Formanın müqəddəs sirri

 

esse

 

I yazı

 

Şairliyin əyarı varmı?  Bunu kimsə dəqiqliklə nişan verə bilməz. Ancaq incə bir məqam var, çox orijinal görünən, hamının üstünə elliklə gedib nəfəs aldığı şeirlərin yanında onların qəlp, ən aşağı variantını təsəvvür edin, zamanla belə şeylər olur və biz yanıldığımızı anlayırıq, bəzən qəlp orijinal görünümdən qabaq gəlir və onu üstələyir. Dünya bəzən o qədər enir, "yerə yapışır" ki, onu təsvir etmək, görüntü almaq, nəyisə, hansı məqamısa tutub gerçəkliyin bir anını bədii mətn dilinə çevirmək, demək olar ki, mümkünsüz olur. Hansı sözə əl atırsan, boşa çıxır, sinəni yara-yara, yandıra-yandıra gələn nəfəs-söz "havaya çxıan kimi" sozalır, mənasızlaşır. O çirkinliyin, yerə o qədər yaxınlığın yanında gözəlliyi tapıb təsvir etmək (...tünlükdə ətirlər bir-birlərini tanımır - Pol Valeri), yaratmaq olmur, əlini qələmə, fırçaya, musiqi alətinə uzadan kimi ürəkdən gələn sızıltı onları dayandırır.  Bu, hər şeyin bir anlıq dayandığı, nəfəs dərmədiyi, kökündən peşman olduğu, başını dərdlə aşağı dikdiyi bir andır. Təkcə bir an. Bu bircə anda səs də, söz də, sükut belə yoxa çıxır (modern yunan şairinin dediyi kimi: sükut öz qanına batır...), dünya boşalır, mətnlər kitablardan, vərəqlərdən çəkilir, lələklər od tutub yanır (...fələklər yandı ahımdan!..), fikri, hissi, duyğunu ifadə etməyin yolları bağlanır. Bədii mətn - şeir mətni bu anın dəf edilməsi, tutulması və transformasiyasıdır. Bu mənzərə dünyanın bütün söz sərraflarının (bu ifadə nə qədər klişeləşsə də - !) hansı məqamdasa ifadə etdikləri bir məqamın görüntüsünə çevrilir. Bu, uzun bir şeir mətninin hansısa küncünə sıxılıb qalmış ikicə misra, yaxud çox dəyərli bir nəsr əsərinin sətirləri arasından doğan mətləb də ola bilər. Məsələn, Stendalda: dünyada iki cür bədbəxtlik var, aşılmaz maneə ilə rastlaşan ehtiras və mütləq boşluq...

Başqa bir nümunə: "...Görmək üçün gözləri, eşitmək üçün qulaqları olan insanlar fanilərin heç bir sirri gizlədə bilməyəcəklərinə inanmışlar. Dodaqları səssiz olan, barmaq ucuyla söhbət edənlərin hər nöqtəsindən, hər hüceyrəsindən xəyanət sızar" (Z.Freyd). Belə bir sual doğur: bu mətləblər hansı formada ifadə ediləcəklərini bilirmi? Bəlkə, insanın (sənət adamının) içinə dolan hiss elə bu formanın özünü də təlqin etmirmi? Aşağıdakı şeirdə olduğu kimi.

 

Bağdaddan karvan gəlir,

Dərdli, pərişan gəlir.

Kimlər qurban kəsilib,

Suların al qan gəlir.

 

(R.Rza. Yaralı Kərkükün

bu günlü xoyrat və maniləri)

 

Yaxud:

Dərələr,

Yastı, çuxur dərələr.

Kimə neyləmişdilər

Sındırılmış budaqlar...

 

Bu misraların içindəki hisslər "düşünülmədiyindən" bütün hallarda şeirin izahı bizə heç nə vermir, təhlil etdikcə bədii mətnin özündən addım-addım uzaqlaşırsan.

