Ən ağır daş
Hekayə
Məsmənin gözləri sanki məyusluq
uçurumuna düşmüşdü. Həyat xəyallarını
başına uçurmuşdu, indi bu sınıq-salxaq xəyallardan
özünə yeni həyat qurmaq istəyirdi,
yaralarını xəyallarıyla sarıyırdı. İllərin ölümcül sakitliyi onun
yanından çay kimi axıb gedirdi.
Çayçı Vahab Məsmənin hər gün təkrarlanan
söhbətlərindən bezar olmuşdu, Məsmə
ağzını açmamış ağzının
üstündən vururdu:
- Ay rəhmətliyin
qızı, əl çək də bu naftalin iyi verən
arzulardan. Sənin arzularını güvə
yeyib e, xəbərin yoxdu.
Məsmə zərbə yemiş it kimi başını
çiyninə qısıb incik baxışlarla çayxanada
oturanlara baxdı, hamının başı nərdə,
dominoya qarışmışdı, onun nəinki
boş-boş zəvzəməyinin, heç
varlığının belə fərqində deyildilər. Bu vəziyyət
qəfildən Məsməni təəccübləndirdi və
üzünə qatı bir məyusluq yayıldı.
Sir-sifəti əyilib daha da eybəcərləşdi, əllərini
hardansa tapdığı, üzü üzlər
görmüş nimdaş, yırtıq kişi
pencəyinin ciblərinə dürtdü, Vahab anladı ki, Məsmə
siqaret istəyir. Məsmə bütün ciblərini
eşələyəndən sonra çarəsiz
baxışlarını Vahabın üzünə dikdi.
Vahab başını bulayıb stolun üstündəki
"Viceroy"dan bir gilə çıxarıb Məsməyə
verdi, Məsmə əlləri əsə-əsə
kibriti çəkib siqareti yandırdı və
tüstünü acgözlüklə sinəsinə çəkdi.
-
Axırıncı dəfə nə vaxt çimmisən, ay Məsmə?
- Çayçı Vahab burnunu tutub ayağa
qalxdı.
Yaxınlıqda oturmuş cavanlardan biri Məsməyə
baxıb hırıldadı. Məsmə günahkarcasına
gülümsədi və etinasızlıqla: - Nə bilim əşi.
Yadımnan çıxıb eee, - dedi.
Hərə
Məsməylə bir cür məzələnirdi, kimi
oturduğu stula mismar qoyurdu, Məsmə oturanda mismar
büzüşmüş dalına batırdı, "uyyy,
Allah öldürsün süzi!" - deyə
qarğış tökürdü, kimi oturmaq istəyəndə
stulu Məsmənin altından çəkirdi, yazıq
arxası üstə yerə yıxılırdı, bir
başqası kirdən rəngi bilinməyən
tumanının ətəyini dartıb aşağı çəkirdi.
Məsmə bütün bu şit
zarafatlara əzmlə dözürdü. Üzündə
ilğım kimi təbəssüm yellənirdi və bu vecsiz
təbəssüm çox keçməmiş sərxoş
adamlar kimi yırğalana-yırğalana uçurumun dibinə
yuvarlanırdı. Ürəyi onun uçurumu idi, Məsmə
bu uçurumda o qədər yarıda qırılmış təbəssümlər
dəfn etmişdi ki... O, zahirən hər şeyə biganə,
büsbütün özünə qapanmış kimi
görünsə də ətrafında gedən söhbətlərin
dəmini tez tuturdu, çox vaxtsa qəsdən
özünü qanmazlığa vururdu. Zahiri
görkəmilə ziddiyyət təşkil edən nikbinliyini
həmişə qoruyub-saxlayırdı, ən axmaq vəziyyətlərə
düşəndə bu ucuz nikbinlik onu xilas edirdi. Anlamaq
olmurdu, o bu qədər gücü, iradəni haradan
alırdı, bu nikbinlik hansı ümiddən
qidalanırdı?..
Məsmə ilk dəfə bu tərəflərdə
görünəndə əyin-başı indiki kimi
iştahadan çıxmamışdı, köhnə həsir
kimi didilmiş ətəyi onda abırlı kökdəydi,
onu hələ indiyəcən başqa ətəkdə
görən olmamışdı, yay-qış əynində
elə bu həsir ətəyi görərdin. Pencəyinin
qolları və yuxarı hissəsi kirdən
parıldayırdı, deyərdin qətran
sürtülmüş xam göndür. Məsmə
özü də insanlıqdan çıxıb
çürük bir parçaya dönmüşdü.
