Ayaqyalın rəqqasə Aysedora
Aclığa qarşı rəqs
"Azad rəqs"in banisi sayılan məşhur
Amerika rəqqası, modernist, mətbuatın "ayaqyalın
ilahə" adlandırdığı Aysedora Dunkanın həyatının
hər bir dönəmi insanları indiyə qədər də
həyəcanlandırmaqdadı. Bu qeyri-adi qadın
kiçicik bir ömründə ağlasığmaz dərəcədə
şöhrət və faciə yaşamışdı.
Aysedora 27
may, 1877-ci ildə Kaliforniya ştatının San-Fransisko şəhərində
kasıb bir ailədə dünyaya gəlir. Müflisləşən
atası dörduşaqlı ailəni ananın ümidinə
buraxaraq onları tərk edir.
Məktəb
himayəsinə vermək üçün anası
beşyaşlı Aysedoranın yaşının bir az artıq olduğunu söyləyir. Yaşına uyğun olmayan dərslərə həvəs
göstərə bilməyən qızcığaz bezərək
13 yaşında məktəbi tərk edir. Aysedora elə həmin vaxtlardan rəqs və musiqi ilə
ciddi məşğul olmağa başlayır.
Anası pianoda yaxşı ifa etdiyinə görə
onlar, təsəlli kimi, ailədə həmişə musiqi
eşidirlər. Sonralar qeyri-adi rəqs məktəbinin təməlini
qoyan Aysedora uşaqlıq illərini xatırlayaraq
yazırdı: "Evdə yeməyə heç nə
olmayanda anam
pianonun arxasına keçər, Şuberti, Bethoveni
ifa edərək bizi aclıqdan yayındırmağa
çalışardı. Biz isə şənlənərək
onun ətrafında ürəyimiz istədiyi formada rəqs edərdik. Rəqs ayaqqabım olmadığından mən həmişə
ayaqyalın oynayardım. Aclığa rəqslə
cavab verməyimiz bizi ruhən möhkəmləndirər, həyata
hazırlayırdı. Mən o vaxtdan
ayaqyalın rəqs edirəm".
Oteldə yanğın
Aysedora tezliklə balaca bir truppada rəqqas rolunu alır
və ailəsi ilə birlikdə San-Fransiskonun mərkəzinə
qastrol səfərinə gedir. Burada, rəqs
zamanı, onun azad plastikası, yellənən sadə geyimi, kəskin
bədən jestləri və yalın ayaqları
tamaşaçıları heyrətə salır.
Öz ifasını gecə klublarında nümayiş
etdirmək istəyən Dunkan 18 yaşında Çikaqoya
köçür. Onun məşhur "Dehli baleti",
"Karnegi Holl" rəqslərini görmək istəyən
tamaşaçılar gecə klublarını ağzınacan
doldurur. Klassik və xoreoqrafiya musiqisi
altında plastik yunan rəqslərinə improvizə edən
ayaqyalın rəqqasə öz azad hərəkətləri
ilə insanların qəlbini rahatca ovlaya bilir. Çikaqo mətbuatı dərhal haqqında
yazır və onu "ayaqyalın ilahə"
adlandırır.
Şöhrətin qanadları üzərində gəzən
Dunkan özünün rəqs studiyasını təsis edərək
yaratdığı azad rəqsin müəllimliyinə
başlayır.
1898-ci ildə tale ona ilk zərbəsini endirir. Rəqqasənin
yaşadığı "Vindzor" otelində güclü
yanğın olur. Onun qiymətli əşyaları
və topladığı varidatı külə dönür.
Yanğından sonra tanıdığı
mesenantların yardımı ilə yenidən başlamaq
üçün Londona, ordan da Parisə gəlir.
İlk sevginin acısı
Heç bir erkəyi qəlbinin yaxınına buraxmayan,
25 yaşına qədər bakirə, feminist həyatı
yaşayan rəqqasənin həyat fəlsəfəsi tamamilə
dəyişir.
