Qara - Şantaramdan sonra...
Rənglər
silsiləsi
"İlahi, bizi xilas et!
İlahi, bizi əfv et!
Həyat davam edir."... - bu hekayənin sonunda bütün dünyaya qoşulub dua etməli olacaqsınız...
***
Onu uzun zaman düşündüm... və o zaman Şantaramı tanımırdım...
Axşam qaranlığında şüşələrinə yağış damcıları çırpılan avtobusun içindən şəhərin işıqlarına baxa-baxa...
Qara harda başlayıb? İlk dəfə kim əlinə bir qara parçası götürüb qara xətt çəkib? Dünyanın ağ-qara nizamı (nizamsızlığı) hardan başlayıb, hara yollanıb? Bütün suallar həmişə cavabsızdır...
İş otağımın pəncərəsindən onunla üz-üzəyik, damı qırmızı kirəmitli ikimərtəbəli evin çardağının şimal üzü nədənsə örtülməyib. Bəlkə o evi atıb gediblər, bəlkə satıb gediblər, o çardağın bir tərəfi eləcə qalıb. Ordan mənə kiçik və dərin qaranlıq boylanır. Gündüzlər bütün söhbətlərimi o çardağın qaranlığına baxa-baxa edirəm, mən o çardağın qaranlığının hər zərrəsini söz-söz tanıyıram. Gecə pəncərəmdən baxıb onu görmürəm, amma bu heç nəyi dəyişmir - o, ordadır...
Qaranlıq - qaranlığın içində...
***
Uşaq evinin balacalarıyla rəsm çəkmək qərarına gəldik... Nağıl qəhrəmanları rənglərə çevrilməyə başladı... Cəsur, qorxmaz, mərhəmətli və qəddar, hiyləgər, amansız qəhrəmanlar... Kiçik barmaqların arasında karandaşlar kağız üzərində gedib-gəlir, enib-qalxır, sürüşür, qırılır...
Onların arasında gəzişib söhbətə tutmağa çalışıram. O, hə, həmin o, birdəncə məni cəlb edir, baxıram, baxıram, baxıram... Bircə dəfə də karandaşının birini yerə qoyub, o birini götürmədi... Yaxınlaşıram, başının üstündə dayanıram, əlləriylə birlikdə sinəsini də çəkdiyi rəsmə qapayıb onu məndən gizlədir... Üzünü masanın üstündəcə çevirib baxır, gülümsəyirəm, baxmaq istədiyimi deyirəm... "Sizin ondan xoşunuzun gəlmədiyini bilirəm" - deyir... Sərrast, aydın, qəti, düzgün cümlə qurub. Səssizcə gülümsəyirəm, təslim olub, rəsmini uzadır...
Qara... qara... qara... Ağaclar, çay, küpəgirən qarının daxması, mərhəmətli qızın üzü-gözü, geyimi, baba da, nənə də, qoğal da...
Gülümsəyə bilmirəm... Gözlərinin düz içinə baxıram, düz içinə... Düz gözlərinin, qap-qara bəbəklərinin içinə: "Sizin ondan xoşunuzun gəlmədiyini bilirəm"...
***
...- Qara nədir?
Tələbələrimdən soruşuram... Neçə vaxtdır düşünürəm, düşünürəm, düşünürəm...
Gecə... Müharibə... Məzar... Gələcək... Yüksəliş... Naməlum... Rəng... Uçurum... Ölüm... - deyiblər...
- Axtarışdır, müəllim... - bunu deyən gənc tələbəmin üzündə donub qalmışam - bəs sizin fikrinizcə?
- Bilmirəm... Ona ədalətsiz yanaşdığımı düşünürəm. Qaraya yollanmaq istəyirəm, deyəsən, onu tanımağın vaxtıdır...
