Ekranlaşdırılmış ədəbi
əsərlər...
Layihədə Qustav Floberin
"Madam Bovari" romanı əsasında çəkilmiş
filmləri təqdim edirik
Əsərin indiyədək iyirmiyə yaxın ekran versiyası çəkilib. Onların arasında maraq doğuran ekranlaşdırmalardan biri fransız rejissoru Jan Renuarın 1933-cü ildə lentə aldığı eyniadlı filmidir. Dünya kinosunun klassiklərindən biri, ən müxtəlif janrlarda işləyən, təhkiyə üslubuna dərin fəlsəfi düşüncə, istehzalı manera, eksperimentlər xas olan Renuarın yozumunda bu filmi izləmək maraqlı olardı. Təəssüf ki, internetdə yayımlanmadığından filmi izləmək imkanı olmadı.
Romanın ekran versiyalarını araşdıranda, əsasən, rejissorların kimliyinə, fərqli yozumlara önəm verdim və beş film izlədim. Onlardan üçü haqda geniş danışacağam. İki film haqda isə qısa bilgi ilə kifayətlənəcəyəm.
Bunlardan biri avstriyalı rejissor Hans Şott Şöbingerin 1969-cu ildə çəkdiyi, İtaliya və Almaniyanın birgə istehsalı olan "Madam Bovarinin günahları"dır. Diqqətimi çəkən filmin erotik janrda olmasıydı. Baş rola erotik kino ulduzu, italyan aktrisası Edvic Fenek çəkilib. Almaniyada "Çılpaq Bovari" adı ilə nümayiş olunan film həddən artıq səthi çəkilib və rejissor madam Bovarinin ehtiraslarını önə çıxarıb. Finalda isə Emma intihar etmir, o, həyatını dəyişdirməyə qərar verir.
Digər versiya Amerika və Böyük Britaniyanın birgə istehsalı olan, Tim Fayvellin quruluş verdiyi "Madam Bovari"dir. BBC məşhur romanların ekranlaşdırmasına xüsusi önəm verir və bu günə kimi yüzdən çox romanı film formatında istehsal edib. BBC-nin istehsal etdiyi filmlər kostyumları, keyfiyyətli operator işi və səs effektləri ilə seçilir. 2000-ci ildə lentə alınan, avstraliyalı aktrisa Frensis O Konnorun oynadığı film əsəri maksimim olduğu kimi təsvir edib və Floberin yaradıcılığına yeni bir yozum qatmayıb...
Romanın ən yaxşı ekranlaşdırması isə fransız rejissoru Klod Şabrola məxsusdur.
Romanın qısa süjeti: "Həkim Şarl Bovari bir fermeri müalicə edəndə, onun qızı Emma ilə tanış olur. Və tezliklə onunla evlənir. Şarlla ailə qurandan az sonra Emma anlayır ki, Şarlı sevmir. O, əyalətdə yaşamaqdan, boz ailə həyatından sıxılır, nələrinsə dəyişəcəyinə ümid edir. Həyatını dəyişmək ümidi ilə, başqa bir şəhərə köçmək üçün israr edir. Amma yeni şəhər, qızının doğulması Emmanın sıxıntısını azaltmır.
O, burada tələbə, notariusda işləyən Leonla tanış olur. Onunla ədəbiyyat, sənət, Parisin gözəlliyi haqda söhbətlər Emmaya zövq verir. Tezliklə Leon təhslini davam etdirmək üçün Parisə gedir.
Bir müddət sonra Emma zəngin, arvadbaz Rodolfla tanış olur. Rodolfa eşq hekayəti yaşayan qadın bahalı hədiyyələr alır və ərindən xəbərsiz borca girir. Bir müddət sonra bu münasibəti ciddiyə almayan Rodolf Emmadan ayrılır. Mənəvi zərbə alan Emma yatağa düşür və az sonra sağalır.
Daha sonra o, Parisdən qayıdan Leonla
qarşılaşır. Bu dəfə onunla eşq macərası
yaşayır. Və getdikcə borcları
da çoxalır. Borca görə məhkəməyə
verilən Emma çıxış yolu tapmaq üçün
Leona, Rodolfa üz tutsa da rədd cavabı alır. Ümidsiz qadın siçan zəhəri içərək
intihar edir. Əri onun ölümündən
sonra borclardan və xəyanətindən xəbər tutur.
Amma onu sevməkdə davam edir. Az sonra
Şarl da ölür və qızı nənəsinin
himayəsində böyüyür. Nənənin
ölümündən sonra isə qız özünü
dolandırmaq üçün fabrikə işə girir.
