"Nəsimi - şeir, sənət mənəviyyat festivalı" çərçivəsində keçirilən "Söz" ədəbi layihəsinin diplomantlarının Bakı Book Centerdə keçirilən Poeziya gecəsində iştirak edən gənc şairlərin Nəsimiyə həsr olunmuş şeirlərindən bəzi nümunələri təqdim edirik...

 

Rüstəm Tofik

 

Nəsiminin dilindən

 

Ta əzəldən mən əbədi mülkündə cövlan eylərəm

Özümü bir yan edib tüm xəlqi bir yan eylərəm

 

Faş edib aləmlərə kövnü məkanın sirrini

Dinlərə, qanunlara bir qanlı üsyan eylərəm

 

Çəkmərəm əl çəkməyincə darə meydanda məni

Ta ənəlhəq sirrini məşhuri-meydan eylərəm

 

Səhni-camedə ənəlhəq minbərin bərpa qılıb

Köhnə vəhyi tazə söz tək bir elan eylərəm

 

Əhli-iman arizusun arizu tək saxlaram

Möminə kafir derəm küfrüysə iman eylərəm

 

Cənnət içrə nəhrü əşcar axtaranda əhli-din

Damənim cənnət qılıb Mənsuru Rizvan eylərəm

 

Dəmbədəm asan görünmüş ləfzi müşkül göstərib

Mən minillik müşkülü bir dəmdə asan eylərəm

 

Bilmərəm rəmzü məcaz ol qədr aşkar söylərəm

Ta ki on dörd əsrlik Allahı insan eylərəm

 

Öldürün, dəfn eyləyin üstümdə yeddi daş qoyun

Yoxsa sağ qaldıqca hər gün çox daha qan eylərəm

 

Rüstəmin nitqində aşkar eyləyib əsrarımı

Rüstəmi-dəstan kimi, dillərdə dastan eylərəm.

 

Ədəbiyyat qəzeti.- 2018.- 6 oktyabr.- S.3.