Bir nəzəri müddəaya görə sirr mətndən, əsərdən qabaq gəlir, ondan əvvəl mövcud olur, yazıçı onu tutmaq, çözmək, müvafiq forma qəlibinin aşırımlarından keçirib yoxlamaq istəyir. İntibah dövründə məhz belə hesab edilirdi. O dövr mədəniyyətinin axar-baxarı, sənətdə fundamental, qat-qat mənaların mətnlərə yüklənməsi, çox sayda formalarla ifadəsi məhz buna xidmət edirdi. Nizami Gəncəvinin "Xəmsə"sindən gətirilən sitatlar aforistik səslənməklə (təsirlə) bərabər şairin yaşadığı dövrün, zəmanənin sirlərinə toxunur, keçir... Hamıya aydın olan nəsnələr məsnəvi formasında niyə sirrə çevrilirdi? İnformasiyanın sirr tülünə bürünməsi və əsər məkanında qeyri-müntəzəm şəkildə paylanması poetik enerjinin çox qəliz ötürülmə, transformasiya prosesini gerçəkləşdirməyə xidmət edə bilər. 

Bu mətn parçasından da göründüyü kimi, hər hansı bədii əsərin, poetik düşüncənin havasına girmək (dalmaq - !) olduğun mühiti, dünyanı dəyişməkdir, kitabın vərəqini çevrib bambaşqa, yeni perspektivlər açmaqdır. Bu yeni perspektivlər və onların prizmasından görünən gerçəklik yaşadığımız, mübahisə etdiyimiz (döyüşdüyümüz) gerçəkliyin qəlpə-qəlpə dağılıb parçalanması hesabına yaranır. Hətta yaddaşdan süzülüb gələn fraqmentlər, elementlər belə yazı prosesində parçalanmağa məhkumdur. İki proses eyni zamanda gedir: bildiyimiz şeylər dağılır, yerini bilmədiklərimiz tutur. Bizim aydın şəkildə qavradığımız şeylər mətndə sirrə çevrilir. Ancaq bədii əsər təkcə sirr deyil, həm də bu sirrin açarıdır. Açarsa yalnız saysız-hesabsız oxucunun əlindədir. Oxucu öz dünyasını mətnə daxil edən kimi indiyə qədər aşılmaz, keçilməz görünən hüdud xətti, üfüq genişlənir, sual altına düşür, həmin aşılmaz həddin önündə bir qapı açılır, başqa bir dünyaya. Əsər eyni  zamanda həm dünya haqqında mövcud təsəvvürlərin bağlanması, həm də bu ümidsiz prosesin başqa, tam fərqli dünyaya qapı olmasıdır. Qapının açılmasıyla təşrif gətirmiş yeni dünyanın təcrübəsi hər şeyi üstələyir, hər şeyin üzərinə, ruhuna yayılır, bu, qapının açılmasıyla yaranmış məsamədir. İstər modern, istər klassik əsər olsun, bədii mətn mövcud vəziyyətdən qırılmağın, onunla nifaq yaratmağın bəlirtisidir.

Bütün bunların nəticəsində özünün qanunları və məntiqi olan bir səltənət, hakimiyyət boyaboy yaranıb-formalaşır. Bir oxucu, dinləyici və müşahidəçi (tamaşaçı - !) kimi əsəri oxuyanda özümü məlum faktı, nəsnəni həm təsdiq, həm də inkar edən adam kimi hiss edirəm. Bu əsərin qarşısında özümü adi, gündəlik həyatda olduğundan fərqli hiss edirəm. Metamarfoza girdabına düşən kimi mən yaradılışa aparan qəlpə-qəlpə dağılmanın şahidi olur və sövq-təbii ona kömək edirəm. Əsərə qoşulmaq olduğun gerçəklikdən damcı-damcı qopmaqdır, başqa, fərqli bir dünyanın girdabında hər yer uçub-dağılır ki, yenisi yaransın. Şübhəsiz ki, gerçəklik təcrübəsi və onunla gedişlər heç zaman sənətə yad olmayıb və ola da bilməz. Ancaq sənət gerçəkliyə yalnız onu dağıtmaq, onu başqa bir gerçəkliklə əvəz etmək üçün üz tutur. Başqa alternativ mövcud deyildir. Sənətlə təmas hər şeydən qabaq onun varlığını qavramaqdır. Hansısa həddin, sərhədin aşılması, poeziya aləminə daxil olma, çox spesifik bir fəaliyyətə start verilməsi, əsər üzərində müşahidələr bizim yaşam tərzimizin və perspektivlərimizin sual altına alınmasıdır: xaosdan qaydaya keçid, mənasızlıqdan mənaların bağlılığına, boşluqdan zənginliyə, yoxluqdan varlığa keçid. Dilin və təfəkkürün (şüurun) formada ifadəsi. 

