Bəşər - İlot
Çox
hörmətli Elçin
müəllim!
Sizin
"Ədəbiyyat qəzeti"ndə
(2 dekabr, 2017-ci il) dərc olunmuş "Rəssam Muxtar Manaflının həyatı, sənəti
və bu dünyadan qaçışı"
adlı hekayənizi oxudum. Bundan əvvəl sizin
Sovet dövrü yaradıcılığınızı bütövlükdə, sonrakı
- 90-cı ildən bəri
yaradıcılığınızın isə böyük bir qismini oxumuşam.
Ümumiyyətlə, yaradıcılığınızın
çoxu maraqlı, gözəl, yüksək
səviyyəli əsərlərdir.
Ancaq mənim hazırda sözüm yuxarıda adını çəkdiyim
hekayəniz barəsindədir.
Hekayəni oxuyarkən hansı hissləri duydumsa, onu yazmaq fikrindəyəm.
Əvvəla, elə bildim ki, bu, rəssam
haqqında sadəcə
bir yazıdır. Fikirləşdim ki, oxuyum görüm
Muxtar kimdir?
Muxtarın rəsmlərini, bu rəsmlərin mənasını,
məğzini mən də, oxucu da başa düşür,
anlayıram. Onu görənlərin əvvəl heyrətinə
səbəb olsa da, sonradan əsas
nüansı nəzərdən
qaçırır və
bu əsərlərə
qiymət vermirlər.
Əsərlər onlara yeknəsəq,
təkrar kimi görünür.
Muxtarın əsərləri faktdır. Fakt da odur ki, kiçicik
bir uşaq qatarla keçdiyi zaman kəsiyində doğmaca kəndinin mənzərələrini zərrə-zərrə
gözünə yığır,
ürəyinə, qəlbinə,
könlünə əbədi
həkk edir. Bu kəndi onun
gözündən, könlündən
heç bir qüvvə çıxara
bilməz. Ona görə də qəhrəmanın bir qatar sürətiylə keçib getdiyi kəndinin daşını,
torpağını, yerini,
göyünü, ağacını,
quşunu ən incə naxışı ilə zahirən oxşar olsalar belə, fərqli cizgilərlə çəkməsi
müəllimlərini, hətta
görənləri belə
əsəbləşdirir, onlar
rəssamın elə
də böyük istedadının olmamasını
sübutlamağa çalışırlar.
Biri o birinə
bənzəməyən bu
mənzərələr Muxtarın
yaddaşında aydınca
cızılıb. O da bu mənzərələri
dəqiqliklə - ayrı-ayrı
ştrixlərlə, boyalarla
çəkir. Ancaq bu kənd mənzərələrinin
"eyniliyi" müəllimlərini,
anasını, nənəsini
də bezdirir.
Haşiyə: İşğal altında
olan Qarabağ Azərbaycanın ayrılmaz
hissəsidir. Qarabağı azad etmək üçün ən yüksək səviyyədə
işlər aparılır.
Hər bir soydaşımızın
ümdə arzusu da vətənimizi bütöv görməkdir.
Hər birimizin məqsəd-məramı
eyni olsa da, mübarizə yöntəmləri ayrıdır.
Belə ki, kimi canı-qanıyla
torpaqlarımız uğrunda
vuruşur, kimi siyasətlə, kimi sözüylə, kimi nifrətiylə mübarizəsini
davam etdirir. Bunu da dünya dövlətləri
görür, lakin görməməzliyə vurur.
Ona görə də əsaslı addım yoxdur.
Qayıdaq Muxtara.
Nənə obrazını qupquru bir kötük kimi qəbul etdim. Sanki bu obraz daş kimi dağdan, qayadan qopub, indiki düşdüyü
yerindəcə bitib qalmışdı. Bu daş
o vaxta qədər tərpənməz qaldı
ki, Muxtarın şəkillərinin hamısının
bir-birinə oxşadığından
o da əsəbləşib,
"sən o kəndə
elə baxırsan, elə bil İlotlar
azadlığa baxır",
- dedi. Qadının, "İlotlar azadlığa
baxır" sözündən
sonra canlanması möhtəşəm idi.
Mənim
üçün də
hekayə bir anın içində gözəlləşdi, bədiiləşdi,
oxunaqlı oldu. Birbaşa oxudum və heyrətləndim.
