Qayıdış...
hekayə
Ağac onu da başa düşdü ki, bu, yolun sonudur,
daha nə irəliyə, nə geriyə, nə sola, nə
sağa heç nə, heç bir yol yoxdur.
Və öz-özünə güldü; bədbəxt,
sən onsuz da yolsuzsan, ömürlük bir yerə məhkumsan,
əyilirsən, düzəlirsən, amma yarımca addım
da...
Neçə vaxtdır ki, ağac olduğunu düşünürdü.
Üstəlik onu da hiss edirdi ki, get-gedə kökləri
qıc olub yerbəyerdən çat verir, qırılır,
yarpaqları elə hey saralıb tökülür,
budaqları günbəgün quruyur; son ümid yeri gövdəsi
idi, gövdəsinə sığınıb gözləyirdi.
- Manqal üçün quru odun lazımdır, gör bu yaxınlarda nə
tapa bilərsən.
- Odur, ağacın quru budaqları...
- Ağaca dəymək olmaz!
- Söhbət ağacdan yox, quru budaqlardan gedir, ağaca yük olan
ölü budaqlardan!
- Yaxşı, sən deyən olsun, maşının yük yerindən
baltanı götür, dırmaş ağaca!
Sonra balta səslərindən qulaq
tutulurdu. Hər dəfə balta qalxıb enəndə
az qalırdı qulaq pərdələri cırılsın; hər
balta səsi canında küt bir ağrıya dönüb
göynəyirdi; elə acı, elə Allahsız göynəm
idi ki...
Manqal alovlanmışdı. Quru budaq parçaları
çırtaçırtla yanırdı...
- Şişlər hanı?
- Gətirmişəm, manqalın
yanındadır.
- Ət doğranıbmı?
- Hə, hamısını sənin öyrətdiyin kimi
doğramışam.
- Gedib hamısını gətir, öyrətdiyim
kimi şişlərə çək, beş-on dəqiqəyə
duzunu səpib düzərsən manqala, közün
üstünə. Mən gedim bulaqdan su gətirim, araq və
qarpız da yəqin buz kimi olub, hamısını gətirib
süfrəni düzəldim...
Sonra közün
üstündə yanıb
qovrula-qovrula qışqırırdı ki, sən bu
zülmü necə götürürsən, Allah?!
Allah kədərli idi,
kədəri köz kimi körüklənirdi,
qəlbi quru budaqlar kimi yanırdı, gözləri qan
çanağına dönmüşdü. Mələklər təşviş
içində vurnuxur, heç vaxt görmədikləri bu
ağır, yanğılı mənzərədən dəhşətə
gəlirdilər...
Bəsdir
daha!!! - Qəfil
qışqırığa hamı diksindi.
İclası aparan hamıdan
çox diksinmişdi, elə
diksinmişdi ki, eynəyi gözündən yerə
düşmüşdü; əyilib eynəyini
götürdü, sınıb-sınmadığını
yoxlayıb rahat nəfəs aldı:
- Kim idi o yaramaz?!
- Mən idim...
Bağışlayın, cənab...
- Nəyi bağışlayım?!
Niyə bağışlayım?! Necə
bağışlayım?!
- Mən... Mən... Ağac... Manqalın
üstündə...
Hamı güldü. Əslində, bu, gülüş
deyildi, hırıltıdan qulaqları tutulurdu.
- Çıx! Çıx bayıra! Sənin
adam olmağına hələ çox qalıb, odunun biri odun!
Müavin
direktorun səsinə
səs verdi:
- Düz deyirsiniz, bu, heç vaxt adam
olmayıb; kötük idi, kötükdür və
kötük olaraq qalacaq. Bunda mərifətdən, mədəniyyətdən
əsər-əlamət...
Hırıltıdan yenə qulaq tutuldu. Yeganə gülməyən birinci müavin idi,
qızarmışdı, əsəbi şəkildə demək
istəyirdi ki, qaydaya əməl etmək, öz növbəni
gözləmək lazımdır; sən özün nə
vaxt adam olacaqsan, ay adi müavin oğlu adi müavin...
Müavin
çox mötəbər
mənbədən dəqiq məlumat almışdı
ki, birinci müavin vurulmaq, ən azı işdən qovulmaq ərəfəsindədir
və buna görə onun qızara-qızara
düşündükləri heç vecinə də deyildi, əksinə,
bir pillə yuxarı yüksələcəyi ümidi və
inamı ilə bəxtəvərlik badələrini nuş
edirdi, eləcə xoşbəxtlik dəryasına baş
vura-vura, qalstukunu düzəldə-düzəldə dedi:
- Vaxtında mövqe və münasibət bildirmək, həqiqi vətəndaşlıq
qeyrətiylə həqiqəti demək lazımdır,
qızara-qızara susmaqla çox da uzağa getmək olmaz.
