Özgəsinin əsərini
çevirən yazıçı ən
böyük zərbəni
öz yaradıcılığına vurur
Zahid Sarıtorpaqla müsahibə
- Zahid müəllim, sizi
M.Ə.Sabirlə, S.Ə.Şirvani ilə birləşdirən
və ayıran cəhətlər varmı?
- Mən
o böyük ustadların vaxtilə nəfəs
aldıqları havanın içində, gəzdikləri
torpağın üstündə böyümüşəm,
sözə sevgilərinə heyran kəsilmişəm. O torpağın sirli bir
aurası var ki, içində özümü unudub şeir-sənət
aləminə baş vurmağa çalışmışam.
Bu, məni onlarla birləşdirən cəhətdir.
Ayıran cəhətlər isə çoxdur: onlar
böyük missiya sahibləri olublar, hər ikisi bu xalqın
maariflənməsi yolunda ömürlərini şam kimi əridiblər.
Belə götürəndə, mən neyləmişəm ki?
Onların etdiklərinin heç mində birini etməmişəm...
Yeri gəlmişkən,
Seyid Əzimin 1870-ci ildə tikdirdiyi məktəb binasında
altmışıncı illərin sonlarından, yetmişinci
illərin ortalarına qədər təhsil almışam.
Birinci mərtəbəsi daşdan, ikinci mərtəbəsi
taxtadan olan gözəl və yığcam bir məktəb
binasıydı. Divarında S.Ə.Şirvaninin bu binanı
tikdirdiyi və müəllim işlədiyi, A.Səhhətin,
M.Sabirin, S.M.Qənizadənin, C.Cəbrayılbəylinin orada
oxuduqları haqqında lövhələr vurulmuş bir məktəb...
O məktəb binasını bir yadigar kimi qoruyub saxlamaq da
olardı. Amma səksəninci illərin sonlarında
sökdülər. Sökülməmişdən, səksənlərin
ortalarında rayon partiya komitəsinin göstərişi ilə
dahilərimizə aid lövhələri oradan
çıxarıb "general-leytenant Qaroğlanyan burada
oxumuşdur" lövhəsini oraya yapışdırmaq kimi
rəzil bir iş gördülər. Sonralar bilindi ki,
Qaroğlanyan Şamaxının Mədrəsə kəndində
doğulmuş, Moskvada antiazərbaycan təbliğatı ilə
məşğul olan birisidir. O vaxt onun rayona qonaq gələcəyini
bilib miskincəsinə belə bir addım
atmışdılar. O isə gələndən sonra "mən
bu məktəbdə oxumamışam" - demişdi, amma
yaltaqlar və simasızlar sürüsü o lövhəni
oradan çıxarmayıb hadisələr qızışan
vaxtlaracan saxlamışdılar... Hələ adını
çəkmək istəmədiyim mərhum bir şair o
generalla görüşdə ona həsr etdiyi yaltaqlıqla
dolu iyrənc bir "şeir" də oxumuşdu, sonra da
rayon qəzetində çap etdirmişdi. O mədhnamənin
iki misrası yadımdadır: "Biz eyni ananın
südünü əmdik, Bir döşü Kəpəzdi,
biri Ararat..." Nə isə... Mətləbdən uzaq
düşdüm, deyəsən...
- Şeir yazırdınız, birdən-birə
nəsrə keçdiniz. Səbəb nə idi, ruhun ehtiyacı,
yoxsa janrın tələbləri?
- Bilmirəm...
Onu bilirəm ki, şeirin bir qanadı nə qədər
göydə olsa da, nə qədər ruhi təcəlladan
doğsa da, mənəvi susuzluğun yeganə dərmanı,
məlhəmi sayılsa da, yeri gələndə nəsr də
insanı altıncı hissin əliylə göylərə
qaldırıb ruhun elə ağlasığmaz məkanlarına
aparır ki, dillə deyilməsi mümkün deyil, gərək
yazasan. Görünür, o məqam məndən xəbərsiz
içimdə yetişirmiş. Beləcə, bir gün də
gözümü açıb gördüm, artıq roman
yazıram. Amma bu, heç də şeirə vida demək
deyil...
- Siz şeirdən nəsrə
keçdiniz. Elə qələm adamları var ki, əksinə,
nəsrdən şeirə keçir. Sizcə, bu halda kim udur,
hansı uduzur?
