Xilaskar şam...

 

Andrey Tarkovskinin "Nostalgiya" filmi üzərinə variasiya

 

Su, atəş və kül...

İnsan sudan doğulur, atəşdə yanır və kül olur. Andrey Tarkovskinin "Nostalgiya" filmindəki Andrey Qonçarovu xatırlayırsınız? Yaşadığı dünya onun ruhuna dar gəlir, onu həqiqətə aparan yollar sis, duman içindədir. Qəlbin yolları kölgələrlə örtülüb. Dəli Domeniko ona bir şam verir və "onu həmişə özündə saxla" deyir. Divara yansıyan işığın söylədikləri bizə həqiqəti nişan verir. Səməndər quşu odda yanıb külündən doğulduğu kimi, insanoğlu da yanmalıdır ki, yenidən doğulsun.

Domenikonun şamı mənə Ramiz Rövşənin Füzulinin xatirəsinə yazdığı "Şam" şeirini xatırlatdı:

Yüz illərdi bir şam yanır,

Küləklər söndürə bilmir,

Yüzlərlə əllər uzanır,

İşığını dərə bilmir.

Yanmaqdan usanmayan o şam dünyada hələ nə qədər həqiqət aşiqlərini yandırıb kül edəcək...

Nostalgiya bizim zaman qarşısında gücsüzlüyümüzdür. Biz həmişə nəyinsə, kiminsə xiffətini çəkirik - ötən günlərin, bizi tərk edənlərin, varlığımızdan qopan nəsnələrin, itirilmiş, istifadə müddəti bitmiş əşyaların...  Bu yerdə Markesin "əşyaların da ruhu var" fikrini xatırladım. Bir də Marsel Prust pedantizmi... Ömrünü "İtirilmiş zamanın axtarışı"na sərf etmiş söz nəhəngi... Nostalgiya sanki tarixin və kainatın gözləmə salonunda bir nəfəsdərmədir, dincini almaqdır. İllər keçdikcə bu hiss bir az da qatılaşır, insanın ruhuna çökür, iç yaşamına sirayət edir. İçinə nisgil dolduqca nisgil rəngində yazılar yazmağa başlayırsan. Nostalgiya yaranışın, təbiətin təməllərinə qayıdış ehtirasıdır. İnsan Adəmdən üzü bəri qovulduğu yeri axtarır, o yerə dönmənin həsrətini çəkir. Qoparıldığımız kökə qayıtmanın həsrətiylə yanıb tutuşuruq, amma axşam döndüyümüz yer yenə evimiz olur.

Bu sonsuz aləmdə hər yolçunun özünün bir xəritəsi var, hər gəmi səfərə çıxarkən başqa-başqa sulara açılır. Nitşe deyirdi ki, həqiqət bəlkə də elə axtarmağın özüdür, həqiqət zirvə deyil, zirvəyə gedən yoldur. Andrey Qonçarovun əlindəki şam onu ali həqiqətə aparıb çıxara bildimi? Bu suala cavab tapmaq üçün Domenikonun sığındığı xarabalığın divarındakı riyazi hesablamaya diqqət edək: 1 +1=1. Bütün rasional və pozitivist məntiqin əksinə, 1+1 heç bir zaman 2 etmir, 1 edir. Riyazi doqmalar insanın özünə cizdığı ən böyük sərhəddir. Eşqin hesabında 1+1=1 edir. Bu, Domenikonun həqiqətidir! Və eşqin qanunudur. Dəlidən doğru xəbər. Paradoksal məqam isə budur ki, toplumun gözündə o, divanədir. Həqiqəti tapanlar divanəlik həddinə çatanlardır - Məcnun kimi.

İnsan təbiətin bir parçasıdır, amma təbiətin sirləri onun düşüncəsinin ötəsindədir. Özünü dərk etmək cəhdləri dünya yaranandan insanı təqib edir. Nostalji hisslər də insanın özünü keçmişdə axtarmasıdır, dünyanın ən qədim duyğusudur. 

"Nostalgiya" A. Tarkovskinin ən şeirsəl filmidir. Onun nəzərində bu dünya bir kitab olursa, adı elə "Nostalgiya" ola bilər. Yaradıcı insan su kimidir; heç vaxt öz qabında durmaz, axıb gedər - uzaqlara, insan ayağı dəyməyən yerlərə... Yaradıcı zehin ayrıntıları sevər, rəngləri bir-birinə qatıb mükəmməl bir mənzərə ortaya qoyar. Tarkovskinin kamerası dünyanın ötəsinə tuşlanıb, yaradılışın mahiyyətinə yönəlib. Bu kamera insanın üçüncü gözüdür. Tarkovski bəzən Tanrı məqamına yetişir, sanki həyatı yenidən qurmağa başlayan Fövqəlqüvvəyə çevrilir. Onun yaradıcı stixiyası gerçək dünyanı süzgəcdən keçirib ideal bir dünyaya çevirir.

"Sadəcə,  dünyaya bax. Həyatın nə qədər bəsit olduğunu görəcəksən. Bir zamanlar olduğumuz yerə dönməliyik... Həyatın ana təməllərinə geri dönməliyik... suları kirlətmədən!"

Bu, Domenikonun ölümündən öncə insanlığa, bütün bəşəriyyətə xitabıdır.

Su, atəş və kül... Onlar Borromeo halqaları kimi bir-birinə bağlıdır. İnsanın doğuşu, yaşamı və sonu... Və yenidən doğuluşu! Tarkovski bizə bu möcüzəni göstərməyi bacaran mistifikatordur.

 

Kənan HACI

 

Ədəbiyyat qəzeti.- 2018.- 6 oktyabr.- S.13.