Biz nə oxuyuruqsa...

 

Suallara "Ulduz" jurnalının publisistika şöbəsinin redaktoru, yazıçı-publisist Hicran Hüseynova cavab verir

 

- Elektron əsr, informasiya cəmiyyəti haqqında nə deyə bilərsiz?

- "Biz istəsək də, istəməsək də, bu böyük günlərin şahidi olacağıq". Bu sözlər tanınmış rus şairi A. Bloka məxsusdur. Və mənim bu fikri xatırlamağım da təsadüfi deyil, əlbəttə. Xoşbəxtlikdənmi, bədbəxtlikdənmi hər birimiz bu elektron əsrin, dediyiniz kimi, informasiya cəmiyyətinin içində yaşayırıq. Vətənimizi, valideynlərimizi seçmək imkanımız olmadığı kimi, hansı zaman kəsiyində yaşamağımızı da özümüz müəyyən etmirik, təbii. Elə Blokun dediyi kimi, istəsək də, istəməsək də...  A. Blok  "böyük günlər" deyəndə rus inqilabını nəzərdə tuturdu, mənsə kompüter, İnternet əsrini. Qəribədir, Ümumdünya hörümçək toru (ing. World Wide Web) virtual aləmdə "hörümçək" şəbəkələri kimi bir-biriylə əlaqəli səhifələrdən ibarət İnternet üzərində işləyən və www (world vide veb və ya veb) ilə başlayan ünvanlardakı səhifələrin göstərilməsini təmin edən bir servisdir. Biz də bütün əsrdaşlarımızla birlikdə, bir az obrazlı ifadə etsək, bu "hörümçək toru"na düşmüşük və ordan çıxmağımız müşkül məsələdir. Amma məsələyə baxış bucağımızı, yanaşma tərzimizi dəyişə bilərik. Yəni, psixoloqların dediyi kimi, situasiyanı dəyişə bilmiriksə, öz yanaşmamızı dəyişməli, hər şeyin məhz müsbət tərəflərini görüb yararlanmalı, istifadə etməliyik. İnternetin dünyada ən böyük üstünlüyü müəyyən bir xəbərə, informasiyaya anında yiyələnməkdir. Bir düyməyə toxunmaqla dünyanın ən ucqar guşəsində baş verənlərdən, hətta yüz il, min il əvvəl olanlardan ətraflı məlumat ala bilirik. Əvvəllər, tutaq ki, A. Blok haqqında məlumat almaqçün kitabxanaya getməli, yolda, kitabxanada xeyli vaxt itirməliydin. Bu gün isə Qooqle-a daxil olub  "A. Blok" yazmaq kifayətdir ki, şair haqqında rus, ingilis, türk dillərində (Azərbaycan dilində yoxdu, demək olar) məlumat əldə edəsən. Ancaq İnternet asılılığından, alışqanlıqdan özümüzü, xüsusən də gənc nəsli bacardığımız qədər qorumalı, həyatımızın bir hissəsinə çevrilən İnternetin insanları tamamilə zəbt etməsinə yol verməməliyik. Necə deyərlər, hər şey ölçüsündə, qədərində.

- Kitab və İnternet. Bunlar rəqibdi, yoxsa əməkdaş?

