Ekranlaşdırılmış ədəbi
əsərlər
Layihədə
təqdim etdiyimiz növbəti ekran əsəri antik yunan
dramaturqu Evripidin "Medeya" faciəsi əsasında
çəkilmiş eyniadlı iki filmdir. Filmlərdən birinin müəllifi italyan Paolo Pazolini,
digərinin müəllifi isə danimarkalı Lars fon Trierdir.
Dünya kinosunda Medeya obrazı həm "Yason və
arqonavtlar" haqda çəkilən müxtəlif janrlı
filmlərdə yer alıb, həm də Medeyanın hekayəsi
ayrıca bədii film kimi işlənilib. Amma kinoda
Medeya obrazından danışarkən, əsasən, iki dahi
rejissorun - Pazolininin və Trierin ekran əsərlərinə
istinad olunur.
Mövzunu araşdıranda Medeyanın hekayəsinin
motivləri əsasında çəkilmiş daha bir film diqqətimi
çəkdi.
Bu, italyan rejissoru Tonino de Bernardinin 2009-cu ildə
ekranlaşdırdığı, dünya kinosunun parlaq
aktrisalarından biri, fransız İzabel Yupperin baş rol
aldığı "Medeyanın möcüzəsi"
dramıdır. Yupperin universal
fakturasını, ustalığını, geniş
imkanlarını nəzərə alsaq, cəsarətlə
"Medeya məhz odur" demək olardı. Ancaq təəssüf ki, filmi izləmək əlçatan
olmadığından, onun necə bir keyfiyyətdə çəkilməsi
haqda nəsə söyləmək çətindir. Yazılanlara görə, süjetdə yunan mifindəki
hadisələr fərqli şəkildə müasir
dövrümüzə gətirilib. Əsərin
qəhrəmanı, iki qız anası İren xəyanətkar
ərindən qisas alsa da, özü daha çox iztirab çəkir.
Ətrafı onu pis ana olmaqda ittiham edərək,
uşaqların himayədarlığından məhrum etmək
istəyir. Emosional gərginlik keçirən
qadın uşaqlarını qətlə yetirmək fikrinə
düşür, ancaq Medeyadan fərqli olaraq, son nəticədə
özündə güc taparaq fikrini dəyişir.
İren Parisdən gedərək, yeni həyata başlamaq qərarına
gəlir...
Gələk, yunan mifinə. Mifə görə
Peli ögey qardaşı Esonun İolkdakı hakimiyyətini əlindən
alır. Esonun oğlu Yason
böyüyüb hakimiyyəti geri almaq istəyəndə əmisi
ona Kolxidadan qızıl qoçun dərisini gətirməyi
tapşırır. Yason və arqonavtlar dərini
əldə etmək üçün yola düşürlər.
Kolxida şahı, günəş Allahı Heliosun
oğlu Eyet qızıl dərini ona verməkdən imtina edir. Eyetin
qızı sehrbaz Medeya Yasona aşıq olur və dərini
oğurlamaqda ona kömək edir. İolka birlikdə
qayıdan Yason və Medeyanı qardaşı Absirt təqib
edir. O, qardaşına Yasonla birlikdə tələ qurur.
Onu öldürüb bədəninin
parçalarını çaya atırlar. Absirtin döyüşçüləri onun hissələrini
yığana qədər, artıq Medeya və Yasonun olduğu
gəmi uzaqlara üzür.
Peli qızıl qoçun dərisini gətirən Yasona
hakmiyyəti qaytarmaqdan imtina edəndə Medeya hiylə ilə
onu öldürür. Qətlə görə İolkdan qovulan
Medeya və Yason Korinfə üz tuturlar. Evripidin
pyesi də məhz burdan - Korinfdən başlayır. Yason Korinf şahı Kreontun qızı Qlavkaya
aşıq olur, Medeyanı və iki oğlunu tərk edir.
Ərinin xəyanətindən sarsılan Medeya
qisas almağa qərar verir.
Medeya Afina hökmdarı Egeyi, ona sığınacaq verməsinə
razı salandan sonra, öz planını həyata keçirir.