...Madam
Bovarinin faciəsi, məhz - "Yeni fransız
dalğa"sının yaradıcılarından biri,
Hiçkokun, Langın,
Lyubiçin kinematoqrafiyasından təsirlənən
Şabrolun mövzusudur.
O, filmlərində
bir qayda olaraq, müasir ailə institutunun böhranını,
ona gətirən səbəbləri vurğulayır, ər və
arvadın münasibətindəki çətinlikləri
araşdırır, xəyanəti ilk baxışda
rahatlıqla edən kişi və qadının içlərindəki
ağrılı, çıxılmaz situasiyalara fokuslanır,
personajlarının qüsurlarına, səhvlərinə rəğmən,
tamaşaçını onlara anlayışla yanaşmağa
sövq edir.
Şabrolun qəhrəmanları burjuaziya mühitinin
adamlarıdır. Amma o, diqqəti personajların mənsub
olduğu sosial sinfə çəkmir, problemləri bu
sözün siyasi-iqtisadi anlamında görmür,
çünki belə bir mövqe onun
yaradıcılığını bəsitləşdirərdi.
Söhbət hər şeydən əvvəl
düşüncədəki burjuazlıqdan gedir.
Şabrol
bu mühiti kulturoloji, cinsi, psixoloji, mənəvi dəyər,
məişət
və s. müstəvidə araşdırır. Personajların hedonizmi onları
duyğusuzlaşdırır, cinayəti belə asanlıqla
edirlər, riyakarlıq onlardan ötrü normallıqdır -
içdə qəddar, insani dəyərlərdən uzaq olan
bu adamlar cəmiyyətdə mədəni, kübar
davranırlar. Şabrol təmkin və amansızlıqla
onların intim gerçəkliyini üzə
çıxarır: əslində, onlar ikili həyatdan, ziddiyyətlərdən
əzab çəkirlər, əsəb gərginliyi iç
dünyalarının dərinliyindədir və daim komforta
canatma, hedonizm sonucda onların cəhənnəminə
çevrilir.
Kriminal triller janrında özünün təkrarsız
üslubunu yaradan rejissor, yaradıclığının özəlliklərini
"Madam Bovari"yə də tətbiq edir. Əksər
filmlərində olduğu kimi, burda da əhvalat idillik təsvirlərlə
başlayır. Sonra isə huzur dolu idillik təsvirlər
təmkinlə, az qala hissolunmaz bir templə
işgəncəylə, mənəvi əzablarla yüklənməyə
başlayır.
Şabrol əsəri və qəhrəmanını
ekzistensial qatda işləyib, onun yozumunda Emma meşşan,
ehtiraslı, şöhrətpərəst qadın deyil. Bu nüanslar,
sadəcə, Emmanın iç-emosional dünyasındakı
gerçəkliyin, ağrılarının zahirə
çıxan sublimasiyasıdır. Emma
maddi dünya ilə heç cür uyuşa, dil tapa bilməyən,
daim nəsə axtaran biridir.
Peşmançılığı ifadə edən
"Mən niyə ərə getdim" sualı "Ona niyə
ərə getdim" sualı kimi qoyulmur. Çünki
Emmadan ötrü ərin kimliyi (kral və ya adi kənd həkimi
olması) önəm daşımır. Özünə
verdiyi sualın intonasiyası həyatındakı yeniliyin mənasızlığının
ifadəsidir. Və Emmanın sevgi romanları da, statik məişətdən
uzaqlaşıb dinamik rəngli həyat istəyi də - öz məninin
çıxılmazlıqlarından, ekzistensial tənhalığından
qaçmaq üçündür. Bunlar Emma
üçün məqsəd yox, mövcudluğunda məna
tapmağa yönəlik axtarışdır.
Bir epizodda Emma moda jurnallarına nəzər salır, onun
üzündə Parisə, dəbdəbəli həyata
heyranlıq, həvəs yox, sadəcə, laqeydlik,
maraqsızlıq duyulur. Eyni ovqat Emmaya o, bala gedəndə də,
sevgililəri ilə yataqda olanda da hakimdir. Əhvalatın
hər detalı, onun bədəninin hər hərəkəti,
jesti, üzünün ən xırda ifadəsi belə,
Emmanın "mən niyə
mövcudam" sualına cavab tapmağa ümidsiz cəhdidir.
