Min yol bizə söylənənlər...
Etimad Başkeçidin, Aysel Əlizadənin və Səhər Əhmədin nəsri üzərində düşüncələr...
Sosializm realizminin kölgəsi çəkildikdən sonra Azərbaycanda müstəqillik dövrünün yeni ədəbiyyatı yaranmağa başladı. Proletar diktaturasının hökmranlığı nəticəsində
təbii inkişafı ləngiyən ədəbiyyatımız,
SSRİ dağıldıqdan sonra dünya ədəbi prosesinə
qoşulmaqda yubanırdı. Bəzi cüzi uğurları nəzərə
almasaq, bu ləngimə indinin özündə də davam edir.
Orxan Pamukun türk romanı barədə dediyi
aşağıdakı fikir, müasir Azərbaycan ədəbiyyatı
üçün də keçərlidir:
"Dinlərin, ideologiyaların,
kuralların təsirindən xilas olub, həyatımızın
mənasını, öz gündəlik yaşamımızda
axtaracağımız zaman problem özü-özünə
çözüləcək".
Bu mövzu geniş və
çoxşaxəli olduğundan onun bir yazıya
sığdırılması imkansız görünür. Ona görə də birbaşa mətləbə
keçəlim.
Məqalədə son illərdə
nəşr edilmiş bir neçə nəsr əsərini
gözdən keçirəcəyik.
Başlayaq Etimad Başkeçidin "Min yol mənə
söylər" romanından.
İstedadlı
yazıçı Etimad Başkeçidin adıçəkilən
əsəri SSRİ-nin çöküşü ərəfəsində
Moskvada Qorki adına Ədəbiyyat
İnstitutunda təhsil alan gənc azərbaycanlı tələbənin
başına gələnlərdən danışır. Romanın qəhrəmanı müəllifin
özüdür. Əsər boyu maddi
sıxıntılar içində çarpışan,
uğursuz sevgi dramı yaşayan, bəzən cəmiyyətdən
bezib, təcrid olunan, ekzistensial havalarda başı dumanlanan gəncin həyatını
film kimi izləyirik. Romanda hadisələrin bir-
biri ilə məntiqi bağlılığı, səbəb-nəticə
əlaqələrinin ardıcıllığı,
personajların xarakterlərinin əməlləri ilə
uyğunluğu əsasən, gənc yazıçılara
örnək olacaq əsərdaxili intizam və səliqəliliyi
nəzərə çarpdırır.
Əsər
real hadisələri əks etdirir və o dövrün
qarışıq mənzərəsi, siyasi
çalxanışları sadə insanların həyati portretlərində təbii
cizgilərlə göstərilir.
Terminlər çoxluğunu və müəllifin təhkiyəsindəki
dialekt ifadələri nəzərə almasaq, romanın dili
sadə və aydındır.
Əsərdə
qəhrəmanın fərdi psixoloji aləmini açan bəzi məqamlar, pessimist əhval-ruhiyyənin
gətirdiyi ümumi vecsizlik, (Şərqdə bunu "fanilik
duyğusu" adlandırırlar) Knut Hamsunun
"Aclıq" romanı ilə bənzərdir. Epizodların birində yataqxanadan qovulan, nəhəng
yad şəhərdə pulsuz və kimsəsiz qalan Edik,
yorğunluqdan bir skamyanın üstündəcə yuxuya
gedir. Bir neçə saatdan sonra yuxudan
oyanan gənc tələbə, yatarkən başının
altına qoyduğu, ona həmişə ağırlıq eləyən
portfelinin oğurlandığını görür.
Olayı duyunca, tez ciblərini yoxlayır, sənədlərin
cibində olmasına əmin olandan sonra qafqazlıya xas olmayan
soyuqqanlılıqla öz-özünə deyir:
"Yaxşı ki, bu çantanı oğurladılar. Yoxsa kim bilir, daha nə qədər belimdə gəzəcəkdi".
Əsər
barədə qısa məlumatda müəllif, həyatın daosizm motivləri üzərində
qurulduğunu, qəhrəmanın dao-yol arxetipinin
daşıyıcısı olduğunu qeyd edir. Əsərin
qəhrəmanında müşahidə etdiyimiz ruhsallıq
daosizmə və hind təlimlərinə yaxın olsa da, nitqi
daha çox islami dünyagörüşünü əks
etdirir. (Qəhrəmanın təyyarəyə
"kəlmeyi-şəhadət"siz minməməsi və
s.)
