Xoşbəxtlər arasında yaşamaq...

 

hekayə

 

...İtlərin də doğum günü olur.

Adı,

     Pasportu,

          Sahibi,

               Məzarı da olur itlərin...

 

...Başı dağılırdı. Süst düşmüş sol qolunu hərəkətsizlikdən quruyub qaxaca dönmüş boynunun altından güclə çəkib çıxartdı. Dərisi gün altına sərilib qurudulan gön kimi dartıldı. Elə bil beyninin içinə də soyuq zindan qoyub ağır çəkiclə döyəcləyirdilər: "Danq-q-qqq!..Danq-q-qqq!.. Harda olduğunu anlamaq iqtidarında deyildi. Dəyirman daşı kimi ağır başını güclə qaldırdı, amma hissiyyatsız boynu başını taraz saxlaya bilmədi. Yırğalanır, yırğalandıqca da ürəyi bulanırdı. İkiəlli çənəsinin altına dayaq vermək istədi, sanki qopub yerə düşə bilərdi. Qaldıranda, qolları bir parça ətə dönüb yanına döşəndi...

"Özümə gəlim... daha içməyəcəm... Söz..."

Gözləri elə gicişirdi, qaşımaq, ovub yerə tökmək istəyirdi. Barmaqlarının keyini açmaq üçün xeyli əlləşdi. Handan-hana əzalarını hiss etməyə başladı. İlk növbədə cod saqqallı sifətini cırmaqlaya-cırmaqlaya, xartaxartla qaşıdı, sonra ovucunun içiylə gözlərini möhkəm-möhkəm ovxaladı. Bir xeyli ətrafa nəzər saldı. "Mən ha...harda-yam?.. Uy-daaa!.. Joranın kafesindəydim axı, bura... necə gəlmişəm?.. Tfuuu!"

Gerçəkdən tüpürmək istədi. Dili-dodağı qurumuşdu, ağzında qətranlı oduncaq qırıntıları vardı sanki, nəfəs almağı çətinləşirdi. Biləyilə burnunu, dodağını sürtüşdürdü. Elə bil boğazında dünəndən uda bilmədiyi son tikəsi ilişib qalmışdı - sinəsini deşirdi. Həmişə yanında bir butulka su gəzdirərdi, onu axtardı, tapmadı. "Qaytara bilsəm, zor olar. Həmişə qusanda rahatlanıram," - deyə fikirləşdi, amma ucuz samaqondan savayı nə vardı mədəsində ki, qussun? Tüklü sifətini büzə-büzə çirkli çöçələ barmağını qulağının deşiyinə soxub elə çalxaladı, sanki beynindəki küyü dartıb çıxaracaq, rahatlanacaqdı...

Əsnəyəndə əngi şaqqıldadı. Saralmış yarıçürük dişləri sızıldadı... "Bu dişlərlə də gora gedəcəm."

Mavi-bənövşəyi duman asta-asta sivişib yox olduqca dim-dik dayanan qara, boz, daşları, o daşların arasıyla cərgələnən qızılgül, zanbaq, rozmarin, lavanda kollarını, təzəcə qozalamış bəstəboy, gümüşü küknar ağaclarını görəndə harda olduğunu dərk elədi. Bütün gecəni yumşaq balınc kimi qısılıb baş qoyduğu sinə daşının üstündəki mərmərdən yonulmuş heykəlciyə baxıb heyrətləndi. Gözlərini qıyaraq daşın üzərindəki yazını oxudu:

 

"TUTSİ

may 1992 - oktəbrğ 2000.

Spi s mirom"

"Səkkiz yaş... Uşaqdı ki?!"

 

Elə bildi yenə qarabasmaları başlayır. Sifətini iki ovucunun içinə alıb toz basmış pəncərəni silən kimi sürtüşdürdü. Əli sifətindəykən barmaqlarını asta-asta aralayıb baxdı. İnana bilmirdi deyə, bir də oxudu. "Tut-si...Bu... it qəbridi ki?!"

Təəccübündən quruyub qalmışdı. Heç vaxt it məzarlığı görməmişdi, heç eşitməmişdi də. Amma yox, qəzetdə işləyəndə, - indi başını lap divara çırpsa da, yadına düşməz, - hansısa xarici ölkədə it məzarlığının olduğunu oxumuşdu. "Deməli bizimkilər də itlərinə təmtəraqlı məzarlıq salıbmış... Aman Tanrım!"

Üfüqdə can qızdıracaq günəşin ilk şəfəqləri göründü.

