İyirmi ikinci mənzildə

 

hekayə

 

Bütün ürəyi və qəlbi ilə bircə şeyi hiss edirdi: dünyada ən böyük istəyi onun cibində gizlənib əbədi rahatlıq və təhlükəsizlik içində qalmaq idi.

 

Frensis Skott Fitscerald

 

 "Əvvəl torpağa dönəydim, sonra torpaqda bitən kol olaydım. Sonra kolun yarpaqlarında dolaşan tırtıla, sonra pupa, nəhayət, kəpənəyə çevriləydim. Qanadlarımı çalaraq istədiyim səmtə uçaydım. Məhdudiyyətsiz, qadağalarsız!".

Damcı səsləri...

Mürgü tuturdu, mürgü tutduqca sinəsindəki kitabdan, açıq televizordan, uzandığı divandan, tamamən bu mənzildən, bu şəhərdən uzaqlaşırdı sanki...

Külək vıyıltısı, yağış şırıltısı... Hərdən külək şiddətlənir, damcıları pəncərənin dəmir altlığına daha bərk çırpır. Həmin an ona elə gəlir ki, yazıq damcıların qol-qabırğaları sınır, üz-gözləri əzilir.

Küləklə gələn yağış yaralı yağışdır, şikəst yağışdır...

Başı sinəsinə düşdü. Diksinib ayıldı. Pəncərəyə sarı boylandı. Bol günəşli bir gün idi. Quşların cəh-cəh səsləri pəncərəni yarıb otağa girir, televizorun səsini batırmağa çalışırdı.

Udqundu. Boğazı qurumuşdu. Əlini atıb kətilin üstünə qoyulmuş termosdan özünə stəkanın üçdəbiri qədər çay süzdü, qurtumladı. Ardınca sinəsindəki üzüqoylu "Məcburi vərdişlər" adlı kitabı qaldırdı.

"Autist öz aləmində yaşayır, Asperger sindromlu isə öz qaydaları, vərdişləri ilə insanların arasında".

Televizor "Mezzo" kanalındaydı. Andrea Boçelli "Con Te Partiro" oxuyurdu.

Kətildə qərarlaşmış mobil tetefonu isə inadla susurdu.

Bəlkə də, bədbəxtliyin əyləcini basmağın vaxtını ötürmüşdülər. İndi ha əlləşib-vuruşurdular, quyunun dibindən çıxa bilmirdilər.

Fərqinə vardı ki, Andrea Boçelli də şikəstdir. Kordur.

Saat on ikinin yarısı. Düz iki saatdan sonra anası qaçaraq gəlib onu yedirdəcək, yerini rahatlayacaq, lazımi köməkliklər göstərəcək, alnından öpüb, "Mənim canım qızım, hər şey yaxşı olacaq" ürək-dirəyini verərək yenidən qeyb olacaq.

Nahara kimi qonşu blokdakı gənc ailənin evini yır-yığış edir, bişir-düşür işlərinə baxır, nahardan sonra da üzbəüz binadakı yaşlı kişinin evində çalışır. "Hər şey yaxşı olacaq" ibarəsi artıq iki ildir ki, hər gün səslənir, hər gün bir az da cansızlaşır, cılızlaşır...

Düz saat üçdə də atası mesaj yazacaq. Yazacaq ki, günəşim, yaxud işığım, nurum, necəsən, neynirsən. Bax, ürəyini sıxma, yaxşımı, ata canı lap tezliklə tam sağalacaqsan, - deyə təkrarlayacaq. Növbəti cümlədə də ya yenə birlikdə kəndə gedib meşəni gəzəcəklərini, dağa dırmaşacaqlarını qeyd edəcək, ya da onun yenidən bəzənib-düzənib universitetə yollanacağını, tələbə yoldaşlarının əhatəsində bəxtəvərliyə qovuşacağını bildirəcək.

Atasının işi lap zülmdür. Səhərin alatoranında durub fəhlə bazarında üç-dörd saatlıq fəhləçilik işi axtarıb tapır, sonra qapı-pəncərə sexinə gedib orada saat 5-ə kimi ustalığını eləyir, oradan da gedir bir imkanlı qohumlarının bağına baxmağa. Evə gecə gəlir...

"İndi mələklər xortumlu, şeytanlarsa qanadlıdırlar".

Kitab, televizor, kağız-qələm... Ardıcıllıq, monotonluq, yeknəsəqlik...