- Hippokrat deyirdi ki, biz nə yeyiriksə, oyuq. Bu gözəl kəlamı bir az genişləndirib mütaliə mədəniyyətini də bura əlavə etsək, zənnimcə, çox doğru olar. Çünki biz həm də nə oxuyuruqsa, oyuq. Nə gəldi yemək, necə gəldi qidalanmaq həzm sistemini, tədricən bütün daxili orqanları xəstələndirdiyi kimi, nə gəldi oxumaq da insan mənəviyyatına, daxili dünyasına, ümumən psixikasına zərbə vura bilər. Bir də görürsən, bir ana beşinci, altıncı sinifdə oxuyan övladının Dostoyevskini oxumasından fəxrlə danışır. Olmaz! O məktəblinin hələ yenicə formalaşmaqda olan dünyagörüşü indidən Dostoyevskinin dərin kədəriylə yüklənirsə, qarşıdakı uzun, keşməkeşli həyat yolunu necə keçəcək? Ya da elə dərsliklərimizi, sinifdənxaric oxu kitablarımızı götürək. Bu günlərdə Fasebook-da birinci sinfin əlavə oxu dərsliyindən bir nağıl paylaşmışdılar. Bu mənasız mətndə üç qardaşın bir bacısının düyü artlayarkən göy muncuq tapmasından, sonra muncuğu udaraq hamilə olmasından bəhs edilir. Hər şey bir tərəfə, birinci sinif şagirdinə ana, yaxud müəllim hamiləliyin, həm də qeyri-qanuni (qardaşlar o biri qardaşa deyir ki, apar öldür bu ...!) hamiləliyin nə olduğunu necə başa salsın? Dərsliklərimiz haqda çox yazmışam, yenə köhnə dərdim təzələndi. Dərsliklər balalarımızın əsl insan olmağına, həyatda düzgün mövqe tutmağına xidmət eləməlidir. Onların fikrini azdırmağa yox! Sualdan uzaqlaşdım, deyəsən. Əvvəlcə cavabını deyim, sonra açıqlayım. Kitab və İnternet həm rəqibdi, həm də əməkdaş. Bu necə olur, soruşursuz? İnternetdən istifadəyə düzgün yanaşsaq, daha dəqiqi, İnternet xidmətlərindən düzgün istifadə etsək, kitabla əməkdaşlıq və müsbət nəticə görəcəyik. Əksinə, İnternetdən sui-istifadə edib, lazımsız səmtlərə yönəlsək, İnternet kitaba rəqib olacaq. Bir az obrazlı ifadə etsək, İnternetin gözqamaşdırıcı cazibəsi kitabları kölgədə qoyur bu gün. Amma yenə vurğulayıram, insan övladı onda qazanır ki, hər şeyin məhz müsbət tərəflərini görüb istifadə etməyi bacarsın. Məsələn, götürək elə Mədəniyyət Nazirliyinin You Tube-dakı "Kitabsevər uşaqlar" multimedia kanalını. Çox maraqlıdır. Çox sağ olun ki, elektron dünyaya marağın bu dərəcədə artdığı dövrdə İnternetlə kitabı birləşdirmisiz. Əslində, mənə verdiyiniz sualın cavabını da bu elektron kitabların təqdimatıyla vermisiz. Uşaqlar, kiçik yaşlı məktəblilər əldə edə bilmədiyi, yaxud həvəs, vaxt tapıb oxuya bilmədiyi kitabları, nəsr, nəzm nümunələrini, eləcə də maraq doğuran lazımlı məlumatları çox asan şəkildə "Kitabsevər uşaqlar" kanalından izləyə bilər. Bunun nəyi pisdi ki? Məsələn, mən özüm bir müəllif kimi, uşaqlar üçün yazdığım "Ağacların dostu"  adlı hekayəmi kanalınızda (artıq kanalımızda) gözəl, ritmik musiqinin müşayiətilə bir daha oxudum. Olduğundan da gözəl təsir bağışladı. Odur ki, kitabla İnternetin rəqib yox, məhz əməkdaş olması üçün çalışmalıyıq.

- Ümumiyyətlə, Azərbaycanda mütaliə problemi var, ya yox?

- Əlbəttə, var. Bütün problemlərin başında da elə mütaliəsizlık durur, düşünürəm. Səbəbi İnternet asılılığında görürük, bu, aydın. Mən ikinci səbəb kimi şagird və tələbələrin dərs yükünün ağır, bezdirici olmasını göstərərdim. Həmişə ətrafımda olan şagird və tələbələrə dərslərində kömək edirəm. Ona görə də məlumatlı insan kimi əminliklə deyirəm: dərsliklərimiz o qədər məzmunsuz tapşırıqlarla doludur ki, evə verilən çalışmalar o qədər mənasız və üzücüdür ki, şagird və ya tələbənin bunların öhdəsindən birtəhər gələndən sonra əlavə nəsə oxumağa nəinki həvəsi, heç vaxtı da qalmır. Bəs məktəb yaşlı uşaq, yaxud tələbə gənc ətraf aləmlə nə vaxt tanış olmalıdı?! Təhsili başa vurandan sonra da iş tapıb işləmək, sosial qayğılar - bir sözlə, zindəganlıq...