"Ay səni... boynundakı qızıl zəncirmiş ki?! Barmaq yoğunluğunda... Amma yox, rənglənib, qızıl olsaydı, çoxdan əkişdirmişdilər. Məzarlıqda bomjlar çox olar..."

Cod əlini mərmər itin qızıl suyu çəkilmiş zəncirində, qulaqlarında, burnunun ucunda gəzdirdi. "Daşyonan mahir sənətkar olub. Malades!.. Allah bilir, nə qədər pul qopardıb rəhmətlik itin axmaq sahibindən! Əcəb də eləyib..."

Birtəhər ayağa durub ətrafı sıx ağcaqayın meşəsiylə əhatə olmuş məzarlığa göz gəzdirdi. "Bura...bura əsl muzeydi ki?!" Arxa cərgədə təzəcə tumurcuqlamış qladioluslar arasından bir cüt məsum göz ona baxırdı. Qəbirə qəşəng deməzlər, amma bu elə xoş gəldi ki, özündən ixtiyarsız ona yaxınlaşdı. Qara mərmər sinə daşının üstündə qıvrım tüklü, qar kimi ağappaq pudel "oturmuşdu".

"Bəxtəvər..." - əyilib başını tumarladı. Qəbrin ətrafındakı qladiolusların ətri səhər mehiylə birgə burnunun ucuna toxundu. Bu şirin qoxunu ciyərinə çəkmək istədi, ağzını açanda, qıcqırmış mədəsinin kəskin qoxusu əhvalını pozdu. Dodaqları qupquruydu. "Bir çappa araq pis olmazdı, bir dilim də turşu...", - fikirləşdi, o dəqiqə də üzünü turşutdu:

- Lənət şeytana, dedim axı, içməyəcəm?!. İç-mə-yə-cəm!..

Hava işıqlaşırdı. İstədi bu qəribə qəbiristanlıqdan çıxıb, kəsə yolla Joranın yanına qaçsın.

Bir itlərin məzarına baxdı, bir də üst-başına. Torpaq şehli deyildi, amma qənşəri dizinəcən nəmliydi, deyəsən, şalvarını islatmışdı. "Həə...bu, lap pis oldu..." Barmaqlarını daraq edib əsəbdən gicişən seyrək saçlarının dibini qaşıdı. "Paxmel" olanda saçına bit düşmüş kimi başı qaşınır, tüklərin dibini dırnaqlarıyla didmək istəyir, ta, əlli qram vuranacan... "Bu nə həyatdı yaşayıram?!"

Pudeldən yenicə aralanmaq istəyirdi, üzü şosseyə, təzə əkilmiş iki ağcaqayının arasından onun üstünə atılmağa hazırlaşan nəhəng pitbulun zəhmli, tünd bataqlıq rəngli gözlərini, dimdik duran qulaqlarını, iti dişləri parıldayan güclü çənəsindən sallanan qırmızımtıl dilini görər-görməz yanındakı başdaşının arxasına atıldı. Az qala ürəyi yerindən çıxacaqdı. Kürəyindən soyuq tər axdı. İt isə start vəziyyətində hərəkətsiz durub  baxırdı. "Yəqin dişinə keçəsi yeri bəlləyir... Ay səni... Yeyiləsi nəyim var ki?!"... Xeyli gözlədi. Adamı vahiməyə salan bu yırtıcının ağlından nə keçir, bilmək olmaz..." Bəs bu, niyə dayandı?.. Hürməliydi axı, bəd ayaqda, mırıldamalıydı... Elə bil şəkil çəkdirir... Mırılda! Toje mne, Belıy Bim..."

Birdən, "ay mənim axmaq başım!" - deyib, astaca, gizləndiyi yerdən aralandı. "Ha-ha-haa!.. Bu ki, heykəldi?!." - desə də, ehtiyatla, qorxduğu qədər də heyran qaldığı nəhəng "itə" yaxınlaşdı. "Dipdiri pitbuldu ki, durub! Necə canlıdı?!. Yaxşı ki, gecə rastıma çıxmayıb, yoxsa...yoxsa üst-başım tamam islahatdan çıxardı... Ay səni, svoloç!.."

Heykələ dörd yandan tamaşa elədi. Heyrətindən söz tapa bilmirdi. Əslində it qapqara mərmərdən idi. Qırmızımtıl dilini, dişlərini, bataqlıq rəngli gözlərini təsəvvür edirmiş. Deməli, hallüsinasiya?!.

Cibindən papiros çıxartdı. Zibilə qalmış, əzilib qırılmışdı. Onsuz da çəkə bilməyəcəkdi, ağzında ödünün acısını hiss edirdi. Tulladı. İtin ayaqlarına söykənib oturdu.