Yenə sinəsinin üstündəki kitaba göz gəzdirdi. Yenə televizorun kanallarını bir-bir dəyişməyə başladı.

... Dünya çox qarışıb. Qərb yapon suşisinə aludə olub, Məkkədə isə Makdonalds burgerləri yeyirlər...

... Marçello Mastroyanni Frederiko Fellininin ikinci yarısıdır...

... İsmayıllıda yəhudi kəndi var. Hamı kəndi tərk edib gedib, yalnız bir qoca qalıb. Qəbiristanlığa qulluq eləyir həmin qoca...

Yerində azacıq dikəldi.

Əslində, iki il öncəyə kimi hər şey o qədər yaxşı idi ki. Atasının "Bu rəqəm bizə uğur gətirəcək", - söyləyərək vəsf etdiyi bu 22-ci mənzildə kirayənişin yaşamağa başlamışdılar. Atası qapı-pəncərə sexindən babat əməkhaqqı alırdı, anası evlərdə ehtiyacı olan tanış-bilişə iynə vurur, sistem qoşurdu, o da geyinib-kecinib universitetə yollanırdı, qızlarla bulvara, Tarqovıya gəzməyə çıxırdı. Nə gözəl günlərdi. Sevilirdi, əzizlənirdi, bəxtəvərçilik içində sərməst idi. Auditoriyada...

Yenə xatırlamağa başladı?! Olmaz axı xatırlamaq. Xatirələr onu çox üzür. Bədənini bir az da əyir. Ağrılarını bir az da artırır...

Əlini atıb divanın başından içi qələmli dəftərini götürdü.

"Qızıl balıq tutmaq üçün qızıl qarmağın olması şərt deyilmiş, əslində. Amma mənimçün yox, başqaları üçün!".

Yataqda yazmaq narahat olsa da artıq vərdiş eləmişdi.

Adəti idi, bir bədbin fikir yazırdısa, mütləq ardınca bir nikbinini də yazmalıydı.

"Görüləcək işlərim o qədər çoxdur ki. Əvvəlki günlərdən, illərdən təxirə düşənlər və qarşıda duranlar birləşərək qorxunc bir qara boşluq yaradıblar. Hər an bu boşluq bir az da böyüyür. Mən mütləq sağalmalıyam, ayağa durmalıyam!".

Yazdı, bitirdi. Dəftər-qələmi yerinə qaytardı. Ancaq nə fikirləşdisə, yazısına bir cümlə də əlavə etdi: "Və mən mütləq sağalacağam, ayağa duracağam!".

Ağırlıq və nisbətən yüngülləşmə!

Divarın kirlənmiş açıq-bənövşəyi rəngli kağızı, pəncərənin qopuq-qopuq mavi çərçivəsi, tavanın saralmış ağlığı, döşəmənin bəzi yerlərində şişib qalxmış linoleumu, divanın üzülmüş ortüyü... Böyründəki kətil, qarşısındakı televizor...

Hər gün eyni mənzərə...

Saat on ikiyə qalıb. Bir azdan anası gələcək. Saat üçdə də atası mesaj yazacaq...

Telefonu götürüb sinəsinin üstünə qoydu.

Orada, haradasa uzaqlarda xoşbəxtliyi qalmışdı. Yenidən o xoşbəxtliklə qovuşmaq ehtimalı da, hər halda, var idi. Dəryadadırsa, qarmaq atmaq, səmadadırsa, torla tutmaq, torpaqdadırsa, qazıb çıxarmaq!

Küçədən nərilti qopara-qopara keçən maşını təsəvvüründə canlandırdı. O, mütləq lap iri yük maşını olmalı idi.

... Bir dəfə necə olmuşdusa, gedib dəmiryolu vağzalına çıxmışdı.

İki qatar arasında, perronun tən ortasında dayandı. Solundakı qatar indicə yola düşəcəkdi. Yerlərini rahatlayanlar kim, xudahafizləşənlər, vidalaşanlar kim... Sağındakı qatarsa indicə gəlmişdi. Əli yüklü düşənlərlə əliboş qarşılayanlar bir-birinə qarışmışdı. Soldakılar məşğul, sağdakılar məşğul.

Solda gediş, sağda dönüş. O isə bu iki hərəkətin tam ortasında qalmış yeganə bekar, hərəkətsizlik etalonu...

İlk dəfə onda hərəkətsiz qalmağın anlamını duymuşdu. Ani olaraq vahimələnmiş, perronu tərk etmişdi...