Yaddaqalan epizodlardan biri də Edikin İsanın rəsmi
ilə danışmasıdır. Kirayə
qaldığı otağın divarından
asılımış İsa rəsmindən başqa dərdini
deməyə bir kimsə tapmayan gəncin monoloqu, Yenidənqurma
dövrünün Rusiyasında vəziyyətin
amansızlığını dəqiqliklə ifadə edir.
Əli hər yerdən üzülmüş
çılğın tələbə üzünü
xristian tanrısına tutub söylədiyi
çıxışını belə tamamlayır:
"Xəbərin olsun, Sənətkar! Sən də mənim kimi
"çernomazı"san və əgər indiki vaxtlarda
Moskvada yaşamış olsaydın, özünə iş belə
tapa bilməzdin..."
Romanda daha maraqlı bir epizod da var. Daha doğrusu, epizodun
özü yox, müəllifin orada işlətdiyi müqayisə
ağlasığmaz dərəcədə ironik səslənir. Belə ki, əsər qəhrəmanı
birgünlük London səfəri zamanı dostu ilə birlikdə
məşhur "Hayd Park"da (Hide Park) gəzişərkən,
kürsüdə coşqu ilə nitq söyləyən oratoru
görür. Natiq İngiltərəni
yadplanetlilərin idarə etməsi barədə
danışırmış. Burada
yazıçının tərəkəmə
saflığından doğan qeyri-adi təşbehi oxuyarkən,
gülməkdən özümü saxlaya bilmədim:
"O,
bar-bar bağırırdı. Getdikcə mal
peyini kimi qızışırdı".
Çox güman, həmin ingilis natiq bu ifadəni
oxusaydı, yəqin ki, tutduğu işi ömürlük
buraxıb, bir hind məbədində kahin olardı.
Lakin deməliyik ki, əsərin kompozisiyası
ustalıqla qurulub, bəzi elementlər və detallar ilk
baxışda xaotik təsir bağışlasa da, heç
biri müəllif nəzarətindən kənarda deyil. Əsərdə hər bir
xırda təsvirin önəmi var, süjet inkişaf etdikcə,
həmin elementlərin
nə qədər yerində işlədildiyini hiss
edirik. Nöqsanlara gəldikdə isə qeyd etməliyik
ki, əsərin qəhrəmanı da daxil olmaqla, digər
obrazların daxili-mənəvi aləmi, psixoloji portretləri
demək olar ki, açılmır. Romanın
yarısından sonra süjetə daxil olan
yardımçı surət - Yura obrazı isə əsas
personajların hamısından daha dolğun təsir
bağışlayır.
Ümumiyyətlə,
müəllif yazdığı mətndə nə qədər
sərbəst olsa, klassik ölçü-biçini nə qədər
saymazdan gəlsə də, ədəbiyyatın dəyişməyən
qanunları var. Hansı ki onlar pozulduqda ortaya "defekt" məhsulun
çıxma təhlükəsi yaranır. Məsələn,
"Min yol mənə söylər" romanında baş qəhrəmanın
sevgi macərası sönük, sevdiyi qadının bədii
portreti isə alayarımçıqdır. Əlbəttə,
yazıçı, real həyatı göstərən əsərə
şişirdilmiş romantik aura
qatmaq məcburiyyətində deyil. Di gəl,
romandakı isti sevgi münasibətlərini quru və soyuq
cümlələrlə yola vermək də bir sənətkar
qələminə yaraşmır. Bəzi
yazıçılarımızda belə bir qəribə xüsusiyyət var: şəxsən
tanıdıqları gerçək bir insanın bədii
portretini cızarkən, onlara elə gəlir ki, bir-iki cümlə
ilə oxucular həmin şəxsi xatırlayacaq və təsəvvürlərində
canlandıra biləcəklər. Məsələn,
Etimad bəyin romanında Dan ulduzu kimi hərdənbir
görünən Yanis obrazı buna əyani misaldır.
Etimad Başkeçid istedadlı və məsuliyyətli
yazıçıdır, ona görə də
düşünürəm ki, istəsə,
çağdaş epik ədəbiyyatımızın ən
sanballı nümunələrini yarada bilər.
Ümumilikdə, ədəbi parametrlərinə,
üslub səlisliyinə, realist səhnələrin dəqiq,
təbii təsvirlərinə görə "Min yol mənə
söylər"romanı son illərin ən tutarlı nəsr
hadisəsi kimi qiymətləndirilməlidir.
Aysel Əlizadənin "Qadın Peyğəmbər"
romanı qeyri-adi məzmununa və bir neçə qatlı
strukturuna görə diqqəti cəlb edir. Əsər -
şəxsi həyatında iztirablar çəkən
qadının mənəvi təkamül keçərək,
ilahi gerçəkliyə yaxınlaşması və peyğəmbər
səviyyəsinə yüksəlməsindən bəhs edir.