O, Qlavkaya
toy hədiyyəsi olaraq, geyim və tac
bağışlayır. Geyimə və taca
hopdurulan zəhər qızın bədəninə yeriyir,
atası köməyə tələsəndə o da
ölür. Həm Kreontun
qohumlarının oğullarından qisas alacağını
düşünərək, həm də Yasona daha ağır
zərbə vurmaq üçün Medeya doğma
övladlarını da qətlə yetirir.
Bəzi
qeydlərə görə, korinflilər tarixə uşaq
qatili kimi düşmək istəmədiklərindən
Evripiddən, əsərində qətli Medeyanın adına yazmağı xahiş ediblər. Və Evripid bu xahişi rüşvət
qarşılığında yerinə yetirib.
...Trier
filmi böyük danimarkalı rejissor Karl Dreyerin ssenarisi əsasında
1988-ci ildə lentə alıb. Vaxtilə Dreyer, Evripidin əsərinin
motivləri əsasında yazdığı ssenarini
reallaşdıra bilməyib.
Trier bu
haqda deyir: "Mən Dreyerin filmini çəkməyə cəhd
etməmişəm. Ancaq orijinala və ustada dərin
hörmətimi ifadə edərək, öz bədii yozumumu
göstərmişəm".
Trier məkanı dəyişərək, hadisələri
Yunanıstandan Orta əsrlər Skandinaviyasına gətirib. Daim tutqun hava, duman, qorxu
aşılayan sərt dəniz mənzərəsi, qumluqlar,
qorxunc külək, dəniz səsi əhvalatı nuar
estetikası (nuar fransızcadan qara deməkdir, bu estetikada
çəkilən filmlərə adətən kriminal süjet
xasdır, interyer, natura tutqun rənglərlə işlənir,
hava yağışlı, atmosfer bədbin olur, gecəni və
ya gündüzü müəyyən etmək çətinləşir,
qəhrəmanla antiqəhrəman arasında sərhəd
silinir və s.) ilə yükləyir. Seçilmiş
estetika isə hekayənin faciəvi mahiyyətini tamamlayır.
Bundan başqa filmdə ekspressionizmə xas bəzi əlamətlər
sezilir: misalçün, məkanda, dekorasiyalarda ekspressiya,
kölgə və işıq oyunu ilə predmetlərin, məkanın
təhrifi və personajların daxili mücadiləsinin
vizuallaşdırılması, bəzi kadrların iti bucaqdan
çəkilməsi ilə əndişə duyğusunun
ötürülməsi.
Trier filmin proloqunu titrlərdən başlayır. Medeya
yazılmış titrdə, ağac şəklində
göstərilən D hərfindən asılmış iki
uşaq təsvir edilir, bununla da müəllif
tamaşaçını pyesin mətnindən fərqli olaraq,
daha tükürpədici səhnə
hazırladığına eyham vurur. Bir qayda
olaraq, seyrçini qəddar, gözlənilməz səhnələrlə
emosional şoka salmaq, onu psixoloji sınaqlara məruz qoymaq kimi
provokasiyalar Trierin kino dünyası üçün
xarakterikdir.
Onun yaradıcılığında qadın mövzusu
xüsusi yer tutur. Qadınlar onun əsərlərində
gerçəkdə malik olduqları imkanları aşaraq,
mahiyyətində daha mühüm, bəşəri, fövqəlgüc
və məna daşıyırlar.
O, Medeya
obrazına da xüsusi həssaslıqla yanaşır, onun əzablarını,
daxili konfliktini anlamağa və göstərməyə
çalışır. Yunanlar üçün
Medeyanın ilahə ilə cadugər arasında olan statusu
vardı. Trier yozumunda Medeyanı ilahə,
sehrbaz statusundan məhz adi qadın statusuna endirir. Və öz konsepsiyasına sadiq qalaraq, onun
obrazını məhz qadınlığından yola
çıxaraq göstərir.
Əhvalatda Medeyanın tərəddüdləri, ağrıları,
çıxılmazlığı, qətl planını həyata
keçirməyin ondan ötrü necə bir əzab olduğu
təsirli iri planlarla, psixoloji rakurs və mizanlarala, kölgə
və işıq oyununda açılır.
Maraqlı orasıdır ki, Trier Medeyanı ustadı
Dreyerin Janna Dark obrazına uyğun işləyib.
Dreyerin 1928-ci ildə çəkdiyi, kinematoqrafiyanın ən
yaxşı nümunələrindən sayılan "Janna
Darkın izitirabları"nda personajın psixoloji vəziyyətini
dinamikləşdirən iri planlardan istifadə olunur.
