Qurdlarla qaçan qadınlar...
"Hər birimiz "vəhşi"lik
arzusundayıq. Bu arzunun çox az panzəhəri var. Bizə belə arzudan
utanmağımız öyrədilib. Uzun
saçlarımızla duyğularımızı gizlətməyə
çalışmışıq. Amma
"Vəhşi qadın"ın kölgəsi gecə və
gündüz pusuya yatmış halda varlığını
davam etdirir. Harada olmağımızdan asılı
olmayaraq arxamızca gələn bu kölgə, şübhəsiz
ki, dördayaqlıdır".
Klarissa Pinkola Estes
Klarissa Pinkola Estes beynəlxalq
mükafatlar almış dünyaca məşhur şair,
Yunqçu psixoanalist və kantadoradır*. Sürixdəki Beynəlxalq Analitik Psixologiya
Assosiasiyası tərəfindən Yunqçu Psixoanalist
diplomatı seçilmiş, eləcə də uzun müddət
Amerika Birləşmiş Ştatlarında "K.Q.Yunq Təhsil
və Araşdırma Mərkəzi (C.G.Jung Center for Education
and Research)" adlı quruma
başçılıq edib. "Qurdlarla
qaçan qadınlar (Women who run with the wolves)"
kitabını 1971-ci ildə yazmağa başlamış, 20
ilə yaxın müddətdə tamamlamışdır.
Kitab 18 dilə tərcümə olunmuş, qadın
psixologiyası sahəsində olduqca əhəmiyyətli
araşdırma, klassika kimi qiymətləndirilir.
Əgər
az da olsa düşüncə
rüşeyminə sahibiksə, həyatımızın
müəyyən bir mərhələsindən sonra zaman-zaman
aktiv bir iştirakçıdan daha çox, qayğılı
bir tamaşaçıya dönürük. Bəzən
hadisələrə müdaxilə etmədən və sadəcə,
həyatı anlamağa çalışaraq kənara çəkilib
uçan quşu, əsən küləyi, çaxan
şimşəyi, ayrılığı, sevgini, xəyanəti,
insan xislətini seyr etmək istəyirik. Lakin nə qədər
mənəvi olmağa çalışsaq da, mükafatmı,
yoxsa cəzamı olduğu bilinməyən insan xislətimiz
zaman-zaman bizi qəfəsdə çırpınan bir quş
kimi əllərinin arasına alıb buraxmaq istəmir.
Milyon illərdir insan əsl azadlığına qovuşa
bilmir... Və əsl azadlığına qovuşa bilmədiyindən
özünə başqa azadlıqlar uydurur...
Müasir dünyada insan, sanki qızıldan qəfəsdəymiş
kimi yaşayır. Tutuquşu olanlar öz həyatlarından məmnun deyilənləri
və yaşananları təkrarladığı halda,
bülbül olanlar əsl yaradılışlarını və
ruhlarını unutmayaraq susurlar, susurlar və susurlar...
Keçmiş zamanda insanlar kədərə və ya hər
hansı bir sıxıntıya düşdüklərində
inzivaya çəkilir, Tanrıya ibadət etməklə mənəvi
rahatlığa çatmağa
çalışırdılar. İnziva dedikdə ilk
olaraq ağıla insanın hər hansı bir balaca hücrəyə
çəkilməsi gəlsə də, mənim
üçün inziva məkanları fərqlidir. Məsələn,
Məcnunun "hücrə"si səhra idi...
Müasir
dövrdə isə inzivaya çəkilmək bir az çətin məsələdir. Bu daha çox sosial şəbəkələrdən,
hər gün ünsiyyətdə olduğun insanlardan uzaq
olmaq, getdiyin yerlərdən videogörüntülər, fotolar
paylaşmayıb, sadəcə, öz dünyanda qalmaqla
mümkündür. Bəs ibadət?
Məncə, məhz belə bir "inziva"
zamanında ən gözəl "ibadət" mütaliədir.
Möhtəşəm bir kitab, məsələn...
Xanım
Klarissa Estes Tanrıya ibadət edərcəsinə bir kitab
yazıb: "Qurdlarla qaçan qadınlar" ("Women who
run with the wolves").