Susmaq səhvlərlə barışmaq, alçaqlarla bir yerdə
olmaq əlamətidir, belələrinə
sıralarımızda yer olmamalıdır və yəqin ki,
olmayacaq! Çox qısa zamanda
haqq və həqiqət öz yerini tutacaq!
Hamı əl çaldı; alqış və hırıltı səslərindən
qulaq tutulurdu.
Qulaqlarını tutdu, amma səslər
azalmadı.
Heyrətlə ətrafına baxdı, heç kim yox idi.
İclas hanı bəs? Büzüşüb
balacalaşa-balacalaşa, lap yumağa dönə-dönə
acı-acı gülümsündü, gözlərinin dərinliyində
dəli bir hönkürtü dil açdı; qəfildən əliylə
ağzını qapadı, körüklənən
hönkürtü səsini boğub korun-korun tüstüləndi...
- Əmi, ay əmi...
Hər tərəf
tüstü içində
idi, tüstüdən göz-gözü görmürdü.
- Amca, ay amca...
Tüstü qara lehmə, iylənmiş bataqlıq
palçığı kimi bütün
varlığını, bütün ruhunu
bürümüşdü, yerlər, göylər üfunətli
palçıq içində idi.
- Dyadya, ey, dyadya...
Palçıq qara-qançır girdab
kimi bütün yerləri, göyləri,
bütün dünyanı özünə çəkib udur,
yox edir, doydum demirdi...
- Müsyö, ay müsyö...
Mələklər iyrənc palçığa
heyrətlə baxır,
xısın-xısın nəsə
danışa-danışa başlarını
bulayırdılar. Bircə şeytan nəşəylə gülə-gülə
deyirdi ki, əvvəli palçıq olanın sonu da
palçıq olar, qorxunc, üfunətli, iylənmiş
palçıq! Bataqlıq palçığı!..
- Mister, ey, mister...
Balaca qız uşağı idi,
gözlərindən bıldır-bıldır yaş axa-axa
onun şalvarının dizindən tutub çəkirdi, evdə,
qonşuda, küçədə, ekranlarda eşidib öyrəndiyi
bütün sözlərlə onu
çağırırdı.
Bir anda min ilin yuxusundan
oyanıb titrədi, əyilib uşağın qabağında
diz çökdü, hönkürtüsü boğulan
gözləriylə ona baxdı:
- Nə deyirsən, canım-gözüm? - Və
hönkürtü bütün bənd-bərəni
söküb dağıtdı, qarşısıalınmaz selə,
daşqına döndü; hələ dünyada qəfil
hönkürtünün qabağını heç bir
qüvvə, heç bir bənd ala bilməyib...
Uşağın gözləri sübh
günəşi kimi heyrətlə
açılmışdı:
- Əmi... Amca... Dyadya... Müsyö... Mister...
Nolar, ağlama. Bax, mən daha ağlamıram, sən də
ağlama...
Hər iki əliylə var
gücüylə ağzını qapadı,
hönkürtüsünü boğdu; bənd-bərəni
söküb dağıdan dağıdıcı
daşqın, qəfləti sel səngiyib boğula-boğula
susdu.
Uşaq
böyük bir iş görübmüş kimi fərəhləndi,
hətta gözlərində ilk badam gülü kimi təzə-tər
təbəssüm çiçəklədi, sir-sifətində
gülüş qırıntıları sayrışdı:
- Bax belə, sən yaxşı əmisən... amcasan...
dyadyasan... müsyösən... mistersən... Ağlama, - balaca
əlləriylə selin, daşqının ayaq izlərini,
çala-çökəklərdə ilişib qalan göz
yaşlarını silə-silə ona ürək-dirək
verdi, - hər şey
yaxşı olacaq, bir də heç vaxt ağlama; bilirsən,
böyüklər ağlayanda uşaqlar ölmək istəyir...
- Susub başını qaldırdı, buludların
arasından ağappaq iplər kimi şüaları sallanan
günəşə, ondan da ucalara baxdı. - Nolar,
böyükləri ağlamağa, uşaqları ölməyə
qoymayın...
Leysandan sonra açılan səma dumduru idi. Dünyanın duruluğu gözlərini
qamaşdırırdı.
Sakitləşmişdi. Uşaqdan soruşdu:
- Məni niyə çağırırdın?
Uşaq
ağacın quru budağına ilişən şarını
göstərdi:
- İstəyirdim ki,
onu xilas edəsən.