Janna Dark əksər kadrlarda təkdir və
bu, qəhrəmanın ifadəliliyini, əzəmətini
artırır. Dreyer Jannanın simasında
döyüşçü yox, təhqirlərə dözən,
iztirab çəkən qurbanı, müqəddəsi göstərib.
Bununla da onu İsa Məsihlə eyniləşdirib.
Trier də Medeya obrazına münasibətdə məhz
Dreyerin yolu ilə gedir. Medeya daha çox yaxın planlarda və əksər
kadrlarda tək göstərilir, kamera onun əzəmətinə,
üzünün əzablı ifadəsinə, gözlərinin
kədərinə xüsusi vurğular edir. Əgər Pazolininin Medeyası zərif, cazibədardırsa
(üstəlik, Medeya rolunun ifaçısı Mariya
Kallasın gözəlliyi bu imkanı verir), Trierin Medeyası
soyuqdur, sərtdir, onda cəngavərsayağı
döyüş ruhu sezilir. Və onun soyuqluğu, sərtliyi
altında sezilən iztirabları daha toxunandır və təhtəlüşura
birbaşa işləyir.
Medeya rolunun ifaçısı Kristen Olesen
öz qəhrəmanının daxili aləmini təmkinli və
ifadəli oyun tərzi ilə açır.
Filmdə maraqlı, eksperimental kadr var. Medeya Egeyin ona
sığınacaq verəcəyinə əmin olandan sonra, qətl
planları haqda qərar verir. Əvvəlcə
bütün kadrı nəhəng, qorxulu buludlar tutur və
kadrın aşağı hissəsindən yuxarıya doğru
qalxan Medeya buludlar fonunda təsvir olunur.
Aşağıdan, yarıköndələn və iti bucaqdan
çəkilmiş bu planda Medeya qanlı döyüşə
qərar vermiş tirana bənzəyir, amma
eyni zamanda tiraniya üzündəki iztirabla qəribə
kontrast yaradır.
Trier də Medeyanı İsa Məsihlə eyniləşdirir,
İncil motivlərindən yararlanır. O, çöllükdə
uşaqlarını arabayla, sonsuz işgəncə çəkirmiş
kimi daşıyır. Təsvir İsa Məsihin
ağır xaç daşımasını xatırladır.
Fonda onun zəhərlədiyi Qlavka və
atasının əzabla ölməsi əks olunması, bu
aktı həyata keçirməyin Medeya üçün asan
olmadığının ifadəsidir.
İncil motivindən final səhnələrindən
birində də istifadə edilir. Medeya
uşaqlarını xaç formasında olan ağacdan
asır. Uşaqlarını asanda kamera
Medeyanın əzab çəkən üzünə
fokuslanır. Qətl aktını həyata
keçirən Medeyanın əzab çəkməsini
göstərməklə, Trier sanki ona bəraət verir.
Üstəlik, bəraətini - böyük
oğulun kiçik qardaşının ağacdan asmasına
anasına kömək etməklə, özünün də
anasına itaət edərək, öülümünə
könüllü razılıq verməsiylə gücləndirir.
İtaət isə xristianlıqda yaxşı məziyyətlərdən
sayılır. Beləcə, Trier yunan
mifologiyası ilə xristianlıq dəyərlərini sintez
edir.
Dreyer ssenarini işləyəndə, pyesdə
Medeyanın uşaqlarını xəncərlə
öldürməsini qəddar saydığından, onu zəhərlə
əvəzləyir. Trier isə ssenarinin əksinə olaraq,
daha qəddarını seçir, onları asmağa qərar
verir.
Rejissorun digər filmlərində olduğu kimi, burda da
qadın öz gücünün sərhədlərini
keçir, onun üçün dözülməz olan
planları reallaşdırır. Medeyanın
qadınlıq instinktləri analıq instinktlərinə qalib
gəlir. Trier qadının günahına
kişini də şərik edir. Medeya bir
qadın kimi Yasona görə mövcud idi. Lakin Yason Medeyada onu sevən, ona görə hər
şeyindən keçən bir qadını
öldürür. Və xəyanəti ilə
onu qadınlığından qoparıb cadugər başlanğıcına
qaytarır.
