“Söz” jurnalının yubileyi
Noyabrın 16-da Beynəlxalq Mətbuat Mərkəzində “Söz” müstəqil ədəbi-publisistik jurnalının 25 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbir çərçivəsində jurnalın “Söz-25” adlı xüsusi buraxılışının da təqdimatı olub.
Tədbirdə jurnalın fəaliyyətindən söhbət açan Milli Məclisin deputatı Əflatun Amaşov nəşrin mədəniyyətimizin, incəsənətimizin təbliğindəki böyük rolunu yüksək qiymətləndirib. Mərhum şair-jurnalist Şəkər Aslanın 25 il əvvəl yaratdığı “Söz”ün bu gün də mədəni həyatımızda xüsusi rolu, çəkisi olduğunu bildirib.
Tədbirdə Milli Məclisin deputatı Hadi Rəcəbli, Xalq şairi Sabir Rüstəmxanlı, “Dədə Qorqud” Fondunun prezidenti, “Azərbaycan dünyası” jurnalının baş redaktoru Eldar İsmayılov, yazıçı-publisist, Əməkdar jurnalist, professor Aqşin Babayev, Xalq artisti Eldost Bayram, poliqrafçı-alim Şəddad Hüseynov, Əməkdar jurnalist Zemfira Məhərrəmli və başqaları jurnalın 25 illik fəaliyyəti haqqında geniş məlumat veriblər.
Bildirilib ki, “Söz” müstəqil ədəbi-publisistik jurnalı ən ağır dövrdə yaranıb, keşməkeşli yollar keçib. Jurnalın “Yaddaşlarda yaşayanlar”, “Unudulmaz simalar” və digər rubrikalarında yer alan yazılar oxucuların marağına səbəb olub. Bu nəşrdə gənclərə çox böyük yer verilib və “Söz”də ilk dəfə” rubrikasında gənclərin ilk yazıları dərc edilib.
Çıxışlarda jurnalda dərc olunan materialların hər birinin xüsusi peşəkarlıqla hazırlandığı bildirilib. Nəşrin baş redaktoru Sevda Əlibəylinin gərgin əməyi sayəsində başa gələn, bütövlükdə cəmiyyətə xidmət edən bu jurnalın xüsusi buraxılışlarının da maraqla qarşılandığı vurğulanıb.
Nəşrin elə ilk yarandığı gündən ölkəmizin hər yerində yayıldığı, özünə geniş oxucu kütləsi qazandığı bildirilib.
Mərasimdə jurnalın baş redaktoru, yazıçı-publisist Sevda Əlibəyliyə ”Dədə Qorqud” Fondunun “Mehriban ana” beynəlxalq mükafatı təqdim edilib.
Sonda Sevda Əlibəyli jurnalın 25 il əvvəlki
ənənəsinə sadiq qaldığını
vurğulayıb, tədbirin təşkilatçılarına
və iştirakçılarına minnətdarlığını
bildirib.
Ədəbiyyat qəzeti.- 2018.- 24
noyabr.- S.29.