Amma o vaxt... O vaxt isə deyəsən heç siqaret də
çəkmirdi, hələ nəfəsi təmiz idi. Qənd kimi ağappaq dişləri, uzun kirpikləri,
kaman qaşları varmış, deyilənə görə,
beli üzük qaşından keçərmiş, yeriyəndə
kəndin bütün kişiləri çevrilib arxasınca
baxarmış. Gözəlliyi göz
qamaşdıran Məsməyə nə oldu ki, zamanından
tez solub-saraldı? Zaman öz işində
dəqiq olur, o, gözəlliyi solduranda insanın ruhu da
incimir, insandan xəbərsiz görür bu işi. Kəmfürsət zaman boş yerə demirlər ki.
Məsməni qəzavü-qədər
çeynəyib eybəcər hala salmışdı və
sonra da həmin bu çayxananın kandarına
tüpürüb getmişdi.
***
Nəsə,
deyəsən, əlimdəki açar bu hekayətin
qapısına düşmür, Məsmə də
qapının o tayında özünü yeyib-tökür: -
Məni çox saxlayacaqsan burda? Aç qapını,
çıxıb gedim işimin-gücümün dalınca!
Özüm
də bilmədim ona necə təpindim:
- Pah!
Kişinin qızının işi-gücü varmış! İşinin-gücünün adı nədir, de,
bilək.
Yan otaqdan
gələn yuxulu səs məni özümə qaytardı:
- Gecənin
bu vaxtı orda kiminlə danışırsan?
Sualı verən bizim xanım idi. Heç, - deyə
mızıldandım. Göz qapaqlarım
yumulurdu, gecə düz başımın üstündə
sallanırdı. Ürəyimdə Məsməni
yaş yuyub quru sərdim. Qal orda səhərəcən,
itin qızı! Təbii ki, xanımım Məsmənin
əlində girinc-giriftar olduğumdan tamamilə xəbərsiz
idi. Bir də ki, Məsmənin
qısqanılacaq təhəri qalmamışdı. Mən biləni, Məsmə sevgini Nuh əyyamında
yadırğamışdı. ...Yuxu məngənə
kimi beynimi sıxır, hələlik Məsməni əhvalatın
o üzündə saxlayaq, səhərə Allah kərimdi.
O uşaq
təpənin ayağına yıxılmış daxmada
doğuldu. Yeddi ildən sonra Allah-taala Turab
kişiyə axır ki, bir övlad əta elədi. Üzü üzlər görmüş əbəçi
Sona daxmanın ovulub tökülməkdə olan çürük
qapısından çıxıb Turab kişiyə
gözaydınlığı verəndə o boyda adamın
dizləri əsdi, dili tutuldu. Bilmədi
qarıya nə cavab versin. Büzüşüb bir əlcə
olmuş əbəçi Sona kişini necə dümsüklədisə,
dili düyün düşmüş kəndir kimi
açıldı:
- Allah səni
sevindirsin, a Sona!
Uşağın mayıf doğulmağı
anasını məyus eləsə də atasının
heç eyninə deyildi, sevinci yerə-göyə
sığmırdı. Qocalıqdan qəddi bükülmüş əncir
ağacının altında o baş-bu başa gedərək
maxorka tüstülədirdi, kişi
xoşbəxtliyin havasından məst olmuşdu. Gəl bir olmasın, əlli yaşın tamamında
bəxt üzünə gülümsəmişdi, sonsuz
damğası üstündən
götürülmüşdü. Aşığı
alçı durmuşdu, kefi ala buluddaydı. Rəncbərlik edə-edə yarım əsrin dizini
yerə vurmuşdu, hələ də dünyanın işlərindən
bixəbər idi. Hər gün sübh
obaşdan yerindən qalxıb bir loxma çörəyini
yeyirdi və gedirdi hambalçılığının
dalınca. Axşam da yorğun-arğın
qayıdıb Allah verəndən, arvad bişirəndən
yeyirdi, "çox sağ ol" əvəzinə binəva
arvadın qaşqasına bir "qısır" kəlməsini
nallayıb kəlləsini atıb yatırdı. Arvad dediyin də dilsiz-ağızsız, Allahın
mağmın bir bəndəsiydi. Turab
kişidən düz iyirmi yaş kiçik idi. Nə az, nə çox, düz yeddi il idi Turab
kişi onun bətnində bir toxum əkə bilmirdi. Hambalçılıqdan başı
ayılmamışdı ki, evlənsin, bir vaxt
ayılmışdı ki, yaşı qırxı keçib.
Kəndin ağsaqqalları ata-anası
çoxdan ölmüş, nənəsinin himayəsində
qalan bu yetim qızı gətirib onun daxmasına
salmışdılar.
Turab kişi axşamçağı işdən
qayıdanda arada özü özüylə nərd də
oynayırdı, ha illah edirdi, özü özünü uda
bilmirdi. Bu çağa dünyaya gələn günün
axşamı gedib nərdtaxtanı taxçadan
götürdü və özünə bir
"domaşnı" mars verdi,
uduzmağından ləzzət aldı. Deyəsən,
çağa da atasının uduzmağına sevindi,
başını bələkdə yelləyib
gülümsünəntəhər oldu. Arvadı
ərinə nə desə yaxşıdı? "Allah sənə
ağıl versin!".
