Zırrama...
hekayə
- Zəhmət olmasa, bir az kənara çəkilin...
- Buyurun...
Zəhləmi aparmaq istəyən adamın kimliyinə varmadan kənara çəkildim, daha doğrusu, kənara çəkildim, ya ortaya, dəqiq yadımda deyil, amma yerimi dəyişdim. Arabir yağış
çiləyirdi, nə
üçünsə zəhlətökən
skamyaya dırmaşmışdı.
Ona fikir vermirdim, bir də fikir
verib nə edəsiydim? Parkda adamlar
gəzişir, mənimsə
böyrəklərim sancırdı,
fikirləşirdim ki,
bir münasib yer tapıb özümü boşaldım.
Zəhlətökən az qala mənə
dırmaşmaq istəyirdi.
Böyrəklərimi sıxıb özümü
güclə saxlamışdım,
məqam gözləyirdim.
Gədə çiynimə
toxundu, başımı
qaldırmadan:
- Eşidirəm, - dedim.
- Zəhmət olmasa, bir az da kənara çəkilin...
Ona dedim ki, böyrəklərim
sancır, yerimdən tərpənsəm, özümü
saxlaya bilməyəcəm.
O, məni eşitmirmiş
kimi ərklə bildirdi:
- Zərər yoxdur, istəmirsən yerindən
tərpənmə, amma
əzizim, bu şəraitdə ayaqlarımı
sənin dizlərin üstə qoymağa məcburam.
Cavab vermək istəmirdim, sancı kələyimi kəsmişdi, özümü
sıxa-sıxa:
- Burda, bu boyda
parkda başqa skamya yoxdur? - soruşdum.
Cavab vermədi. Ayaqlarını dizlərim üstə qoymağa hazırlaşırdı,
tərpənə bilmirdim,
ona görə də susmağa məcbur oldum, o da utanmaz- utanmaz
dizlərim üstə
çıxdı. Mən partlayırdım.
Nə isə... Özümü birtəhər ələ
alıb, maraqsız-maraqsız
başımı qaldırdım.
Hərəkətlərini görmək istəyirdim.
Ona baxır, etdiklərinə
göz qoyur, amma heç nə anlaya bilmirdim. O, hər iki ayağı ilə dizlərim üstə çıxıb
mil dayanmışdı, başı,
daha doğrusu, başımız, ya da ki, nə
bilim, başlarımız
üstdəki küknar
ağacının budaqlarını
yoxlayırdı. Gözlərimi
ondan yayındırmaq
istəyəndə yoldan
keçib maraqla bizə (bəlkə, ona, ya da
ki, mənə, kim bilir)
baxan adamları gördüm. Camaat bizə birtəhər
baxırdı, elə
mən özüm də bu zırramanın
duruşundan baş çıxarmırdım.
- Əə, neyləyirsən?
- Sənə nə var neynirəm?
- Heç nə. Ufff... - Yenə böyrəklərim
sancdı, gözlərim
yaşardı.
- Bilirsən, neynirəm?
- Bilmirəm, off, heç bilmək də istəmirəm.
- Niyə?
- Sənə nə var, niyə? Bir az tez elə, qurban
olum, özümü saxlaya bilmirəm.
- Özünü niyə saxlamaq istəyirsən?
- Heç. Elə- belə... Ufff... offf... İşində ol.
Onun ayaqları
ilə bir yerdə qarnımı qucaqlamağa məcbur olmuşdum, sancı məni doğrayırdı. Parkdakı adamlar
yavaş-yavaş seyrəlirdi,
ağaclardan birinin yanına cumub rahatlanmaq üçün
əsl məqam idi, amma deyəsən,
bu heyvərə məndən əl çəkmək, qucağımdan
düşmək istəmirdi.
Nə isə... Gün hayandan çıxdı belə? O, yerə düşdü, səmaya
baxdı və donquldana-donquldana:
- Bu yağış da nə yağan kimi yağır, nə də dayanan kimi dayanır,
- dedi.
Əsəbləşdim:
- Bura bax, bircə
yağışa ilişməyin
qalmışdı? Bir də
ki, yağış özü bilər, istəyər yağar, istəyər yağmaz.
Deyəsən, mənə qulaq asmır, nə barədəsə fikirləşirdi.
- Eşidirsən, - dedi, - bəlkə, kəmərin
olar?
- Var, - boğula-boğula cavab verdim, - kəməri neynirsən?
- Hiss eləmişdim ki, sən yaxşı adamsan. Zəhmət olmasa, kəmərini
mənə ver.
- Elə niyə?
- Ona görə ki, kəmər mənə lazımdır,
sən də yaxşı oğlansan, başa düşdün?