"Gör Yer üzündə nə qədər axmaq adam varmış?! Pullu və axmaq..." - Bu məzarlığı muzeyə döndərən insanları təsəvvür eləmək istədi: Oliqarx... şoumen... nazir... deputat... avtoritet... Başqa kim olacaqdı? Sadə camaat ölüsünü elə ölənin illər boyu topladığı pensiya puluyla dəfn edir... "Bir az gözləsəm, hansınınsa sahibi mütləq gələcək... Əlbəttə, bahalı maşında, bahalı gül buketiylə... Bəlkə araq...yox, bu təmtəraq sahibləri araq içməz, konyak, ya da viskidən-zaddan gətirib yad edəcək itini..." - Maraqlıdı, görəsən, itləri dəfn etməyə keşiş çağırırlar? - deyə düşündü. Bilmədi gülsün, ya kədərlənsin... Başını yuxarı qaldırıb aşağıdan-yuxarı onu süzüb acı-acı gülümsədi. - "Valla, sənə paxıllığım gəlir. Heç olmazsa, sağ ikən özün bildinmi necə bəxtəvərsən?.. Yəqin ki!.. İnkar-zad eləmə... Yeməyindən, hər gün tumarlanıb əzizlənməyindən, ətirli şampunundan bilmisən... Svoloç... Kirayədə qalanda, ev sahibəm ovçarkasına bir paket "Pedigree" alanda yazıq itin bayramı olurdu. İtlər də ayran aşıyla kababın fərqini bilir... Sovetin dövründə bişmiş ətli sümüklə bəsləyibmiş itini, sonralar özü ətə möhtac qaldı, pulu çatmadı, nə yumşağına, nə sümüklüsünə, it də arıqladı - oldu bir dəri, bir sümük... İndiyə qalmaz yəqin..."

Dizləri sızıldayırdı deyə, ayağa durub gəzindi. Ara-sıra şossedə şütüyən avtomobillərin səsi eşidilməsəydi, deyərdin, bura dünyanın ən sakit, xudmani yeridi. İndiyəcən yolunun buradan düşmədiyinə təəssüf də etdi. Pitbulun boynuna tumar çəkdi.

"Dostum, heyvanları sevirəm, amma incimə, mənzilim olanda da ora it-pişik buraxmazdım. İti-pişiyi olan tanışlarımın da evinə getməzdim. Xalça, divan üzərində heyvan tükü görəndə bütün bədənim qaşınırdı. İyrənərdim. "İtin yeri qapı kandarındadı" - deyən müsəlman babamdan irsən mənə keçən bu xislət olub..." Heykəl itlə söhbəti tutmuşdu. - "Heç zibillikdə eşələnmisən? - Yox!.. Görürəm, sən kral kimi yaşamısan... Minlərlə it var ki, nə it, adamlar var ki, sənin yaşadığının yüzdən biri onlar üçün nağıldı, əfsanədi... Axı mən də Tanrının ən ali, - səndən fərqli olaraq, - şüurlu...hə, şüurlu!.. iki diplomlu bəndəsi olmuşam?!. Eh!.. Sənin kimi yaşayıb-ölməyi arzulayan nə qədər adam tanıyıram bu şəhərdə, bu ölkədə... Gör necə bəxtəvərsən ki, ölümünə də paxıllığım tutur..."

Dili-dodağı təpimişdi. Gözü içində zanbaqlar olan iri vazaya sataşdı. Ağ zanbaqları çıxartdı, kənara qoyub içinə baxdı; yarıyacan su vardı. Yağış suyu. Vaza sinə daşına bərkidilmişdi, qaldıra bilmədi. Əlini dirsəyəcən vazaya salıb sudan ovuc dolusu götürdü, üzünə, sonra bir ovuc da boynuna, qurumuş dodaqlarına vurdu. Acı tamırdı. Gülləri vazaya qoydu. Qırışığı bir az açıldı. Dili də...

"Hə...demədim axı...şəhərdən zəhləm gedir. Daima harasa tələsən boz insan axınına, gecələr gözümüzü aldadan rəngarəng işıqların arxasındakı boz binalara, o binalarda sevgisiz yaşayan boz adamlara baxa bilmirəm. Şəhər anakonda kimi məni çoxdan udub, içində sıxıb-sıxmalayıb, şirəmi sorub, sonra da var gücüylə tüpürüb... O yolqırağı kafe var ha, - Joranın kafesi, - hə, başımı orda girləyirəm. Nə deyirlər eləyirəm, nə verirlər yeyirəm, gecəni də, axranda... Əslində qorumağa ehtiyac da yoxdu, çünki kafe səhərəcən işləyir... gecələr klient, qazanc bol olur... qızlar... qarabalalar, şəhərin tünlüyündən qaçan biznesmenlər kefə gəlir. Joranın yanı təhlükəsizdi. Joranın dayısı vergi müfəttişidi...

