Yaşar Bünyadın hekayələri diskurs kimi

 

Yaşar Bünyad nəsrimizə gec gəlsə də, ard-arda yazdığı hekayələrlə seçilə bildi, hazırkı səs çoxluğu, motiv və intonasiya qarışıqlığında özünün nəsr dili, nəql texnikası, mövzuya yanaşma özəlliyi ilə fərqlənməyi bacardı. Və nasir kimi əsas özəlliyi bu: o, heç kəsi təkrarlamadığı kimi, özünü belə təkrarlamır və bu, bir qələm adamı üçün ən vacib məsələdir.

Yaşar Bünyad insanların sosial problemlərini, yaşamaq uğrunda mücadiləsini, müharibə fəsadlarını, eşq hekayətlərini günün təhkiyəsinə gətirməyə çalışır. Daha çox mənəvi dəyərlərin qürubunu bədii mətnlərində obrazlaşdırır və dəyərlərə baxışı dəyişən, ailə bağları qırılan, cəmiyyətə, doğulduğu məkana özgələşən fərdin problemlərini qabartmaq, saxta əxlaq qaydalarına, sosial normalara qarşı çıxmaqla fərqli bir dünyagörüşdən çıxış edir.

Yaşar Bünyadın imzasını "Atamın ayaqları" hekayəsi ilə tanıdım. Nəsrimizə layiqli bir yazıçının gəlişinin müjdəsi idi bu hekayə mənim üçün. Poetik yığcamlıq, fikrin son dərəcə xəsis detallarla ifadəsi, polifonik strukturun özü tərəfindən diktə olunan işarə sistemi "Atamın ayaqları" hekayəsinin səciyyəvi çalarlarıdır. Hekayə müharibədə ayaqlarını itirən kişinin oğlunun dilindən qələmə alınıb. Mətn kişinin çarpayıdan yerə yıxılması ilə başlayır, müəllif elə ilk məqamda oxucunun diqqətini qəhrəmanın faciəsinə yönəldir: ""Tapp..!" Yuxu aparıbmış, küt səsə diksindim. Əvvəl elə bildim yer tərpəndi, damın köhnə dirəkləri uçub yerə töküldü... Döşəməyə sərələnmiş yorğanın altından başını qaldırdı. Bir xeyli gözlərimin içinə baxdı. Heç nə olmayıbmış kimi çarpayının kənarına dirsəklənib dartındı, altdan-altdan, fağır-fağır üzümə baxdı. Gözlərindəki kədəri gizlətməyə çalışırdı".

Hekayə boyu müəllif təsvirləri yalnız atanın deyil, oğlunun da ağrılarına fokuslanır. Onun hiss və həyəcanlarının bədii səciyyəsini verir: "Elə istəyirdim ki, beş-on yaş böyük olam, belinə girib qucaqlayam, göz qırpımında qaldırıb çarpayısına qoyam! Əllərimi uzadanda gücüm çatmayacağını duyub qollarını boynuma doladı, mənə sarı dartındı, “ya Allah” deyib var gücümlə onu yuxarı qaldıra bildim. Ağırdı. Boğuq səslə ufuldadı. İlahi, ikimizdə bir boydayıq ki?! Çarpayıya uzatdım, başını yastığa söykəyəndə “ah” çəkdi... Onu özüm kimi balaca, aciz və köməksiz görmək istəmirdim. "Əvvəllər daha məğrur, cəsur görünərdi!"Gözlərim doldu. Fikirləşdim, görəsən, neçə il yaşamalıyam ki,onun itirdiyi ayaqları boyda böyüyəm...".

Burada ayaq detalı yalnız obyekt olaraq mənalanmır, əksinə, subyektləşir, qəhrəmanın daxili ovqatını xarakterizə edən obraz səciyyəsi alır. Qəhrəman protez ayaqlara sahib olacağı məqamda rəqs edəcəyini niyyət edir. Kəsik ayaqların rəqsi obrazın xoşbəxtliyinin metaforuna çevrilir. İnsan iki ayağını itirsə belə, yaşamaq, xoşbəxt olmaq üçün yollar axtarır. Müəllif obrazların düşüncə qatlarını, daxili emosiyalarını mətnin strukturuna elə yerləşdirir ki, onlar öz xarakteri, yaşam modeli ilə gözlərimiz önündə açıla bilirlər.