Qreqori David Roberts "Şantaram" romanını yazmağa başlayanda təxminən mən yaşdaymış... Taleyin ən dolanbac labirintlərindən keçib, həyatının min qatını keçəndən sonra başına gələnlərin təsvir edildiyi deyilən bu böyük mətni yazmağa başlayıb...
Gənc cinayətkar, üsyankar, qanun qaçağı Bombeyə ayağını qoyan anda hekayəsinə başlayır. O, bundan əvvəl də bir neçə cümləylə keçmişə nəzər salır və tez də xəbərdarlıq edir: "Mənim hekayəm Bombeyə gəldiyim ilk gündən başlayır".
... Qaraya xoş gəldiniz, budur o, atılmış adamın axtarışı, onu on yaşlı uşaq böyüyüb taleyin qarşısına qoyduğu ağ kağız üzərində bundan sonrakı həyatını çəkməyə başlayacaq... Bütün karandaşlar qarşısındadır - orda, qutuda, gözəgörünməz qara qutuda...
***
Tanrı,
bizi böyük bir boşluq içində atıb getməzdən əvvəl qarşımıza bir ağ
vərəq və içində rəngli karandaşların olduğu qutu qoyub... Hə, haqlısınız, əlimizi uzadıb hansını istəsək, götürə bilmirik, əvvəl ilk addımımızı atırıq, sonra ikinci, sonra yenidən birinci, sonra yenidən ikinci...
Üçüncü
addımın olacağını kim deyə bilər? Yoxdur... İnsan həmişə iki addım atır və sonra ya orda qalır, ya yenidən geriyə
addım atır...
Yorulana kimi...
Dayanana kimi... Darıxana kimi...
Oyanana kimi... İrəli, geri, irəli, geri...
Sonra yox
olur, boşluq olur - içinə dönür... Ağ-qara dünyasına...
Əslində,
qara yoxdur... Əslində, ağ da yoxdur... Bundan möhtəşəm
yoxluq tanımıram... Qaranın olduğu yer
bütün rənglərin ən çox olduğu yerdir.
Qara - ağın gizləndiyi xəzinədir, ən
böyük ağı ancaq orda tapa bilərsiniz: Qarada... və başqalarını,
sarını, qırmızını, yaşılı...
Özünüzü...
***
Şantaram,
insanın düşdüyü mühitin təsiri altında
istənilən şeyə çevrilə biləcəyinin
inkarı haqqında hekayədir... Sevginin, dostluğun, sədaqətin,
mərhəmətin; nifrətin, savaşın, xəyanətin,
qəddarlığın... Həyatın və
ölümün... Zənginliyin və səfalətin...
Gözlərin və qəlbin... Sözlərin və
sükutun... Tanrının və... Qaranın...
Nəhəng
xarabalıqların üzərində ucalan insanlıq abidəsi,
balıqçı qayıqlarının günəşin
pulcuqlanan işıqları arasında yırğalanması,
səma kəndiylə Prabakerin uzaq kəndi arasındakı
müqəddəs yol... Ona uzaqdan boylanmaq mümkün deyil,
onun sürüylə siçovul qaynaşan dar
cığırlarından başlamış, ən gizli
dalanlarınadək getməli olacaqsan... Möhtəşəm
sirli Hindistanın qapıları yerində dayanıb, minillərdir
bu torpaqlarda -
dünyada baş verənlərə - Əbdüllərə,
Qadir Xanlara... Qərib
yolçularına - Karlalarına, Abdullalarına, Xalidlərinə, Lettilərinə,
Ullalarına, Kişanlarına... baxıb müdrik-müdrik
susmaqdadır... Hindistan qapıları qarayla-qaranın,
ağla-ağın arasındakı keçid deyil,
Göyqurşağının altından keçə bilmədiyin
kimi, onun da altından keçə və paklaşa bilməzsən...
Heç, əbədi ayaqüstə dayanan kahinlər də sənə
kömək edə bilməzlər... Tanrı - axtarılan
heç yerdə deyil, qaradadır... Bütün rənglərin
yığışıb düyünləndiyi yerdə...
