Tanınmış türk şairi Heydər Ərgülən 1956-cı il oktyabr ayının 14-ündə Əskişəhərdə anadan olub. İxtisasca sosioloqdur. 1982-ci ildən etibarən İstanbulda nəşr olunan müxtəlif dərgi ensiklopediyalar üçün materiallar hazırlayır. Şairliyə olan marağını belə şərh edir: "Əslində, oxucu olmaq istəyirdim. Oldum da. Çox kitab oxudum günlərin bir günü hiss etdim ki, oxuduğum kitablardan mən yaza bilərəm. İlk şeirim 1978-ci ildə Afşar Timuçinlə Eray Canbərkin çıxardıqları Fəlsəfə dərgisində çap olundu o qədər bəyənildi ki, yazmamağı ağlımdan belə keçirə bilmədim. Ləqəb götürməyi xoşlayırdım. Hər şeir bir adla... bu mənə maraqlı gəlirdi... Amma kitabım çap olunanda öz adıma soyadıma üstünlük verdim. Çünki bir kitabda onlarla ləqəb qəribə görünərdi..." Heydər Ərgülən "Ölüm bir qalmaqal", "Zərf", "Yağış cemi", "Nar", "Küçə şahzadəsi" s. şeir kitablarının müəllifidir. Bir sıra şeir müsabiqəsinin qalibidir. Yazıları azərbaycan dilində ilk dəfə çap olunur.

 

Annə

 

Mən

    doğrudanmı

         səndən doğuldum,

                                  annə?

Yollar dura-dura,

dənizlər dura-dura,

ağaclar dura-dura

bir insandanmı

            doğular bir çocuq?

 

Doğrudan da,

            məni sən doğdunsa, annə,

niyə

            bu qədər sevdim

                        çiçəkləri,

niyə

            bu qədər sevdim

                        quşları,

niyə

            bu qədər sevdim

                        boynusap

                                    bənövşələri?

 

olar,

            bir dəfə

                        dağlar doğsun məni,

                                    annə!

Sən

            ilıq yağış ol,

yu,

            yu yaralarımı,

buludlar dura-dura,

bulaqlar dura-dura,

irmaqlar dura-dura...

 

Yuxu kimi

 

Bu gecə

            bir qonaq

                        gələcək sənə,

 

Yorğun təbəssümdən

            tanımasan da,

sürgündə söylənmiş

            türkü kimi,

ürəyinə

            səssiz-səmirsiz

                        bir yağış çiləyəcək -

bu gecə

            yanına

                        bir qonaq gələcək...

 

 

Günün

            bir ucundan

                        həyat girir,

bir ucundan ölüm...

Biz ikisindən yapışdıq -

öldük-dirildik,

dirildik-öldük...

Qorxma

            ölüm sazağından -

əllərin üşüsün,

ayaqların üşüsün,

böyür-başını

            eşqlə basdır,

üstünü sevgiylə ört -

            ürəyin üşüməsin...

Ağrıların,

            acıların,

                        nisgillərin

                                    üstündən xətt çək,

bu gecə

            yanına

                        bir qonaq gələcək...

 

Gözlərindən

            bəmbəyaz yuxu süzüləcək,

bax,

            o vaxt yanına

                        bir qonaq gələcək,

dərd çəkməyi,

            üzülməyi bacaranım -

                        qadınım mənim,

qar sazağı

            o zavallı, sadəcə,

qızınmaq istəyəcək...

 

Adam

 

O şəhərə

            olduğun kimi ol

                        mənə ,

o şəhərə

            necə gedirsənsə,

                        mənə elə gəl -

uça-uça,

            enə-enə,

                        qona-qona,

tək olduğum zaman

əl salla:

            "Əlvida, mənim kiçik adamım!"

Uşaqlıqdan

            bir şəhəri

                        necə adam etdinsə,

                                    necə sevdinsə,

məni

            elə adam et,

                        sev!

