"Ədəbiyyat qəzeti" – 85

Ədəbi və əbədi missiya

 

Publisistik düşüncələr

 

Günlər o günlər idi ki, Sibirdə qəbri buz bağlayan Hüseyn Cavidin Naxçıvanda türbəsi novruzgülü kimi gün işığına boylanırdı, Tiflisdə nəşi basdırılmaq üçün nigarançılıq çəkən Mirzə Fətəlinin Bakının göbəyində heykəli ucaldılırdı, Hələb meydanında dərisi soyulan Nəsiminin ədəbiyyatı təslim olmur, öz əbədiyyətini bəyan edirdi; tarixin bütün döyüş, dönüş, düşüncə meydanlarında əlahəzrət söz qalib gəlirdi; əvvəl-axır hamı etiraf edirdi ki, sözlə başlayan dünyada sözdən güclü heç kim və heç nə yoxdur.

"Ədəbiyyat qəzeti"nin 85 illiyinə üz tutan yazının başlanğıcını tamam başqa biçimdə düşünmüşdüm, lakin yazıya başlayanda həmin sözlər kənara çəkildi və artıq oxuduğunuz cümlə yazıldı. Bu, bəlkə də, onun təhtəlşüur diktə və təlqinidir ki, "Ədəbiyyat qəzeti" son illərin intellekt və istedad gücüylə seçilən milli mətbuat hadisəsidir. Əslində, xeyli müddətdir sanki yol gözləyən, adətən pıçıltıyla danışan milli ədəbi mətbuatımız, nəhayət ki, ayağa qalxdı, səfərbər oldu, 1934-cü ildə başlayan yolun layiqli davam və inkişafı naminə ədəbi fikir mücadiləsinə start verildi; repressiya kabusunun kölgəsində doğulan, ruhu sovet ideologiyasının basqıları altında sıxılan "Ədəbiyyat qəzeti" bir qədər gec olsa da o kölgə və sıxıntılar qınından sıyrılıb bütünlüklə azadlığın gün işığına çıxdı, müasir müstəqillik dövrünün çağdaş sözünü deməyə başladı; bəli, bu, həmin söz idi, bir vaxtlar Cavidlərin, Mirzə Fətəlilərin, Nəsimilərin inam və inadla təmsil və bəyan etdiyi həmin ədəbi ruh idi.

Yadıma qırx ilin o tayında qalan tələbəlik illəri düşür. O tələbəlik illərində "Ədəbiyyat və incəsənət" qəzetində "Təbiət şairi" (Musa Yaqub haqqında) adlı məqaləm, "Küçələrin nəğməsi" adlı hekayəm və başqa yazılarım çap olunmuşdu; günlərlə, hətta həftələrlə o ilk qələm təcrübələrimin sehrli işığında sözün tanrısal xoşbəxtliyini yaşamışdım; hər dəfə Nəriman Həsənzadə ilə görüşəndə (o vaxt N.Həsənzadə "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru idi - S.E.) ruhumda o xoşbəxtlik dalğaları dilə gəlir və böyük şairə, müasir ədəbiyyatımızın canlı klassikinə səmimi minnətdarlıq duyğularımı pıçıldayır…

Bir də o yadıma gəlir ki, Neft Daşlarından göndərdiyim, sosial mühitdəki ağrıları, ədalətsizlikləri nəsrin gündəminə gətirən kəskin hekayələrimi unudulmaz sənətkarımız, xalq yazıçısı Sabir Əhmədli "bəh-bəh"lə çap edirdi həmin qəzetdə. Mən Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini əla qiymətlərlə bitirib Yazıçılar İttifaqının katibi, xalq yazıçısı, böyük xeyirxahım Hüseyn Abbaszadənin təqdimat məktubu və rəsmi göndərişlə altı ay müddətinə Neft Daşlarına ezam olunmuşdum...

Günlərin bir günü Fərman Kərimzadə küçədə məni görüb dedi ki, Sabir Əhmədov səni neçə vaxtdır axtarır, ona zəng elə. Əlaqə saxladım, ustad yazıçı dedi ki, sabah "Ədəbiyyat və incəsənət" qəzetində gənc yazıçıların "Dəyirmi stol" söhbəti olacaq, mütləq gələrsən. Səhərisi gün deyilən vaxtda getdim və qəzetin növbəti sayında qoşa səhifədə dərc olunan həmin söhbəti bu gün də məmnunluq hissiylə xatırlayıram.

