Coys narahatlığı,
Mirzə Cəlil üsyanı
Ceyms Coysla aramızdakı yeganə oxşar cəhət, bəlkə də, hər ikimizin çap olunan ilk yazımızın esse olmasıdır. Mənim də çap
olunan ilk yazım Dostoyevskinin əsərləri
haqqında yazdığım
esse olub. Coysun çap olunan ilk essesi İbsenin "Biz ölü olanda oyanırıq" adlı
əsəri haqqında
idi. Bu cümlələri
oxuyan bəzi oxucular düşünməsin
ki, özümü Coysla müqayisə etmək niyyətindəyəm.
Modernist irland yazıçısının "Ölülər" əsəri
haqqında danışmaq
istəyirəm. Coys bu əsəri 1907-ci ildə,
25 yaşında yazıb.
Mirzə Cəlil də iki il
sonra 1909-cu ildə eyni
adda əsər yazıb. Görəsən, Mirzə Cəlilin
Ceym Coysun bu əsərindən xəbəri var idimi? Bəs bu əsərlər
arasında oxşar və fərqli cəhətlər nədir?
Mirzə
Cəlilin "Ölülər"
pyesinin məqsədi cəmiyyət həyatında
baş verən problemləri göstərmək
idi. 2-3 il
öncəki düşüncəmlə
bu əsərləri müqayisə etsəydim təbii ki, üstünlüyü Coysun
povestinə verərdim.
İndisə məsələyə fərqli yanaşıram.
Əslində, bu iki müəllifi və bu iki əsəri
müqayisə etmək
ədalətsizlikdir. Çünki dövrlər eyni olsa da, şərtlər,
sistemlər, xalqlar, coğrafi məkanlar fərqli idi. Novruzəli poçt qutusuna məktubla birlikdə düşünmə qabiliyyətini
də atırsa, buna Mirzə Cəlil neyləsin? Haqqında danışdığım əsərlərin
ən önəmli fərqi də elə budur. Mirzə Cəlil cəmiyyətin cahilliyini,
naqis cəhətlərini,
çatışmaz tərəflərini
izah etdiyi halda, Coys povestində klassik düşüncə ilə
modernist düşüncə arasındakı sərhədləri
müəyyən etmək,
insanın daxili mahiyyətini anlamaq, ruh halını dərk etmək kimi məsələlərə
toxunub. Məsələn, Coys bizə
nəsillərarası savaşın
səbəblərini izah
etməyə çalışır.
Hələ bir əsr əvvəl Ceyms Coys yazıb ki, yeni nəsillər
həyata yeni düşüncə, yeni
enerji ilə atılıblar. Onların yolu,
hətta yanlış
olsa belə anlamağa, dəstək olmağa dəyər.
Bu məqam mənə
Dostoyevskinin bir cümləsini xatırlatdı:
"Başqalarının doğruları
ilə yaşamaqdansa,
öz səhvlərinlə
yaşa". Povest 80 səhifədir,
80 səhifədə yazılan
söhbətlər bir
ziyafətdə baş
verir. Müəllif hadisələr
yaradıb, onları müxtəlif məna qatları ilə təsvir etməkdən daha çox, öz fikrini bizə ziyafət zamanı yaranan dialoqlar vasitəsilə çatdırır.
Povesti oxuyarkən qəribə
hisslər yaşadım.
Kafkanı sevməsəm
də, onun bir fikri yadıma
düşdü: "Mənim
tənhalığım insanlarla
doludur".