Şabrolun
digər personajları kimi, Emma da ətrafda ailəyə
bağlı, yaxşı evdar qadın, ev
sahibəsi obrazı yaradır, amma daxili həyatla
üsyandadır. Qadın ailəsini qorumağa,
ərinə, qızına qayğıkeş olmağa
çalışır, amma zaman-zaman sevgisizlikdən, riyakar
olmağı bacarmadığından içində nələrsə
qırılır.
Yuxarıda dediyim kimi, Şabrolun
yaradıcılığında burjuaziya siyasi-iqtisadi mənada
əhəmiyyət daşımır. O, təfəkkürdəki
burjuaziyanı - həyatın mənasını yalnız
maddiyyatda görən və ancaq ümumi qəbul olunmuş dəyərlərə,
əxlaqa inananları hədəfləyir. Emmanın
məhz təklif edilmiş standart həyat qəliblərdən
çıxmaq çabası, həyata başqa bucaqdan baxmaq cəhdi,
onun həm də burjua təfəkkürə qiyamıdır.
Və belə bir mühitdə fərqlilik,
yenilikçilik ona bədbəxtlik gətirir.
Ədəbiyyat mütəxəssisləri romanı
lakonikliyinə, sözlərdən son dərəcə dəqiq
istifadəyə və fikirlərin aydın ifadəsinə
görə yüksək qiymətləndirirlər.
Və Şabrol məhz bu stilistikanı kinoməkana gətirir. Filmdə
artıq bir detal, artıq kadr yoxdur, o, radikal montaj metodundan, dəqiq
seçilmiş pauzalardan, planlardan, musiqidən, mizanlardan
orqanik istifadə edərək əhvalatın lakonikliyinə,
məna dolğunluğuna nail olur.
Şabrol Emmaya onun qadın kimliyinin rakursundan da nəzər
salır.
Ərinin xaraktersizliyi, etinasızlığı, özünü peşəsilə
bağlı mübahisələrdə müdafiə edə
bilməməsi, zəifliyi onun qadın qəzəbini gücləndirir,
xəyanət ehtirasını artırır. Əriylə
ünsiyyət böhranına bu amil də təsirsiz
ötüşmür. Ər isə bunun fərqində deyil, Emmanın
kədərini görə, daxilində nə baş verdiyini
duya bilmir. Və Emmanın xəyanətində
həzzin, ehtirasın gücü yox, əzik ərdən və
həyatdan qisas hakimdir.
Şabrol əksər filmlərində olduğu kimi,
burda da passiv həyəcan daşıyan musiqidən istifadə
edir. Və bu passivlik Şabrolun ləng templi kinodili ilə
uyğunlaşır.
Təbii ki, filmin uğurunda müasir
dövrümüzün təkrarolunmaz aktrisalarından biri
İzabel Yupperin də rolu danılmazdır. Şabrol
Yupperlə bir çox filmlərdə əməkdaşlıq
edib və bu əsəri də özəlliklə,
aktrisanın geniş imkanlarını nəzərə alaraq
qurub. Çətin, ziddiyyətli
obrazların mahir ifaçısı Yupper obrazını soyuq
dramatizmlə oynayır. Aktrisa Emmanın qəfil
duyğu dəyişikliklərini, ruhi
sarsıntılarının fiziki ağrıya keçməsini
natural ifa edir.
..."Madam
Bovari"ni maraqlı yozumda təqdim edən
digər rejissor Aleksandr Sokurovdur. Spesifik kino dilinə
malik, çağdaş rus rejissoru Sokurov absolyut estetdir. Amma onun estetikliyi yalnız vizual xarakter
daşımır, eyni zamanda, əhvalatda atmosferi təyin edir,
personajların münasibətlərində, psixoloji vəziyyətlərdə,
mövzuya yanaşmada dərin məna kəsb edir. Onun kino dilinə, impressionizm, yuxu, xatirələr,
fantasmaqorik çalar, uzun, statik planlar, estetizmlə naturalizmin
hibridi, metaforlar, metafizik traktovka xasdır. Təsvirləri,
mizanları, rəng həlli intibah, barokko, romantizm üslubunda
çəkilən klassik tablo estetikasındadır.
Sokurov
deyir: "Mənim filmlərimdə təsvir həlli rejissor
düşüncəmin əhəmiyyətli hissəsidir".
Rejissorun "Madam Bovari" əsasında çəkdiyi
film, 1989-cu ildə ekranlara çıxan filmi "Xilas et və
qoru" adlanır. Rejissor mətnin fabulasını,
personajları saxlasa da, əhvalatı özünün kino
dilinə, estetikasına uyğunlaşdıraraq tamamən sərbəst
yozumlayıb.