Acı-acı gülümsədi:
- Xilas... Sən lap böyüklər kimi
danışırsan. Bu dəqiqə sənin arzunu yerinə
yetirib şarını xilas edərəm...
Quru budaqlarına
uzun-uzadı baxdı,
nigarançılıqla, diqqətlə, dönə-dönə
baxdı, nəhayət ki, yaşıl şarı
gördü, xeyli rahatlandı, hətta demək olar ki, bir
anlıq xoşbəxt oldu. Şarın ağappaq ipi qupquru
budağa dolaşmışdı, elə bil şar
özünü asmışdı, yel vurduqca yellənirdi.
Yarpaqları sarala-sarala tökülən əlini uzadıb
şarın quru budağa dolaşan ipini açdı; əyilib
yenidən balaca qızın qarşısında diz
çökdü, özünü quru budaqdan asan yaşıl
şarı ona uzatdı:
- Al, bu da sənin şarın.
- Bu, hamımızın şarıdır,
təkcə mənim deyil.
- Necə yəni?
- Görmürsən? Üstündə bizim
planetin şəkli çəkilib, bax da, bunlar qitələrdir,
bunlar okeanlardır... Sən baxçaya getməmisən?
- Hımm...
- Mızıldama, ya hə de, ya yox, görünür, getməmisən,
baxçada bunların hamısını öyrədirlər.
- Qız balaca əlini uzadıb yenə onun göz
yaşlarını sildi və kədər külçəsini
daha yaxından görüb tez pıçıldadı. -
Ağlama, kədərlənmə, mən heç kimə demərəm
ki, sən heç nə bilmirsən, - bir qədər susub
çiçəkləyən təzə-tər təbəssüm
içində davam etdi, - mən sənə
hamısını öyrədərəm, özünü
quru budaqdan asan şarın axmaqlığını da,
pişikləri tutmağın ən asan yolunu da, yağ-çörəyi
ləzzətlə yeməyin sirrini də, hamısını,
hamısını öyrədərəm, təki sən
ağlama, kişilər ağlamaz. - Qəribə, sirli
düşüncələr içində
pıçıldadı, sanki böyük bir sirr
açdı. - Kişilər ağlayanda dünya yetim
qalır...
Uşaq
susdu, elmi mühazirəsini danışıb qurtaran
babası - qoca akademik kimi dərindən nəfəs aldı,
eynən onun təki başını bulaya-bulaya
öz-özünə deyindi: "İndiki insanlar heç nəyi
bilmirlər, bilmək də istəmirlər, bunların
axırı necə olacaq?.." - Eləcə
öz-özünə deyinə-deyinə,
danışa-danışa, əlindəki ağappaq ipdən
asılan yaşıl şarını yellədə-yellədə
uzaqlaşdı.
Quru budaqlar manqalın içində çırthaçırtla
yanıb köz salmışdı, şişlərə
çəkilən təzə ət cızhacızla bişib
qızarırdı və qaydanı pozub növbədənkənar
danışan adi müavinə hirs-hikkəylə baxan birinci
müavin pörtüb qızara-qızara bilmirdi neyləsin, kəsilə-kəsilə
yanında oturan təsərrüfat işləri şöbəsi
müdirinin əlindəki ağappaq ipə baxırdı...
Qəfildən gördü ki, qupquru budaqlarında ətcəbala tumurcuqlar yuxulu gözlərini açır, bapbalaca yaşıl yarpaqlar gülüşür. Gün işığında gözü qamaşan ətcəbala gülüş
səsləri dirilik suyu kimi qupquru
budaqların canına
hopur, canın sirli yollarında sürünür, iməkləyirdi.
Allahın gülən gözləri
əsl xoşbəxtliyin
nə olduğunu göstərirdi. Və
Adəm oğlu adam Allahın
qadir qələmiylə
yazılan, göstərilən
bu möcüzəyə
baxa-baxa çoxdan unutduğu özünü
görür, neçə
vaxtdır tərk etdiyi özünə qayıda-qayıda xoşbəxt
olurdu.
***
Xalqlar da belədir, zaman-zaman İtkin yollardan özünə dönür, yorğun yaddaş ağacında ətcəbala tumurcuqlar göz açır, yaşıl yarpaqlar gülüşür, qırılan köklərinə, quruyan budaqlarına qayıdır; onda köklər daha dərinlərə, budaqlar daha ucalara can atır, xoşbəxtliyin işığında Allahın gülən gözləri daha aydın görünür və bilənlər bilir ki, Allah bilir ki, bilənlər bilir. Bu, gülən gözlərin əbədi sirridir.
Sadıq
Elcanlı
Ədəbiyyat qəzeti.- 2018.- 6
oktyabr.- S.20.