...Uzaq
zamansılıqlarda, uzaq boşluqlarda bir dəfə, necə
oldusa, Böyük Partlayış baş verdi və o qara
parçalandı... və biz yarandıq... və bizi
yaratdın, Tanrı!..
***
...Bir də
baxırsan, qanın insan taleyinin ağına çevrildiyi
dünyada - Əfqanıstan dağlarından birinin zirvəsində,
qaranlıq kahanın beş-on addımlığında
dayanıb, həqiqət deyilən olmazlığın
ağrısıyla doğuş sancısına
qatlaşmısan... Bükülürsən, açılırsan,
arabir başını qaldırıb buz kimi havada silahına
yapışmış əlini ordan qoparıb uzatmaq istədiyin
göyə boylanırsan... Doğuş başlayıb, amma
ordan Tanrı gəlməyəcək... əvəzində qar
yağacaq... Sonra bölündüyünü hiss edəcəksən,
bir tərəfin şaqqıltıyla sınıb
ayağının altındakı yoxluğa yuvarlanır...
atına minib çıxıb gedir... Səni doğuş
üstündə, körpənlə qoyub son
yolçuluğuna yollanır - qaraya...
Və
Tanrı hər yerdən yığışıb bətnindən
kiçik bir kıpırtı edir - Böyük
Partlayış... Kainat yaranır... Sən yoxsan, gəl bir də
bundan sonra kahanın başı üstündə peyda olan
düşmən əjdahasının alov püskürən
savaşına yalın əlli dayanan dostlarının necə
doğulub, necə öldüyünü izlə...
Hamı
ölür... Hamını öldürürlər... Səni Əfqanıstan
dağlarında savaşın və qanın
heç zaman görünməyən zirvəsinə çəkib
gətirən qaranlığı xatırlayırsanmı -
Karvan dar sıldırım qayaların arasındakı
qaranlığın arasından aylarla çəkən bir
yolçuluqla gəlib çıxmışdı...
Geriyə,
sehrli Hindistan qapılarının başına dolanan
dünyana cəmi bir saata qayıdacaqsan...
Kim qayıdacaq? Qayıdan kim olacaq? "O", kimdir?..
***
...Keçmişdən,
xarabalıqların arasından cüzamlı və vəbalı
insanların sakit taleyi boylanır... Heç bir var-dövlətin,
heç bir səfalətin, heç bir ehtiyacın məhv edə
bilmədiyi yüksək ürəklər - işığın
özü...
***
Görəsən, insan ilk dəfə nə zaman
gülümsəyib? Görəsən, Tanrı təbəssümü
hansı rəngin içində gizlədib getmişdi? Görəsən, insan ilk dəfə nəyin şəklini
çəkmək istəyəndə gözlərində o dəli
parıltı görünüb?
Görəsən, ilk dəfə gülümsəyən
insan nə hiss edib? Bəlkə ürəyi partlayıb, bəlkə ona
baxanlar donub qalıblar... Görəsən, kim
ilk dəfə ürək edib əlini təbəssümə
uzadıb? Görəsən, təbəssümü ilk dəfə
kim qucaqlayıb bağrına basmaq cəsarətinə sahib
olub?..
"- Əvvəlcə biz onun başına şlyapa, əyninə
də pencək geyindirdik, hətta kontorda işləyənlərə
oxşasın deyə, pencəyinə çətir də
bağladıq.
- Hə,
necə oldu, kontor işçisinə oxşadı?
- O qədər
də yox, - deyə Conni tamamilə ciddi cavab verdi.
- Əyninə pencək geyindirilmiş ayıya
oxşayırdı.
- Yaxşı görək!"