"Atamın ayaqları" hekayəsində ata obrazı hekayədə daha çox bu detalla xarakterizə olunur: kəsik ayaqları əvəz edəcək protez ayaqlarla. Protezlər obrazın daxili aləmini açmaq üçün düşünülmüş rakursdur. Bu yolla yazıçı qəhrəmanın içindəki yaşamaq, mücadilə əzminə geniş miqyas verir, atanın mənəvi aləmindəki pozulmuş düzəni, yenidən həyata tutunmaq istəyini simvolizə edir.

"Quşlar qayıtdısa...", "Hələ ki təyyarələr uçur"... Bu hekayələrin hər biri təklif etdiyi bədii modellər baxımından yüklü təsir bağışlayır. Onlarda yeni fikir miqyası, yazıçı "mən"inin ölçüləri ilə reallaşan baxış, yanaşma var. Yaşar Bünyad hansısa detalı ön plana gətirib onun ətrafında hadisə yaratmağı uğurla bacarır. Məsələn, "Quşlar qayıtdısa..." hekayəsində qoyulan urbanizasiya probleminə müəllif simvolik bir çalardan istifadə etməklə toxunur. Kənddə quşlar yurd salmır, uçub gedirlər. Müəllif hekayəsinə yazıçı Zahir Sarıtorpağın quşlarla bağlı şeirini epiqraf seçib. Qeyd edim ki, quş detalı Zahid Sarıtorpağın da yaradıcılığından boşluğun, aşınmanın, qürubun rəmzi olaraq keçir. Yaşar Bünyadın da hekayəsində bu detal eyni anda həm kədərin, həm də ümidin rəmzini simvolizə edir: "Demək, bu yaz da dönmədilər. Toplar hürkütdü qaranquşları... Yaxşı, onlar gəldi-gedərdi, hər yerə isinişməzlər, bəs, sərçələrə nə olub qəhətə çıxıblar, elə bil yer üzünün bütün sərçələri qırılıb. Dədəm rəhmətlik deyərdi ki, qaranquşlar, kənddən bezib qaçan cavanlar kimidi - biri dönər, beşi yox... Sərçə başqa, sərçə özümüzünküdü, vəfalıdı, heç hara getməz... Hanı bəs?".

Onu da deyim ki, kənd tənhalığı nəsrimizin əbədi mövzularından biri olaraq qalmaqdadır. Qərb dəyərləri milli dəyərləri üstələdikcə, iqtisadi inkişaf tempi yüksəldikcə, texniki nailiyyətlər artdıqca şəhərin kənd üzərində hakimiyyəti güclənməkdədir. Əvvəllər də nəsrimizdə məsələ bu kəskinlikdə qoyulurdu. Cavanların yurd yerini tərk etməsi faciə səviyyəsində bədii təcəssüm predmetinə çevrilirdi. Heç nə dəyişməyib. Yenə də kənd yalnız qocaların ümidinə qalan, ölüləri belə yerdən qaldırmağa kimsənin olmadığı məkan olaraq mənalanır: "Əvvəllər şəhər avto-busları kimi basaraq idi kənd, adam çox, boğanaq, on metrədən də bir çətir-çətir qoz ağacları Allahın havasına qənim kəsilərdi.... Axırıncı qoz ağacının kötüyünə havaxt balta vurdular, yadımdan çıxıb. Hər selbə atanda havaya yüz qarğa qalxardı, onlar da yox olub. Elə bil səhralıqdı, küllükdü, xarabalıqdı... Adamlar da köçdü, ağaclar da... İndi havasızlıqdan yox, havanın çoxluğundan boğuluram... Dəli oluram deyəsən...".

Görünür, meqapolisin problemləri artdıqca kəndə qayıdış sevdası daha qabarıq önə çıxmaqdadır. Əlabbasın "Arvanada dəfn" hekayəsi də mövzunun uğurlu bədii həllini verən mətn idi. Yaşar Bünyadın "Quşlar qayıtdısa..." hekayəsində də müəllifin düşüncə sırası insan-təbiət münasibətlərinə qədər varır, atalar və oğullar problemi, laxlayan patriarxal dəyərlərə etiraz ruhu ilə bitkinlik qazanır.