Əhvalatın baş verdiyi məkan və zaman konkretləşdirilməyib. Hadisələr
irreal, illüziyalarla reallığın sərhədinin itdiyi
naməlum məkanda baş verir. Asketik əhval,
məkandakı minimalizm, teatral şərtilik önə
çıxır və rejissor ənənəvi nəqlin
qaydalarndan imtina edərək təhkiyəsini impressionizm
stilində vizual hissiyyatla doldurur. Vizual
hissiyyat Emmanın (Sesil Zervudaki) narahat ruhunu, qəlbinin
çırpıntılarını ifadə edir. Onun gah
fransız, gah rusca danışması ətrafla ünsiyyətinin
alınmamasının və özünü dərk edə
bilməməsinin ifadəsidir.
İlk səhnələrdə Emmanın əriylə
sevişmə səhnəsi yer alır. Sevişmə səhnəsində
ancaq qadının üzü vurğulanır: sevişmədən
zövq almayan, əzab çəkən, ziddiyyətli
duyğular keçirən qadın üzü. Sevgililəri ilə
intim aktda da onun üzü, vəziyyəti dəyişmir,
cinsi akt zamanı Emma həzz alan qadına
yox, zorlanmağa məruz qalmış meyitə oxşayır.
Yataq səhnələri statik, hərəkətsiz,
duyğusuz işlənib. Çılpaq səhnələrinə
çox yer verilsə də, Sokurovun yozumunda bu, ehtiras
oyatmır, əksinə, kamera elə baxış
bucağını seçir ki, ordan sevişən qadın və
kişi abstrakt varlığa
oxşayır.
Rejissor Emmanın obrazını sırf psixofiziki səviyyədə
verir, qadının mənəvi əzablarını fizioloji
ağrılarından keçərək anladır. Ölüm səhnəsində
də fizki ağrılarını qroteskləşdirir. Sokurovun kinodünyasında Emma daha çox ruhi
anlamda mövcuddur.
Əhvalatın atmosferi Emmanın ovqatına uyğun
olaraq melanxolik, xəstəhal qurulub. Əri Şarl isə
təlxək, infantil kimi təsvir olunub.
Filmdə o dövrün kostyumlarından istifadə
olunmayıb, personajları son dərəcə sadə geyindirməklə
rejissor onların mənəvi dünyasına diqqəti
çəkir.
Əhvalat boyu milçək vızıltısı,
sanki maddi dünyanın dözülməzliyini ifadə edir.
Çılpaq şəkildə, qucağında
qızına nəvaziş göstərən Emmanın təsviri
Rafaelin "Sikst Madonnası" tablosunu xatırladır.
Amerikalı rejissor Vinsent Minellinin, 1949-cu ildə ekranlara
çıxan "Madam Bovari"si Floberin məhkəmə
prosesi ilə başlayır.
Floberin romanından parçalar "Paris icmalı"
jurnalında çap olunandan sonra yazıçı məhkəməyə
verilir. Prokuror onu ictimai əxlaqı, dini təhqirdə, xəyanəti
poetikləşdirməkdə günahlandırır. Amma sonda Flober məhkəməni udur.
Filmdə Floberin dilindən məhkəmədə
Emmanın əhvalatı danışılır və film də
yazıçının nəqli üzərində qurulur.
Minelli Emmanın (Cenifer Cons) faciəsini -
onun mətbəx köləsi olmağa məcbur olması,
mövcud sosial mühitin ona özünü ifadə
üçün fürsət tanımaması, qadın
azadlığının cəmiyyətdə önəmsənilməməsi
kontekstində verərək, madam Bovarinin davranışına
bəraət verir. Və bu, sanki həm də
rejissorun o dövrün Amerika vətəndaşı
qarşısında Emmaya verdiyi bəraətdir. Çünki həmin dönəmdə Amerika cəmiyyətində
əxlaqa, ailə dəyərlərinə mühafizəkar
baxış dominant idi.
Ona görə də, rejissor Emmanın
bioqrafiyasını detallı danışaraq sonrakı
davranışlarının hansı motivlərdən
qaynaqlanmasını əsaslandırmağa
çalışır.
Minellinin
Emması nevrotikdir, ümumən filmə də bir nevroz atmosfer hakimdir. Onun xəyalları ilə reallığın
uyğunlaşması nevrozunun səbəbi kimi göstərilir.
Romandan fərqli olaraq, Şarl öz həkim kimi
imkanlarına əmin olmadığı üçün
İppoliti əməliyyat eləmir.
Sevda Sultanova
Ədəbiyyat qəzeti.- 2018.- 24
noyabr.- S.14-15.