Mən də
Tanrıya ibadət edərcəsinə bu kitabı oxudum...
İndi də
Tanrıya ibadət edərcəsinə paylaşmaq istəyirəm...
Klarissanın 20 ildən çox müddətdə
yazdığı bu kitab "Stokholm sindromu"nda* olduğu
kimi, məni əsarət altına almaqla kifayətlənməyib,
həm də özünə aşiq etdi. Xüsusilə,
son dövrlərdə bəzi insanların kitabların, sadəcə,
annotasiyalarını oxuyaraq həmin əsərlər barədə
məqalə və ya kitab yazmağa çalışması
qarşısında, bu xanımın 20 illik fədakarlığı,
açığı, məni çox həyəcanlandırır
və qeyri-adi bir mətnlə qarşılaşacağım
proqnozunu verirdi. Kitabı
böyük zövqlə oxuduqca növbəti sindromun əlamətləri
özünü göstərirdi: "Stendal sindromu"*.
Davidin heykəli qarşısında müvazinətini qoruya
bilməyən Freyd kimi huşumu itirməsəm də, ən az onun qədər heyranlıq duyur və
özümdən ayırmaq istəmirdim. Çünki
insan ruhunu duymaq üçün sənəti, sadəcə,
anlamaq yetmir, gərək həm də ondan zövq alasan.
Şair, psixoanalist və kantadora* olan Klarissa meksikan-ispan əsilli
olsa da, sonradan macar bir ailə tərəfindən
övladlığa götürülüb. Miçiqan əyalətində
qarışıq millətlərdən olan qonşularla birlikdə
yaşamaq və onların mədəniyyətlərindən təsirlənmək
gələcək əsərlərini daha uğurla qələmə
almasına kömək etmişdir. Uşaqlıq illəri
ilə yanaşı, gənclik dövründə də
Amerikanın müxtəlif əyalətlərinə səfərlər
etmiş, yerli xalqlar və adət-ənənələr,
xüsusilə qədim hekayələrlə yaxından tanış olmuşdur: "Təbiətin
içində olduğum üçün şanslı idim. Orada ildırım çaxmaları mənə ani
ölümü və həyatın keçiciliyini öyrətdi.
Torpaqdan müxtəlif fosillər çıxardığımda insanların uzun müddətdir
burada olduqlarını anladım. Bir dişi qurd
ölümcül yaralanmış balalarından birini
öldürdü, bu mənə sərt şəfqətin necə
olduğunu və bəzən ölümün gerçəkləşməsinə
icazə vermək gərəyini öyrətdi".
Estes həm
də İkinci Dünya müharibəsindən sonra
qadınların daha çox xüsusi bağçalarda
qayğıya möhtac ağaclar kimi qorunduğu bir zamanda
böyüyüb. Lakin dediyi kimi, "yaxşı ki, hər zaman
yabanı toxumlar da var idi". Özünü də bu
yabanı toxumlardan hesab edən Estes
qorunmağa ehtiyacı olmadığını, bunun
üçün daxilən sonsuz bir gücə sahib
olduğunu sübuta yetirmək üçün qadının
daxili dünyasını araşdırmağa başlayır:
"Həyatım və işlərim mənə
qadınların gücdən düşmüş
canlılıqlarının yenə də öz yeraltı
dünyalarının dağıntıları altında
aparılacaq ətraflı ruhsal arxeoloji qazıntıyla
gün işığına çıxarıla biləcəyini
göstərdi". Uşaq vaxtı ailə böyüklərindən
eşitdiyi və sonradan topladığı qədim hekayələri,
xalq rəvayətlərini, eləcə də
nağılları, mifləri yenidən gözdən
keçirərək bir psixoanalist
kimi əsrlərdən bəri insanların
altşüurunda yatan qadın arxetipini yenidən işləyir
və artıq kristallaşmış "Zəif
qadın", "Saxta qadın"* qəliblərini yerlə-yeksan
edir. Müasir qadın, sanki
qarışıqlıq yumağına dönüb, hər kəs
üçün hər şey olmağa
çalışır. Estesin maraqlı nümunələrlə
