Şərəf

 

Ata, mən altmışa gəldim,

sənin gəlmədiyin yaşa

daş qoydum.

Çoxlarını heyrətdə saxladım,

özümü çaşbaş qoydum.

Bu, zirvədirsə, üzü enişə gedirəm,

Oğul kimi böyütdün məni,

indi sənin yaşına

atalıq edirəm.

Sənin çəkdiklərini çəkdim,

doymadım,

Bircə sevdiyin siqareti çəkmədim.

Mən altmışı dizə çökdürdüm,

Bu altmış ildə

kimsənin önündə

dizə çökmədim.

 

Dua

 

Ulu Tanrı, sənə baş əyirəm,

Səcdəsinə gəldiyim

tək Sən olmusan həmişə.

Bu ömrü,

bu taleyi,

bu qisməti Sən veribsən,

istəmişəm, Səndən istəmişəm.

Verdiklərin bəsimdir,

verdiyindən artığına tamah salmıram.

Kərəminə şükür,

çörək gəzmirəm,

günlərlə ac qalmıram.

Əl çəkirəm dünya malından,

Əl çəkirəm dünyanın hər cür ləzzətindən,

daha başım gicəllənmir

gözəllikdən gözəllərin camalından.

Ancaq Səndən bir xahişim var,

Əlimi-ayağımı alma

ömrümün sonunda.

Demirəm, bu dünyadan

köçüm mələk donunda.

Deyirəm, boynunda haqqım olan insana da

möhtac eləmə məni.

Vaxtından qabaq beşiyə çəkib,

körpə kimi kəfənə bələmə məni.

Mənə verəcəyin xəstə ömrü kəs, istəmirəm.

Çox yaşamağa qəlbimdə

çoxdan ölüb həvəs, istəmirəm.

Mənim gözümü Öz əlinlə bas,

yağışa tutub

yu cəsədimi diri-diri.

Öz qazdığın qəbrimə Öz əlinlə kürü.

Mən ölümdən qorxmuram,

Diri ölüyə dönməkdən qorxuram.

Məni özünə tay tutubsan, Ulu Tanrı,

Bu ucalıqdan enməkdən qorxuram.

 

Şeirə qazılan qəbir

 

Bir az dərin,

bir az dayaz,

bir az gen,

bir az dar,

bir az da boyundan hündür düşən

məzar kimidi

şeirə qəbir qazanın

qoşduğu şeir.

Gül adıyla tikanlığa dirənir,

yol adıyla daşlığa... şeir.

Şeiri

şeirin mollaları

qəbirə qoyur.

Şeir yazmır ki,

şeirin fatihəsini oxuyur.

 

Cəza

 

Gəlin, sizə sirr açım,

mən qatiləm.

Bir qadının arzularını öldürmüşəm,

ümidlərinə qəsd etmişəm.

Ona olan sevgimi

öz əllərimlə boğub

öz içimdə dəfn eləmişəm,

qəbrini hamıdan gizlətmişəm.

Elə bilməyin ki,

cinayətim cəzasız qalıb.

Vicdanım hakim olub,

fikrimi,

düşüncəmi ömürlük həbsə alıb,

ruhumu zindana salıb.

Məni azad buraxmır

qətlinə fərman verdiyim sevda.

Cəzamı günəgün çəkirəm,

günbəgün çəkirəm

fikir-fikir,

ömrüm dizə çökür,

özümü öldürür

öldürdüyüm sevda.

 

Yük

 

Ürəyim doluydu bu gün buludtək,

Yağışdan qaçırdıq - hara gedək biz?

Çəkilib vağzalda daldalandıq ki,

Bir az ordan-burdan söhbət edək biz.

 

Dilə gəldi yenə xoş xatirələr,

Xeyli gileylənib ömrə acıdıq.

İyirmi il bağlı qalmış qapı tək

Biz təzədən özümüzə açıldıq.

 

Ha yana gedəsən bu ağır yüklə -

İçimizdə nələr yatır, bilirsən?

Biz ki, eşitmirik öz səsimizi,

Harayımız hara çatır, bilirsən?

 

Qayıdır vağzala hansısa qatar,

Adamlar üz tutur ev-eşiyinə.

Gecdir, səni yola salmalıyam mən,

Evə dönəcəksən, yoxsa işinə?

 

Daşdan

çörək çıxaranlar

 

Yuxumda uşaq oluram,

Qaçıram belədən-belə.

Oyananda görürəm ki,

Hələ baxıram ələ.

 

bu dağdan duman gedir,

gözümdən çən çəkilir.

Bu at çapanın yadından

Çıxıb yedəyindəkilər.

 

Daşdan çörək çıxaranlar

Dəridən-qabıqdan çıxır.

Hələ böyük gəzirlər,

Hələ uşaqdı çoxu...

 

***

 

Bu gecə fikirlərimin

failini axtarıram.

Dalğalanıb öz içimdən

sahilimi axtarıram.

 

Nəsə demək istəyirəm,

baxıram ki, söz alınmır.

Qələm nəsə qaralayır,

pozuram ki, düz alınmır.

 

olsun, gözlərim göydür,

quyudan ulduz görmürəm.

Gecə işıqlanır fikrim,

di gəl ki, gündüz görmürəm.

 

Əli ətəyindən uzun gecənin

Sübhəcən səngimir qarabasması-

Orda yuxu-adam fikrimi çəkib,

Dar ağacı altda özümdən asır.

 

Kötüyə uzadıb kəndir dilimi,

Sonra da pas atmış balta axtarır.

Üzülüb düşürəm yuxularımdan,

Soyuq yaddaşımda qan laxtaları...

 

Əli qulağında kimsə səs çəkir-

Oxunan nəğmədi, yoxsa Qurandı?

Saralıb çıxıram qara yuxudan

Gecəni sübh çağı qan aparanda

 

***

 

Divara söykəndiyim yerdə

vaxt uçub-dağılır.

Çiyinlərimdə

fikirlərimin tozu -

çırpınıram..

Fikir tökülür üz-gözümdən,

çırpılıram

özüm-özümdən.

 

***

 

Alışmayan ocağımın

tüstüsü xoşdu mənə.

Yad nəfəsdən qızınmağı,

ölsəm , xoşlamıram.

 

İynə ucundan keçirəm,

ucuzluğa getmirəm.

Hamıya verdiyim dərsi

özümə öyrətmirəm.

 

Başıaşağı gəzsəm ,

başım aşağı deyil.

Necə nəğmə oxuyum ki,

ürəyim ağı deyir?..

 

***

 

Gəldi əcəl anları,

ilahi, bağışla məni.

Bir qadın qarğış eləyər.

bir qadın alqışlar məni.

 

Fələyin yazdığını

pozmuşam bilə-bilə.

Mən öz yolumdan çıxıb,

azmışam bilə-bilə.

 

Bir yola salanım var,

bir ki, qarşılayan...

Ömrümə şərik olub,

dərdimə qarışmayan.

 

Bilal ALARLI

 

Ədəbiyyat qəzeti.- 2018.- 6 oktyabr.- S.25.