Elə başa düşmə ki, belə yaşamaqdan xoşum gəlir. Əsla!.. Nə vaxtsa, tanınmış qəzetdə işləmişəm. İndi taxta meyvə yeşiklərinin içinə döşənən qəzetlərdən birində... O vaxtlar irəli getmək, tanınmaq üçün redaktorun sadiq nökəri olmalıydın. Mən bunu bacarmadım... Yaxşı yadımdadı, Sibirdə nəhəng metallurgiya zavodunun acınacaqlı iş şəraitindən sanballı bir reportaj hazırlamışdım. Mənə inanırdılar deyə, oxumadan verdilər çapa və...hər şeyin zibili çıxdı. Zavoddakı qeyri-insani münasibətdən, əmək haqqının gecikdirilməsindən, nə bilim, çox şeydən danışan fəhlələrin müsahibəsini Mərkəzi Komitədə oxuyanlar dəli olmuşdular... Hi..hi...hiii... O vaxta kimi elə bilirdim ki, heç kəs bizim qəzeti oxumur. Səhər açılar-açılmaz, köşklərdə bir dənə də qəzet qalmamışdı. Əllərinə fürsət düşən fəhlələr ürəklərindən keçənləri danışmış, mən həqiqəti yazmışdım, xalq da buna tamarzıymış... Satışın bu rekordu mənə baha başa gəldi. İşdən qovuldum... Partiyadan da. Yaxşı ki, tutmadılar... Yazmaqdan başqa əlimdən heç nə gəlmirdi. Üzümə bütün nəşriyyatlar, qəzet-jurnallar qapısını bağladı. Heç kimə olanları görüb yazan jurnalist gərək deyildi. Mən "persona non qrata" idim!.. Nə isə... Qəzetçilər yalanla çörəkpulu çıxarmağı yaxşı bacarırlar. Bir də, içməyi... İçki hər şeyi unutdurur, bəzən, kim olduğunu da..."

Dərindən ah çəkdi.

"Bilirsən, neçə axşam səssizcə o körpünün üstünə qalxıb özümü şütüyən maşınların altına atmaq istəmişəm?.. Bacarmamışam... Yəqin bu axşam bunu bacarsaydım, indi səninlə söhbət etməzdim... Belə baxanda, nəyə, kimə görə yaşadığımı da bilmirəm. Bəlkə də inanmazsan, son dəfə doğum günümü nə vaxt, harda qeyd etdiyimi xatırlaya bilmirəm. Çünki doğum günümü unutmuşam... Mən ruh kimiyəm... Hamının bədəni öləcək, mənimsə ruhum... Sən bəxtəvərsən!.. İnanıram ki, hardasa sənin xiffətini çəkən biri var. Bəlkə də bir neçəsi. İnanıram ki, hardasa nəhəng bir villada divar boyu rəngli boya ilə işlənmiş portretin asılıb, evin hər yerində səndən bir nişanə var, sahibinlə, bəlkə sahibənlə çəkilmiş şəkil albomunu hər axşam vərəqləyirlər, baxırlar...yad edirlər... Güldandakı zanbaqların təravətindən hiss olunur ki, tez-tez ziyarətinə gəlirlər... Özün də bilmirsən qiymətini... Bax, əgər insan olsaydın, bilərdin ki, sənin məzarın Moskvanın mərkəzindəki birotaqlı mənzildən də bahalıdı. Özüm ölüm!.. Mənim sığınacağım isə Joranın kafesinin bir küncü... Əgər bu gün qayıtmasam, yəqin ki, Jora narahat olacaq, darıxacaq, iki-üç gün gözləyəcək, beş gündən sonra yerimə bir bomj tapıb məni tamam unudacaq. Nəyinə gərəyəm? Bomjlar olmasa, bu cəmiyyətdə Jora kimi məməlilər yaşaya bilməz... İnsanlar sizin qədər sədaqətli olmurlar... Belə baxanda, ikimizi də Tanrı yaradıb, həə?.. Amma sən yaxşı sahibə rast düşmüsən. Sahibli olmaq xoşbəxtlikdi!..