bəzədiyi bu kitab təbiətlə bağını tam
qopartmamış və hələ də duyğuları ilə seçim edən
qadınlardan bəhs edir. Fərqli qaynaqlardan
toplanmış nağıllar qadınlıq məsələləri
ətrafında dairə cızır. Məsələn,
Afrika mənbəsindən olan bir nağıl qadının
ikili təbiətini, Orta Şərqə aid bir nağıl isə,
adi görünən sehrli xalçanın timsalında cəmiyyətin
görünüşə necə aldandığını
göstərir. Qadınların "vəhşi"
dünyalarına doğru çağırış olan bu
kitab, həm də qadın psixologiyasının bu günə
kimi hazırlanmış ən uğurlu lüğəti
sayıla bilər. Estesin təbiri ilə
desək, nağıllar, miflər, hekayələr vəhşi
təbiətin geridə qoyduğu cığırı
seçib ayırmağımız üçün görmə
qabiliyyətimizin kəskinləşməsinə kömək
edir. Uzun araşdırmalardan sonra Estes
qadınları bir çox canlıyla müqayisə edərək,
aralarındakı oxşarlıqları gözdən
keçirir. Və sonda qadınların əslən
və əsrən qurdlarla eyni ruha sahib olduqları qənaətinə
gəlir. Qurdların, canavarların və
vəhşi qadınların bənzər olması təsadüfi
deyil. Çünki səhvən də olsa
hər ikisi doğuluşdan nankor, təhlükəli və
kindar olaraq tanınırlar. Və
araşdırmasının növbəti mərhələsində
vəhşi qadın arxetipini qurd arxetipi ilə
qarşılaşdıraraq əvəzsiz mətnlər
yaradır. Estes kitabında bu nəticəyə
gəlməmişdən öncə qadınları kəpənək,
ayı və fillərlə də müqayisə etdiyini qeyd
edir: "Lakin qurdlar və qadınlar təbiətləri,
davamlılıqları, gücləri baxımından daha
çox qohumdurlar. Hissiyyatları çox güclüdür,
balaları, yoldaşları və sürüləriylə çox
bağlıdırlar, dəyişkən həyat şərtlərinə tez uyğunlaşırlar, istədiklərini
əldə etmək mövzusunda cəsarətlidirlər. Həmçinin
hər ikisi əsrlər boyunca ovlanmış, haqsızlıqla təcavüzə
uğramış və yanlış şəkildə son dərəcə
təhlükəli və dəyərsiz olaraq qiymətləndirilmişlər".
Kitabın
əsas məğzini bu hissədən daha yaxşı anlamaq
olar: "Məndən öncəki və sonrakı bir
çox qadın kimi, mən də həyatımı
formasını dəyişmiş bir criatura* olaraq
yaşamışam. Dost-tanışlarım kimi
hündürdaban ayaqqabılarda səndələyir, kilsəyə
gedərkən şapka taxırdım. Lakin möhtəşəm
quyruğum çox zaman ətəyimin altından
çıxır, şapkamı gözlərimə qədər
çəkməsəm qulaqlarım görünür və bu hal çox vaxt
otağın digər ucundan açıq-aşkar hiss
olunurdu".
Bir
qadın hansı mədəniyyətdən əlamətlər
daşıyırsa daşısın "vəhşi" və
"qadın" kəlmələrinin mənasını tam
olaraq sezgiləri və hissiyyatı sayəsində anlaya bilər.
Bunu hiss etmək isə elə də çətin deyil. Mistik
ocaq atəşinə, xəyal qurmağa, həyatın
yaradıcı gücünə, yaşantımızın ən
önəmli əsərinə və ya gerçək sevgilərə
az zaman ayırdığımızı
anlamaq içimizdə var olan "vəhşi qadın"
üçün darıxdığımızı göstərir.
"Qurdlarla qaçan qadınlar" əsəri
ruhumuzda gizlənən həmin "vəhşi
qadın"ın ayaq izlərini bizə göstərərək
onu tapmağımıza yardım edir. Əslində,
biz qadınlar bütün həyatımız boyu, onu
axtarır, tapdıqda isə yenidən itirməmək
üçün əlimizdən gələni əsirgəmirik.