Mənim

            körpülərim var,

çıx üstünə,

            seyr et -

                   ürəyinin əlində qalmış

                          bir dəliqanlı görəcəksən,

dalğınmı, dalğın,

çarəsizmi, çarəsiz...

Mənim

            gecələrim var -

sənin olsun ulduzları,

sənin olsun Ayı,

sənin olsun buludları...

Mənim

            şəhərlərim var -

telefon,

            qapı zəngi

                        oyatsın məni,

yıxılmaqdan

            dizləri qanamış

bir velosipedli qız

            pəncərəmdən səsləsə,

                        yetər!

Mənim

            parklarım var,

bir çəmənimdə uzan,

bir budağımdan tut,

mənim

            yarpaqlarım var -

üstündə bahar,

üstündə günəş!

Amma,

            ən önəmlisi,

mənim

            şeirlərim var,

                        şeirlərim -

sənin

            o şəhəri sevməyinə bənzər...

 

 O şəhəri qısqanıram,

            mənim elə nəyim var ki?

 

***

 

Sabah gecə

            gedəcəyəm bu şəhərdən,

yolçuyam,

            bir irmaq

                        çağırır məni.

Ürəyimdən başqa

            götürməyə yüküm yox,

havadan düşən

            quş ölüləri sayılmazsa...

 

 Bu mənim üzüm,

            bu da şəhərin,

bir

            suçum varsa,

                        desin,

susqun xatirələrimdən savayı...

 

İçimdə ağrı-acı

            keçib gedirəm

çoxdan

            üzülüşdüyüm

                        bu şəhərdən.

 

Yorulsam da,

            bir daha minmərəm

                        qatarlarına,

kimsə

            qarşılamasın

                        vağzallarında məni.

 

Bu

            mənim üzüm,

                        bu da bu şəhərin,

bir suçum varsa,

            desin,

susqun xatirələrdən savayı...

 

Quşlarsız

            bir şəhər var,

                        gizli-gizli uzanan

                                    saçlarımda,

sevgidən

            xatirələrdən qalma

                        bir ovuc küləm,

uğur diləyə-diləyə

            arxamca axar

                        kiçicik çaylar -

onların duaları

            aparır məni

                        böyük irmağa...

 

 Bu

            mənim üzüm,

                        bu da şəhərin,

bir suçum varsa,

            desin,

susqun xatirələrimdən savayı -

yığa bilmirəm

            qırıq aynalarından

                        xəyallarımı...

 

 İdilə

 

Gözlərin

            buluddan

                        indicə qopubmuş kimi

ipiri,

            ipisti,

                        həm çocuqluqdan

                                    qalma...

 

Sən

            ya bir şəhər olmalısan,

                        ya da bir nar,

bəlkə al-yaşıl,

bəlkə lacivərd,

bəlkə mor,

bəlkə qırmızı...

 

Hüsnün

            ruhunun yay gecəsimi, ,

bəlkə

            çöllərə düşmüş eşq,

bəlkə dəniz,

bəlkə külək?..

 

Çocuqluğun tutmuş,

            yenə aşiq olmusan

sanki mənə,

sanki mənə,

aaa... olarmı belə şey?..

 

Eşq belə verə bilməz

            bəzi aşiqlərin yerini -

illah da ki,

            iyun ola,

                        iyun ola...

Meyl,

            həvəs tükəndimi,

                        ruh çırınçılpaq gəzər -

sirr bunda,

sirr bunda...

 

Gözlərin

            yuxudan

                        yeni ayılmış kimi -

bir az doluxsunmuş,

bir az ürkək,

bir az sözlü...

 

Hadi,

gəl,

            bir eşq bir eşqlə

                        unudulur ancaq...

 

Tərcümə etdi: Dilsuz

 

Ədəbiyyat qəzeti.- 2018.- 6 oktyabr.- S.16.