Həkimi deyir, insan xəstəliyi ilə mehriban olanda, onun qılığına girəndə tez sağalır. O da özünü buna məcbur edirdi, xəstəliyi ilə pişim-pişimlə danışırdı. Amma bir dəfə Qasımın - keçmiş nişanlısının toyu günü heç cür özünü ovuda bilməmişdi, tam depressiya içində yüzlərlə A4 vərəqinə "Skalioz - səni lənətə gələsən!" sözlərini yazıb, cırıq-cırıq edib yerə tullamışdı. Anası gələndə kağız təpəsini görüb dəhşətə gəlmişdi...

Kitab...             

"Hər kəsin individuallığı onun doğulmasıyla - ona ötürülən gen kodları ilə başlayır və o, böyüdükcə onun düşüncələri, xarakteri, emosiyası, özünü aparması, adətləri, maraqları, simpatiya və antipatiyası, habelə reaksiyası, instinkti, özünə və başqalarına münasibəti ilə birgə inkişaf edərək formalaşır. İndividuallıq fərdilikdir, ümumilikdən qaçmaqdır...".

Televizor...

... Rusiyanın Mordoviya Respublikasının Belozerye kəndinin bütün əhalisi vəhhabidir. Ural və Povoljyedə səfəvilər çoxdur. Tatarlar ailəlikcə gedib Pakistanda yaşayır, taliblərin tərəfində vuruşurlar...

... İnsanda 46, yalnız Daun xəstələrində 47 xromosom olur..

... İbadət üçün ən xeyirli gecə Qədr gecəsidir. Ən qorxunc gecə isə qəbirdə olan ilk gecədir.

Sağalsa, birinci kəndə getmək istəyər. Nənəsi yazıq bu iki ildə gör neçə dəfə onu yoluxmağa gəlib. İlk vaxtlarda, onu unudan biganələri görmək səhnəsinin necə ağır olacağını anlayanadək isə, ən birinci universitetə getmək istəmişdi.

O qədər xatirəsi var idi ki, kəndləriylə bağlı. Nənəsinin evi kəndin ayağındaydı. Hər yay bütün nəvələr orda toplaşardı, deyə-gülə təndirə çörək yapardılar, çır-çırpı yığıb samovar qaynadardılar, manqal qalayardılar. Nənəsi qollarını çırmalayıb hər gün fərqli bir yemək bişirərdi. Xüsusən, tutqun havalarda bol kalorili plov növlərinə qüvvət verərdi. Nənəsi deyərdi ki, günəş batanda insan istiliyi ancaq qidadan almalıdır. Səbzili, qaralı, paxlalı, hilli, südlü, zoğallı, çığırtmalı, daha neçə cür plovlar dəmlənərdi. Plovun qazmağı üstündə nəvələr necə cəngə çıxardılar...

Toyuq-cücəni yemləmək, inəyi sağmaq, qoyun-quzunu örüşə yola salmaq, damı şirələmək, dovğa bişirilməsi üçün pencər yığmaq, altına süfrə sərib tutu silkələmək, şən qəhqəhələrlə gizlənqaç, qaçdı-tutdu oynamaq, çırmanıb çaydan keçmək, eşşək arabasında su gətirmək... Hamısı bir-birindən əyləncəli idi.

Kəndin ən böyük gözəlliyi isə ardıcıl yağan yay yağışlarıydı. Navalçadan şırhaşır axan su torpaqda cığır açıb ilan kimi qıvrılırdı. Yaş torpaqdan bir cür, yaş otluqdan bir başqa cür ləzzətli qoxu gələrdi. Bəzən yağış bir neçə gün ara vermirdi, çay daşırdı, sel gəlirdi. Onda su lilli olurdu. Belə vaxtlarda, nənəsi demiş, balıqların ürəyi partlayır, hamısı özünü çölə atırdı. Bütün kənd vedrə-vedrə balıq daşıyırdı.

Balığı həm soyutma, həm qızartma yeyərdilər. Amma ən dadlısı buğlama idi. Yağda pomidorla, yerkökü ilə, bolqar bibəriylə, dəfnə yarpağı ilə bişirirdilər, hərdən kartof da əlavə edirdilər, üstünə keşniş və şüyüd doğranırdı...

Yağışdan sonra çıxan göyqurşağını seyr etmək isə xüsusi həzz idi.

Kaş zaman donaydı, oralarda qalaydı...

