Adiliyin zövqsüzlüyünə etiraz
"Karenin nə vaxtdan bəri Anna ilə sevişmirdi? Bəs Vronski? Görəsən, Annanı razı sala bilmişdimi?
Anna aseksual deyildi? Qaranlıqda
sevişirdilər, işıqda? Yataqdamı,
xalçanın üstündəmi? Üç
dəqiqədə, üç saatda? Bir-birlərini
necə əzizləyirdilər? Sevginin
qulağına romantik sözlər
pıçıldanırdı yoxsa, ədəbsiz sözlər?
Yoxsa səssizcə sevişirdilər? Bu barədə heç bir şey bilmirik. O
dövrün romanlarında eşq, ilk görüşdən
cinsi əlaqənin astanasına qədər uzanan
ucsuz-bucaqsız bir ərazini zəbt edirdi. Astanadan
o yana keçməyə icazə yoxuydu, qadağan olunmuş
zonaydı". Elə həmin
dövrün real həyatı da belə idi. Məhrəmlik özünü qoruyub
saxlayırdı. Məhrəmliyin istiliyi,
temperamenti ölənəcən bəs idi. Eşq daha çox platonik məzmundaydı. Ən azından, ədəbiyyatda belə təsvir
edilirdi. Ancaq zamanla için çölə
çevrilməsi sürətləndi. Ən
intim ünsiyyətlər pul, karyera və ən əsası
da mətbuatla, vizual vasitələrlə hər kəsə
elan edildi. Alqoritmləşən bir dil və
ünsiyyət modeli yarandı. Boz, məzmunsuz adətlər
və inadla davam edən monoton, adi
münasibətlər isə bütün zamanların bəlasıdır
ki... Tolstoy və müasirləri həyatı
da romanlardakı kimi geniş epik vüsətdə görmək
istəyirdilər.
Mərhum
dramaturq Rövşən Ağayevin "Bir gecənin
nağılı" pyesində də o məhrəmlik və
epik vüsətə qovuşmaq istəyi var. Ötən həftə
"Səda" Tədris Teatrının səhnəsində
fəaliyyət göstərən "Mənim
teatrım"da eyniadlı pyesin tamaşası baş tutdu. "M-Teatr"ın rəhbəri, əməkdar
artist Vidadi Həsənovun rejissoru olduğu tamaşa uğurlu
səhnə işidir. Nağılın
epik vüsəti ilə müasir həyat toqquşur. Doxsanıncı illərin indiki dövrə
transformasiyası və onun daha müasir bir ovqatda təqdim
edilməsi. Nağıl öz enerjisini
mifoloji yaddaşdan aldığı üçün
eramızdan əvvəldən gələcəyə də
gedib çıxmaq potensialına sahibdir. Tamaşa
xəyali, romantik ovqatlı nağıl estetikasına əsaslanır.
İki gənc özünü, itmiş
zamanı, ömrü və duyğuları axtarır. Nişanlı qız evdən qaçıbdır.
Gecə vaxtı bir parka sığınıb.
Çünki ənənəvi, adi və
romantikasız bir evlilik ona mənasız gəlir. Adiliyin, eyni yolla getməyin, yaşamağın və
hətta nəfəs almağın nə qədər
bayağı və zövqsüz bir vərdiş olduğunu dərk
edir. Cavan oğlan isə
nağılvarı gecədə "kainatın sirlərini
çözməklə" məşğuldur. Gələcəyin alimi öz
cızığından kənara çıxa bilməz.
Bir yandan da evdə anası onu gözləyir.
Qız isə gecənin dəmini tutmaq üçün bu
cavan oğlanla bir az sərxoşcasına,
bir az şıltaq, bir az da ərkyana ünsiyyət qurmaq istəyir.
Bəlkə də, özünü ovutmağa
çalışır. Özü-özünə
təsəlli vermək və almaq arzusundadır.
Gənclər tənhadırlar. Qız ona doğma olan
adamlar tərəfindən belə başa düşülməməyin
yalqızlığını yaşayır. Oğlan romantik ünsiyyət və gəncliyin
işıqlı ehtirasından məhrumdur. Nəhayətdə gecə vaxtı parkda kəsişən
yalqızlığın səhnə təqdimatı ilə
qarşılaşırıq. Qudbergir
Berqssonun "Qu quşu" romanındakı tənhalıqla
"Bir gecənin nağılı" arasında ekzistensial əlaqə
görürəm. "Durbinlə uzaqlara,
durbinlə baxan başqalarına baxırlar". Tənhalıq o həddədir ki, özləri kimi
yalqızları seyr edirlər. Əldən
başqa heç nə gəlmir. "Bir
gecənin nağılı" isə çılğın
və emosional gənclik duyğularını nağıl kimi
sehrli və qeyri-adi görmək istəyinin ifadəsidir.