Cazibədar xanım özünün azad rəqs
sənəti ilə tanındıqdan sonra Paris elitası
arasında ehtiras ilahəsinə çevrilir. Məşhur aktyorlar, şairlər,
yazıçılar, bəstəkarlar, rəssamlar,
müğənnilər onunla eşq macərası
yaşamağa can atırlar. Aysedora Dunkan öz gündəliyində
bu sözləri, məhz, həmin vaxtlar yazmışdı:
"Mənim bədənimə yalnız dahilər layiq ola bilərlər!"
İpə-sapa
yatmayan Dunkan 1905-ci ildə məşhur teatr rejissoru
Qordon Kreq ilə tanış olur. O, qadın qəlbini ovlamaqda
mahir olan ucaboylu, modernist rejissora ram olur. Onların
arasında çılğın bir sevgi macərası
başlayır. Dunkan sonralar öz gündəliyində
belə yazır: "Nəhayət ki, mən öz
yarımı tapdım, biz biri-birimizdə əriyib
tamlaşmışıq, bir yerdə bütövük!"
Bir ildən sonra onların Didra adında qızı
dünyaya gəlir. Xoşbəxtlik səmasında uçan
Aysedora ailəsinə görə sənəti ikinci plana
atmağa söz verir. Lakin keçmiş
sevgililərindən yayılan söz-söhbət, yeni peyda
olan pərəstişkarlar ailənin sakitliyini pozur, hər
fürsətdə onları qıcıqlandırırlar.
Nəhayət, Dunkanın populyarlığından
qısqanclıq keçirdən rejissor rəqqasədən
ayrılmağa qərar verir.
Aysedoranın növbəti sevgilisi amerikalı zəngin
Paris Ejen Zinger olur. Məşhur tikiş
maşınlarının sahibi Ejen Aysedoraya ən bahalı
paltar və bəzək əşyaları hədiyyə etməkdən
zövq alır. Rəqqasə sevimli
kişisi ilə öz yaxtalarında Avropa ölkələrinə
səyahətə çıxır, sevgi dolu günlər
yaşayırlar.
1910-cu ildə xoşbəxt cütlüyün Partik
adlı oğlu dünyaya göz açır. Ailə kənardan
nə qədər xoşbəxt görünsə də Ejen
xanımını rəqqasəlik sənətinə
qısqanmaya bilmir. Nəhayət, onlar
öz aralarında razılaşaraq aqressiya göstərmədən
xoşluqla ayrılırlar.
Suda boğulan mələklər
19 aprel, 1913-cü ildə Aysedora öz
uşaqlarını tərbiyəçi ilə birlikdə
Paris-Versal maşın gəzintisinə yola salır.
Gözlənilmədən
maşının matoru Sena çayı
yaxınlığında yatır. Sürücü
düşüb mühərriki əli ilə işə salası
olur. Mator işə düşən kimi
maşın yerindən götürülür və Sena
çayına düşür. Ətrafdakılar
maşında qışqırışan uşaqların və
qadının səsindən
dəhşətə gəlirlər. Xilasedicilər
onların yalnız cəsədini tapıb çıxara
bilir.
Taledən
növbəti ağır zərbəni alan
Aysedora əsəb sarsıntısı keçirdir. O, bir
müddət həkim nəzarəti altında qalası olur. Sakit həyat tərzi üçün həkimlər
onu dəniz kənarına yaxın bir yerdə yerləşdirirlər.
Bir
axşam gəzintisi zamanı sahildə tənha qalan Aysedoranın
gözünə, əl-ələ tutaraq gülüşə-gülüşə
sahildən dənizə tərəf qaçan uşaqları
görünür. Balalarının suda
batacağından həyəcanlanan Dunkan onların siluetlərinin
dalınca qaçaraq dənizə girir. Qəfildən
özünü sulara qərq edən tənha qadının bu
halından şübhələnən gənc italiyalı
zabit onu xilas edir. Ölümdən qurtulan Aysedora isterika
içərisində zabitə sarılaraq: "Mənə
bir övlad bəxş elə!"- deyə
qışqırır.