...Yerində qurcalandı, telefon sinəsindən yerə düşdü. Əlini uzatdı ki, götürsün. Əli çatmadı.

Bir vaxtlar zənglərdən, mesajlardan dolub-daşan telefonu indi gecə-gündüz mürgü döyürdü. Təkcə sutkada bir dəfə atası mesaj yollayırdı, vəssalam. Zəng eləyəni yox idi.

Açıq-bənövşəyi rəngli divar kağızında içində xırda üçbucaqlar olan iri kvadrat rəsmləri həkk olunub. Üzbəüz bütöv divarda eninə 12, uzununa 36, cəmi 432 kvadrat var. Hər kvadratda 6, cəmi 2592 də üçbucaq var.

Təxminən iki ay öncə yeni bir məşğuliyyət də tapmışdı. Özünün əvvəlki nömrəsinə mesaj yazıb göndərirdi. Nömrənin tam işləmədiyinə əmin olsa belə o nömrədə hündürboy, ağ uzun çuxada, üzü görünməz bir şəxsin mesajları oxuduğuna inanırdı.

Yenidən telefonu götürməyə cəhd elədi. Azacıq yana sürüşdü. Aman Allah, beli nə pis ağrıdı. Gözündən yaş gəldi.

Bu dəfə götürə bildi.

"Salam. Necəsiniz, yaxşısınız? Mən də şükür, babatam. Sizə nəyi yazmaq istəyirəm? Bu dəqiqədəki düşüncələrimi. Baxın, öncə səs var idi. İnsanlar hamısı bu səslərə sığınmışdılar. Səsdən hərf, hərfdən söz yarandı, söz də cümləni əmələ gətirdi. Sonra cümlələr fikir abzasını təşkil etdilər. Abzaslar bitişib hekayə, hekayələr bitişib roman yaratdılar. Romanlar şişib, şişib partladılar. Yerində yalnız səslər qaldı. Hamısı şil-küt vəziyyətdə.

Nədənsə, mənə elə gəlir ki, mən öncəki yox, sonrakı səsəm".

...Vaxtı ilə hədsiz unsiyyətcilliyi ilə seçilərdi. Bir an belə tək qalmazdı. Evdə valideynlər, universitetdə tələbə yoldaşları, qohum-əqrəba, qonum-qonşu, nişanlısı...

Xəstəlik tapana kimi çoxlu rəfiqələri də var idi. Yavaş-yavaş sıra seyrəldi, sonra ən axıra qalmış Aynur da nə gəlib-getdi, nə də zəng etdi.

"İnsanlar bir-birlərinin bostanına daş atırlar. Kaş ki, daş yox, daş-qaş ataydılar. Onda dərdli bir kimsə qalmazdı...".

Kanalı yenidən dəyişdi. Yerli kanalda xəbər vaxtı idi. Bir-iki xəbəri ötürəndən sonra 22 mərtəbəli yaşayış binasındakı yanğın xəbəri diqqətini çəkdi. Tüstü içində olan boz fasadlı bina, sıralanan yanğınsöndürən maşınlar, ora-bura qaçan dəbilqəli yanğınsöndürənlər, dörd tərəfdən odun üstünə ələnən su şırnağı, ətrafdakı insan izdihamı, kamera və mikrofonlarını gözə soxan jurnalist ordusu...

Aparıcı məlumat verirdi ki, az qala bir saatdır davam edən yanğın insan tələfatına səbəb olmayıb, binanın bütün sakinləri təxliyə ediliblər, amma 22-ci mərtəbədəki mənzilin sahibəsi mağazaya düşərkən cins pişiyini evdə qoyub, indi bütün diqqətlər həmin o pişiyin xilasına yönəlib...

Xəbərlər bitdi. Yanğın hadisəsinin davamını qaçırmamaq üçün kanalı dəyişmədi. Mətbəx saatı başladı. Yüksək bir mərasimdən sonrakı ziyafətin balıq menyusundan danışılırdı. Qəlyanaltılar: pendir və mentolla, qızıl balıq rollu, qırmızı krevetka. Əsas yeməklər: Çerri pomidoru və raqu sousu ilə ağ balıqdan fuzilli pastası. Zəfəranlı rizotto, qraten kartofu ilə Kanada lobsteri...

Bir yığın naməlum sözdən qulağı cingildədi...

Yenə darıxmağa başladı. Darıxanda sanki nəfəsi də təntiyir, boğulur...