Yuxarıda yer alan dağılma/qurulma (inşa etmə) prosesi bədii əsəri istər-istəməz bir analiz prinsipinə, bəlkə də, formatına çevirir və əgər bu doğrudan da belədirsə, belə deyək, bədii mətn doğrudan da mənəvi ərazini qurub-yaradan bir agentdirsə (yad cisim) bu halda o, gerçəklikdən və ya xatirələrdən (yaddaşdan) əxz etdiyi, borc aldığı istənilən elementdən istifadə edə, onu istənilən formada işlədə bilər və bu zaman yalnız özünün tələblərinə görə hərəkət edər. Yəni bədii mətn təsir olmazdan qabaq səbəbdir; bu halda əsərin analizində yalnız onun özü nəzərə alınmalıdır, bədii mətn özünün müqayisəyə gəlməyən möhtəşəm tənhalığında götürülməlidir, çünki onun özü də sənətkarın yaratmaq üçün özündən vaz keçdiyi daxili ərazidir.

XX əsrin nəhəng yazıçılarından biri Herman Hesse "Demiyan" adlı romanında yazırdı: hər bir insanın ömrü onun özünə doğru yoldur, o, bu yolun sonuna, yəni özünə heç zaman çata bilmir... Məşhur yazıçının bu fikri ümumi səciyyə daşıyır və bütün istedadla yazılmış mükəmməl nəsr əsərlərinin, lap elə poeziyanın da təyinatı və missiyası ilə bağlıdır. Yazılan əsərin sənətkarın özünə doğru yol olması həm də o deməkdir ki, formanın sirrini müəllifdə axtarmaq lazımdır. Burada həm də ədəbiyyatın əzəli-əbədi təyinatıyla bağlı bir məqam var. Ona görə sitatı tam şəkildə vermək yaxşı olardı. "...Yazıçılar roman yazanda özlərini elə aparırlar ki, sanki Allahdırlar və həqiqətən hansısa insanın tarixçəsini tam şəkildə əhatə edə bilərlər, hansısa insanın tarixini anlaya bilərlər, onu elə təsvir edərlər ki, sanki bunu olsa-olsa Allah danışa bilər. Mən bunu bacarmıram. Yazıçı olan bunu edə bilməz. Ancaq mənin üçün öz tarixçəm başqa bir yazıçının tarixçəsindən daha vacibdir; çünki bu mənin özümün tarixçəmdir, deməli, həm də uydurulmamışdır, mövcud olmayan bir adamın tarixçəsi deyildir. Canlı, mövcud olan, nəfəs alan bir adamın hekayəsidir. Ancaq bu canlı, nəfəs alan insan haqqında bu gün əvvəllərlə müqayisədə çox cüzi şey bilinir, onlardan hər biri çox dəyərlidir, təkdir, ancaq nadir təbiət hadisəsi olan insanı bu gün elliklə məhv edirlər. Ancaq əgər öz növündə yeganə fərd olmaqdan daha artıq bir şey olmasaydı, əgər bizim hamımızı bircə gülləylə yer üzündən silmək mümkün olsaydı, dediyimiz tarixçəni danışmağın bir mənası qalmazdı. Ancaq hər bir insan təkcə özü deyil, həm də öz növündə yeganə, tamamilə əlahiddə, hər bir təsadüfdə, həm də yalnız bircə dəfə dünyadakı rənglərin çarpazlaşdığı mühüm və qabarıq bir nöqtədir. Buna görə də hər bir insanın tarixi mühümdür, əbədidir, ilahidir, buna görə də hər bir insan nəfəs alıb-verdiyi müddətcə təbiətin iradəsini yerinə yetirir, buna görə sirlidir və diqqətəlayiqdir.

... Hər bir insanın ömrü onun özünə doğru yoldur, o yolun təcrübəsidir, balaca bir cığırdır. İnsan heç zaman bu yolun sonuna, yəni özünə çata bilmir, ona müyəssər olmur bu; bununla belə, hər kəs buna var qüvvəsi ilə cəhd edir - kimisi qaranlıqda, başqa birisi gur işıq altında, - kim necə bacarırsa. Hər kəs öz canında doğumdanqalma qalıqları gəzdirir, giliz kimi...".