İnsan
həmişə gülümsəmək istəyir... İnsan
fəlakətə heç zaman alışmayacaq, insan
heç zaman ağlamaq istəmir... İnsan onu ağladan hər
şeyə həmişə qorxuyla yanaşacaq... İnsan
heç zaman sevincindən ağlamayıb, ağlamayacaq da...
Sevindiyindən ağladığı deyilən insan həmişə
qorxudulmuş və sonra sevindirilmiş insandır...
Bağışlanmaz
günahlar... Kor xanəndələrin nəğmələrini
dinləyən əli qana batmış insanlar... İnsan günahlarının
bağışlanması üçün Tanrıları
quranda, görəsən, günahın özü barədə
nə düşünürdü? O, daha çox nədən
qorxurdu? Onun qarası hardaydı, qaranı hiss etməzdən əvvəl...
Onların
Allahı başkəsən deyil, onlar baş kəsirlər,
onlar bunu Allahdan qorxa-qorxa edirlər, qorxa-qorxa silah çəkir,
ev dağıdır, adam öldürür, yüzillərlə
davam edən amansılıqlar törədir... və Allah
üçün savaşdıqlarını deyirlər... Amma
silahların alınmasına sərf ediləcək pulların
pozğunluqdan və narkomaniyadan qazanılmasını
günah hesab edirlər... Onların yolu günahdan-günaha
gedir... Yox, bu qaradan-qaraya getmək deyil... Bu qələmlərin
rəngi yoxdur...
Qələm
kimin əlindədir?..
Bəlkə
də bu yerdə hər insanın Kanonun necə
qaçırılmasından xəbəri olmalıdır... Nəhəng
mehriban ayı və dünyanı unudub onu xilas etməyə
çalışan ağ adamlar...
Ümid,
yenə də Tanrıyadır... Qaneş, bəndələrini
bağışlayar, Qaneş müvəqqəti ayı
olmağa etiraz etməz... Tanrı, həmişə
Tanrıdır... Üstəlik, Qaneş maneələrin dəf
edilməsi tanrısıdır... Gülümsə, əziz
oxucum... Tanrı, təbəssümü sevir...
***
Bunu ən
tez zamanda etməliydim... və... etdiyimi düşünürəm...
İnsan, işıq axtarırsa, qaraya getməlidir... İnsan
məhəbbət axtaranda da, bağışlamaq istəyəndə
də, yaşamaq istəyəndə də, əzəlinə
dəyib-qayıtmaq, iki addım irəli, iki addım geri dairəsini
tamamlamaq istəyəndə də öz- öz qarasına
yollanır... Onun içindəki gerçəksizliyi, gərəksizliyi,
varlıqsızlığı - gözəlliyi duyur...
Qara,
qorxulu deyil, amma dərindir... Ordan qayıtmamaq
mümkündür... Qara dumanda yox olub
zamansılığın bilinməyən qapısından
çıxıb müəlliminin - İdrisin
axtarışına yollanmaq da...
Görəsən,
Azadlıq nədir?.. Onu boşluq
adlandırdım... Amma qaradan keçmədən hər
şeyin (heçnəsizliyin) varlığındakı
(yoxluğundakı) qələmlərə əlini uzada bilməzsən...
Şantaram
- "O"-na, qaraya addım
atmağın astanasında qoyulmuş addır - "Sülh
adamı" - zamansız dincliyin insanı...
Tanrı
nə etdiyini taa başında bilirdi...
"Birdən-birə bu boşluğun nə olduğunu
və necə adlandığını anladım. Biz,
özündə böyük bir rahatlıq aləmini ehtiva
etdiyini anlamadan, daim o sözdən istifadə edirik. O
söz "azadlıq" sözüdür"...
***
Sevgili
qara, məni qəbul etdiyin üçün minnətdaram...
"Həyat
davam"... edəcək...
21 sentyabr
2018
Hədiyyə Şəfaqət
Ədəbiyyat qəzeti.- 2018.- 6 oktyabr.- S.14-15.