Bircə, anası tez gəlsəydi...

Atasıyla anası Tibb Universitetində oxuyarkən tanış olmuşdular, yaşıd idilər, ilk dəfədən bir-birlərinə meyil salmışdılar. Tezliklə nişanlanmış, təhsili bitirən kimi də evlənmişdilər. Ayrı-ayrı rayonlardan gəlib paytaxtda ali təhsil alaraq qovuşanda hər ikisi nümunəvi ailə, firavan güzəran, gözəl karyera xəyalı qurmuşdular. Atası çox dərrakəli, bilikli idi. Hərbi-tibbi ixtiraları vardı. Bir dəfə əsgərlər üçün bir məlhəm ixtira etmişdi, ayağına sürtürdün, göbələk xəstəliyindən sığortalanırdın. Başqa vaxt zəhərlənmə əleyhinə həb ixtira etmişdi, əsgər yararlılıq vaxtı keçən, qidalanma üçün təhlükəli olan ərzağı yesə belə zəhərlənməyəcəkdi. Amma bu ixtiralarına qiymət verən tapılmamışdı. Yalnız bir dəfə bir kabinet yiyəsi demişdi, pul verim, ixtira mənimki olsun. O da razı olmamışdı ki, bunlar cəmi-cümlətanı böyük elm zirvəsinə gedən yolun başlanğıcıdır. Bu yoldan imtinamı etsin beş-on manata görə?

Anası da pediatr idi. Ər və arvad nə qədər cəhd eləmişdilər, ixtisasları üzrə dolanışığı təmin edə biləcək iş tapa bilməmişdilər. Kreditlər, kirayə evlər, sonra da yeganə övladlarının bu qəfil dəhşətli xəstəliyi...

Saat birə iyirmi dəqiqə işləmişdi. Bir saat on dəqiqəyə anası gələcəkdi.

Boğazı qurumuşdu. Udqundu. Kətilin üstündəki termosa qıyğacı nəzər yetirdi. Çox maye də qəbul edə bilmirdi, qırıla-qırıla qalırdı.

Əhd etmişdi, sağalsa stəkan-stəkan sərin su, kompot, limonad, ayran içəcək. Çay və qəhvə də öz yerində...

Televizorun növbəti xəbər vaxtı yetişmək üzrəydi.

...Müayinə olunduqları, analiz verdikləri müddətdə hamı pasientdir. Yalnız diaqnoz qoyulduqdan sonra ikiləşmə gedir. Bəziləri sağlam, bəziləri xəstə adını alırlar. Bu ikiləşməni ədalətsiz saydı, hamının pasient olaraq qalmasını istədi. İndiki vəziyyətində gücü yalnız keçmişi buraya kimi qaytarmaq istəyinə çatdı.

Bu da yanğın xəbərinin davamı. 22-ci mərtəbədəki mənzilin sahibəsi, orta yaşlı qadın ağlamsına-ağlamsına danışırdı:

- Həmişə hara gedirəmsə Mərcanı da özümlə aparardım. Allahın qədərinə bax, bu dəfə onu evdə tək qoyub çıxdım. Marketdə alış-verişimi yenicə qurtarmışdım ki, gördüm səs-küy qopdu. İnsanlar "bina yanır" - deyib qaçışırdılar. Tini döndüm, gördüm yanan bizim binadır. Elə bircə kəlmə "Mərcan", - deyib başılovlu həyətə qaçdım, yanğınsöndürənlərə xəbər elədim ki, pişik evdə qalıb. Bilirsiniz, Mərcan adi pişik deyil, çox ağıllı heyvandır. O qədər şirindir. Ona çox öyrəşmişəm. Ona bir şey olsa, inanın ki, havalanaram. Yanğınsöndürənlər cəhd edirlər onu xilas etsinlər. Mən burdan efir vasitəsilə əlaqədar qurumlara səslənirəm. Əlinizdən nə gəlirsə edin, yalvarıram, xahiş eləyirəm. Göz görə-görə bir canlının yanmasına imkan verməyin!

Qadın telefonundan pişiyin fotosunu tapıb göstərdi. Kamera fotonu yaxınlaşdırıb ağ pırpız tüklü, iri sarı gözlü pişiyi nümayiş etdirdi. Doğrudan da çox şirin pişik idi.

Kövrəldi. Gözləri yaşardı. Dua etdi ki, kaş pişiyi xilas edəydilər. Yazıqdır, heyifdir...