Aysel xanımın bu sentimental, qismən də simvolizmə
söykənən əsəri Azərbaycanda ilk feminist
romanın yaradılmasına cəhd kimi qiymətləndirilə
bilər. Cəfər Cabbarlının "Almaz" və
"Sevil"i, Mir Cəlalın "Ədalət"i,
Süleyman Rəhimovun "Saçlı"sı, Anarın
"Təhminə"sindən sonrakı böyük
boşluqda Aysel Əlizadə Qar obrazı ilə bu
siyahını davam etdirməyə iddialıdır.
"Qadın Peyğəmbər" qismən
avtobioqrafik əsərdir və əsərin qəhrəmanı
haradasa, müəllifin prototipidir.
Qar şəxsi həyatındakı uğursuzluqlardan əziyyət
çəkir, depressiyaya düşür, təklənir,
insanın dünyada kimsəsizliyi, "hər kəsin
günahı var, amma hamı günahsızdır" kimi
düşüncələrə qapılır, getdikcə,
üzü Promoteydən bəri bəşəriyyətin
xilasına çalışan mifik və real qəhrəmanların
acı taleyini yaşamalı olur. Tanrı tərəfindən insanlığı
xilas üçün seçilmiş Qara, Tanrının
dediklərini kitab vasitəsilə çatdırmaq buyurulur. Beləliklə,
Qar 124 001-ci peyğəmbər olur. Romanda Qarın
Tanrının məkanına getməsi, onunla söhbəti,
Sokrat, Marks, Nitsşe kimi mütəfəkkirlərin
"Kosmiya"da məskunlaşan düşüncələri
ilə dialoqlar
çox maraqlıdır. Əsərin
daha bir qeyri-adiliyi roman qəhrəmanlarının adlarında
üzə çıxır. Personajlara Qar, Nur, Ər, Nər
kimi adların verilməsi, romanın fərqliliyini və
orijinallığını təmin edir.
Lakin bütün bu müsbət keyfiyyətlərlə
yanaşı, əsərdə
bəzi çatışmazlıqlara da rast gəlinir.
Məsələn, bədii mahiyyətin publisistik dil və
üslubun aparıcı qatında əzilməsi, əsərə
romandan daha çox irihəcmli esse görünüşü
verir.
Yazıçı dinlərdəki Tanrı adlanan
varlığın insanlar tərəfindən uydurulması qənaətində
olsa da, onun qəhrəmanı insanlığı məhz,
Tanrının iradəsi ilə xilas etmək istəyir. Əsərin ideyası da
budur:
Kişilərdən ibarət peyğəmbər ordusu
dünyanı düzəldə bilmədi, ona görə
Tanrı bu dəfə qadını seçdi. Bəs bu
seçim nə ilə nəticələnir? Qar ona verilən missiyanı daşıya bilirmi?
Yox. Deyəsən, heç
buna cəhd də eləmir. Tanrı yanına yüksəlməzdən
öncə, Qar necə idisə, bu fövqəladə
görüşdən sonra da həmin aurada, həmin vəziyyətdədir. Yenə də dünyadan küskün, həyatdan
bezgin, kişilərlə mənəvi ortam qura bilməyən
bir qadını görürük. Əyyaş
ərdən və mənəvi təklikdən əziyyət
çəkən adi bir Azərbaycan qadını. Amma nədənsə peyğəmbərliyə
yüksəlib, nirvanaya çatıb, ilahi gerçəkliyi dərk
etsə belə bu qadın hələ də məişət
səliqəsizliyini sevmir və pişiklərdən iyrənir.
Bundan əlavə,
Tanrının Qara müraciətində "siz"lə
danışması, İsanın "Kosmiya"dakı ruhlara
"bəylər" deyə müraciət etməsi,
içki düşkünlüyünün dünyadakı
bütün qanlı fəlakətlərlə müqayisədə
daha betər faciə kimi qələmə verilməsi, peyğəmbər
Qarın "kişi olsaydı, dost-tanışını
başına yığıb məclis açar, dərdini
danışardı", sırf qadın olduğuna görə
bunu eləyə bilməməsi kimi təbii görünməyən situasiyalarla üzləşirik.