Qırmızı şərfli rəqqasə
Doqquz aydan sonra Aysedora dünyaya gözəl bir oğlan
uşağı gətirir. Körpəsini sinəsinə
sıxaraq həyatın yenidən onun üzünə
gülümsəməsini tibb bacılarına söyləyir.
Lakin cəmi bircə saatdan sonra həkimlərə
də məlum olmayan səbəbdən körpə
ölür. Həyatın növbəti
sarsıdıcı zərbəsini alan
qadın anlayır ki, o, yalnız tənha yaşamağa məhkumdu.
Aysedora Dunkan bütün enerjisini toplayaraq yenidən
öz sənətinə, ayaqyalın rəqs etməyə
qayıdır.
Modernist rəqqasə bu dəfə səhnəyə
əlində qırmızı uzun ipək şərf
çıxır. Şərfi ona, həyat
eşqini artırmaq üçün, yaxın rəfiqəsi,
həm də prodüseri sayılan Meri Desti hədiyyə
etmişdi. Aysedoranın səhnəyə
qayıtması haqda xəbəri bütün Avropa mətbuatı
yazır.
O,
yorulmadan konsertlər verir, azad rəqsi, bədəninin hərəkətləri
ilə qəlbindəkiləri milyonlara danışır. Hara
gəldi gedir: London, Berlin, Madrid, Vena, Praqa...
Macarıstan
səfəri zamanı bir qaraçı qadın ona belə
deyir: "Yaxınlarda uzaq, həmişə soyuq, vəhşi
ayılar olan bir ölkəyə gedəcəksən. Sən əsl sevgini və xoşbəxtliyini orda
tapacaqsan". Qarının sözlərinə
yüngülcə gülümsəyən rəqqasə hadisəni
əyləncə kimi qəbul edir.
Yesenin qasırğası
1921-ci
ilin yazında gözlənilmədən SSRİ rəhbərliyindən
Sovetlər birliyində öz rəqs məktəblərini
açmaq üçün dəvət alan
Aysedora dəhşət sevinir. Qaraçı
qarının nə vaxtsa ona dediyi sözlərə ümidi
daha da artır.
Moskvada rəssam Georgi Yakulovun öz evində verdiyi ziyafət
zamanı ona saman saçlı bir nəfər
yaxınlaşaraq nəsə deməyə
çalışır. Tərcüməçisi rəqqasə xanıma deyir:
"Rusiyanın sevimli şairi Sergey Yesenin sizə şeir
oxumaq istəyir".
Xanım şairin bu jestindən xoşlanaraq onu dinləmək
istədiyini söyləyir. Yesenin həzin səslə
rəqqasənin hüzurunda bir şeir oxuyur. Rusca başa düşməyən Aysedora
"angel!" deyə qışqıraraq, əvəzində
şairin dodaqlarından öpür. Yesenin
də cavab olaraq onu öpür. Beləcə, onlar
biri-birini anlamadan tanış olurlar.
Yesenin həmin gecədən Aysedoranın
yaşadığı yerə köçür. Uzun müddət
gözə görünməyən şairin dostları
onların eşq macərasını anlaşıqla
qarşılaya bilmirlər.
Həmin vaxt Dunkanın 44, Yeseninin isə 27 yaşı
vardı. Rəqqasənin rəfiqəsi onların bu
yaxınlığından narahatlığını bildirir,
onu ötəri şair hissinin qurbanı olmamağa
çağırır. Bütün Moskva
isə Yesenini rəqqasənin pullarına göz dikməkdə
suçlayır.
Avropa və Amerika turnelərinə birgə
çıxmaq üçün Aysedora Sergey Yesenin ilə nikah
bağlayır və özünə Yesenin familiyası
götürür. Rəqqasə xanım Sergeyi Avropa ölkələrində
gəzdirməyə, onun dünyagörüşünə təsir
etməyə, şair kimi dünyada tanıtmağa
çalışır. Lakin Avropada
heç kimə lazım olmadığını, yalnız
Aysedoranın əri kimi qiymətləndirildiyini duyan Sergey
depressiyaya düşür. Mütəmadi
araq içərək yaşadıqları oteldə dava
salır, rəqqasənin əşyalarını satıb
yersiz yerlərə xərcləyir. Onun
kobud hərəkətlərinə mülayim yanaşan
xanıma əl qaldırır. Səhərisi gün
hər şeyi xatırlayaraq ağlayıb ondan üzr istəyir.