Saat, nə olur, bir az cəld işlə də.

Gözlərini yumdu.

...Nələri arzulamaz, xəyalından nələri keçirməzdi. Özünü hansı amplualarda görməzdi. Ən çox ürəyinə yatansa aktrisalıq idi. Pərdə açılır, tamaşa zalı ağzına kimi doludur. Olduqca maraqlı bir tamaşa oynanılır. Gözoxşayan dekorasiyalar, rəngbərəng qiyafələr tamaşaya daha da can verməkdədir.

Aktyorlar və aktrisalar çox həvəslidirlər. Nəhayət, onun da səhnəyə çıxmaq növbəsi yetişir. Çıxmalı, müticəsinə zora baş əyməli, şərin qarşısında diz çökməlidir. Amma o, ani tərəddüddən sonra bunu etmir, ssenaridəki sözləri, hərəkətləri bir kənara qoyub öz sözlərini deyir, öz hərəkətlərini edir, əsilcə üsyana qalxır. Suflyor gözü bərəlmiş halda qalıb, dramaturq ürəyini ovuşdurur, rejissor artıq bayılmaq həddindədir.

Tamaşaçılar isə ayaq üstündə alqışlayırlar.

Uşaqlığında nağıllara qulaq asdıqca, böyüdükcə kitablar oxuduqca, filmlərə, tamaşalara baxdıqca onu maraqlandıran suala - niyə insanlar həmişə müsbət sonluq arzulayırlar - sualına cavab axtarardı. İki il öncə anladı ki, həyatın özündə müsbət sonluq olmadığından, hətta ən xoşbəxt adamın belə haçansa bu xoşbəxtliyi ilə vidalaşaraq dünyadan köçməsi səbəbindən insanlar müsbət sonluğu kitablardan, ekranlardan, səhnələrdən dadmaq istəyirlər.

Yeri narahat idi. Bədəninin bir hissəsi keyimişdi. Dikəldi, balışını düzəltmək istəyəndə balışın ucu divanın başında qalaqlanmış kağızlara toxundu, hamısı üstünə gəldi.

Bunlar atasının iki ildə müxtəlif ünvanlara yazdığı məktubların, vurduğu teleqramların surətləri idi.

"İyirmi bir yaşında olan qızım Ləman 2016-cı ilin yanvarından 4-cü dərəcəli skalioz xəstəliyindən əziyyət çəkir. Bu xəstəlikdən qurtulmağın yeganə yolu yalnız Almaniyada və İsraildə əməliyyat olunmaqdır. Xahiş edirəm...".

"Həyat yoldaşım da, mən də gecə-gündüz işləyir, manat-manat pul yığırıq. Amma bu pul lazım olan məbləğin yanında çox cüzidir. Sizə müraciət edirəm, amanın günüdür, qızımın müalicəsinə kömək edin...".

Ağır xəstəlik onun bütün orqanlarını deformasiyaya uğratmaqdadır. Yalvarıram. Göz görə-görə bir gəncin...".

Kağızları birtəhər qalaqlayıb yerinə qaytardı.

Ən üzücü xatirəsi o idi, Qasım. Keçmiş nişanlısı. Bütün hədiyyələrini tullamış, şəkillərini əzmiş, məktublarını yandırmışdı. O kəs insanlığa inamını laxlatmış, sədaqət və etibar kimi sözlərin varlığını şübhə altına atmış, qəddarlığa, amansızlığa meydan vermişdi.

Üç il bir-birlərini istədilər, il yarım da nişanlı qaldılar. Necə də bağlanmışdılar, ünsiyyətə, görüşə necə də can atırdılar. Qasımın kobud, iri əllərinin arasında onun ağ, zərif əlləri necə xoşbəxt olardı. Baxışları necə dinib danışar, ürəkləri necə birgə vurardı...

Xəstəliyinin beşinci ayının tamamında Qasımgilin onu yoluxması tarixçəsi bitdi, anası gəlib üzüyü qaytararaq dedi ki, öyrənmişik, bu xəstəliyin şəfası yoxdur, sizinki sizdə, bizimki bizdə...

Dərhal da oğullarını yenidən nişanladılar, toy elədilər. Həmin gün "Vağzalı" sədasına qulaqları kar olmuşdu, kilometrlərlə uzaqda yerləşən şadlıq sarayından qəlbini dağlayan musiqinin səsi, sanki havanı yararaq həmlə etməkdəydi...