Beləcə, 85 yaşlı "Ədəbiyyat qəzeti"nin azı 45 ilində onun müəllifi, sevinc və dərd ortağı olmuşam. Tam səmimiyyətlə deyə bilərəm ki, "Ədəbiyyat qəzeti" ədəbi, tənqidi və publisistik sözümün sədaqətli tribunası, taleyimin qəzeti olub.  Yüzdən artıq məqaləmi, essemi, əllidən çox hekayəmi, üç romanımdan hissələri, eləcə də yaradıcılığıma həsr olunan ondan artıq yazını səxavətlə çap edən bu qəzetin boynumda haqqı, qəlbimdə minnətdarlıq borcu var.  Qədirşünaslıqla yada salıram ki, o romanlardan ikisini ("Zülmət" və "Qanlı Quzğun meydanı") uzun illər "Ədəbiyyat qəzeti"ndə işləyən, özünəməxsus baş redaktorluq dəst-xətti ilə seçilən, ədəbi söz üstündə əsən, mətnlərə az qala böyüdücü şüşəylə baxan ədəbiyyat vəfalısı Ayaz Vəfalı təqdim etmişdi...

 

***

 

Hər bir qəzetin, jurnalın bəxtinə düşən adamlar, xüsusilə, baş redaktorlar olur. "Əkinçi"ni Həsən bəy Zərdabisiz, "Füyuzat"ı Əli bəy Hüseynzadəsiz, "Molla Nəsrəddin"i Mirzə Cəlil Məmmədquluzadəsiz, "Azərbaycan"ı Ceyhun və Üzeyir bəylərsiz, "Bakı"nı Nəsir İmanquliyevsiz və artıq bu gün deyə bilərik ki, "525-ci qəzet"i Rəşad Məcidsiz, "Ədəbiyyat qəzeti"ni Azər Turansız təsəvvür etmək mümkün deyil. 150 yaşını haqlayan milli mətbuat tariximizdə öz yeri, yolu, öz yüksək mərtəbəsi olan 7 qəzet və jurnalın adını çəkdim. Əlbəttə, belələri daha çoxdur, 7 rəqəmi özü də çoxluğu simvolizə edir...

Yaxın keçmişimizdə poeziyamızın bəyan etdiyi bir çağırış yadıma düşür: "Sağlığında qiymət verin insanlara!..". Və bu poetik çağırışın işığında "Ədəbiyyat qəzeti"nin baş redaktoru haqqında məmnuniyyətlə bir neçə kəlmə demək istəyirəm.

O, dahi filosof Əli bəy Hüseynzadənin fikir yurdunda, böyük ziyalı İmamverdi Əbilovun söz ocağında yetişib; bəlkə, bu da təsadüfi deyil ki, adında Zərdüşt-İbrahim atası Azərlə Alp Ər Tonqalar anası Turan birləşib, bütövləşib...

Azər Turan 2500 il əvvəlin Alp Ər Tonqa həqiqətindən də (ona həsr etdiyi monoqrafik yazı son dövr tarixi-fəlsəfi fikrimizin uğurlarından biridir. - S.E.), bu günümüzün mifik rəsmlər nəhəngi Mircavad fenomenindən də, Şərqin Hüseyn Cavid zirvəsindən də, Qərbin modernist, postmodernist fikir axınlarından da eyni şövqlə, qeyri-adi dərinlik və ucalıqla yaza bilir. O, zamanın coşqun dağ çayı kimi axıb getdiyi bu darmacalda İsmayıllının Buynuz kəndində, xəstə bədənlə sağlam ruhun döyüş meydanında çarpışan böyük şair Musa Yaqubun da, şəkərin acıları içində göynəyə-göynəyə ayağını itirsə də, ədəbi söz səngərində yenə mərdanə uğurlar qazanan böyük alim Nizaməddin Şəmsizadənin də ev və ürək qapılarını döyməyə, onlarla öz ağrılarının yanında görüşməyə vaxt tapır. Şəxsən mənim aləmimdə bu insani-ziyalı-vətənpərvər hərəkətlərin hər biri bir roman yazmaq qədər dəyərlidir. Azər Turan həm bu mərdanə hərəkətləri, həm yüksək kəmiyyət və keyfiyyəti, həqiqi intellekt və istedad göstəriciləri ilə seçilən ədəbi-fəlsəfi-estetik mətnləri, həm də "Ədəbiyyat qəzeti"ndəki yeni tipli, novator baş redaktorluq fəaliyyəti ilə çağdaş ədəbi prosesimizə təkan verir, milli bədii düşüncə, axtarış və tapıntı miqyaslarını genişləndirir.

Bəli, bu gün "Ədəbiyyat qəzeti" ədəbi fikir miqyaslarını xeyli genişləndirib, Şərqin və Qərbin, bütövlükdə dünyanın ədəbiyyat coğrafiyasını əhatə edir desəm, yanlış olmaz. Bu genişmiqyaslılıq ötən əsrin əvvəllərində "Füyuzat" jurnalında müşahidə olunurdu.