Burada
"İlot" sözünə
rast gələn kimi, nədənsə, dərhal Çingiz Aytmatovun "Əsrə bərabər gün" romanındakı "manqurt"
yadıma düşdü.
Bu iki sözün
arasındakı bağı
aydınlaşdırmadan yadıma
düşməsi çox
qəribə idi.
İlot sözünə indiyə
kimi heç vaxt rast gəlməmişdim. Nə məna
kəsb etdiyini də anlamadım. Muxtarın özü kimi.
Həm də anladım ki, hekayə niyə ağır imiş. Sən demə,
yazıçının məqsəd
və məramı küləyin göydə
quş lələyini
yüngülcə fırlatması
kimi bir şey deyilmiş. Söhbət
Fələyin çarxının
ağır-ağır dünyanı
fırlatmasından gedirmiş.
Fələyin çarxının dünyanı necə fırlatmasını izləmək,
onun sonuna varmaq elə də asan olmadığı
kimi, Elçin müəllimin də əsərini oxumaq ona görə çətin imiş.
Fələyin çarxı nə qədər istəyir fırlansın. Bizim onunla daha işimiz yoxdu. Ancaq hər kəsin, hər yazıçının
özünün fırlatdığı
bir məcazi çarxı var. Elçin
müəllimin məcazi
çarxını İlota
bənzətdim. İlot
sözünün mənasını
öyrənəndə qəzeti
yerə qoyub öz - özümə sevinclə pıçıldadım:
"Dəhşət! Deməli,
İlot kənd təsərrüfatı ilə
məşğul olan qullara deyilirmiş. Bu qullar uzaq tarlalarda əkib-becərən
azad kəndlilərə
daimi bir kədər və həsədlə baxırmışlar".
Nənə Muxtara "İlotsan",
deyəndə onun da doğma kəndinə,
elinə, obasına qovuşmaq arzusuyla nisgillə baxmasını
nəzərdə tuturmuş.
Muxtar azad olmayan kəndinin
hər zərrəsini
rəsmlərində ayrı-ayrılıqda
vəsf eləyir.
Bəlkə də, nisgilini
bununla ovutmaq istəyirdi.
Yenə Manqurtu xatırladım. Xatırlamaqda əsasım vardı.
Manqurtun istəyi özündən
asılı deyildi.
O, başqasının arzusunu
yerinə yetirəndi.
İlot isə əksinə, öz arzusunun nisgilini yaşayır.
Muxtar İlotdur. Kəndi düşmən
tapdağı altındadır.
Ora həsrətlə baxır.
Hekayənin müəllifi İlotdur,
Qarabağı həsrətlə
gözləyir. Biz hamımız İlotlarıq,
hamımız vətənimizin
bütövləşməsinin arzusundayıq.
İstər Çingiz Aytmatovun Manqurtu, istərsə də Elçin müəllimin İlotu eyni yüksəklikdə dayanan obrazlardır. Ç.Aytmatovun Manqurtu oxucuların dilində "bomba" kimi partladı. Hər tərəfə, hər yana
əks-səda verdi. Hər kəs Manqurtun prototipini misal göstərirdi. Elə indi
də dillərdə əzbərdir. Lakin Elçin
müəllimin İlotunun
səsi xəfif gəldi, astadan gəldi. Əslində, bu səs
atom bombasının səsi
kimi gurlamalıydı.
Hər iki yazıçı əvəzolunmaz, əlçatmazdı.
Birinin ruhu şad, o birinin canı sağ olsun.
Belə olmasaydı, böyük yazıçımız Elçin
bu hekayəni qələmə almazdı.
Yenə deyirəm, yurd ağrısı çəkən
bizlər illərdir ki, Qarabağın İlotlarıyıq. O ki qaldı, fələyin çarxının dünyanı
çətin və ağır-ağır fırlatmasına,
bu da təbiidir.
Çünki yer üzünün
bütün sərhədləri
götürülsəydi, irqlər,
dinlər, dillər bir olub birləşsəydi,
fələk də dünyanın çarxını
asanlıqla fırladardı.
Hələlik, bəşər İlotdur,
dünya bütövlükdə
sülh, əmin-amanlıq
içərisində yaşayanda
Manqurt da, İlot da lüğətlərdən
silinəcək.
Aləmzər Əlizadə
Ədəbiyyat qəzeti.- 2018.-
24 noyabr.- S.15.