"İndi doğrudan da mələklər xortumlu, şeytanlarsa qanadlıdır!".

...Üst mərtəbədən nəsə tappıltı səsi gəldi. Nəyisə ağır bir şeyi qaldırıb yerə qoydular. Sonra döşəmə boyu sürüdülər. Yəqin, ev əşyalarının yerini dəyişirdilər.

İndilərdə həmişə divar qonşusu tozsoran qoşub ev təmizləyərdi. Bu dəfə nədirsə qoşmur. Yəqin, gedəsi yeri olub, gedib...

Artıq bütün yerli kanallar yanğından bəhs etməyə başlamışdı. Hadisə yerində operativ qərargah yaradılmışdı. Rəsmi şəxslər gəlmişdilər. Məktəblilər, tələbələr ora axışırdı. Xarici reportyorlar da canlı yayıma çıxmışdılar.

Bir rəsmi şəxs müsahibə verirdi:

- Yanğının söndürülməsi üçün on səkkiz ədəd texnika və altmış üç nəfər şəxsi heyət cəlb olunub. Bütün gücümüzü səfərbər etmişik ki, alovu qısa müddətdə ram edək.

Aparıcı danışırdı ki, Mərcanın xilası, az qala, bütün şəhərin diqqət mərkəzindədir. Tək rəsmi şəxslər deyil, tək məktəblilər, tələbələr deyil, bütün ictimaiyyət burdadır. Ən müxtəlif təşkilatlardan, cəmiyyətlərdən, hətta xarici səfirliklərdən nümayəndələr gələrək Mərcanın taleyi ilə maraqlanırlar.

Mənzil sahibəsi ara-sıra kameraya tuş gəlirdi. Ağlayırdı. Bir gənc xanımsa onu qucaqlamışdı, ovutmağa cəhd edirdi.

Kamera qarşısında indi də başqa bir rəsmi şəxs göründü.

- Biz ən ali canlıyıq, insanıq. Binanın iyirmi ikinci mərtəbəsində köməksiz vəziyyətdə qalmış pişiyi xilas etmək heç cür mümkün olmadığı üçün Mi-8 vertolyotunun cəlb edilməsi barədə indicə sərəncam verildi. Hamını əmin edirik ki, tezliklə canlı qurtulacaq.

Çox həyəcanlanmışdı. Tərə batmışdı. Ürəyi bərk-bərk döyünürdü. Allaha dua edirdi ki, hər şey xoş sonluqla bitsin...

İyirmi səkkiz dəqiqəyə anası gələsiydi...

Xüsusən, son dəqiqələrin gözləntisi həmişə ağır olur. Əqrəblər tərpənmək istəmir heç cür...

Kitab, televizor, kağız-qələm... Və ardınca yenə xatirə basqısı...

Bir dəfə çox gözəl bir yaz səhəri idi. Qasımla Tarqovıda görüşdülər, qəhvə içməyə yollandılar. Qısa ətək geyinmişdi. Mütənasib və uzun ayaqlarının gözəlliyini özü də duyurdu. Keçən oğlanlar oğrun-oğrun ona tərəf boylanırdı. Qasım ağzıaçıq halda söylədi ki, canım, bu gün necə də gözəl görünürsən...

Əl-ələ tutdular. Həmin gün günəşin ilıq şəfəqləri adamı elə mehribancasına qıdıqlayırdı ki. Ətrafı satlıq gül-çiçək güldanlarındakı yasəmən çiçəklərinin ətri bürümüşdü. İçdikləri qəhvənin ətri isə...

Bir yandan da bu eyditizm ona əzab verirdi. Vaxtı ilə gördüyü hər bir şəxsi, əşyanı, yaşadığı hadisəni xatırlayarkən, eynən olduğu kimi, detal-detal yenidən yaşaması çox üzücü idi.

Of, bircə bu xatirələr soxulmayalar da. Qapı-pəncərəni ha bağla, xeyri yoxdur, yel olub dəlmə-deşiklərdən keçirlər sanki.

Telefonu götürüb mesaj yazmaqçün azacıq düşünəsi oldu.

"Bilirsiniz, mən sizə çox borcluyam. Mənim həyatımın yeni bir rəngi oldunuz. Heyif ki, sizə ürəyimi tam aça bilmirəm. Adam pis şeyləri çox istədiyi adamlarla bölüşə bilmir heç zaman. Dərdi bölməzlər. Mən ara verəndə, səsim çıxmayanda bilin ki, susaraq dinləməkdəyəm. Bilin ki, özümdən çıxmışam, üsyan etmişəm. Sonra da gücsüzləşmişəm. Dərin yuxuya getmək istəyirəm.