Arzulanan kimi yaşaya bilməməyə estetik
etirazdır. Səhnənin dinamik və
işıqlı ab-havası ilə tənhalıq
qaranlığını qovmaqdır.
Gözəl və istedadlı aktrisa Günay Əhməd
həmin enerji və temperamenti səhnəyə ötürə
bilir. Tamaşaçı nağılın sehrli
gücünə inanır. Hadisələrin
sonrasını və aqibətini həyəcanla izləyir,
görmək istəyir. Xəyal və arzu
reallıqla qovuşur. İstər səhnənin
alternativ mühiti, istərsə də hadisələrin sosial
qatı reallaşır. Rövşən
Ağayevin mətni, Vidadi Həsənovun rejissor işi və
aktyorların təqdimatı simmetrik uyğunluq təşkil
edir. Əsas məsələ
tamaşaçıları hadisənin reallığına
inandırmaq idi. Tamaşaçılar inanmalıdır
ki, gerçək həyatdan qopub tamaşanın alternativ,
cazibədar və mistik atmosferinə daxil ola
bilsinlər. Tamaşa boyu o reallığı
davam etdirmək isə aktyorların qabiliyyətindən
asılıdır. Ki, Günay Əhməd
də, onun partnyoru istedadlı aktyor Ziya Ağa da bunu
bacarır. Rejissor isə bu hədsiz
gerçəkliyi bəzən kulisdən, bəzən də səhnə
tərtibatı ilə pozur. Bu hal isə
estetik müdaxilədir. Modern teatrdan gələn
zəruri ehtiyacdır. Tamaşaçı
səhnənin reallığı ilə, gerçək həyat
arasında get-gəldə olur. Belə
olduqda isə gözəllik duyumundan yaranan estetik bir dərketmə
prosesi baş tutur. Sənətin dili
danışır.
Vidadi Həsənov Bertolt Brextin teatr fəlsəfəsini
uğurla tətbiq edir. Tamaşa və real həyat arasında
qalmaq həm səhnə dizaynında, həm də aktyor
performansında öz əksini tapır. Miri
Yusifin nəğmələri isə səhnəni daha gənc
və qaynar edir. Tamaşanın məzmunu
ilə musiqi arasında harmoniya yaranır. İlk
baxışda asan həzm edilən ideya ilə ilkinliyə,
peripateizmə, antik ədəbiyyat və mifologiyaya
qayıdış arasındakı bütövlük
tamaşanın sənət dəyərini artırır.
Mifoloji yaddaşla tarixi yaddaş qovuşur.
Kişi və dişi cinsinin mahiyyəti və ən
vacib nəsnə olan sevgi və romantikanın nadir gözəlliyi
qızın və oğlanın rəqs səhnəsində əyaniləşir.
Ancaq... ancaq qız görəndə ki, bu qədər
qısa vaxt ərzində çox yaxınlaşıblar.
Və yenə də hər şey bu qədər
adi və bayağıdır. Etiraz edir.
Heç olmasa göyün guruldamasını,
şimşəyin çaxmasını, yağışın
yağmasını istəyir. Bunlar
olmadıqda isə parkdan, səhnədən və oğlandan
qaçır. Qaçış zamanı
kulisə keçmir. Tamaşaçılar
üçün olan giriş-çıxış
qapısından gedir. Çünki səhnənin
reallığı bu anda, elə bu anda pozulmalı idi. Ta
ki, göyün guruldaması və şimşəyin
çaxması parkda tənha qalan oğlanı və
tamaşaçıları qəfil gələn səs və
işıq ilə səhnəyə, hadisələrin
reallığına qaytarsın. Adilikdən
qaçışın, xilas olmağın estetik tamaşa həllidir
bu. Elə həyat həlli də. Əsas
səbəb budur ki, tamaşaçıların əksəriyyəti
gənclər idi.