- Burada
uzun illər müşahidə etdiyim bir incə nüans var. Mən,
adətən, dünya ədəbiyyatında, eləcə də
bizim ədəbiyyatda şeirdən nəsrə keçənlərlə,
nəsrdən şeirə keçənlərin müqayisəsini
aparıb onların nəyə nail olduqlarının fərqinə
varmışam. Adətən, şeirdən nəsrə
keçənlər mətnlərə poetik elementlər gətirir.
Bu isə nəsr nümunəsini daha oxunaqlı edir. Nəsrdən
şeirə keçənlər isə sxolastikadan, quru təhkiyəçilikdən
qurtula bilmir, nəticədə şeir itirir. Bu dediklərimə
onlarla misallar çəkmək olar. Təbii ki, istisnalar da ola
bilər.
- Yazıçının romanda
daha çox bədiiliyə yol verməsi onun böyük sənətkar
olmasından xəbər verir, yoxsa?..
- Bəlkə
də bu məsələyə müxtəlif tərzdə
yanaşanlar var. Söhbət təbii ki, böyük sənətkarlığın
nədən ibarət olub-olmamasından getmir, bu, ayrı bir
mövzudur. Məncə, istər nəsrdə, istər
şeirdə individuallıq gözlənilməyəndə, bəzən
də janrın tələbləri aşırı olanda, dilin
oturuşmuş prinsipləri nəzərdən qaçanda, mətn
itirir.
- Şamaxı həm də əruz
şeirinin vətənidir, heç qəzəl
yazmısınız? Qəzəl haqqında fikirlərinizi
bilmək maraqlı olardı.
- Qəribədir
ki, heç vaxt qəzəl yazmamışam. Təbii ki,
bütün Şərqdə olduğu kimi, Azərbaycan
şeirinin də təməlində əruz dayanır. Sabir hələ
XX əsrin əvvəllərində Salman Mümtaza verdiyi
müsahibəsində əruz vəzninin bizə gəlmə
olduğunu və vaxtı çatanda, gəldiyi kimi də gedəcəyini
bildirmişdi. Bu barədə fikrimi sosial şəbəkədə
bildirmişdim, amma bəzi dostlar məni başa düşməmişdi.
Çünki düşündüklərimi obrazlı şəkildə
ifadə edib, demişdim ki, indi qəzəl yazmaq, müasir
avtomobillərin arasına faytonla girib "avtoşluq" etmək
cəhdinə oxşayır. Onu da deyim ki, əruzda bu gün
heyrətamiz şeirlər yazan Tərlan Əbilov kimi şairlər
də var. Amma mən onun heca, xüsusilə də sərbəst
şeirlərini daha çox bəyənirəm.
- Mənə elə gəlir ki, sizin
sərbəst şeirlərinizdə əruzun materialları
çoxdur. Sanki siz onu qəlibdən çıxarıb əritmisiniz.
Fikrimə münasibətiniz nədir?
- Bu
cür yanaşmanı eşitdiyim ilk dəfə deyil. Bu, sadəcə,
içimin ruhaniyyətindən doğan bir ovqatdır ki,
bütün yazdıqlarıma hopub. Burada əruzun və ya
irfanın, təsəvvüfün heç bir rolu yoxdu. Dəfələrlə
demişəm, o missiyanı heç vaxt üstümə
götürə bilmərəm.
- Hamı deyir ki, M.Ə.Sabir
çox yaşasaydı, daha kəskin satirik şeirlər
yazacaqdı. Amma mən düşünürəm ki, o
yaşasaydı, irfan şeirinə keçəcəkdi.
Şamaxılı olasan, irfan şairi olmayasan. Siz necə
düşünürsünüz?
- Sabir təkcə
satira yazmayıb ki. Bunu siz də bilirsiniz. Onun
yazdığı çox gözəl qəzəllər var.
Səhv etmirəmsə, həm də dörd məsnəvisi
var və dördü də təsəvvüf ruhundadır. Yəni,
Sabir sağ qalsaydı, nə yazacağını və necə
yazacağını deyə bilmərəm. Amma o, ilahi ruha
bağlı bir şair idi, yoxsa o boyda millət sevgisi ürəyinə
yerləşməzdi və dönüb o azmanlıqda bir
satirik olmazdı.
- Moskvada oxumusunuz. Moskva ədəbi
mühiti yaradıcılıq baxımından sizə nə
verdi və əvəzində nə aldı?
- Moskvada
oxuduğum illəri Tanrı ömrümə yazsın...