Və ən əsası, bilin ki, həmin an sizə deyəcəyim xoş bir sözüm, ötürəcəyim müsbət enerjim qalmayıb...".

Onurğası boyunca sancı hiss elədi. Qorxusundan sarısını uddu. Yeni il gecəsi də belə bir siqnal olmuş, sonra dəhşətli ağrı başlamışdı. Heç ağrıkəsicilər də kömək etməmişdi. Bayram qapqara rəngə boyanmışdı. O ağrı bir də təşrif buyursaydı, əsla dözə bilməyəcəkdi...

Xoşbəxtlikdən sancı keçib getdi (Xoşbəxtliyə bax!). Bir müddət tərpənməz qaldı, qorxa-qorxa gözlədi ki, davamı gələcəkmi? Gəlmədi. Dərindən nəfəs aldı.

Yenə mürgü tutdu onu. Yağış şırıltısı, külək vıyıltısı...

Başı sinəsinə düşdü, diksinib ayıldı.

Bir dəfə kənddə qəribə yuxu görmüşdü. Hər tərəf zülmət idi. Ağappaq, uzun çuxada, üzü görünməyən hündürboy bir şəxs ona "Arxamca gəl, səni olmağın lazım gələn yerə aparacağam" söyləmişdi. Və onlar lap nağıllardakı kimi işıqlı, güllü-çiçəkli dünyaya çıxmışdılar. Güllərin arasında heyranlıqla gəzəndə naməlum şəxs onun əlini eynən itburnuya oxşayan bir gülün üstünə qoymuşdu. Demişdi, bu gül Səhləb gülüdür, sənin taleyindir.

Yuxudan hövlnak ayılıb nənəsindən, bibilərindən, başı çıxan hər kəsdən o adda gülün olub-olmadığını soruşmuşdu. Hamı bir ağızdan "Elə bir gül mövcud deyil" söyləmişdi.

Amma Bakıya qayıdandan sonra axtarıb tapmışdı ki, bu, orxideya adlanan bir güldür, məhəbbət rəmzidir. Gülün müxtəlif növlərinin şəkillərinə baxanda isə birini görcək donub qalmışdı. Eynən yuxusundakı idi, itburnuya bənzəyirdi...

Düz bir həftə təsirindən ayılmamışdı...

Televizorun səsi ani olaraq yüksəldi. Otağı səs-küylü xırıltı bürüdü.

Aman Allah! Nə yaxşı! Mərcanı xilas etmişdilər!

Sahibəsi onu tuşlanmış kameraların və fotoaparatların fonunda ağlaya-ağlaya opüb-oxşayırdı. Ətrafa toplaşan insanlarsa qışqırışır, əl çalırdılar.

Qapıya açar salındı, qapı açıldı. Anasıydı (atası qapını açanda açarları daha çox cingildədir). Düz səkkiz addımının səsi gəldi. Demək, dəhliz bitdi. Sonra anası qapıda göründü. Yaxınlaşıb onu qucaqlayıb öpərkən o da gülümsədi, anasına şad xəbəri çatdırdı:

- Mərcanı xilas etdilər.

Anası Mərcanın kim olduğunu soruşanda ona uzun-uzadı izahat verməyə başladı. Televizordan isə hava haqqında məlumat oxunurdu:

- Sinoptiklərin bildirdiyinə görə, günün ikinci yarısında hava qəfildən dəyişəcək, tutulacaq, yağış yağacaq...

Qələbəlik olan nəhəng bir şəhərin enli bir küçəsində çətirsiz-filansız uzun-uzadı sakit yağan yağışı seyr edir. Qaçışan adamlara, suyu sıçradaraq şütüyən avtomobillərə, yarpaqları təmizlənib işıldayan ağaclara, təpədən-dırnağadək islanıb cikkildəşən sərçələrə göz qoya-qoya ona yad olan bu şəhərin yeganə tanış simasına - yağışına hərarətlə salam göndərir...

Üzünə təbəssüm qondu. Bu dəfə anasını qabaqladı. Söylədi ki, hər şey yaxşı olacaq!

 

VARİS

 

Ədəbiyyat qəzeti.- 2018.- 24 noyabr.- S.16-17.