Bədii forma yuxarıda işarə edilən əbədi, açılması mümkünsüz görünən sirri ifadə etdiyindən yazı da daha çox hansısa keçidlərin yaranması və itməsinə (gözdən yayınıb yox olmasına - !) oxşayır, teleqraf telləri kimi. Olur ki, bu proses ardıcıl və paralel planda baş verir: teleqraf telləri həm yazıda, həm də onu oxuyan oxucuda dolaşa bilər. İnsan oxuduğu mətni özünə qarşı da çevirə bilər, bu halda bütün ölmüş tikan və şər toxumları cücərməyə başlayır. Daxildə, kotanın ilişdiyi yerdə bir maneə - materiya var, bura o dərəcədə qarmaqarışıq ola bilər ki, intellekt və hissiyyat təhdid altına düşsün. Abbas Kirosmaninin filmində yaxşı bir epizod var: bir gün səhhətindən çox şübhəli bir adam həkimə gedir, deyir barmağımı harama vururamsa, ağrı qopur. Həkimin cavabı yubanmır: qardaş sənin barmağın sınıb...

Formanın sirri, yaxud əsərdən əvvəl (yaxud müəllifdən xəbərsiz onun ruhunda-!) ilahi sirr içində yatan nəsnə əsərin bütün komponentlərinə sirayət edir. Nəsrdə bu daha çox təhkiyə strategiyasında özünü göstərir. Həmin nəqletmə paralelində belə bir mühüm düyün var: sanki bu şeyləri, hadisələri artıq bir dəfə, dünyadan köçdükdən sonra görmüş kimi təsvir edirsən. Dünyasını dəyişmiş nə qədər sənət adamı var, qayıdıb mətnlərini oxuduqda bu hissi keçirmirsən, əksinə, indi, bu an onun sözünün qırıldığının şahidi olursan. Bu iki hiss onun yazıçı naturasındakı, yazı manerasındakı fərqə dəlalət etsə də, həm də nəsə tam başqa bir şeydir. Şeir, deyək ki, havaynan gəlir, onun notu yazılmır, qəlbə həkk edilir, sadəcə, ona uyğun meh əsdikcə dillənir. Mətnin gəldiyi məkanla yarandığı yer başdan-başa mistika aləmidir. Ancaq burda söhbət nəsr əsərindən gedir, prozada ilk rastlaşdığın gerçəkliyin özüdür və addım-addım keçilərək (dağıdılaraq) havaya dönür, efirə qarışır. "Otel odası"nda olduğu kimi. İlk addımda gerçəkliknən rastlaşdığından nəsrdə, sanki hər şey aydındır, ancaq zaman-məkan vadilərindən keçdikcə bunun heç də belə olmaması zaman-zaman anlaşılır. Bu povestdə bir məkanda vurulan düyün digərində "açılır", beləcə, "ölüm küləyi" əsənə kimi gerçəkliyin sosial, mənəvi və digər ağır problemləri qayadan uçan daş kimi fəlakət törədir, müəllif yazılması, yazı ifadəsi mümkün olmayan şeylərin üstündən sükutla keçir (çünki sükutun özü bir açardır, formanın dilidir-!). Şeir mətnində, modern şeirdə sözün yerini boş saxlamaq metodu var. Bu boş və buraxılmış yerlərdə forma özünü bütünlüklə ifadə edir.

Adıçəkilən əsərdə əşyaların yaddaşına nüfuz etmə var. Süjet quruculuğunda fəal komponent hadisələr zəncirinin çözülməsindən çox budur: əşyaların yaddaşında, fiziki anım hadisələrlə ruhani aləm arasındakı bu sərhəd zonasında daim itib yenidən qayıdır. Povestdə bu közərən tel Azərbaycan və dünya nəsrinin bir çox mətnlərini üz-üzə gətirir və hər şey əvvələ - uşaqlığa qayıdır...

 

Cavanşir YUSİFLİ

 

Ədəbiyyat qəzeti.- 2018.- 24 noyabr.- S.26-27.