Bütün bunlara baxmayaraq şairdən inciməyən, həmişə
onu bağışlayan Aysedora bir gün ayıq vaxtı
Yesenindən soruşur: "Düzünü de mənə, sən
artıq məni sevmirsən?"
Yesenin
ona: "Ay axmaq qadın, bizimki bir ehtiras idi, o da sönüb
getdi. Başa düş, mən artıq
heç nə yaza bilmirəm!"- deyir.
Aysedora Yesenini Rusiyaya gətirir, özü isə Parisə
qayıdır.
Bu arada rəqqasə
artıq özünü ağırlaşmış kimi hiss
edir, qocalmağını fikirləşdikdə dəhşətə
gəlir. Bundan sonra heç bir kişiyə
gönül verməməyi qərara alır.
Aysedora
1925-ci ilin qışında Parisdə güzgü
qabağında səhnəyə hazırlaşarkən
Moskvadan teleqram alır: "Yesenin oteldə özünü
asaraq intihar edib..."
Taleyin ona qarşı qəddarlığından dəhşətə
gələn Aysedora yenidən toparlanaraq fəal həyata
qayıtmağı qarşısına məqsəd qoyur. "Mən yanan Simurq quşu kimi yenidən
öz külümdən qalxmalıyam!"
Ölüm şərfi
Yenə səhnə,
yenə qeyri-adi rəqslər, yenə insanları fəlsəfi
hisslərə bürüyən gözlənilməz jestlər!
Novator rəqqasə getdikcə öz ritminə
bərpa olunur, bədəni vasitəsilə
ötürdüyü hissləri getdikcə dərinləşdirir.
Yenidən aşiq olmağa gücü çatır. Bu dəfə
adi bir sürücüyə. Özündən
yaşca xeyli gənc, yunan allahlarına bənzətdiyi
sevgilisinin adı Benua Falkettodu. Onun gözəl,
üstü açılan idman maşını var.
14
sentyabr, 1927-ci il. Fransanın
Nitsa şəhəri. Aysedora dostları ilə
axşam yeməyindən qalxır. Sevgilisi
Benua ilə maşın gəzintisinə çıxacaq.
Şampan şərabından yüngülcə
meyxoş olan Aysedora boynundakı məşhur uzun
qırmızı şərfini yelləyərək
maşının arxa oturacağında əyləşir.
Və üstüaçıq maşından onu yola salmağa
çıxan dostlarına əl edərək
qışqırır: "Dostlar, mən uğura doğru
gedirəm!"
Külək
onun boynundakı ipək şərfin uclarını arxaya atır. Maşın
yerindən tərpənir. Bu zaman rəfiqəsi
Meri şərfin uclarının təkərə
dolandığını görür. Maşının
arxasınca qaçıb nə qədər
qışqırsa da onu eşidən olmur. Təkərin spisləri şərfi özünə
yığaraq Aysedoranı boğur.
Hadisə yerinə toplaşanlar rəqqasənin
ölümünə bais olan şərfi parça-parça
edərək öz aralarında bölüşdürürlər.
Məşhur filosof Nitsşenin ona olan ehtiramına cavab
olaraq yazdığı "Gələcəyin rəqsi"
adlı kitabı tezliklə bestsellerə çevrilir. Aysedoranın
rəqs etdiyi yellənən paltarlar Avropa qadın geyimində
uzun müddət modda qalır.
Ölümündən sonra haqqında
üç bədii film çəkilir.
Kolleksionerlər
Aysedoranı boğan qırmızı
şərfin hər bir tikəsini milyon dollarla qiymətləndirirlər.
Murad Köhnəqala
Ədəbiyyat qəzeti.- 2018.- 6 oktyabr.- S.31