Baxma gözlərimə ən dərinlərindən,
Biz bir-birini sabahından vurmuşlarıq.
Tablo
Kətan
parçaya çırpılmış
fırça zərbəsi
kimiyəm,
Dağılıb rənglərim.
Günəşimə gecə bulaşıb, gecəmə qırmızı.
Bir
"kaş ki"nin gerisindəyəm,
Bir
"bəlkə"nin
ötəsində.
Olduğum yerdə yoxam, yoxluqlar müəmma.
Bəzən danlayıram özümü,
toxunub güzgüdə
baxışlarıma.
Mən məndən
geriyə qalan "tablo"yam.
Sərsəm arzuların ipəyatmaz qadını.
Uzaqlar qədər
arzulanan, yaxınlar qədər bezdirici.
əllərimdə Tanrının
oğurlanmış sirri,
dodaqlarımda həsrətin
portağal dadında ölümü.
Yaxın
gəl, qorxma, gözlərimin vəhşi
intiqamından
Birazdan hər şey dəyişəcək
qollarında.
Qəhrəman
Hər kəs bir qəhrəmandı,
Kimi qurduğu xəyalların
Kimi yıxdığı
xəyalların qəhrəmanıdı.
İndi sənsiz axşamların cavabdehi deyil yorğun bədənim.
Antidepresyon olmur sabahadək sevişmələr.
Üşüyən ayaqlarımı
qısıb qollarıma
yerini doldurmaq kimi
Bir vərdiş də tapmışam,
Daha da vecsizləşmişəm.
Üsyankaram,
Davakaram.
Səndən sonra sevmədim insanları.
İndi hamı səndi - riyakar, zəif və axmaq.
Nə qədər çox söydüm səni,
Nə qədər lənətlədim
gülüşlərini bilmirsən
Necə biləsən?
Nə qədər dua etdim geri gələsən...
Sən yoxluğunu əbədiyyətə
çevirib
Hər gün ölümünü
müqəddəsləşdirdiyim aciz adam,
Bu qədər yoxkən və bu qədər
böyük ölmüşkən niyə
dönəsən?!
Kim oğurlayıb
Sarıl
mənə qollarım,
Doldurmur sinəmi gedənlərdən
qalmış boşluqlar.
Payızını yaşayır təkliyim,
Son yarpağım yaxasın
qapdırmış rüzgarlara.
Ümidim
pəncərələrdə asılı
Keçirəm aynanın önünə,
sual tökülür
saçımın bəyazlarından...
kim oğurlayıb bu qadını içimdən?!
"Dünən"li
Aramızda yaşlanmış bir
ayrılıq var,
Dil dəyməmiş
peşmanlıqlar.
Bizsizliyin yorğunuyuq, baxışların
yaşlanıb.
Saçlarında əl izlərimin
yaşı keçmiş,
Hər gecə üzünü çevirib mənsizliyinə
Nə qədər söymüsən
gedişlərimi...
bir kəpənək
ömrü yaşamışkən,
Bir eşqin
ölümünə şahid
olmuşlarıq.
Baxma gözlərimə ən dərinlərindən,
Biz bir-birini sabahından
vurmuşlarıq.
Gülsadə İbrahimli
Ədəbiyyat qəzeti.- 2018.- 24
noyabr.- S.21.