Əsəbdən titrəməyə başladım,
birdən yadıma düşdü ki, mənim vacib işim var, qalxıb ağac dibinə yüyürdüm,
işimi qurtaranda gördüm ki, zırrama diqqətlə mənə baxır, qəzəbləndim.
- Bura bax, cavan
oğlan, nə gözlərini marıtlayıb
baxırsan?
- Əzizim, sənə
yox, kəmərinə
baxıram, xahiş eləyirəm, onu mənə ver.
- Axı niyə mən öz kəmərimi sənə
verməliyəm? Lap tutaq ki, verdim,
şalvarım əynimdən
düşəcək.
O, başını qaşıyıb
ətrafa baxdı, haradansa bir parça
məftil tapıb mənə uzatdı:
- Gördün ki, bu dünyada ölümdən başqa
hər şeyə çarə var. Götür
bunu şalvarına bağla, kəməri isə mənə ver.
Ona əhəmiyyət
vermədən qayıdıb
bayaq əyləşdiyim
skamyada oturdum. Gəlib mənimlə
yanaşı əyləşdi.
Başını yuxarı qaldırıb
arabir yerə düşən ilıq damcılarla oynamağa başladı.
- Bəlkə, tanış
olaq, - dedi.
Cavab vermədim, o isə deyəsən, adını,
soyadını, hətta
iş yerini də söylədi. Ona qulaq asmaq istəmirdim.
Günorta içdiyim
pivə böyrəklərimə
divan tuturdu, mən də həmişəki kimi özümü söyürdüm, daha pivə içməyəcəyimə
söz verirdim, deyirdim pivə içənin... Amma bildirdim ki, xeyri
yoxdur, özümü
nə qədər söysəm də, yenə pivə içəcəkdim, çünki
pivəsiz yaşaya balmirdim, lap pivə məni öldürsəydi
belə, içəcəkdim,
pivə mənim həyatım idi...
- Hə, tanış
da olduq, - dedi.
- Mən heç səninlə tanış
olmaq...
- Bunun məsələyə
dəxli yoxdur, indi bir kəmər
nədir ki, onu öz dostuna
vermək istəmirsən?
- Lap atam
da xortlayıb gəlsə, kəmərimi heç kəsə verən deyiləm.
- Verərsən... Bura bax, səncə, özümü hansı budaqdan assam
yaxşıdır, yəni
hansı budaqdan asılmaq daha şərəflidir?
Gözlərimi bərəldib ona baxdım, o öz aləmində idi. Mənə
elə gəldi ki, onun başı
bir az
çatmır, sözün
düzü, başı
yerində idi, ancaq nəsə çatışmırdı. Nə
isə...
- Məncə, çıxıb
evə getsən daha yaxı olar, nəinki, burda...
- Yox əşşi... sən nə danışırsan? Səhər
tezdən evdə iradəmi yoxlamaq istədim, su borusunu yerindən qopartmışam, indi qonşularım suda üzür...
- Get sən də üz... Get evə.
- Üzə bilsəydim nə vardı ki? - deyib,
köks ötürdü.
Sonra nəsə fikirləşib
şalvarıma əl
atdı, mən çaşdım, süpürləşməyə
başladıq, o güclə
şalvarımı əynimdən
çıxartdı, kəməri
götürüb şalvarı
üstümə atdı.
- Götür geyin...
Cavab vermədim,
kəmərsiz şalvar
mənim nəyimə
gərək idi. Yağış
bir az
da güclənmişdi.
Skamya altına girib, gizləndim, o isə skamyaya qalxıb kəməri ağaca bağladı, halqa kimi bir
şey düzəldib
boynuna keçirtdi, sonra da gülə-gülə
mənə dedi:
- Dostum, əgər böyrəklərin xəstədirsə,
yerdə uzanma. Mənsə, getdim...
Kəməri bərkidib, skamyadan kənara sıçradı, budaqdan asılmış vəziyyətdə sağa-sola yellənməyə başladı. Xoşbəxt adama oxşayırdı, rəngi yavaş-yavaş göyərirdi. Səsi çıxmırdı, harada olduğu məlum deyildi, sifəti heç nə demirdi. Ümumiyyətlə, o, adama oxşamırdı. Mənsə, skamya altında büzüşüb, budağın nə vaxt qırılacağını gözləyirdim. Gözləyirdim ki, kəmərimi götürüb, gedəm. Yağışsa daha da güclənmişdi, damcılar başıma damırdı, deyəsən, lap bu zırramanın qonşularının gününə düşmüşdüm. Tez-tez budağa baxırdım, budaq isə belə tez qırılana oxşamırdı. O isə doğrudan da xoşbəxt idi...
Əyyub QİYAS
Ədəbiyyat qəzeti.- 2018.-
24 noyabr.- S.20.