Çünki yalnız onu tapdığımızda
özümüzü heç vaxt məğlub
olmayacaqmış kimi güclü hiss edirik və həyatımız
çiçək açır, təbiətlə
bütünləşib yaradıcı olaraq yenidən həyata
qatılırıq. Və yalnız bundan sonra
ölümün və həyatın nə zaman gerçəkləşəcəyini,
getməklə qalmağın düzgün vaxtını
müəyyənləşdirə bilirik.
"Vəşhi qadın" birləşməsindəki
"Vəhşi" sözü yanlış mənada
anlaşılmamalıdır. Estes də bu məsələyə
xüsusi diqqət çəkir ki, "vəhşi" kəlməsi
əsla müasir dilimizdəki "təhlükəli,
qorxunc" mənasını ifadə etmir. Bu ifadə
qadınlara kim olduqlarını
xatırlamaqda kömək edən bir metafora, hər zaman onlara
dəstək olan gücün simvoludur.
Estesin "Vəhşi qadın"
adlandırdığı bu ruh halı tarixən bir çox
xalqların diqqətini çəkmiş, ona müxtəlif
adlar verərək miflərində, nağıllarında,
hekayələrində obrazını yaratmışlar.
Belə ki, ispanlar ona "Mujer Grande (Böyük
qadın)", "La Loba (Qurd qadın)", macarlar
"Rozsomak (Qütb porsuğu)" deyirdilərsə, yaponcada
bütün işığı və bilgini gətirən
"Amaterasu Omikami"dir, tibetcədə isə Dakinidir. Şübhəsiz ki,
antik mifologiyada onun adı Lilitdir. Qvatemala dilində o
"Humana del Niebla (Duman Varlıq)", yəni
sonsuzadək yaşayan qadındır. Bir bütün olaraq
doğulmayan- ölməyən bu ruh fərqli adlar
daşıdığı kimi, fərqli bədənlərə
də sahiblənərək qədim dövrlərdən
müasir zamanadək bir çox qadının əsas güc
qaynağı olmuşdur. Bu güc olmasa qadınlar niyə
burada olduqlarını unudar, daha çox və ya daha az məsuliyyət daşıyarlar. O,
qadınların tənzimləyicisi, ruhsal anlamda fiziki bədəni
yaşadan ürəyin eynisidir. O, həmçinin
qadınların sağlamlığıdır. Bu
yabanı qadın bütün qadınların prototipidir.
Hansı mədəniyyət, hansı dövr
olur-olsun, əsla dəyişmir. Simvolik
olaraq təmsilçiləri dəyişsə də,
özündə nədirsə, eləcə bir bütün
olaraq sonsuza qədər dəyişməz olaraq qalır.
Belə
bir sual yaranır: Əsrlərdir qadınların daxilində
yaşayan, onları istiqamətləndirən, yaradıcı,
mübariz edən, bütün gücünü və təcrübəsini
əsirgəməyən, ən çətin və
dözülməz anlarda peyda olan bu vəhşi qadının
ünsürləri nələrdir? Qadınlar
onun gəldiyini necə anlaya bilərlər? Estes bu suala belə aydınlıq gətirir:
"O, Həyat-Ölüm-Həyat
qüvvəsidir, yaşatmaq gücüdür, uzaqgörəndir,
dərin dinləyicidir, sədaqətli ürəkdir. İnsanları açıqsözlü olmağa cəsarətləndirir.
Qadın ruhuna aid ərazidən keçərkən
arxasında qalın ayaq izləri qoyur. Uzun
zamandan bəri itirilmiş və unudulmuşdur. Lakin yenə də əsas qaynaq və
işıqdır. Bizə sirləri
söyləyən quşlar, "bu yoldan, bu yoldan" deyən
səsdir. Haqsızlıq qarşısında
təhdidlər yağdıran, axtarış üçün
evi tərk etməyimiz, eyni zamanda, evə dönüş səbəbimiz,
eləcə də bu həyatla işimizin bitdiyini
düşündüyümüzdə bizi getmək fikrindən
daşındırandır. Bütün
qadınların gübrəli köküdür. Nəhayət,
O, bizi düşünən ağıl, biz isə onun
ağlından keçən düşüncələrik..."