Hər iki hekayədə kənddəki cırlaşmadan, insanların yurd yerini tərk etməsindən bəhs olunur. "Arvanada dəfn"də kənddə ölən kişiləri qadınlar, "Quşlar qayıtdısa..." hekayəsində isə altı övladı olmasına rəğmən dostu basdırır. Birinci hekayədə qəhrəmanın övladının olmaması hardasa təsəlli yeri ola bilir: bəlkə, övladı olsaydı, valideynin meyitini yerdən götürmüş olardı. Yaşar Bünyadda məsələ bu kontekstdə daha sərt qoyulur: altı uşağı olmasına rəğmən heç biri gözə görünmür, atalarına sahib çıxmır: "Zillətnən böyütdüyü altı oğuldan biri də qalmadı yanında, baş götürüb gedər-gəlməzə üz tutdular... "Dağıl, necə dağılmısan, a dünya! Altı oğlun ola, səni züryətsizin biri kəfənləyə, yerdən götürə, torpağa tapşıra...".

Müəllif hekayədə quşların kəndi tərk etməsi ilə insanların gedişi arasında assosiasiya yaradır. Gedənlər geri dönmür. Ümid insanlardan öncə quşların dönüşünədir bəlkə də.

Yazıçı hekayənin hadisə planında iki təsvir sırasını yerləşdirir. Bir tərəfdə yurdu tərk edib gedən cavanlar, o biri tərəfdə modernləşdikcə mənəvi bağlarından, ənənələrindən qopmayan, doğma ocağa yadlaşmayan kəndlilər. Bu ikili plan hekayənin ideya-problematikası ətrafında elə simmetrik düzənlə yerləşdirilib ki, hər iki tərəfin gerçəklərinə işıq salınır. Bəs başqa məkanlara üz tutanlar necə? Xoşbəxtdilərmi? Yaşar Bünyad mövzunun davamını, sanki "Miqrant" hekayəsində tapır. Məlum olur ki, kəndi tərk edənlərin də asan olmayan həyatı var, onlar üz tutduqları yerdə heç də xoşbəxt deyil, yaşamının mənasını çörək uğrunda mübarizədə görənlər həyatın dramatizmindən qurtula bilmirlər. Yazıçının "Miqrant" hekayəsi məhz belə insanların faciəli həyatını canlandırır: kənddə kök sala bilməyib qürbətə adlayanlar, amma orda da bəxti gətirməyib çörəklə sınağı taleyin oyunu kimi yaşayanlar. Qəhrəman itmiş həyat düzəninin harmoniyasını uzaqlarda, Rusiya həyatında axtarır, amma tapa bilmir. Sızıltı, üsyan, etirazla vətən sevdasının xiffətini çəkir: "Əmimə deyən lazım idi, dədən, baban kənddən qırağa çıxmamışdı, ölmüşdü?!". Yazıçı bu məsələləri artıq, sosial disharmoniyanın təzahürü olaraq qabardır.

Yaşar Bünyadın hekayələrində qoyulan məsələlərdən biri də namus məsələsidir. Bu mövzuda yazıçının mövqeyini sərgiləyən bir neçə hekayə var: "General", "Sükutun rahatlığı" və "Qoşalülə". Bunlardan birincisi itin, ikincisi təcavüzə uğrayan qızın, sonuncusu isə üçüncü şəxsin təhkiyəsindən təsvirə çəkilir. Şərəf, ləyaqət bu hekayələrdə ən böyük dəyərdir. Ümumiyyətlə, Yaşar Bünyadın hekayələri dəyərlərin dayanıqlığına illüstrasiyadır. Qapalı ənənəvi dünya və onun insanları üz-üzə qoyulur. İnsanların doğulduqları yurda bağlılığı, ailə dəyərlərinə əhəmiyyəti, kökə, mentallığa sadiqlik əsas çalarlardır. Yazıçı bu dəyərlərdən və vəziyyətlərdən yola çıxaraq daha yan motivlərin törəməsinə yol açır. Sosial motivləri qabardır, özgələşmə məsələlərini diskursa çevirir, müharibə illərinin dramatizmini önə çəkir.