Düzdür, heç bir təhsil sistemi adamı şair,
yazıçı etmir və edə də bilməz. Amma
çox səviyyəli qələm adamlarının
mühazirələrini dinləmək, misilsiz poeziya
seminarları, təmasda olduğum məşhurların
aurasında yaradıcı ruhun intişar tapması mənə
çox şey verib. A.Voznesenskini, E.Yevtuşenkonu, Y.Sidorovu,
V.Qusevi, V.Sıbini dinləyən, suallar yağdırıb, məntiqli
cavablar alan tələbənin zövqü təbii ki,
formalaşmaya bilməzdi. Yəni, M.Qorki adına Ədəbiyyat
İnstitutunun rolu üzərimdə danılmazdı. O təhsil
ocağında keçirdiyim illəri ömrümün ən
gözəl çağları hesab edirəm.
- Uzun müddət "Xəzər"
jurnalında redaktor işləmisiniz. "Xəzər"
jurnalının müasir ədəbi prosesdə yerini necə
dəyərləndirirsiniz?
- "Xəzər"
jurnalı yarandığı vaxtdan (1989) ədəbi
mühitdə izlənilən, sevilən bir jurnal olub. Bu
gün də elədir. Çağdaş və klassik
dünya ədəbiyyatı incilərini Azərbaycan oxucusuna
operativ şəkildə çatdırmaqda bu jurnalın rolu
danılmazdır. Azərbaycan Tərcümə Mərkəzinin
gördüyü fundamental işlərin fonunda "Xəzər"
bu gün daha mükəmməl, daha çox sevilən bir dərgiyə
çevrilib. Yeri gəlmişkən, fəxr edirəm ki, 3-4
il mən də bu jurnalın əməkdaşı olmuşam.
"Xəzər"in 1989-cu ildə çıxan ilk
sayında isə mənim məşhur özbək şairi Məhəmməd
Salehdən etdiyim tərcümələrim də yer
aldığı üçün həmişə qürur
duyuram.
- Əsərin başqa dilə tərcüməsi
sizin üçün nə deməkdir? Olubmu ki, tərcümə
zamanı əlinizdə bir əsər "ölsün" və
siz onu həyata qaytara bilməmisiniz?
- Əsərin başqa dilə tərcüməsi yaxşı haldır. Amma yaxın və ya uzaq dil olmasına baxmayaraq tərcümə prosesində istənilən mətn itirir. Nazim Hikmət demişkən, "şeir, elə bil, bir ürəkdir, tərcümə edəndə sən onun şəklini çəkirsən, ürək alınır, amma çatlarıyla..." Tərcümə prosesində əlimdə hansısa bir mətnin "ölməsi" olmayıb. Redaktəyə ciddi ehtiyacı olub, amma ölü mətnə çevrilməyib. Bəxtimdən həmişə çətin əsərlərin tərcüməsiylə üzləşmişəm. Məsələn, yüz əlli cildlik dünya ədəbiyyatı seriyasından ingilis klassiki Con Miltonun "İtirilmiş cənnət" və "Qaytarılmış cənnət" epopeyaları ömrümün iki il yarımını məndən alıb. Amma təvazökarlıqdan uzaq olmasın, çox sevdiyim uğurlu işlərimdən sayıram onları. Həmçinin, A.Soljenitsının "Qulaq arxipelaq"ı üçcildliyi, Fransua Moriakın "Sevgi səhrası", "Keçmiş zamanların yeniyetməsi" romanları, Yuri Trifonovun "Qoca" romanı və bir sıra hekayələri, Hötedən, V.Skotdan, C.Coysdan, M.Prustdan, C.Steynbekdən, E.İoneskodan... və neçə-neçə dünyaca məşhur müəlliflərdən etdiyim tərcümələr də ədəbi mühitdə pis qarşılanmayıb. Ancaq bir məsələ də var. Təbii ki, özgəsinin əsərini çevirən yazıçı ən böyük zərbəni öz yaradıcılığına vurur. Tərcümələr nə qədər uğurlu alınsa da, yad mətnlər arasında gərdiş etmək heç də asan başa gəlmir. Onun bədəlini tərcüməçi, yazıçı və ya şair proses zamanı öz içində öldürdüyü, yazılmamış əsərləri hesabına ödəyir...
Söhbətləşdi:
Nuranə Nur
Ədəbiyyat
qazeti.- 2018.- 6 oktyabr.- S.27.