Adi səviyyədə dolanışıq üçün bu gün çoxu iki yerdə işləyir, kitabı harda oxusun?

- Sizcə, bu gün Azərbaycanda hansı janr daha çox oxunur?

- Məncə, detektiv janrı daha çox oxunur. Bir də "Milyonu necə qazanmalı?", " Özünə inamı necə yaratmalı?", "Sağlamlığın sirləri", "İnsanlara necə təsir etməli?" kimi bu qəbildən olan kitablar...

- Deməli, sizcə, əsrin problemləri, sosial çətinliklər oxucular arasında kitab seçiminə təsir göstərir.

- Bəli. Sadaladığım adlar bunu açıq-aydın göstərir.

- Siz özünüz daha çox hansı kitablara, hansı müəlliflərə müraciət edirsiz?

- Fransız filosofu E.Littrenin belə bir deyimi var: "Elmdə yenilikləri, ədəbiyyatda klassikləri oxuyun". Hələ tələbəykən oxuduğum bu fikir o qədər ürəyimə yatıb ki... Hər dəfə də bu dəqiq yanaşmaya heyran qalıram. Məsələ ondadır ki, elm daim inkişafdadır, az qala hər yeni gündə nəsə kəşf olunur, ədəbiyyatda isə... klassikləri kim əvəz edə bilər? Onlar hər şeyi yaşayıb, yazıb gediblər... Bizə isə o dühaların dediyindən, yazdığından düzgün (!) nəticə çıxarmaq qalır. Bu gün bizim yazdıqlarımız Nizamilərin, Füzulilərin, Sədilərin, Rumilərin yazdığının suyunun suyudur, Molla Nəsrəddin demiş... Qoy yazar dostlarım məndən inciməsin, özüm də yazaram.

...Mən daha çox rus ədəbiyyatını sevirəm, A.S.Puşkin dalğınlığını, M.Y.Lermontov poetikasını, K.Q.Paustovski sakitliyini, L.N.Tolstoy dəqiqliyini, bənzərsiz N.V.Qoqol müqayisələrini... Bir də qəlbimdəki uşaq get-gedə balacalaşdığından uşaq vaxtı oxuduğum sevimli kitablarımı təzədən dönə-dönə mütaliə edirəm - A.K.Vestlinin "Ata, ana, nənə və səkkiz uşaq meşədə", A.Lindqrenin "Uzuncorab Peppi", H.X.Andersenin nağılları, A.N.Tolstoyun " Qızıl açar və ya Buratinonun macəraları", K.D.Uşinskinin, V.Y.Draqunskinin,R.Kiplinqin uşaq hekayələri...

- Mütaliədə və mətnin mənimsənilməsində elektron, yoxsa ənənəvi kitab, hansına üstünlük verirsiz?

- Mən kitabların böyüdüb tərbiyə etdiyi nəslin nümayəndəsi olaraq daha çox kitabla təmasa üstünlük verirəm, təbii. Kitabın verdiyi enerji nəsə  fərqli bir doğmalıq hissi yaradır. Amma mətnin elektron mənimsənilməsinə də müsbət baxıram, hər şeydə nəticəni görənlərdənəm yəni. Əsas nəticədi. Atalar demiş, tüstü bacadan düz çıxsın.

- Prezidentimizin sərəncamları ilə çoxlu sayda kitab nəşr olunub. Sizcə, onları daha geniş oxucu kütləsi arasında təbliğ etmək üçün hansı tədbirlər görülməlidir?