Yaşar Bünyad hadisə yaratmağa, hadisəni təqdim etməyə meyilli yazıçıdı. Bunun üstün cəhəti nədir? Müəllif öz nəqli, təhkiyəsi ilə oxucunu yormaq yolunu tutmur, daha effektli vasitəni seçir, obrazların həyəcan və ağrılarını hadisənin təqdimi ilə ötürür və bu vasitə ona həm psixoloji situasiyanı, həm də mətnin poetikasını, dramatizmini bitkin şəkildə həll etməyə yardımçı olur. "Hələ ki təyyarələr uçur" hekayəsinin qəhrəmanı Vaqif telefonuna gələn bir mesajdan yola çıxaraq taleyinə doğru yol alır. Bakının küçələrini keçmişi - uşaqlığı, gənclik sevgisi, nisgili ilə birgə dolaşır. Hekayəni oxuduqca düşüncəmizdə Anarın "Gürcü familiyası", qulaqlarımızda Oqtay Ağayevin sevimli səsi dolaşır: "Sən ey uşaqlıq/ Sən bizdən uzaq düşdün artıq"...

Hekayədəki hər detal, hər mizan qəhrəmanın keçmişi ilə bağlı bütün vurğuları yerinə qoyur. Yazıçı xatirələrdən, yaddaşda ilişib qalan Köhnə Bakının, İçərişəhər mənzərələrinin təsvirindən Vaqifin həzin sevgi duyğularının fon gücləndiricisi kimi istifadə edir. Lövhələr biri digərini əvəz edir, göstərilən məkana çoxplanlı səciyyə aşılayır.

Əlbəttə, hekayələrdə uğursuz bəzi məqamlar da var. Məsələn, "Miqrant" hekayəsində qəhrəmanın daxili aləmi dərin təcəssümünü tapa bilmir, "General" hekayəsinin sonluğu uğurlu şəkildə tamamlanmır. "Ata" hekayəsində təhkiyəçinin ata sevgisi ritorik səviyyədədir, sevgidən çox sevgi effekti doğurur. "Sükutun rahatlığı" hekayəsində funksional əhəmiyyət daşımayan, dramaturji yükü olmayan bir neçə təsvirlər var ki, onlar hekayələrin ideyasına, problematikasına təsirsiz ötüşür deyə bilərik. Düzdür, "Ata", "Sükutun rahatlığı" hekayələrində müəllif təhkiyənin tempini dinamikləşdirməklə gərginlik yaratmağa çalışır, amma zənnimcə, obrazların daxili emosiyalarının daha bitkin formada təqdiminə çalışmaq uğurla nəticələnə bilərdi.

Digər bir məqama da toxunmadan ötə bilmirəm. Çağdaş nəsrimizdə, onun mənəvi axtarışlar təmayülündə getdikcə qaranlıq işığı, bədbinlik pozitiv çaları üstələməkdədir. Bu yerdə ədəbiyyatın missiyası, estetik siqləti o qədər də fəal təsir bağışlamır. Yaşar Bünyadın hekayələrində fərqli ovqat hiss elədim. Burada faciə, ağrı da var, satira çalarları da. Amma ən əsası, bunlara əlavə olunan və daha qabarıq görünən digər amil var: nikbinlik... Yazıçının əksər hekayələri işıqlı sonluqla, ümidlə sonuclanır. Ona görə yox ki, sovet dövrünün xoşbəxt sonluğa ürcah edilmiş əsərləri kimi bu, mütləq amildir. Sadəcə, nəsrin əsas təcəssüm predmeti olan insan konsepsiyasını yalnız qaranlığın təqdimi üzərində reallaşdırmaq birtərəfli baxışdır və öz polifonizmi və dərinliyi ilə xarakterizə olunan insan konsepsiyasını bədii mətndə reallaşdırmağa imkan vermir.

