilə bağlı daha bir vacib və
incə məqama toxunmaq istəyirik. Bu, klassik sənətkarların
dilində işlənmiş və müasir ədəbi
dilimiz üçün arxaik səciyyə daşıyan bəzi
sözlərin azacıq da olsa, təhrif olunmuş şəkildə
verilməsidir. Böyük söz ustadı Məhəmməd
Füzulinin aşağıdakı misraları buna nümunə
ola bilər:
Tutuşdu
qəm adına şad gördüyün
könlüm,
Müqəyyəd oldu ol azad gördüyün
könlüm.
Yuxarıdakı beyt Füzuli əsərlərinin əksər
nəsrlərində bu şəkildədir, halbuki burada
işlənmiş birinci söz tütüşdü şəklində
olmalıdır. Aydınlıq üçün qeyd edək ki, bu
sözün kökündə qədim türk leksik vahidi olan
tütmək leksemi dayanır ki, onun da mənası
"tüstülənmək"dir. Yazılı abidələrdə,
o cümlədən Nəsimi divanında işlənən
tütün (tüstü) sözü də bu kökdəndir:
Çıxdı
içimdən tütün, çərxi boyadı
bütün,
Gör ki, nə atəşdəyəm, gör nə qədər
yanərəm.
Füzulinin yuxarıdakı beytdə işlətdiyi
tütüşmək sözü də eyni kökdəndir və
"tüstülənmək" anlamını
daşıyır. Eyni sözləri klassik ədəbiyyatda bol-bol işlənən
düş (yuxu, röya), uçmağ (behişt, cənnət)
sözlərinin yanlış olaraq duş, uçmaq şəkillərində
verilməsinə
də aid etmək olar. Bu baxımdan ana
kitabımız "Kitabi-Dədə Qorqud"un
bəzi nəşrlərində yol verilmiş
açıq-aşkar səhvlər daha
acınacaqlıdır. Dastandakı aşağıdakı
kiçik bir cümlə buna nümunə ola
bilər:
Qara polad uz qılıcı gədik oğlan.
Bu
cümlə eposun bəzi nəsrlərində bu şəkildə
verilmişdir:
Qara poladüz (?) qılıcı gödək (?)
oğlan.
Aydınlıq
üçün qeyd edək ki, cümlədəki uz qədim
türk sözüdür: yaxşı, münasib deməkdir.
Professor Samət Əlizadənin nəşrə
hazırladığı "Oğuznamə"də işlənmiş
aşağıdakı atalar sözündə bu leksik vahidin
daşıdığı məna göz
qabağındadır:
Az
söylə, uz söylə (Az danış, yaxşı
danış).
Cümlədəki gədik sözü də qədim
türk sözüdür və mənası həm
aşırım, həm də nöqsanlı, deşilmiş,
deşik-deşik deməkdir. XV əsr
Azərbaycan şairi-mütərcimi Vəli Şirazi
"Gülşəni-raz" tərcüməsində gədik
sözünü bilərəkdən onun ərəbmənşəli
sinonimi olan naqis leksemi ilə qoşa işlədərək
bununla da diqqəti onun daşıdığı mənanın
daha aydın şəkildə anlaşılmasına yönəltmişdir:
Kimin ki
içinin ola gədügi,
Ərənlərin budur naqis dedügi.
Sonda klassik mətnlərin transkripsiya məsələsində
diqqət ediləcək daha bir incə məqama
toxunmağı məqsədəuyğun sayırıq. Bu, klassik
türk yazılı mətnləri üçün səciyyəvi
olan və "sağır nun" adlanan xüsusi bir hərfin
(və müvafiq səsin) müasir akademik nəsrlərdə
verilməsi ilə bağlıdır. Məlum olduğu
kimi, "sağır nun" çağdaş ədəbi
dilimizdə yoxdur və yalnız ayrı-ayrı dialekt və
şivələrdə öz varlığını qoruyub
saxlamışdır (Müasir özbək, qazax,
türkmən dillərində və əlifbalarında isə
bu hərf vardır və nq şəklindədir). Bununla belə,
Orta əsrlərə aid əlyazmaların mətnlərinin
akademik nəşrlərində "sağır nun"un saxlanılmasına ehtiyac vardır. Yenə də
Nəsiminin bir məşhur beytinə nəzər salaq:
Düşdü
yenə dəli könül gözlərinin xəyalinə,
Kim nə bilir bu könlümün fikri nədir, xəyali
nə?
Beytdəki seçdirilmiş sözün əvvəlində
şəxs əvəzliyi (onun, sənin) işlənmədiyi
üçün bu leksik vahidin konkret olaraq kimə aidliyi məsələsi
müəyyən mənada qaranlıq qalır. Sözdə
"sağır nun"un işlənməsi
isə bu məsələyə tam aydınlıq gətirir.
Belə ki, gözlərinin sözündəki adi "en"
hərfi hər iki halda "sağır nun" şəklində
olduqda bu leksik vahid sənin gözlərinin mənasını
daşımış olacaqdır. Sözdə bir
"sağır nun" işləndikdə isə onu belə
qəbul etmək lazımdır: onun gözlərinin. Bundan əlavə, klassik türk mətnlərində
"sağır nun"la işlənən mən (və ya bən)
bədəndə (üzdə, burunda və s.) olan xal
anlamını daşıdığı halda, bu söz
"sağır nun"suz birinci şəxsin təkinin əvəzliyi
mənasında anlaşılacaqdır.
Beləliklə,
bütün bu qeydlərimiz əvəzsiz milli-mənəvi sərvətlərimizdən
olan yazılı abidələrin, klassik mətnlərin
transkripsiya məsələsinin nə dərəcədə
böyük əhəmiyyət
daşıdığını, eyni zamanda, çətin və
ağır bir iş olduğunu, bu sahə üzrə hərtərəfli
bilik və təcrübə tələb olunduğunu
açıq-aşkar bir şəkildə sübut edir. Məhz
buna görə də düşünürük ki, Orta əsrlərin
yadigarları olan və dünyanın müxtəlif muzey və
kitabxanalarında saxlanılan Azərbaycan əlyazmalarının,
ümumiyyətlə, klassik mətnlərin akademik nəşrlərinin
hazırlanması məsələsində ölkəmizin
dilçi və ədəbiyyatçı, əlyazmaşünas
və şərqşünas alimlərinin sıx əməkdaşlığı,
səylərin birləşdirilməsi faydalı olardı.
Möhsün Nağısoylu
Ədəbiyyat qəzeti.- 2018.- 24 noyabr.- S.10-11.