Bir ay əvvəl "XIX-XX əsrlər dünya ədəbiyyatı"
fənnindən Tolstoydan mühazirə oxumuşdum. Və
"Anna Karenina" romanının 16 noyabr tarixi
üçün seminarı olacaqdı. Təxminən
bir ay vaxtları var idi tələbələrin. Romanı bütün qrupun oxuyacağı təqdirdə
onlarla bir yerdə tamaşaya getməli idim. Tələbələr
oxudular... Səhərisi gün isə "Bir
gecənin nağılı" tamaşasına getdik. Tələbələr də bu gözəl və
nadir romantikaya şahid oldular.
"Bir gecənin nağılı" tamaşası
Vidadi Həsənovun uğurlu rejissor işidir. Bir neçə
dəfə baxdığım tamaşadan hər dəfə
yeni zövq alıram. Ziya Ağa
qadınlarla çox ünsiyyəti olmayan (İnternet vasitəsilə
yazışdığı vyetnamlı qız və anası
xaric) bir gənci canlandırır. Ziya
"başı elm yolunda fədakarlığa
qarışan" gəncin naşılığını,
utancaqlığını və qızın təsiri ilə
tədricən daxilində gizlənən işıqlı hərəkət
və ehtirasın üzə çıxmasını səhnəyə
uyğun bədən dili ilə yaşayır, yaşadır.
Olduqca uğurludur. Ancaq nitqi
bir qədər qüsurludur. Səhnədə
boğulur. Aydın deyil. Bu bir az səs tembrindən də qaynaqlana bilər. Ancaq belə bir səs, nitq teatrla uzlaşmır.
Günay Əhməd isə ilk dəfə evdən
qaçan qızın ağrısını, həyəcanını
peşəkar aktyor kimi canlandırır (Əsl peşəkarlıq
isə həmin qızcığazın vəziyyətinə
düşməyi bacarmaqdır). Ancaq səhnə
işi bunu tələb etmir. Bu
naşılıq, çıxılmaz vəziyyətdən
doğan ünsiyyət ironiya ilə ört-basdır edilir.
Həmin ağrı və həyəcan kənarda
qalır. Təbiilik, natura pozulur. Bu xırda qüsurları deməkdə məqsədim
bu çox sevilən tamaşa haqqında qənaətləri
bütöv şəkildə təqdim etməkdir. Çünki "Bir gecənin
nağılı" modern bir eşq dastanıdır. Və bu tamaşanın hər dəfə daha yeni və
təsirli estetik dəyərlə təqdim edilməsini arzu
edirəm.
Ötən həftə başqa maraqlı və məhzun
bir hadisə də efemer qədər qısa, ancaq mənalı
yaşayan şair Faiq İsmayılov haqqında mühazirəm
oldu. Faiqin anlamlı həyatı, poeziyası və bu barədə
fikirlərimi diqqətlə dinləyən tələbələr
bu şairi tanımadıqlarına təəssüf etdilər.
Faiqin şeirləri "yaş balıqtək"
çabalayan poeziyamıza Əli Kərim, Ramiz Rövşən,
İsa İsmayılzadə, Vaqif Bayatlı, Vaqif Səmədoğlu
kimi şairlərin yaddaş və can verməsi kimi təzədir.
"Şeir kimi" yaddaqalan bir Faiq
İsmayılov obrazı var gerçək sənət və ədəbiyyat
tarixində. Onu görənlər də,
görməzlikdən gələnlər də bu həqiqəti
inkar edə bilmir. Ən azından, vicdanən.
Siz bilirsizmi ki, Faiq hələ illər əvvəl
aktyor dostu Vidadi Həsənova şeir həsr edib?! Vidadi
Həsənov haqqında bir cümləlik xarakteristika: O,
teatrla harmoniya təşkil edən nitqi, performansı və ən
əsası da mimikasındakı plastik hərəkət
trayektoriyasına görə fərqlənən peşəkar
sənət adamıdır. Teatra həsr edilən
ömrünü isə ən, ən gözəl Faiq ifadə
edir.
"Maska
geyinməyə nə var,
Altda
özünsən
Səhnə
isti olsa,
Yanırsan,
Soyuq oldu üşüyürsən.
Ürək
geymək çətindi
özgəsinin ömrü üçün
"Ölməlisən"...
Kişisən
döz, indi!
Ülvi BABASOY
Ədəbiyyat qəzeti.- 2018.- 24 noyabr.- S.28.