Coys 25 yaşı olarkən niyə belə bədbin olub? 25 yaşlı gənc həyatı belə dərindən anlaya bilərmi? Keçmişimiz niyə bizi daim təqib edir? Keçmiş nifrətlər, keçmiş uğursuzluqlar, keçmiş sevgilər niyə bizdən əl çəkmir? Ümumiyyətlə, hansısa bir hadisəni nəyə əsasən "keçmiş" adlandırmaq olar? Əgər insan zaman maşınında öz həqiqi mahiyyətini itirirsə, nəyin keçmiş, nəyin indi, nəyin gələcək olduğunu hansı zaman vahidi ilə müəyyən edirik? Əgər biz də cansız əşyalar kimi atomlardan ibarətiksə var olduğumuzdan necə əmin ola bilərik? İnsan özünü hansı şərtlərə əsasən "var" saya bilər? Yatmaq, oyanmaq, nəfəs almaq yaşamaqdırmı? Mən belə anladım ki, Ceyms Coys klassik ədəbiyyatdan fərqli olaraq, düşünən adamları canlı, cahil adamlarısa ölü adlandırmır və ən əsası irland yazıçı ölülər deyərkən məzarda yatanları nəzərdə tutmur. Ölülər bizim unutmağa çalışdığımız, ancaq unutmağı bacarmadığımız, yaddaşımızın künc-bucağında gizlənib qalan adamlar və hadisələrdir. Modernist ədəbiyyatın klassik ədəbiyyatdan fərqlərindən biri də bu idi. İnsanın altşüuruna enmək, onu daha yaxından tanımaq, teatrı, ədəbiyyatı cəmiyyətdəki hadisələr əsasında qurmaqdan imtina edib, insanın daxili dünyasına nüfuz etmək. Bu mənada Mirzə Cəlilin "Ölülər"i ilə Coysun "Ölülər"i bir-birindən kəskin fərqlənir. Bəs görəsən, hansı obrazlar daha bədbəxtdir? Novruzəli, Şeyx Nəsrullah, yoxsa Qabriel Konroy, Qreta, Meri Ceyn? Mirzə Cəlilin qəhrəmanları öz bədbəxtliklərindən xəbərsiz idilər. Coysun qəhrəmanlarısa necə bədbəxt olduqlarını bilirlər. Qonorar qarşılığında qəzetə yazılar yazdığı üçün Qabriel Konroyu aşağılayırlar. Bu hadisə mənə cəmiyyətimizin yazarın öz yazılarından pul qazanmasına necə mənfi münasibət göstərdiyini xatırlatdı. Qustav le Bon "Kütlələrin psixologiyası" kitabında yazır ki, cəmiyyətdə köhnəlmiş çürük fikirlər hakim olduğu üçün yeni fikirlər nifrətlə, ikrahla qarşılanır. Ceyms Coys da məlum povestdə bunu vurğulamaq istəyib. Coys öz povestində insan nə üçün var, nə üçün yaradılıb, insanın təyinatı nədir suallarına cavab axtarıb. İnsanlar yalanları bir həqiqətmiş kimi yaşayırlar. Bunu anlayan zamansa çox gec olur və gecikdiyin üçün yaddaşının küncündə gizlənib sənə əzab verən keçmişin gələcəyinə qalib gəlir. Keçmiş nəsil daha intellektual idimi? Keçmiş nəsil yerinə yaşlı nəsil desək daha nəzakətli olar. Dövrləri müqayisə etsək yaşlı nəsli 50-60 il əvvəlki zaman üçün intellektual saymaq olar. Amma 2018-ci ildə informasiyaların miqdarı, həcmi və sürəti o qədər çoxalıb ki, insan bu sıxlıqda ağlını itirir, dəli olmaq həddinə çatır. Coys "Ölülər" əsərində yazır ki, yeni nəsil əvvəlki nəsildən fərqli olaraq, öz hisslərini itirib. Bu məntiqlə bizə məlum olur ki, ən müasir insanda ümumiyyətlə hissi qavrayışlar yoxdur. Bu fikir çox da inandırıcı görünmür. Nə üçün biz həmişə keçmişin nostalgiyası ilə yaşayırıq, keçmiş günlərimizi geri qaytarmaq istəyirik? Gələcəyimizin uğursuz olacağını düşünürük, ya da keçmişdəki nöqsanların peşmanlığını yaşayırıq? Hər addım-başı yaşlı nəsli tənqid edirik. Bizdən əvvəlki nəsil ciddi travmalar yaşayıb. Atalarını İkinci Dünya müharibəsində itirən həmin nəsil övladlarını Qarabağ savaşında itirib. Repressiya illəri, İkinci Dünya müharibəsi, Qarabağ savaşı və digər dəhşətli hadisələr bizdən öncəki nəsillərdə ciddi psixoloji sarsıntı yaşadıb. Mirzə Cəlil, bəlkə də, Coysun əsərlərindən daha möhtəşəm əsərlər yaza bilərdi, ancaq Mirzə Cəlilin məqsədi dünya ədəbiyyatının ən müdhiş əsərlərini yazmaqdan daha çox, Novruzəliyə kömək etmək idi. Bəzən sənət adamını xilası uğrunda mübarizə apardığı cəmiyyət məhv edir, ancaq ən ağır şərtlər altında belə, doğma məmləkətinin inkişafı naminə çalışmaq, mübarizə aparmaq şərəfli işdir və faydalıdır.
Nicat Həşimzadə
Ədəbiyyat qəzeti.- 2018.- 24
noyabr.- S.31.