Başqa
vaxt olsaydı, Turab kişi bu sözə
görə arvadını eşşək sudan gəlincə
çırpardı. Bu dəfə
özünü elə apardı ki, heç elə bil
arvadının bu qəfil, köntöy atmacasını
eşitmədi. El dili yüyrək olar, Turab kişinin
qızı böyüdükcə özü tovdan
düşdü, qız məktəbi buraxıb evdə oturan
ilin bir qış günündə, axşamçağı
yerinə girmək istəyəndə kişini elə bil
ildırım vurdu, sağ tərəfi qıc oldu. Ana-bala köməkləşib onu çarpayıya
uzatdılar. Arvadı birinci dəfəydi belə qəziyyə
ilə üzləşirdi, tamam başını itirdi, bilmədi
neyləsin, qızına dedi ki, dədənin ayaqlarını
ovuşdur. Kişini nə qədər
ovuşdursalar da keyimiş əli, ayağı
açılmadı. Həmin gecə Turab kişi
əhli-əyalını başsız qoyub
qırağını qatladı. Anayla
qızı hələ də nə baş verdiyini anlaya
bilmirdilər. Turab kişi insult
keçirmişdi.
Turab kişinin qızı məktəbi beşinci sinifdə
atdı. Müəllimlər ata-anaya dedilər ki, bu
uşağın məktəbə gəlib-getməsində
bir fayda yoxdur. Beş il ərzində
hələ də adını düz-əməlli yaza bilmir,
bununku oxumaqdan keçib, evdə qalıb sizə əl
tutmağı məsləhətdir. Evdə də
qızı dindirməsəydin, ağzını açıb
bir kəlmə danışmazdı. Atası
qızının bu susqunluğundan rəncidəhal olurdu,
arada üstünə çımxırırdı: - A bala, sən
haçan adamla bir söhbət edəcəksən? Dilin səndən xərac istəyir bəyəm?
Allah sənə dil verib, bir danış, din. Bu gedişlə
sən evdə qalassan, evin tikilsin!
Anası
da qızına qahmar çıxırdı: - A kişi, nə düşmüsən
uşağın üstünə? Ürəyi
istəyəndə danışır, istəməyəndə
danışmır.
Turab kişi də başını bulayıb
mütəkkəsinə dirsəklənirdi və
maxorkasını eşməyə başlayırdı. İndi evin yeganə çörək gətirəni
dünyadan köçmüşdü və mağmın
arvadla əfəl qız taleyin ümidinə
qalmışdı. Təpənin
ayağına yıxılmış daxma sanasan ki, Turab
kişinin təpənin zirvəsinə qaldırmaq istədiyi
daş idi, yenidən aşağı yumalanmışdı.
O daxmanın alnına aşağı yuvarlanmaq
yazılmışdı. O daxmanı başından
aşağı basan Məsmənin ağır bəxti idi. Məsmənin ağırlığı Turab
kişiyə imkan vermirdi daxması böyüsün.
Anası qızdırmanın şiddətindən
canını tapşırandan sonra qız birinci dəfə o
daxmadan çölə çıxdı, neçə illərdən
bəri içində çabalayan sözlər nizamsız
şəkildə ağzından tökülməyə
başladı.
İnsanlar onun nə dediyini anlaya bilmədilər, bu
anlaşılmaz sözləri yabanı ot
kimi tapdayıb keçdilər. Kişilər
onun sözünü eşitmədilər, bədənini
gördülər və bizim bu bədbəxt qəhrəmanımız
hamının şərikli malına çevrildi.
Məsmə çayxananın kirli zirzəmisində
pallı-paltarlı yatırdı və arada gecələr
yuxusuna təpənin döşündən yumalana-yumalana ona
doğru yaxınlaşan bir daxma görürdü və hər
dəfə də qan-tər içində, ürəyi
çırpına-çırpına yerindən dik
atılırdı, handan-hana özünə gələndən
sonra it zingiltisinə bənzər səslə uzun-uzadı
ağlayırdı, heç kirimək bilmirdi.
***
- De
görüm, Məsmə kimdir?
Səhər yuxudan duran kimi xanımım
başımın üstünü kəsdirdi və
şübhəli baxışlarını ox kimi üzümə
tuşladı.
- Gecə
yuxuda "Məsmə" deyirdin, bir neçə
anlaşılmaz söz də dedin, başa düşmədim
nə deyirsən.
Elə
bil bu suala cavabım gecədən hazır idi:
- Məsmə
dünyanın ən ağır daşıdı, - dedim.
Kənan Hacı
Ədəbiyyat qəzeti.- 2018.- 24
noyabr.- S.27.