Harada
yaşadığı isə dəqiq bəlli deyil: "O
çöllərdə, okeanlarda, meşələrdə
yaşayır, şəhərlərdə gəzib-dolaşır,
böyüklüyünü anlamağımız
üçün arxasında izlər qoyur. Quyunun
dibində, membranda, göz yaşında yaşayır. Keçmişdə yaşayır - bizim tərəfimizdən
çağırılır, bu günümüzdə
yaşayır - süfrəmizdə ona hər zaman yer
vardır, getdiyimiz yolda yaşayır - bir mayak kimi gələcəyimizi
istiqamətləndirir".
O, bizsiz,
biz də onsuz ola bilmərik. Demək ki, həqiqi həyat üçün hər
ikisi yaşamalıdır.
Demək
olar ki, nağıl və miflərin çoxunda hər kəsin
tanıdığı, lakin çox az
insanın gördüyü gizli yerdə yaşayan
yaşlı bir qadın var. Şərqi Avropa
nağıllarında yolunu itirmiş, axtarış içində
olan insanlara kömək etmək üçün
yaşadığı yerə gəlməklərini gözləyir.
Həmin qadının bir neçə adı var: La Huesara
(Sümük qadın), La Trapera (Toplayıcı qadın), La Loba (Qurd qadın)...
La
Lobanın tək məşğuliyyəti var, o da
sümük toplamaqdır. Xüsusilə,
dünyadan yoxolma təhlükəsində olanları
yığıb qoruyur. Mağarası növbənöv
canlının sümükləri ilə doludur. Lakin daha çox qurdlarla maraqlanır. Dağlarda, dərələrdə qurd sümükləri
toplamaq üçün torpağı didik-didik edir,
sürünür, iməkləyir. Bütün skeleti
toplayıb tamamladığı və canlının bəyaz
heykəli gözlərinin önündə dayandığında
ocağın ətrafında oturub mahnı oxumağa
başlayır. Həmin an qurdun
qabırğa və ayaq sümükləri ətlə dolur,
canlı kürklə örtülür. La Loba mahnı
oxumağa davam etdikcə canlının bədəni həyata
daha da yaxınlaşır, quyruğu qabarıq və
güclü şəkildə yuxarıya doğru
qıvrılır.
La Loba
daha çox mahnı oxuyur və qurd nəfəs alıb verməyə
başlayır...
La Loba mahnını elə şövqlə oxuyur ki, çölün zəmini tərpənir və qurd gözünü açıb ayağa duraraq uçuruma doğru sürətlə qaçmağa başlayır. Getdikcə gözdən itir. Lakin qaçdığı zamanın hər hansı bir anında ya sürətinə, ya yolunun çaya düşməsinə görə, ya da günəşdən, Aydan gələn işıltının təsiriylə qurd qəfildən üfüqə doğru qaçaraq qəhqəhələr atan azad bir qadına çevrilir.
Yəni əgər çöldə gəzirsinizsə və günbatımı yaxındırsa, yolunuzu azmış və yorulmusunuzsa, bəxtiniz gətirib, çünki La Loba yaxındadır və sizə ruhunuza dair nələrsə öyrətməyə qərar verib. Çünki hamımız yola bir yerlərdə itmiş sümük yığını, qumun altında yatan skelet olaraq başlayırıq...
Stokholm sindromu - Oğurluq və ya zorakılıq hadisələri zamanı girov götürülən şəxsin cinayətkara qarşı simpatiya duymasını, aşiq olmasını ifadə edən psixoloji termin.
Stendal sindromu - Adını fransız yazıçısı Stendaldan alan, sürətli ürəkdöyüntüsü, başdönməsi, huşunu itirməklə müşayiət olunan psixoloji vəziyyət. Bu sindrom insanın daha çox heyran olduğu sənət əsərlərinin gözəlliyi və möhtəşəmliyi qarşısında özündəngetməsi halıdır.
Kantadora - Qədim hekayə və mətnləri toplayan.
"Saxta qadın" - "Çox böyük bir gücü idarə altına almaq üçün cəmiyyət tərəfindən xüsusilə yaradılmış bir şey: Saxta qadın". Azra Kohen, "Fi".
Criatura - Canlı, Yaradılmış.
Cahanxanım
Seyidzadə
Ədəbiyyat qəzeti.- 2018.- 24
noyabr.- S.30-31.