Əhvalatın ən təsirli epizodlarından biri
Yasonun ölüm səhnəsidir. Uşaqlarının
asıldığını görən Yason dərddən
ağlını itirir. Onun
ağlını itirməsini müəllif dar kadr -məkanda
vizuallaşdırır. Kadr çıxış yolu
olmayan, lənətlənmiş, hermetik təsvir olunur: Yason məkanda
dəli kimi qaçaraq ondan qurtula bilmir. Və
rejissor bununla Yasona Medeyadan daha ağır cəza verir.
Filmdə ən çox istifadə olunan obraz dənizdir. Dəniz ölümün və həyatın
metaforudur. İlk kadlarda qumsallıqda
uzanmış Medeyanın cansız bədəninə su dəydikcə
o ayılır. Finalda eyni mizan Yasonla
qurulub. Amma burda dəniz onun
ölümüdür.
Son səhnələrdən birində, bütün
filmboyu qara yaylıqda gəzən Medeya onu açır,
qırmızı saçları çiyinlərinə
dağılır. Onun vücudunda, üzündə rahatlıqla
yanaşı əzab ifadəsi də var: o, qisas alsa da, törətdiyi
günahı ömrü boyu daşıyacaq.
Pazolininin (film 1969-cu ildə lentə alınıb) yozumu
isə daha fəlsəfidir və siyasi mənalara söykənir. Buna görə
də Medeyaya, onun daxili konfliktinə, xüsusi diqqət
ayırmır, əhvalatı, personajları psixologizmlə
yükləmir.
Film bir neçə hissədən ibarətdir. Yasonun
uşaqlığı, qızıl qoç arxasınca
Kolxidaya getməsi, Medeya ilə tanışlığı və
Korinfdəki əhvalat.
Pyesdən fərqli olaraq, Pazolininin əhvalatında Yason
İolkda hakimiyyətdən imtina edir, çünki bu səyahət
ona dünyanın düşündüyündən daha
böyük və dərin olduğunu anladır.
Bədii mətnin əksinə olaraq, Medeyanın
qardaşı Absirt qızıl dərini oğurlamaqda ona
yardımçı olur. Və Medeya sonradan onları təqib edən
qoşunu ləngitmək üçün onu
öldürür.
Pazolini ateist idi və film də yunan tanrılarına bir
növ üsyan ruhunda çəkilib, mif dünyası ilə
reallıq qarşı-qarşıya gətirilir. Medeya mif
dünyasını, Yason isə gerçəyi, öləri bəndəni
təmsil edir.
Medeyanın məxsus olduğu dünyada tanrılar
üçün qurbankəsmə mərasimləri qəddar,
vandallıq kimi təsvir olunur. Korinf
şahının idarəetdiyi ölkə isə daha sivil,
gerçəkdir. Məkrli Medeyaya isə
burada yer yoxdur.
Yason tamahkar, şöhrətpərəst yox, səmimi,
hakimiyyət hərisi olmayan biri kimi təsvir olunur. Və o,
Medeyanın hakimiyyətindən qurtulmaq istəyir.
Pazolini Qlavkanın ölüm səhnəsini iki versiyada
təqdim edir.
Birində Qlavka və atası geyimdən zəhərlənərək
yanır. İkinci versiyada isə hər
ikisi intihar edir. Güman ki, ilk versiya sadəcə
Medeyanın təsəvvüründə baş verir. İkinci versiya isə reallıqda. Burda
Qlavkanın intiharına səbəb artıq donu geyinəndə
ölümə məhkum olunduğunu hiss etməsidir.
Medeyanın qətlinə, sehrinin gücünün
qayıtmasına da məhz babası, Günəş
tanrısı Helios kömək edir. Tanrı Pazolini üçün tiran, diktatordur və o, gözəl olan hər
şeyi məhv edir. Finalda da Tanrı insana qalib
gəlir.
Çəkilişlər Türkiyənin Kappodokiya
bölgəsində baş tutub. Bölgənin
maraqlı landşaftı, qədim mağaralar, qayalardan
yonulmuş məbədlər əhvalat üçün zəruri
olan bütün atmosferi yaradıb.
Sevda Sultanova
Ədəbiyyat qəzeti.- 2018.- 6
oktyabr.- S.18-19.