Qəhrəmanını Tanrı elçisi səviyyəsinə
yüksəldən yazıçı, təəssüflər
olsun ki, onun bu ucalığa qalxmasına səbəb olan
konkret bir əməlini göstərmir. Peyğəmbərimiz
Tanrı ilə görüşdükdən sonra, sifariş
aldığı kitabı yazır və bitirər-bitirməz,
intihar edir. Tanrı insanlara Qarın vasitəsilə nələri
çatdırmaq istəyirdi, o kitabda hansı fikirlər,
mesajlar yer almışdı, "dünyanı bürüyən
bəla" dedikdə, nələr nəzərdə tutulur? Bəşəriyyət
sonuncu peyğəmbərin - Qarın demək istədiklərini anladımı? Ümumiyyətlə,
Qar nəsə dedimi? Yoxsa Tanrı bu dəfə
də səhv etmişdi? Bu dəfədəmi
Tanrıda alınmadı? Bilmirik. Bu suallar cavabsız qalır. Roman Qarın
intiharı - müəllifin öz düşüncəsini
azadlığa buraxmasının təsviri ilə bitir.
Bu kimi qüsurlara baxmayaraq, "Qadın peyğəmbər"
romanı ictimai dəyərinə və sosial mesajlarına
görə istənilən yaş dövrünün oxucusu
üçün aktual və əhəmiyyətli əsərdir.
Səhər
Əhmədin publisistik yazıları ilə tanış
olduğum zaman onun haqqında "yaxşı qələmi
var" - deyə düşünmüşdüm. Səhər
xanımın bədii nəsrini oxuduqdan sonra, bu qənaətimdə
daha da möhkəmləndim. Söhbət onun
povest, hekayə və esselərdən ibarət "Həyatın
təkrar nəşri" kitabından gedir. "Etüdlər" adlandırdığı
qısahəcmli esselərinin hər biri vacib ictimai yükə
və aydın mesaja malikdir. Hekayələrdə
isə günümüzün reallıqları insan
psixologiyasının əcaib qatlarından keçirilərək
oxucuya təqdim olunur. Səhər Əhmədin
nəsr dili yüngül və rahatdı, ağır cümlələr,
uzun-uzadı fəlsəfi mühakimələrlə oxucunu
yormur. Bədii rənglərlə mənzərəni
çəkib, geriyə qalanını oxucu duyumuna buraxır:
"Qoca tutqac anlayırdı ki, artıq
ömrünün sonudu, bir azdan öləcək. Bir də
heç vaxt sevgilisini görməyəcək, heç vaxt
ondan gedişinin səbəbini soruşmayacaq. Dostuna onsuz keçirdiyi günlərdən
danışa bilməyəcək, sarı tutqaclardan,
onların mübarizəsindən bəhs etməyəcək.
Bütün bunları düşündükcə
qoca tutqacın ürəyi sıxılırdı. Get-gedə ona lazımsız bir əşya kimi
torbanın dibinə atılıb qalması pis təsir edirdi.
Deməli, o bir də işə çıxa bilməyəcəkdi,
iş başında ölmək ona qismət olmayacaqdı. Elə
torbanın dibində çürüyüb gedəcək,
heç kim onun ölümünə
yanmayacaqdı. Bəlkə hələ həsəd
aparacaqdılar.
Bu fikirlərlə qış keçdi. Bir gün
torbanın lap dibinə bir əl uzandı. Ev sahibəsi qoca tutqacı çıxarıb o
yan-bu yanını təmizlədi, sonra da ortancıl
qızının təzə, güllü donuna taxdı."
Nümunə verdiyimiz parça "Taxta tutqacın
nağılı" alleqorik hekayəsindəndir. İncə
estetik zövq və talantla yazılan hekayə, məzmunca,
Corc Oruellin "Heyvanıstan"ını xatırlatsa da,
ideya və forma baxımından yeniliyi ilə diqqəti cəlb
edir.
Səhər
Əhmədin bir çox yazarlarımızla müqayisədə
bir üstünlüyü də var: Bu, yazıçı
üçün son dərəcə vacib olan müşahidəçilik
qabiliyyətidir.
"Bir ovuc qızıl", "Yeni il" hekayələrində
onun xırda, lakin böyük anlamlı həyati detalları
necə dəqiqliklə nəsrə çevirməsinin
şahidi oluruq.
Səhər
Əhmədin yaradıcılığı mənə yapon
poeziyasını xatırladır, bu xanımda nazik, sivri qələmlə,
ağ vərəq üzərində zərif
poetik naxışlar çəkmə bacarığı var və
xoşbəxtlikdən o, realistdir.
***
Bu yazımızda üç tanınmış müəllifin üç maraqlı kitabını təhlil etməyə çalışdıq. Növbəti təhlillərdə görüşənədək!
Şəlalə
Göytürk
Ədəbiyyat qəzeti.- 2018.- 6
oktyabr.- S.24.