 Bu məqamda "525-ci qəzet"in 25 illiyi münasibətilə yazdığım "Fədakarlıq tarixçəsi" adlı məqalədən bir hissəni yada salmaq istəyirəm:

"Azərbaycan milli mətbuat tarixində həmişə iki əsas xətt, iki strateji istiqamət özünü göstərib: romantik Turançılıq və realist Azərbaycançılıq. Əli bəy Hüseynzadənin "Füyuzat"ı və Mirzə Cəlil Məmmədquluzadənin "Molla Nəsrəddin"i həmin iki istiqamətin estetik-fəlsəfi qayəsini, obrazını, fikir, düşüncə hədəflərini, məqsəd, məram miqyaslarını, arzu və ümid coğrafiyasını kifayət qədər mükəmməl, sistemli şəkildə göstərib, milli mətbuat tariximizə əbədi olaraq həkk edib.

Başqa bir neçə səviyyəli qəzetimizin uğurlarına kölgə salmadan demək istəyirəm ki, müasir Azərbaycan milli mətbuatının qoşa qanadı olan "525-ci qəzet" və "Ədəbiyyat qəzeti" bu gün əsl intellektual, milli qəzetçilik nümunəsi göstərirlər. XX əsrin əvvəllərində Əli bəy Hüseynzadənin "Füyuzat", Mirzə Cəlil Məmmədquluzadənin "Molla Nəsrəddin" jurnallarının gördüyü işi bu gün - XXI əsrin birinci rübündə Azər Turanın baş redaktoru olduğu "Ədəbiyyat qəzeti" və Rəşad Məcidin "525-ci qəzet"i görməkdə, davam və inkişaf etdirməkdədir. Bu qəzetlərin hər ikisi müasir Azərbaycan mətbuatının, milli ədəbi-publisistik fikrimizin qoşa qanadı, vətən və millət təəssübkeşliyinin fədakar yolçularıdır; hər ikisi milli mətbuatımızın atası Həsən bəy Zərdabinin "Əkinçi" hünəriylə şumlanan, suvarılan, becərilən Azərbaycan tarlasının bəhrələridir; hər ikisi Azərbaycanda Azərbaycan naminə mübarizə aparır, müstəqil dövlətimizə və dövlətçiliyimizə doğma övlad kimi xidmət edir və qalib gəlir".

 

***

 

Atalar və oğullar, ənənələr və yeniliklər yolu addım-addım uğurlar qazanır; xalqın neçə min illik bədii şüur hərəkəti, ədəbi təfəkkür və təxəyyül prosesi hər yeni dövrdə yenidən özünütəsdiqə can atır, zamanın sözünü sözün zamanında deməyə tələsir; millətin bədəninin yox, ruhunun xəstəliklərinə qarşı mübarizə aparan, onu sağaldan, saflaşdıran, səfərbər edən, daha böyük zirvələrə səsləyən ədəbi söz əbədi işini görməkdə, Tanrı məqamlı missiyasını yerinə yetirməkdə davam edir. "Ədəbiyyat qəzeti"nin son bir neçə illik fəaliyyəti bunun bariz nümunəsidir. Bir tərəfdən, Alp Ər Tonqalardan, Attila və Xətailərdən gələn etnogenetik güc, Dədə Qorqud, Şeyx Səfi, Füzuli ədəbi fikir qabarmaları müasir Azərbaycan ruhunda oyadılır, nəql, transformasiya olunur, digər tərəfdən, dünya ədəbi prosesinin, ədəbiyyatda Nobel zirvələrinin bədii-estetik-fəlsəfi axtarış və tapıntıları sistemli şəkildə yada salınır, nəhayət, ən əsası olaraq, çağdaş Azərbaycan sözünün uğurları, milli ədəbi prosesimizin ürək döyüntüləri ön sırada təqdim olunur. Və əsası da odur ki, bu ədəbi siyasət epizodik, yayğın, adda-budda şəkildə yox, sistemli, fundamental, konseptual biçimdə həyata keçirilir. Beləliklə, "Ədəbiyyat qəzeti" müasir müstəqillik dövrünün çağdaş ədəbiyyat mənzərəsini yaradır, milli ədəbi prosesimizə, həqiqi töhfələr verir, Azərbaycanın strateji mövqe və maraqlarına, tarixi ümid və arzularına layiqli xidmət nümunəsi göstərir. Bu, tarix yaradan və tarixə yazılan xidmət, ədəbi və əbədi missiyadır.

 

Sadıq ELCANLI

 

Ədəbiyyat qəzeti.- 2018.- 24 noyabr.- S.25.