Dünya söndükcə
Sən
görünürsən, İlahi...
Min ildi,
milyon ildi
Göylərdə ayaqyalın
Sənə sarı qaçıram,
ayaqlarım sevinir,
yolum sevinir, Allah,
Hər gün sənin göyünə
mismarlanır, dincəlir,
qolum sevinir, Allah.
Sevgin, ancaq sevgin var
bütün kainat boyu
qanrılan, qanı
daman
qollarımın gözündə,
bəs nədən əzab gəzir
qolumu dəlib keçən
mismarların üzündə?!
Min ağrıyla, əzabla
Necə
qıvrılır onlar,
Heç
ağrı yoxdu mənə,
quş kimiyəm, İlahi,
yenə uçuram sənə,
Qolumdakı mismarlar
yalvarırlar ağrıdan,
yalvarırlar əzabdan,
Xilas elə onları,
Xilas elə,
İlahi.
Xilas elə əzabdan
Boynumdakı kəndiri,
Altında dayandığım
Bu dar ağacını da,
xilas elə, İlahi.
Hər an bu göyüzünə,
həm də sənə tuşlanan,
yenidən dönə-dönə
məndən keçən
gülləni
ağrılardan, əzabdan
xilas elə, İlahi.
Şükür, İlahi, şükür,
Min ildi, milyon ildi
Bağlayıb yollarımı
Bir-birinin
ucuna,
Gəlib
çatdım axırı
Sənin
dar ağacına,
Kəndirin dartıldıqca
boynum dincəlir,
Allah,
Boynum dincələn görüb
Tez vururlar boynumu,
Çiynim dincəlir, Allah.
Şükür, şükür, çox
şükür,
Sən yenə göyüzündən
yerə enirsən, İlahi.
dünya gözümdə
söndükcə
sən görünürsən,
İlahi.
Vaqif BAYATLI ODƏR
Ədəbiyyat qəzeti.- 2018.-
6 oktyabr.- S.4.