- Bəli. Çoxlu sayda və çox gözəl tərtibatda. Düzdür, orfoqrafik səhvlərə rast gəlirik. Amma, ümumiyyətlə, kitablar gözəl bir şəkildə nəşr edilib oxucuya təqdim olunur. Kitabxanaların, sizin kimi işini sevən biblioqrafların da üzərinə çox böyük məsuliyyət düşür. Siz bütün qüvvənizlə, sevginizlə buna çalışırsız.

Amma hər bir vərdiş, düşünürəm, ailədən başlamalıdır. Valideynlər, xüsusən də ana övlada düzgün yaşamağı öyrətməlidir. Elə oxu saatı, mütaliəyə həvəs də düzgün həyat tərzinin bir hissəsidir. Mən bu gün də hazırda tələbə olan övladımla birgə oxuyuram, istər dərs kitabı olsun, istər bədii ədəbiyyat. Sonra oxuduğumuzu müzakirə edib fikirlərimizi bölüşürük. Bu vərdiş mənə ailəmdən keçib. Rəhmətlik atam Vaqif Hüseynov tanınmış, sayılıb-seçilən ziyalılardan idi. Əməkdar müəllim, Maarif əlaçısı idi. Qarşısındakı hər bir uşağa gələcəyin ziyalısı kimi baxırdı. Evdə böyük bir kitabxanamız olsa da, məni həmişə uşaq kitabxanasına aparar, kitabxanaçı xanımın məsləhətləri əsasında  uşaq ədəbiyyatıyla tanış edərdi. Oxuduğum kitabların məzmununu danışmaqla bərabər, həm də yadımda qalanları yazardım atamın istəyi ilə. Oxu, həm də yazı vərdişim beləcə formalaşdı. Əmimin həyat yoldaşı Sevil xanım qızlarıyla yanaşı, mənə də uşaq kitabları alıb hədiyyə edərdi. Xalam Füruzə xanımı da, qardaşım Aqili də, rəhmətlik anam Qərənfil xanımı da həmişə kitab oxuyan görmüşəm. Ən yaxşı təsir forması, tərbiyə də, bildiyimiz kimi, şəxsi nümunədir. Odur ki, valideynlər övladlarını təkcə paltar və yeməklə təmin etməyi düşünməməlidir. Biz insan yetişdiririk! Valideynlərdən sonra bağça, məktəb və ali təhsil müəssisələrindəki müəllimlər bunun qayğısına qalmalıdır. Məsələn, sinif rəhbərləri şagirdlərlə birgə müəyyən vaxt ayırıb kitabxanalara gəlsə, uşaqlarda düzgün oxu vərdişi aşılasa, bundan heç kim zərər çəkməz. Qoy  ayda iki dərs saatı kitabxanada keçirilsin, bundan cəmiyyətimizə yalnız xeyir gələr.

- Bu gün kitab təqdimatlarının keçirilməsi aktualdırmı?

- Kənardan baxanda aktualdır, yaxından baxıb saf- çürük edəndə isə... Mən son illər belə təqdimatlarda, demək olar, iştirak etmirəm, əvvəllər tez-tez gedərdim. İnanın, o qədər boğazdan yuxarı tərif deyənlər var ki... Və o tərif deyənlərin doxsan faizi, görürsən ki, təriflədiyi kitabdan xəbərsizdi. Bu, faciədir! Tək kitablara görə yox, həm də insan xarakterinin deqradasiyasıdır bu. Ürək ağrıdan... Bəllidir ki, o təriflər, xoş sözlər sabah qarşılığını  öz ünvanına eşitmək üçün yağdırılır. Nə edim ki, süniliyi sevmirəm... Amma, yəqin ki, bu saxtalıqlar da bir gün dəbdən düşəcək, adamların bəsirət gözü açılacaq.

 

Söhbətləşdi: Lətifə Məmmədova

 

Yasamal rayon MKS-inin direktoru,

"Kitabsevər uşaqlar" layihəsinin rəhbəri

 

Ədəbiyyat qəzeti.- 2018.- 6 oktyabr.- S.28.