Yaşar Bünyadın hekayələri ədəbiyyatın həyat üzərində qələbəsidir, oxucuya aşılanan mübarizlik mövqeyinin təcəssümüdür. Diqqət edək: "Atamın ayaqları" hekayəsində kəsik ayaqlar belə bir insanı bədbəxt etmir, o, ən çıxılmaz məqamda da hansısa ümidə, həyatını dəyişəcək kiçicik inama tutunub (bir gün sonra ona gətiriləcək protez ayaqlara!) rəqs etməyin xəyalını qurur! Yuxusunda kəsik ayaqları ilə yorğanın altında rəqs belə edir... "Qulağıma səs gəldi. Deyəsən, onun çarpayısı həzin-həzin cırıldayırdı. Adətən anam evdə olanda bu cür səslər gələrdi... Maraq məni yuxumdan ayırdı. Qalxıb barmaqlarımın ucunda yataq otağının yarıaçıq qapısına yaxınlaşdım. Çarpayı həqiqətən asta-asta cırıldayırdı; onun ayaqları yorğanın altında gah sağa, gah sola hərəkət edirdi... Xeyli gözlədim. Hələ də ayaqları hərəkətdəydi. Mənə elə gəldi ki, o yatmayıb, yata bilmir, güman ki, həyatını həmişəlik dəyişəcək sabahına "xoş gördük" demək üçün hansısa həzin melodiyanın ritminə uyğun rəqsini məşq edirdi. Bəlkə də, yuxudaydı və yuxusunda uşaq idi; başının üstündə ulduzlar sayrışır, sevinə-sevinə ağappaq buludların üzəriylə asta-asta atılıb-düşür, seçdiyi nəğməsinin ritminə düşmək istəyirdi, ayaqları da özününküydü... Atam yuxusunda xoşbəxt idi".

Yaxud "Hələ ki təyyarələr uçur" hekayəsində xatirələrinə boylanıb yaşayan, gəncliyin sevgi hənirini heç vəchlə unuda bilməyən insan hansısa məqamda hiss edir ki, hələ gec deyil, ümumiyyətlə, heç vaxt gec deyil. Yetər ki, insan bunu arzulasın, bütün ömrü boyu o an üçün yaşasın, dünyanın o başında olsa belə, istəyə doğru getmək olar. Hekayənin adı belə, bunu deyir: hələ ki təyyarələr uçur: "Səsi elə yaxından gəldi ki! Sanki indicə tindən çıxacaq, qollarını açıb üstünə atılacaq, var gücüylə "Va-qiif! "bağıracaq. Elə bağıracaq ki, səsindən şəhər diksinəcək. Uşaq kimi əl-ələ verib Qız qalasının dolanbac pilləkənləriylə yuxarı - işığa sarı qalxacaq, ilk dəfə dəniz görən körpə kimi sevinəcəyik. İstək varsa bu, elə də çətin deyil, məncə; aramızdakı məsafəni bir addımlıq etmək üçün bilet almaq yetər. Hələ ki təyyarələr uçur... ".

Eləcə də "Quşlar qayıtdısa..." hekayəsində sərçələrin kəndə qayıtmasını müəllif ümid olaraq motivləndirə bilir: "Əgər sərçələr qayıdıbsa, görərsən, qaranquşlar da dönər, yağışı canına çəkən ceviz kötükləri cücərər, boy atıb qol-budaqlı ağac olar, zəhləm getmiş qarğalar da qayıdar? Bilmək olmaz, birdən, Əbdülünkülərdən biri döndü, qənşərinə çıxan olmalıdı axı...". Sanki Əbdül ordaymış kimi əllərimi göyə açıb bağırdım:

- Əb-düüülll!.. Əbdül, eşidirsən, sərçələr qayıtdı. Sənə demişdim axı... Qa-yıt-dıııııııı!..".

Bu yerdəcə dayanıram. Yaşar Bünyadın günümüzün fakturasına həssas hekayələrinin davamlı olmasını istəyirəm. Meydanda olan mətnlər bizi buna inandırır.

 

Elnarə AKİMOVA

 

Ədəbiyyat qəzeti.- 2018.- 24 noyabr.- S.12-13.