...Arada mənə elə gəlir ki, dünən doğulmuşam, dünəndən o yana heç nə yoxdu, bu günümü yaşayıb, sabah öləcəm. Kəpənək kimi... Beləcə, hər gün... Ölməyimdən qorxmuram. Hər gün yüz dəfə ölüb-dirilən adamın qorxacağı olmaz!.. Unudulmaq, silinmək, yox olmaq dəhşətdi!.. Bəxtim gətirsə, məni yəqin ki, sahibsizlər məzarlığında torpağa basdıracaqlar. Kimdi mənim əcdadlarımın məzarın axtaran? Böyük şəhərlərdə dirilər kimi ölülər də əzizlərindən ayrı düşür... Üstündə səndən bir nişanə, adicə bir yazı belə olmayan, yaxşı halda, qəbiristanlığın qeydiyyat kitabındakı sıra nömrəsi olan taxta parçası baş daşıma çevrilsə, sevinərəm... Üstümdə sənəd tapmasalar, bəd ayaqda, kremotoriyada yandırıb bir ovuc külümü balaca çalaya da qoyarlar, hindlilər kimi su üzünə, ya çəmənliyə səpələyə bilərlər. Belə yaxşıdı. Məncə, özündən sonra izin, əməlin qalmayacaqsa, ən bahalı qranit üzərində adının qalmasında nə fayda? Tabut qızıldan olsa da, içindəki çürüməyə məhkumdu, deyilmi?.."

Mədəsində boşluq, bağırsaqlarında quru sancılar hiss etdi. Bilirdi ki, ağzına bir tikə atmasa, yüz qram içməsə, bu sancılar şiddətlənəcək. Gecəni səhərə kimi soyuq torpağın üstündə yatdığından böyrəkləri də, tərs kimi, sözünə baxmırdı. Dözə bilməyəcəkdi...

Həyatında ilk dəfə heykəllə söhbət edirdi. Bunu paxmel sindromunun üstünə yazsa da, özünü çox məmnun hiss edirdi. Birinci kərəydi, dediklərini müdaxiləsiz dinləyən auditoriyası vardı. Fikirləşdi ki, burada əbədi rahatlığa qovuşan heyvanların hansısa xəstəlikdən ölüb, hansısa - sahibini bandit gülləsindən qoruyarkən həlak olub, hansısa - paxıl qonşunun hasar dibinə tökdüyü zəhərlə zəhərlənib, hansısa - avtomobil qəzasında, hansısa - qocalıqdan...amma sahibinin zülmündən, işgəncəsindən yox. Sahibi tərəfindən zülm edilən zümrə bu qədər bəxtəvər ola bilməz axı!..

İçkinin təsiri itdikcə əzələləri gizildəyirdi. Havanın yavaş-yavaş isinməyinə baxmayaraq üşüdü. Deyəsən, soyuqlamışdı. Əvvəlcə gözləri sulandı, sonra burnu. "Xəstələnəcəm", - dedi. Üç dəfə asqırdı...

Yolun kənarındakı kilsənin zəngi vurdu...

...Başında, o qara fikirlərlə dolub-daşan beynində, solğun, suyu qurumaqda olan gözlərində qəribə bir işıq duydu, tappıltısını içəndən-içənə hiss etdiyi ürəyi çırpınmağa başladı. Sinəsində gəzdirdiyi ürəyindən xəbərsizmiş kimi əlini döşündə gəzdirdi. Gözləri bir az da işıqlandı. Joranın kafesi, gündə neçə günahsız ölən şosse, insanların qayğılarını, əzab və sevinclərini gizlədən üzü güzgülü boz binalar, yuxulu insanlar daşıyan metrolar, atılmış sür-sümük, vaxtı ötmüş konserva, kolbasa axtaran sülək küçə itləri olan dalanlar, səfil insanlar daldalanan yeraltı keçidlər, zirzəmilər yaddaşının uzaq bir küncünə sığındı. Düşüncələri, xəyalları ilişib qaldığı dünənindən adlayıb keçdi. Göy üzü kimi aydın, işıqlı, sevgi dolu bir aləm onu qoynuna alıb uzaqlara, çox uzaqlara aparırdı. Və birdən, heyrət içində duruxub durdu; bulanıq yaddaşı müqəddəs su kimi aydınlaşdı. Sevincindən dəli kimi elə qəhqəhə çəkdi ki, özü öz səsindən diksindi. O, uşaqlığını xatırlamışdı - xoşbəxt insanlar arasında yaşadığı uşaqlığını...

 

Yaşar Bünyad

 

Ədəbiyyat qəzeti.- 2018.- 6 oktyabr.- S.26-27.